Heydər Əliyev ideyaları: yeniləşən cəmiyyətin aparıcı qüvvəsi

 

Bəşər tarixində yeni bir epoxa yaratmaq çox az, yalnız fitri istedada malik olan nadir şəxsiyyətlərə nəsib olan unikal hadisədir. Məhz belə şəxsiyyətlər öz qüdrətli dühaları ilə tarixi inkişafa və proseslərə böyük təkan verir, ona öz dönməz iradələrini diktə edir, titanik fəaliyyətləri ilə sözün əsl mənasında tarixin yaradıcısına çevrilirlər. ABŞ tarixində C.VaşinqtonA.Linkoln, Fransada Ş. De Qoll, İngiltərədə U.Çörçil, Türkiyədə Mustafa Kamal Atatürk, Azərbaycanda Heydər Əliyev məhz belə tarixi yaradan bəşəriyyətin nadir dahi şəxsiyyətlərindəndir.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq böyük bir dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Uzun illər Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında çalışmış, bu dahi şəxsiyyətin misilsiz işlərinin bilavasitə iştirakçısı olmuş bir insan kimi demək istəyirəm ki, O, fəaliyyətinin bütün dövrlərində Öz millətinə sadiqliklə, sədaqətlə xidmət edib. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Böyük hadisələrlə dolu olan bu dövr ərzində Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətini və millətini çətin sınaqlardan çıxararaq ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olub. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yol, dinamik inkişafı təmin edən strateji, siyasi kurs daim ölkəmizə və xalqımıza uğur gətirib.

Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra çox peşəkarlıq və müdrikliklə Azərbaycanda müstəqil dövlət quruculuğunun əsaslarının yaradılmasına başlamışdır. Ulu öndər Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı üçün hərbi məktəblərin açılması, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi, ölkənin iqtisadi potensialından səmərəli istifadə üçün yüzlərlə zavod, fabrik emal sexlərinin qurulması, müstəqil energetika sisteminin yaradılması, insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün geniş miqyasda yaşayış evlərinin tikilməsi və yeni qəsəbələrin salınması, yeni təhsil, səhiyyə və mədəniyyət obyektlərinin istifadəyə verilməsi, milli intellektin inkişafı, milli-mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi kimi çox mühüm işlər görmüşdür.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmkarlığı nəticəsində 80-ci illərdə respublikamız bütün sahələrdə yüksək göstəricilər əldə edərək keçmiş müttəfiq respublikalar arasında ön yerlərdən birini tutmaqla, inkişaf etmiş sənaye ölkəsinə çevrilmişdir.

1982-ci ildə Heydər Əliyevin SSRİ kimi nəhəng bir dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi və Sov. İKP MK-nın siyasi büro üzvü seçilməsi Heydər Əliyev fenomeninin ümumittifaq miqyasında etiraf olunmasının əyani göstəricisi idi. Əlbəttə ki, Heydər Əliyevin ali rəhbərlikdə təmsil olunması Azərbaycan qarşısında yeni uğurlar açmışdır. Həmin illərdə Bakıda SSRİ miqyasında yeganə olan Dərin Dəniz Özülləri Zavodu tikilməsəydi, müstəqillik illərində neft sənayemizi belə sürətlə inkişaf etdirmək mümkün olmazdı.

15 iyun 1993-cü il müstəqillik tariximizə mühüm mərhələ, dönüş anı kimi daxil olub. İrimiqyaslı qlobal dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulurdu. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən də tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu şərəfli tarixi missiyanı məhz millətin atası Heydər Əliyev yerinə yetirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün müasir tariximizə Böyük Qayıdış -Milli Qurtuluş Günü kimi yazıldı. Elə bir gün ki, onun tariximizdə və taleyimizdə oynadığı rol illər ötdükcə daha dərindən dərk olunur.

1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev yeni müasir Azərbaycan yaratdı, onun möhkəm dövlətçilik əsaslarını, siyasi, hüquqi, iqtisadi və mədəni bünövrəsini qurdu. Məhz bu möhkəm bünövrə üzərində ölkəmiz XXI əsrə III minilliyə qədəm qoyub və dünyanın önəmli ölkələrindən birinə çevrilib.

Ümummilli liderimiz Heydər Əliyevin 10 illik Prezidentliyi dövründə gördüyü bütün işlər müstəqil Azərbaycan dövlətini qurmaqla yanaşı, ölkədə demokratiyanın tətbiqi və inkişaf etdirilməsi, insan haqlarının qorunması, siyasi-iqtisadi və həyatımızın digər sahələrinin sürətli və dinamik inkişafının təmin edilməsi, həmçinin, əvvəlki iqtidardan bizə miras qalmış Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində çox uğurlu işlər görülüb.

Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biriOnun azərbaycançılıq ideologiyasını yaratması və bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmasıdır. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz azərbaycançılıq ideologiyasının yaradıcısı və ideya müəllifidir. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin ictimai - siyasi baxışlarının və dövlətçilik fəaliyyətinin əsasını təşkil edir.

