Azərbaycan Avropa Şurası ilə sıx münasibətlərə malikdir

 

Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçib

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak edib. Sessiyada Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçib.

Ümumiyyətlə, Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkə kimi Avropa qurumları ilə sıx əlaqələr qurub. Respublikamızın müxtəlif sahələrdə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri olan Avropa Şurası ilə münasibətlər qarşılıqlı maraq kəsb edir.

ƏLAQƏLƏRİN İNKİŞAFI ÜMUMMİLLİ LİDERİN FƏALİYYƏTİ İLƏ BAĞLIDIR

Bildiyimiz kimi, müstəqil Azərbaycanın dərin siyasi, iqtisadi, sosial böhranlar keçirdiyi, Ermənistanın hərbi təcavüzü genişləndirdiyi olduqca mürəkkəb bir dövrdə - 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyi bərpa edərək, demokratik, hüquqi dövlət quruculuğu prosesinin əsasını qoyub. Belə ki, 1995-ci ildə Azərbaycanda demokratik əsasda ilk parlament seçkisi keçirildi. Ulu öndərin rəhbərlik etdiyi komissiyanın hazırladığı konstitusiya layihəsi ictimai müzakirəyə təqdim edildikdən və Avropa Şurası tərəfindən Konstitusiya layihəsinə müsbət rəy verildikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Ali Qanun qəbul olundu.

İqtisadi sahədə isə ümummilli səviyyədə özəlləşdirmənin aparılması ilə dövlətin monopoliyasında olan iqtisadiyyatdan rəqabətli, açıq bazar iqtisadiyyatına keçidin əsası qoyuldu.

Bütün bunlar Azərbaycanın demokratik inkişaf, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolunda irəlilədiyini dünyaya nümayiş etdirib. Azərbaycanın demokratik keçid prosesinə inamla qatılması beynəlxalq təşkilatların ölkəmizlə əməkdaşlığını daha da stimullaşdırıb. Demokratik inkişaf yolunu seçən Azərbaycanda insan hüquq və azadlıqları, demokratik təsisatların formalaşdırılması sahəsində işlərin uğurla həyata keçirilməsində Avropa Şurası ilə əlaqələrin böyük rolu var. 1997-ci ildə Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən II zirvə toplantısında iştirak edən Ulu öndər Heydər Əliyev Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi apararaq əməkdaşlığın inkişaf imkanlarını qiymətləndirib.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” Sərəncamla isə ölkəmizlə qurum arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulub. Bunun ardınca respublikamızda demokratik islahatların həyata keçirilməsi daha da sürətlənib. Belə ki, 1993-cü ildən etibarən icrasına faktiki olaraq moratorium qoyulan ölüm hökmü 1998-ci ildə ləğv edilib. Bunun ardınca həmin il avqust ayının 16-da Azərbaycanda mətbuat üzərində senzura ləğv olunub. Demokratik islahatların davam etdirilməsi yönündə fikir mübadiləsinin aparılması məqsədilə 1998-ci il sentyabrın 11-də Avropa Şurasının yardımçı və məsləhətçi orqanı olan Venesiya Komissiyasının nümayəndə heyəti Belçikanın KonstitusiyaArbitraj Məhkəməsinin keçmiş sədri M.Melşorun başçılığı altında Azərbaycanda səfərdə olub. Həmin ilin noyabrında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Strasburqa səfəri çərçivəsində təşkilat rəsmilərini ölkəmizdə Konstitusiya Məhkəməsinin təşkili, formalaşması və fəaliyyəti barədə məlumatlandıraraq bu sahədə demokratik islahatların uğurla aparıldığını bildirib.

Azərbaycanın Avropa Şurası ilə yaratdığı fəal əlaqələr, habelə demokratiyanın bərqərar edilməsinə xidmət edən daxili siyasi, iqtisadi, sosial islahatlar ölkəmizin 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilən iclasında təşkilata tamhüquqlu üzv qəbul edilməsi ilə nəticələnib.

AZƏRBAYCAN AŞ PA İLƏ FƏAL ƏMƏKDAŞLIQ EDİR

Məlumdur ki, Avropa Şurası və onun əsas qurumu olan AŞ PA ilə münasibətlər Azərbaycanın xarici siyasi əlaqələrində, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinin genişləndirilməsində önəmli yer tutur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev Avropa Şurası və onun Parlament Assambleyası (PA) ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. AŞ PA-dan olan nümayəndələrlə çoxsaylı görüşlərində Azərbaycanla qurum arasında əlaqələrin inkişaf səviyyəsini müzakirə edən Ulu öndər ölkəmizin təşkilatda iştirak perspektivlərini yüksək qiymətləndirib.

Xatırladaq ki, Azərbaycan Parlamentinin 1992-ci ildə quruma müraciətindən sonra tərəflər arasında keçirilən görüşlərin, qarşılıqlı səfərlərin nəticəsi olaraq 1996-cı ildə AŞ PA Bürosu ölkəmizə “xüsusi dəvət edilmiş qonaqstatusunun verilməsi haqqında qərar qəbul edib. Bundan sonra Azərbaycandan olan nümayəndələrin AŞ PA-nın keçirdiyi tədbirlərdə iştirakı intensiv xarakter alıb.

Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən sonra 2001-ci ilin aprelində keçirilən AŞ PA-nın plenar sessiyasında Azərbaycan nümayəndə heyəti tamhüquqlu üzv kimi iştirak edib. AŞ PA-dakı nümayəndə heyətimiz 6 nəfər əsas və eyni sayda əvəzedici üzvdən ibarətdir. Təşkilatın sessiyalarında iştirak edən nümayəndə heyətimiz Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiəsini təmin etmək yönündə fəaliyyət göstərir.

