Uğurlu inkişaf
strategiyasının müəllifi
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov www.yap.org.az saytına müsahibə verib
- Tahir müəllim, bu gün respublikamızın hər bir guşəsində müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü yüksək səviyyədə qeyd olunur, keçilən yol geniş təhlil olunur. Azərbaycanımızın bu gününü dünəni ilə müqayisə etdikdə sizdə hansı qənaət yaranır?
- Ötən dövrün təhlilini aparmadan öncə bu qənaətimi böyük qətiyyətlə və inamla qeyd etmək istərdim ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Müstəqil Azərbaycan Ulu öndərin şah əsəridir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir, yeni-yeni hədəflərə çatmaq üçün səylər göstərir, gələcəyə böyük nikbinliklə baxmaq üçün böyük əsaslar mövcuddur. Ölkənin gələcəyini düşünən lider gördüyü işlərlə, ideyaları ilə hər zaman xalqın böyük məhəbbətini qazanır, əvəzolunmaz şəxsiyyət kimi tarixə qızıl hərflərlə yazılır.
Bu reallığı da qeyd edək ki, müstəqil dövlətimizin 1993-cü ildən sonra qazandığı uğurlar məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə, 1969-1982-ci illərdə gördüyü işlərin davamı kimi dəyərləndirilir. Məlum olduğu kimi, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı illərə nəzər saldıqda aydın görünür ki, bu gün fəxrlə qeyd etdiyimiz yeniliklərin, islahatların təməli məhz o çətin illərdə qoyulub.
Azərbaycanın gələcəyi naminə müəyyənləşdirilən perspektivlərin reallaşması isə 1993-cü ildən, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.
1993-cü ildə Onun respublika rəhbəri seçilməsi ilə müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitlik yaradıldı. Ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması investisiya axınının sürətlənməsinə stimul verdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında, dünya iqtisadi sisteminə inteqrasiyada yeni bir mərhələnin əsası qoyuldu. Təbii ki, iqtisadi imkanlar genişləndikcə, bu özünü ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunda nümayiş etdirdi. “Azərbaycanın qapıları ölkəmizə xoş niyyətlə ayaq basan iş adamlarının üzünə açıqdır” söyləyən Ulu öndər Heydər Əliyev qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olmalarını da bəyan edirdi. Bu gün ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya qoyulduğunu böyük fəxrlə qeyd ediriksə, bu, məhz həmin dövrdə ölkəmizə qarşı yaradılan inamın nəticəsidir.
Dahi şəxsiyyətin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin bir səhifəsi deyil, tariximizin özü, xalqımıza, ölkəmizə böyük nüfuz qazandıran, adını inkişaf etmiş ölkələr sırasına daxil edən bir şəxsiyyətdir.
- Son 10 ildə Azərbaycanın keçdiyi yolu necə şərh edərdiniz?
- Qeyd etdiyimiz kimi, təməl möhkəm olanda binanın əzəmətli görünməsi üçün lazım olan bütün işləri həyata keçirmək mümkündür. Azərbaycan da qazandığı uğurları ilə yüksək mərtəbəli binanı xatırladır. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası Azərbaycanın uğurlarının davamlılığının təmin olunmasında əsas mexanizmdir.
Gündən-günə daha da qüdrətlənən ölkəmiz, eyni zamanda, bu uğurların qazanılmasına əsas verən siyasət barədə bir-birindən maraqlı, diqqətçəkən fikirlər söylənilir. Ümumi rəy budur ki, xalqın etimadını qazanan, hər bir vədini konkret əməli işi ilə sübut edən dövlət başçısına milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyevin 2003-2008-ci illərdə hər bir sahə üzrə həyata keçirdiyi tədbirlər, uğurlu layihələr 2008-ci ildə, 2008-2013-cü illərdə gördüyü işlər isə 2013-cü il prezident seçkisində qələbəsinə zəmin yaratdı. Ötən 10 ildə atılan addımlar Onun hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq bütün insanların problemləri, qayğıları Onu düşündürən başlıca məsələdir. Hər zaman bildirir ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır.
2003-cü ildə keçirilən andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir” bəyan edərək, sonrakı illərdə atdığı addımları ilə bu vədinə sadiqliyini bir daha nümayiş etdirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz dayanıqlı inkişafın yol xəritəsidir. Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər üç dəfədən çox artan ümumi daxili məhsulu daha iki dəfə artırmaqdır. Dövlət başçısı hər zaman bildirir ki, qazanılan uğurlarla kifayətlənməməliyik, hər zaman irəliyə doğru addımlamalıyıq. Modernləşmə, yeniləşmə dövlət siyasətinin əsasını təşkil edir. Günümüzün əsas tələblərindən biri kimi təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması önə çəkilir.
Son 10 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq Azərbaycan Cənubi Qafqaz bölgəsi iqtisadiyyatının 85 faizinə sahib olmaqla əsl söz sahibi olduğunu təsdiqləyir. Regionun parlayan ulduzu kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında ön yerdə dayanır.
