Azərbaycan-Finlandiya
münasibətləri yeni inkişaf
mərhələsini yaşayır
İki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi yönündə işlər aparılır
Xəbər verildiyi kimi, aprelin 30-da Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfiri Adış Məmmədov bu ölkənin xarici işlər naziri Erkki Tuomioja ilə görüşüb. Görüşdə A.Məmmədov Azərbaycanda gedən iqtisadi inkişafdan, dövlət quruculuğu sahəsində aparılan siyasi-hüquqi islahatlardan, o cümlədən, Azərbaycan-Avropa münasibətlərindən və ölkəmizin bu qitənin enerji təhlükəsizliyindəki rolundan danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir A.Məmmədov bu problemin təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafına mənfi təsir göstərdiyini qeyd edib, Avropanın bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyini vurğulayıb. Sonra tərəflər arasında Azərbaycan-Finlandiya münasibətləri müzakirə olunub, iqtisadi-ticari əlaqələr və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Erkki Tuomioja Azərbaycan ilə əməkdaşlığın inkişafının Finlandiya üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib və əlaqələrin bundan sonra da müsbət istiqamətdə inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Finlandiya Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanısa da, ölkələr arasında münasibətlər sonrakı illərdə inkişaf edib. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iki dövlət arasında rəsmi münasibətlərə start verilib. 2001-ci ilin noyabrında isə Finlandiyanın Azərbaycanda ilk səfirliyi fəaliyyətə başlayıb. 2004-cü ildən Azərbaycan Respublikasının Finlandiyada Konsulluğu fəaliyyətə başlayıb.
Rəsmi əlaqələr isə hər iki ölkədə diplomatik missiyaların fəaliyyətə başlamasına qədər əsasən bir sıra toplantılar çərçivəsində və səfərlərlə reallaşıb. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon sammiti çərçivəsində Ulu öndər Heydər Əliyev Finlandiyanın Prezidenti M.Ahtisaari ilə görüşüb. 1998-ci ilin may ayında Finlandiyanın xarici ticarət və Avropa İttifaqı məsələləri naziri O.Norbak Azərbaycana səfər edib. Həmin ilin avqustunda Finlandiya Parlamentinin Xarici siyasət məsələləri üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycanda olub.
2003-cü ildə Finlandiya XİN-in Şərq məsələləri üzrə Departamentin direktoru, səfir Harri Helenius, Şərqi Avropa və Mərkəzi Asiya (Rusiya istisna olmaqla) Departamentinin rəisi Terhi Hakala Bakıya səfər edib. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Finlandiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş” imzalanıb. Bundan başqa 2003-cü ildə Finlandiya Müdafiə qüvvələri Baş Qərargahının beynəlxalq şöbəsinin rəhbəri Andres Qadberqin başçılıq etdiyi finlandiyalı hərbçi inspektorlardan ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında monitorinq aparmaq üçün Bakıda olublar. Monitorinqin məqsədi etimad tədbirlərinin möhkəmləndirilməsi üzrə 1999-cu ildə imzalanmış Vyana müqaviləsinə üzv olan dövlətlərin ərazilərində keçirilən hərbi tədbirlər haqqında məlumatların uyğunluğunu yoxlamaq idi.
Qeyd edək ki, 2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra iki ölkə arasındakı əlaqələr daha da dinamiklik qazanıb. Həmin il Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov XİN-lərarası məsləhətləşmələr aparmaq məqsədilə Finlandiyada səfərdə olub. 27 - 31 oktyabr 2003-cü ildə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi finlandiyalı diplomat H.Talvitienin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. 2004-cü ildə Finlandiyanın xarici işlər naziri E.Tuomioyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşüb.
2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının III Zirvə toplantısı çərçivəsində Varşavada Finlandiya Prezidenti xanım Tarya Halonen ilə görüşüb.
Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri ilə də müşayiət olunub. 2005-ci ildə Finlandiyanın Prezidenti xanım Tarya Halonen Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Finlandiyanın dövlət başçısı ölkəmizlə tərəfdaşlıqla maraqlı olduqlarını dilə gətirib. Səfər zamanı iki saziş imzalanıb, Azərbaycan Finlandiya biznes forumu keçirilib. Biznes forumda çıxış edən Prezident İlham Əliyev bildirib ki, ölkələr arasında iqtisadi münasibətləri inkişaf etdirmək üçün çox yaxşı zəmin vardır. Bu, həm də bizim ikitərəfli münasibətlərimizin çox vacib bir elementinə çevriləcəkdir. Prezident bildirib ki, Azərbaycanda Finlandiya şirkətlərinin işləməsi üçün çox yaxşı şərait var. Şirkətlər burada tikinti sahəsində, xidmətlər sahəsində işləyə bilər: “Bizim xarici tərəfdaşlarla işimiz qarşılıqlı hörmət və etimada əsaslanır və biz biznes münasibətlərinin yaradılmasında çox maraqlıyıq. Ümumiyyətlə, əgər hər hansı bir şirkət Azərbaycanda fəaliyyət aparmaq fikrindədirsə, biz bunu sadəcə alqışlaya bilərik”.