Ulu öndərimiz Heydər Əliyev bu gün cismən aramızda olmasa da Onun ideyaları cəmiyyətin daima yeniləşməsində, müstəqil Azərbaycan dövlətinin daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Ümummilli liderimizin əbədiyaşar ideyaları və Onun siyasi kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və Azərbaycanımıza yeni-yeni nailiyyətlər, uğurlar gətirir.

Şübhəsiz ki, Azərbaycanın son 10 ildə əldə etdiyi möhtəşəm uğurları təmin edən əsas amil Ulu öndərimizin dəqiqliklə işləyib hazırladığı ümumi strategiya, müdrik siyasi kursdursa, digər mühüm səbəb isə Prezident İlham Əliyevin şəxsiyyəti, Onun müstəsna bacarıq və qabiliyyəti, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsi, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsi, mahir diplomatik gedişləri, bir sözlə dünyada tanınan, şəxsiyyətinə və fəaliyyətinə hörmətlə yanaşılan lider səviyyəsinə yüksəlməsidir. Burada möhtərəm İlham Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını faydalı şəkildə sintezləşdirmək bacarığını da xüsusi olaraq önə çəkmək vacibdir.

Möhtərəm İlham Əliyevin on illik Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçib.

Cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadisiyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutanregionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxilixarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada analoqu olmayan dinamik iqtisadi inkişafla yadda qalıb. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diasporlobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.

2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə bir daha Heydər Əliyev siyasi kursuna inamını, etibarını ifadə etdi. Ötən 10 il xalqın öz inamında yanılmadığını, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi.

Hazırda Azərbaycanın hərtərəfli inkişafı üçün bütün sahələr üzrə xüsusi inkişaf proqramları və işin yerinə yetirilməsi üçün işlək icra mexanizmləri mövcuddur. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illərdə iqtisadi artım sürətinə görə dünyada liderliyini inamla qoruyub saxlayır. Bütövlükdə, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan dinamik inkişaf yolu keçmiş, ölkə iqtisadiyyatı 3 dəfə, dövlət büdcəsi təxminən 20 dəfəyə yaxın artmış, valyuta ehtiyatlarımız 50 milyard dolları ötmüşdür. Göründüyü kimi, həyata keçirilən köklü sosial-iqtisadi islahatlar, qəbul edilmiş mühüm Dövlət proqramlarının, xüsusən də regional inkişaf proqramlarının uğurla reallaşması öz gözəl bəhrəsini verir. Paytaxtla yanaşı bütün bölgələrimizin, hətta ən ucqar kəndlərin belə siması büsbütün dəyişib, abadlıq-quruculuq işləri geniş vüsət alıb, yerlərdə müasir infrastruktur yaradılıb. Son on ildə 1 milyon 100 min yeni yerlərinin açılması, yoxsulluq səviyyəsinin 49 faizdən 5,3 faizə endirilməsi, rayon və kəndlərimizdə minlərlə sənaye və emal müəssisələrinin, yüksək standartlara cavab verən təhsil və səhiyyə ocaqlarının, müasir olimpiya komplekslərinin, xidmət obyektlərinin inşası uğurlarımızın sadəcə bir hissəsidir.

Xarici siyasətə gəldikdə isə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də, Qərb enerji təhlükəsizliyi məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirmək marağını açıq şəkildə ortaya qoyub. Azərbaycanın fəal iştirakı ilə Xəzər - Qara dəniz, Baltik - Aralıq dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində genişmiqyaslı aparılır. Artıq Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan nefti ilə yanaşı, Qazaxıstan neftinin nəqli üçün də istifadə edilir ki, bu da çox mühüm hadisə, geniş işbirliyinin nəticəsidir. Hazırda neft kəmərləri ilə yanaşı, dünyada XXI əsrin ən iri enerji layihələrindən biri olan “Şahdəniz-2” üzrə investisiya qərarının imzalanması bir daha sübut etdi ki, TANAP və TAP boru kəmərləri kimi nəhəng qaz layihəsinin reallaşdırılmasında da Azərbaycanın önəmli və strateji rolu danılmazdır. Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Odessa-Broda-Promsk-Qdans, TGI, TANAP və TAP layihələrinin əhəmiyyətindən danışarkən xüsusi vurğulayıb: “Onların hamısının bu gün yeganə mənbəyi var: Xəzər dənizi və daha dəqiq desək, Azərbaycan!”.

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə bölgədə yaradılmış yeni enerji dəhlizləri qlobal masştabda enerji təhlükəsizliyi məsələlərinə, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə xidmət göstərir.

Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə bölgədə, eyni zamanda, nəhəng nəqliyyat infrastrukturu formalaşır, yeni layihələr həyata vəsiqə alır. Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi bu baxımdan olduqca mühümdür. İqtisadi cəhətdən çox sərfəli olan bu dəmiryolu, eyni zamanda, region dövlətləri arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəkdir.

Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də, bütün region üçün bir nümunə, model sayıla bilər. Son 10 ildə qazanılan nailiyyətlərdən danışarkən Azərbaycanın regionun lideri olduğunu xüsusi qeyd etmək lazımdır. Ölkəmiz siyasiiqtisadi güc mərkəzi kimi, hətta regional çərçivədən kənara çıxmağa başlayıb. Dünyanı bürüyən qlobal iqtisadi böhran şəraitində Azərbaycan son illərdə öz sürətli iqtisadi inkişaf tempini saxlamışdır. Bütün bunlar isə bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycanda Prezident İlham Əliyevə alternativ yoxdur.

