Azərbaycan-Serbiya əlaqələri ortaq maraqlar əsasında inkişaf edir

 

Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafına böyük önəm verir

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib. Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi vurğulanıb.

Ümumiyyətlə, keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb, 1997-ci il avqustun 21-də SerbiyaMonteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlərin əsası qoyulub. 2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının iqamətgahı Buxarest şəhərində yerləşməklə, eyni zamanda, Serbiya Respublikasında da səfiri təyin edilmiş Eldar Həsənov etimadnaməsini Serbiya Prezidentinə təqdim edib. Serbiyanın Azərbaycanda iqamətgahı isə Türkiyədə olan səfirliyi vasitəsilə təmsil olunurdu. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili fəaliyyətə başlayıb. Serbiya Respublikasının Azərbaycana təyin olunmuş səfiri Zoran Vajoviç 26 may 2011-ci il tarixində etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.

İki ölkə arasında siyasi münasibətlər dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı daha da möhkəmlənib. Belə ki, 2010-cu il 11-13 may tarixlərində Prezident B.Tadiçin ölkəmizə, 2011-ci il 8-9 iyunda isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri baş tutub. Bundan əlavə, xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı görüşündə iştirak etmək məqsədilə 2007-ci il aprelin 18-19-da Serbiyada işgüzar səfərdə olub. Həmçinin, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin, ədliyyə nazirinin, iqtisadi inkişaf nazirinin də ikitərəfli görüşlər və beynəlxalq tədbirlər çərçivəsində bu ölkəyə səfərləri olub. Eynilə, qarşı tərəfdən də dəfələrlə ölkəmizə müxtəlif səviyyələrdə rəsmi səfərlər baş tutub. Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir ki, bu da müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin çevikliyini təmin edir.

2013-cü ilin əvvəlində Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri və dövlət başçıları arasında keçirilən görüşlər iki ölkə əlaqələrinin inkişafında mühüm təkan oldu. İki ölkənin dövlət başçılarının və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş zamanı Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətində səfərin yekunlarının müsbət olacağına əminliyini ifadə edib, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu bildirib.

Öz növbəsində, Serbiya Prezidenti T.Nikoliç səmimi qəbula görə minnətdarlığını bildirərək, Serbiyanın Azərbaycana mehriban münasibətlər bəslədiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Serbiya üçün Şərqdə çox etibarlı bir tərəfdaşa çevrilibbu dostluq hökumətlərdən asılı olmayaraq daimi xarakter daşıyır: “Müdrikliklə idarə etdiyiniz ölkədə vətəndaşlar azadlıq şəraitində yaşayır. Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya, əslində bunu hər zaman sizə təmənnasız edəcəkdir. Biz də istəyirik ki, siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər”.

Serbiya Prezidenti T.Nikoliçin Azərbaycana ilk səfəri məhsuldar olub. Belə ki, səfər çərçivəsində Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi keçirilib. Dövlət başçıları “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri İvan Mrkiç imzalayıblar. İki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiyakommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb.

Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığı da yüksək səviyyədədir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq bir-birinə dəstək verirbu, hər iki dövlətin maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə ölkələrin ərazi bütövlüyü məsələlərində Azərbaycan ilə Serbiya daim bir-birinin yanındadır.

Ölkəmizə səfər edən Serbiyanın dövlət başçısı ilə bir mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Azərbaycanın mövqeyini ifadə edib: “Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Əminəm ki, gələcək illərdə də, - bu barədə biz Sizinlə bu gün bir daha öz fikirlərimizi bildirdik, - biz qarşılıqlı surətdə bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda dəstəkləyəcəyik”.

Dövlət başçısı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Azərbaycan torpaqlarının uzun illərdir ki, Ermənistan tərəfindən işğal altında olduğunu bildirib. Dövlət başçısı onu da əlavə edib ki, iki ölkə arasında imzalanan Birgə Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr əksini tapıb.