- Tahir müəllim, ölkənin hərtərəfli inkişafında regionların malik olduğu potensialdan səmərəli istifadə əsas yer tutur. Regional inkişaf proqramları bu istiqamətdə hansı töhfələri verir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını önə çəkərək, regionların malik olduğu potensialdan istifadəyə xüsusi önəm verdi. Bildirdi ki, regionların inkişafı qeyri-neft sektorunun inkişafı deməkdir, ölkənin hərtərəfli inkişafı deməkdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008-ci illər üçün birinci Dövlət Proqramının uğurlu icrası ikinci Proqramın, ikinci Proqramın uğurla həyata keçirilməsi isə üçüncü Proqramın qəbulunu zərurətə çevirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın hər bir bölgəsi quruculuq meydançasını xatırladır, inkişaf, tərəqqi geniş vüsət alıb. Rayonlar arasında sağlam rəqabət ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı bu əminliyi ifadə etmişdir ki, üçüncü Proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Bu günlərdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlər də iqtisadiyyatın inkişafın hansı səviyyəsində olduğunu açıqladı. Dövlət başçısı İlham Əliyev bir daha ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yönəldərək, qarşıdakı dövr üçün məqsəd və vəzifələri açıqladı. “İlin sonuna qədər görüləsi işlər çoxdur” söyləyən Prezident İlham Əliyev onların hamısının yüksək səviyyədə icra olunmasının vacibliyini bildirdi. Bu fikir xüsusi vurğulandı ki, bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bugünkü reallıqları təmin edir. İqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artıb. Bunu müsbət hal kimi dəyərləndirən ölkə Prezidenti qeyd etdi ki, məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuş və bu məqsədə çatmışıq. “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır... ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi bu sahəyə diqqətin bariz nümunəsidir. İstehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir... İstehsal sahələri hər bir ölkənin inkişafında aparıcı rol oynayan bir sahədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, görülən işlərin bir məqsədi var- Maliyyə imkanları artsın və insanlar daha yaxşı yaşasınlar. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır. Bu məqsədlə yaradılan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlərin həcmi artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir.
Son 10 ildə ölkə
iqtisadiyyatına qoyulan
investisiyaların həcmi
160 milyard dollardır. Yatırılan investisiyaların böyük
həcmi qeyri-neft sektorunun payına düşür.
Göründüyü kimi, əsas məqsəd odur ki, respublikada idxalı əvəzləyən
məhsulların istehsalı
sürətlənsin, ərzaq
məhsulları ilə
bağlı bütün
problemlərin həllinə
diqqət artırılsın. Ərzaq məhsulları
istehsalında məhsuldarlığın
artırılması məqsədilə
mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı istehsalına
tətbiqi, innovasiyaların
istehsal sahələrinə
gətirilməsi problemin
həllində əsas
vasitə kimi istifadə olunmaqdadır.
Bu sahədə dövlətin sahibkarlara göstərdiyi maddi, mənəvi, hüquqi dəstəyin rolu əvəzsizdir. Qarşıda duran başlıca vəzifələrdən biri
də məhsul istehsalçılarının zəruri
kənd təsərrüfatı
texnikaları və texnoloji avadanlıqlarla təchizatını yaxşılaşdırmaqdan,
keyfiyyətli məhsul
yetişdirməkdən, onun
itkisiz yığılmasını
təmin etməkdən
ibarətdir. Bu tədbirlərin həyata
keçirilməsində ölkə
Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində
əlavə tədbirlər
haqqında” Sərəncamının
böyük əhəmiyyəti
olmuşdur. Həmin Sərəncama
əsasən “Aqrolizinq”
Açıq Səhmdar
Cəmiyyəti yaradılmışdır.
Dövlət başçısı İlham Əliyevin “Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi
sahəsində əlavə
tədbirlər haqqında”
Sərəncamı da
bu sahədə həyata keçirilən
dövlət siyasətinin
ardıcıl xarakter daşıdığının təsdiqidir. Sənəd
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin
ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq aqrar sahədə
istehsalın artırılması,
kənd təsərrüfatı
texnikasından daha səmərəli istifadə
ilə bağlı görülən tədbirlərin
sürətləndirilməsi məqsədinə xidmət
edir. Dövlət başçısı İlham
Əliyevin 16 yanvar
2014-cü il tarixli “Kənd təsərrüfatı və
ərzaq məhsulları
bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında”
Sərəncamı da
bu sahəyə diqqətin göstəricilərindəndir.
Sərəncamda qeyri-neft sektorunun,
o cümlədən, kənd
təsərrüfatının inkişafının dövlət
tərəfindən iqtisadi
siyasətin prioritet istiqamətlərindən biri
kimi müəyyən
edildiyi bir daha önə çəkilir.
Göründüyü kimi, regionların malik olduğu potensialdan səmərəli
istifadə ölkənin
hərtərəfli inkişafını
sürətləndirir. Bu onu göstərir ki, iqtisadi siyasət
çox böyük dəqiqliklə, həssaslıqla
aparılır. Qeyri-neft sektorunun
inkişafı uğurlu
neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilir.
Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinə önəm verməklə bugünkü
inkişafa yol açdı. Neft gəlirlərinin
idarə olunmasında
şəffaflıq prinsipinin
yüksək səviyyədə
qorunması mühüm
sosial-iqtisadi layihələrin
icrasını sürətləndirir.
Bu gün böyük
inam hissi ilə qeyd edirik
ki, Azərbaycan ən böyük maliyyə vəsaiti tələb edən layihələri icra etmək imkanındadır.
Yeni Azərbaycan.-2014.- 7 may.- S.5.