Ölkələr arasında siyasi münasibətlərə toxunan Prezident İlham Əliyev iki ölkə arasında həm siyasi, həm regional, həm təhlükəsizlik məsələlərində, həm də iqtisadi sahədə çox yaxşı anlaşma mövcud olduğunu söyləyb: “Sizin ölkəniz iqtisadi sahədə çox böyük nailiyyət əldə etmişdir. Baxmayaraq ki, ölkənin əhalisi o qədər də çox deyil, təxminən Azərbaycanın əhalisi qədərdir, lakin ÜDM-nin göstəricisi çox yüksəkdir. Finlandiyadakı həyat tərzi çox yüksək səviyyədədir və dünyada ən böyük göstəriciyə malikdir. Hesab edirəm ki, biznesi necə aparmaq, sosial problemləri necə həll etmək və s. baxımdan biz sizin təcrübənizi öyrənmək imkanı əldə edəcəyik”.
Daha sonra Prezidentlər mətbuat konfransında çıxışlarında bildiriblər ki, hər iki ölkə dialoqun inkişafından razıdırlar. Prezident, eyni zamanda, münasibətlərin böyük sürətlə inkişaf edəcəyinə də ümid bəslədiyini vurğulayıb.
Finlandiya Prezidenti Tarya Haloneni isə bildirib ki, artıq iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün zəmin yaradılıbdır.
Qeyd etmək lazımdır ki, bu səfərdən sonra iki dövlət arasında əlaqələr daha da dinamizm qazanıb. 2006-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyaya rəsmi səfər edib və Finlandiya Prezidenti Tarya Halonen, ticarət və sənaye naziri M.Pekkarinen, xarici işlər naziri E.Tuomioya, müdafiə naziri S.Kaariaynen, Xarici İşlər Nazirliyinin Dövlət katibi P.Torstila, Xarici İşlər Nazirliyi Dövlət katibinin müavini M.Lira, “Nokia” şirkətinin Baş müşaviri M.Heykkonen ilə görüşlər keçirib. 2006-cı ilin oktyabrında isə Avropa üçlüyü çərçivəsində Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya Azərbaycana səfər edib Prezident İlham Əliyevlə görüşüb. 2008-ci ilin yanvarında Finlandiya Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin nümayəndə heyəti Bakıya səfər edib, Xarici İşlər Nazirliyi və Milli Məclisdə görüşlər keçirib. 27-28 fevral 2008-ci ildə Finlandiyanın xarici işlər naziri İlka Kanerva ATƏT-in fəaliyyətdə olan sədri kimi və onun başçılıq etdiyi ATƏT-in nümayəndə heyəti Azərbaycana səfər edib, Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüb. 2008-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. O cümlədən Prezident Tarya Halonenin Azərbaycana və Prezident İlham Əliyevin Finlandiyaya rəsmi səfərlərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib. Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün böyük potensialın olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayblar. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan Respublikası Hökuməti ilə Finlandiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş bu mənada xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, Azərbaycan Respublikası Hökuməti və Finlandiya Respublikası Hökuməti arasında ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Konvensiya və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Finlandiyanın Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu da imzalanıb.
Yeri gəlmişkən, 2012-ci ildə ölkəmizdə səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanerva bildirmişdi ki, Azərbaycan Avropa üçün həm enerji sahəsində əməkdaşlıq baxımından, həm də coğrafi mövqeyinə görə çox vacib tərəfdaş ölkədir. Onun sözlərinə görə, Finlandiya Azərbaycan ilə bütün istiqamətlərdə əməkdaşlığı daha da genişləndirmək arzusundadır: “Hazırda iqtisadi və siyasi sahələrdə çox yaxşı əlaqələrimiz var. Lakin biz bununla kifayətlənə bilmərik və digər sahələrdə də əməkdaşlığımızı genişləndirmək və inkişaf etdirmək istəyirik”.
Azərbaycanın və Finlandiyanın ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri arasında yaxşı münasibətlərin mövcud olduğunu dilə gətirən İ.Kanerva qeyd etmişdi ki, hər iki nümayəndə heyəti bir çox siyasi məsələlərə münasibətdə vahid mövqedən çıxış edir: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. ATƏT-in Bakıda fəaliyyət göstərən ofisi ilə əlaqə saxlayaraq münaqişənin həll olunması istiqamətində aparılan danışıqlar haqqında məlumat alırıq. Bu regionda münaqişələrin uzun müddət davam etməsini istəmirik. Ona görə də, münaqişənin ədalətli həlli üçün əlimizdən gələni edəcəyik”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014. - 3 may.- S.8.