Serbiya Prezidentiöz çıxışında, Azərbaycan ilə Serbiya arasında sarsılmaz dostluğun olduğunu bildirərək, iki ölkənin maraqlarının üst-üstə düşdüyünü söyləyib. Tomislav Nikoliçin sözlərinə görə, Azərbaycanın Serbiyanı dəstəkləməsi bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilərlər:Biz Azərbaycana çox minnətdarıq, ölkəniz bizə dəstək verir ki, ədalət bərpa olunsun. Biz də Azərbaycanı dəstəkləyirik. Əgər söhbət ədalətdən gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın. Əgər söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır. Biz bir çox hallarda mübarizə aparmışıq, itkilər olubdur. Lakin biz hər zaman bu sınaqlardan lazımi qaydada çıxmışıq”.

Prezident T.Nikoliç qeyd edib ki, Serbiya Azərbaycanı, hətta üzv olmadığı təşkilatlarda da dəstəkləyəcək. O, eyni zamanda, Serbiyanın iştirak etmədiyi təşkilatlarda Azərbaycanın ölkəsini təmsil etməsi ilə bağlı istəyini dilə gətirib.

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə verilən rəsmi ziyafətdə isə Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirib. Dövlət başçısı beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində də mövqelərin üst-üstə düşdüyünü vurğulayıb.

Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə də əməkdaşlıq inkişaf etməkdədir. İki ölkə birgə iqtisadi layihələr icra etməkdədir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün cəlbedicidir. Azərbaycan investisiyalarının Serbiya iqtisadiyyatına daha böyük həcmdə qoyuluşu, eyni zamanda, digər birgə layihələr üzrə səylərini davam etdirmək niyyətindədir.

Eyni zamanda, birbaşa olaraq Azərbaycanın təşəbbüsü ilə başlanmış və uğurla icra edilən layihələrdə Serbiyanın iştirakı məsələsi də dövlət başçılarının görüşündə müzakirə olunub. Onların içərisində Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisiTrans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün geniş imkanlar var. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizminfrastruktur sahələrində də əməkdaşlıq üçün də perspektivlər kifayət qədərdir. 2011-ci illə müqayisədə 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin bir neçə dəfə artması da bunu təsdiq edir.

Serbiya Prezidenti mətbuata bəyanatında Azərbaycanın əhalisinin xüsusiyyətlərinə görə ölkəsinə yaxın olduğunu bildirib: “O ki qaldı həyat standartlarına görə, Sizin əhaliniz daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək. Təbii, biz istərdik ki, həmçinin, elə bir şərait qurulsun ki, bu, hər iki xalqın maraqlarına cavab versin. Hətta belə fikir də söyləmək istəyirəm ki, işgüzar dairələr üçün əgər cəlbedici şəhərlər varsa, məsafələr rol oynamır”.

Azərbaycan-Serbiya əlaqələri humanitar sahələrdə də inkişaf etməkdədir. Humanitar əlaqələr iki ölkəni bir-biri ilə daha da yaxınlaşdırır. Bu sahədə son illər ərzində mühüm irəliləyişlər əldə olunub. Azərbaycan və Serbiya şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Məsələn, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkədə Ulu öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb.

Ötən il fevralın 8-də Bakının mərkəzində, Azadlıq prospektiSüleyman Rəhimov küçələrinin kəsişməsində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Serbiya-Azərbaycan əlaqələri öz inkişaf dövrünü yaşayır. İki ölkə rəhbərlərinin bəyanatları da göstərir ki, mövcud dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra daha da möhkəmləndiriləcək. Azərbaycan ilə Serbiya arasında əlaqələr əsasən, siyasi, iqtisadisosial sahələri əhatə edir. Humanitar sahədə təməli qoyulan münasibətlər gələcəkdə elm, mədəniyyət, incəsənət sahələrində də əməkdaşlığın inkişafına şərait yaradır.

 

Hülya MƏMMƏDLİ

 Yeni  Azərbaycan.-2014. - 6 may.- S.12.