Bildiyimiz kimi, 2011-ci ilin oktyabr ayında Azərbaycan 155 ölkənin səsini qazanaraq dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT Təhlükəsizlik Şurasının üzvü seçilərək iki il müddətində beynəlxalq hüququn və ədalətin aliliyinin müdafiəsində öz prinsipial mövqeyini ortaya qoydu. Bu müddətdə Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu daha da artırdı. BMT-nin Təhlükəsizlik Şurasına üzv ölkələri arasında tərəfdaşlarının sayı çoxaldı.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına çox böyük diqqət göstərilir. Bu istiqamətdə görülən işlər 2008-ci ildən Azərbaycanda kosmik sənayenin yaradılması, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət proqramlarının təsdiqi, 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və nəhayət 2013-cü ilin ölkədə “İnformasiyakommunikasiya texnologiyaları” ili elan edilməsi və ilk “Azərspace - 1” süni peykimizin kosmosa çıxarılması ilə nəticələndi.

2013-cü ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş məclisində böyük səs çoxluğu ilə I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbulu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin son illərdə apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artması, şəhər və rayonlarımızda yaradılmış idman infrastrukturunun dünya səviyyəsinə və dünya standartlarına cavab verməsi, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində mühüm təcrübənin əldə olunması, idmançılarımızın qazandıqları böyük uğurlar, ölkə iqtisadiyyatının dinamik inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkələr sırasına daxil olmasının məntiqi nəticəsidir.

İndi ölkəmizin qarşısında yalnız bir problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dayanır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəinki Azərbaycan üçün, həm də Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından böyük maneədir.

Məhz dövlətimizin başçısı İlham Əliyevin apardığı gərgin və görülən tədbirlər sayəsində dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın bir çox beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası tərəfindən işğalçı dövlət kimi tanınması, yürütdüyü təcavüzkar siyasətin pislənilməsi Azərbaycanın diplomatik qələbəsidir.

Ali Baş Komandan, Respublika Prezidenti İlham Əliyev tərəfindən ordu quruculuğuna çox böyük diqqət göstərilir. Müharibə şəraitində olan ölkəmiz üçün ordu quruculuğu və qüdrətli ordu yaradılması prioritet təşkil edir. Digər tərəfdən, Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistandan qat-qat güclüdür, bölgədə ən qüdrətli orduya malikdir və Azərbaycanın hərbi xərcləri bütövlükdə Ermənistanın büdcəsinə bərabərdir.

Əgər 2003-cü ildə hərbi məqsədlər üçün büdcədən ayırmalar 163 milyon dollar təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 3,7 milyarda çatdırılıb. Azərbaycan ordusu ən müasir silahtexnika ilə təchiz edilib. Artıq Azərbaycanda yerli hərbi istehsal inkişaf edib, çoxlu hərbi zavodlar qurulub və həmin zavodlarda 750 adda hərbi məhsul istehsal edilir.

Münaqişənin sülh yolu ilə həllinə üstünlük verməsinə, sülhsevər siyasətinə baxmayaraq, Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad edəcək. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın qəti və prinsipial mövqeyini bütün dünyaya bəyan edib. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır.

Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyəcək, işğal altında olan ərazilərimiz azad ediləcək və Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir.

Prezident İlham Əliyevin ötən 10 il ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, O, Heydər Əliyevin nurlu ideyalarının sadəcə davamçısı yox, eyni zamanda, bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir.

Ümummilli liderimiz Heydər Əliyevin nurlu ideyalarının reallaşmasında Onun adını daşıyan Fondun fəaliyyəti də olduqca təqdirəlayiqdir. Heydər Əliyev Fondunun apardığı qlobal işlər həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazanmışdır. Prezidentimiz İlham Əliyevin hərtərəfli inkişaf etdirdiyi Azərbaycanın dinamik yüksəlişində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzolunmazdır.

Heydər Əliyev Fondunun xətti ilə insanların sosial şəraitini yaxşılaşdırmaq məqsədilə respublikanın şəhər və rayonlarında yüzlərlə məktəb tikilib, uşaq evləri, mədəniyyət obyektləri təmir edilib, qəsəbələrdə yeni yollarsu xətləri çəkilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının mədəniyyətinin dünyada təbliği, görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrinin, yubileylərinin qeyd edilməsinin UNESCO-nun proqramına salınması, respublikada ümumbəşəri əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi artıq çox yaxşı ənənəyə çevrilib.

Ümumiyyətlə, bu gün ölkəmizin hərtərəfli inkişafı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyevin siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daima sadiq qalacaqdır.

 

Yusif HümbƏtov

“Azərsutikinti” Səhmdar

Cəmiyyətinin sədri,

YAP İdarə Heyətinin üzvü

Yeni  Azərbaycan.-2014.- 6 may.- S.7.