Azərbaycan-Avropa Şurası (AŞ) münasibətlərinin inkişafında Prezident İlham Əliyevin 2002-2003-cü illərdə ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞ PA-nın sədr müavini kimi fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun AŞ PA-nın sessiyalarındakı çıxışları, AŞ-nin rəhbər şəxsləri ilə keçirdiyi görüşlər qurumun ölkəmizə müsbət münasibətinin formalaşmasında mühüm rol oynayıb.

AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI YÖNÜNDƏ BİRGƏ FƏALİYYƏT

Azərbaycan üçün vacib olan məsələlərdən biri də AŞ PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqedir. Təşkilatın keçirdiyi tədbirlər çərçivəsində aparılan müzakirələrdə iştirak edən Azərbaycan heyəti hər zaman ölkəmizin haqq səsini ucaltmağa, beynəlxalq ictimaiyyəti problemlə bağlı məlumatlandırmağa çalışıb. Bu baxımdan, Prezident İlham Əliyevin AŞ PA-dakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. PA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərdiyi 2001-2003-cü illərdə O, parlamentin Azərbaycanla bağlı qərarlarına təsir göstərməklə yanaşı, 2003-cü ilin yanvarında AŞ PA sədrinin müaviniBüro üzvü seçilməklə, ölkəmizi daha yüksək səviyyədə təmsil etmək imkanına nail olub. Azərbaycan-AŞ PA əlaqələrinin möhkəmlənməsində böyük xidmətlər göstərən Prezident İlham Əliyev 2004-cü ilin aprelində qurumun fəaliyyətində aktiv iştirakına görə AŞ PA-nın fəxri üzvü diplomu və AŞ PA medalı ilə təltif edilib.

PA-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin münasibətinin və problemin tezliklə sülh yolu ilə həllinin göstəricisi olaraq qətnamə və tövsiyələr qəbul olunub. Qurumun Dağlıq Qarabağ problemi ilə əlaqədar qəbul etdiyi 1047, 1119, 1416 saylı qətnamələrində işğala son qoyulması tələb olunur, münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli dəstəklənir. AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnamə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalının davam etdiyiniAvropa Şurasının üzvü olan bir ölkənin digər üzv dövlətə məxsus torpaqları işğal etməsini həmin dövlətin Şura qarşısında götürdüyü öhdəlikləri ciddi şəkildə pozduğunu təsdiq edir. 1997-ci ildə qəbul edilən 1119 saylı qətnamədə isə işğal edilmiş ərazilərin qaytarılması, bütün qaçqın və məcburi köçkünlərin geri dönməsi, Dağlıq Qarabağa tərəflərin ortaq razılığı əsasında geniş muxtariyyətin verilməsi münaqişənin həlli yolları kimi göstərilir. AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və tövsiyələrdə mühüm məqamlardan biri də münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələbləri əsasında həllini vacib bilməsi, işğalçı qoşunların zəbt etdiyi ərazilərdən çıxarılması tələbini də ortaya qoymasıdır.

PA-da Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən sənədlərdən biri də 24-27 aprel 2001-ci il tarixində Azərbaycan Respublikasının qurumdakı nümayəndə heyətinin ilk dəfə olaraq assambleyanın iclasında tamhüquqlu üzv kimi iştirak etdiyi dövrdə yayılıb. Belə ki, AŞ PA-nın plenar sessiyası zamanı onlarla AŞ PA üzvü tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞ PA-nın rəsmi sənədləri qismində yer alıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi faktı və digər vacib məsələlər xüsusi vurğulanıb.

Xatırladaq ki, konfliktin nizamlanmasına yardım məqsədilə 2005-ci ildə AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi yaradılmışdı. Lakin Ermənistan tərəfi AŞ PA-da yaradılan Alt Komitənin fəaliyyətinə etinasız yanaşmaqla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurum qarşısında üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırıb. Əslində, Ermənistanın bu mövqeyi müəyyən dərəcədə təəccüb doğurmur. Çünki işğalçı ölkə AŞ PA-nın müxtəlif illərdə qəbul etdiyi, qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin edilməsini tələb edən qətnamələrinə də bu vaxta qədər əməl etməyib. Bu səbədən də, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə Azərbaycanla birgə səylərin müsbət nəticələr verməsi üçün AŞ PA-nın imkanları çərçivəsində Ermənistana təzyiqlərin göstərilməsi sülhün əldə olunması baxımından faydalı ola bilər.

AVROPA ŞURASI AZƏRBAYCANLA ENERJİ ÜZRƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR

AŞ ölkəmizlə çoxşaxəli əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətindədir. AŞ-nin Azərbaycanla əməkdaşlığa marağını qurum rəhbərlərinin müntəzəm surətdə ölkəmizə baş tutan səfərləri də təsdiq edir. Digər Avropa təşkilatları kimi, AŞ PA da Azərbaycanın enerji sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir. Bu səbəbdəndir ki, 2007-ci ilin yanvar ayının 26-da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dairPA-da 338 saylı yazılı bəyannamə qəbul olunub. Bəyannamədə Avropa ölkələrində enerji daşıyıcılarına olan tələbatın getdikcə artması fonunda, “Bakı-Tbilisi-Ceyhan” neft və “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərlərinin Avropa üçün alternativ enerji mənbəyi kimi mühüm əhəmiyyəti vurğulanıb. Son zamanlar Avropa İttifaqı ölkələrinin enerji, xüsusən də təbii qaz mənbələrinin şaxələndirilməsinə marağının yüksəlməsi, Azərbaycanın da təchizatçı və tranzit ölkə kimi aparıcı rola malik olduğu “Cənub qaz dəhlizi” layihəsinə Qərbin marağını xeyli artırıb.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014. - 7 may.- S.12.