“Heydər Əliyev və yeni cəmiyyət modeli”
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə bu mövzuda konfrans keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini - İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək, Onun xatirəsini anmaq Azərbaycanda ənənəyə çevrilib. Onun fikrincə, bu, Ümummilli liderimizə xalqın hörmət və ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda formalaşmış çox dəyərli dövlətçilik ənənəsidir: “Müstəqil dövlətin qurucusuna, Onun müəyyənləşdirdiyi siyasətə, əməyinə, zəhmətinə hər bir vətəndaşın hörmət və ehtiram bəsləməsi dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsinə birbaşa dəlalət edir. Məmnunluq hissi ilə demək istəyirəm ki, Azərbaycan xalqı Heydər Əliyevin müstəqil dövlətimizin yaranması istiqamətində göstərdiyi fədakar əməyinə, Onun şəxsiyyətinə böyük ehtiram bəsləyir. YAP Heydər Əliyevin yaratdığı siyasi təşkilat olaraq xalqın bu hisslərini ifadə edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini həmişə uca tutur. Hesab edirəm ki, bu, 600 min nəfərdən çox üzvü olan YAP-ın hər bir üzvünün müqəddəs borcudur. Bu gün də, Heydər Əliyevin doğum günü ərəfəsində də, YAP üzvləri Heydər Əliyevin şəxsiyyətinə, Onun müəyyənləşdirdiyi siyasətə özünün dərin hörmət və ehtiramını ifadə edir. Hesab edirəm ki, bu, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlar qazanmasına töhfə verən amillərdən biridir. Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz daim inkişaf edəcək və bu inkişaf Azərbaycan xalqına xidmət etmiş olacaq”.
YAP-ın artıq 12-ci ildir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində bu formatda böyük konfranslar keçirdiyini xatırladan Əli Əhmədov hazırki konfransın “Heydər Əliyev və yeni cəmiyyət modeli” adlandığını diqqətə çatdırıb. “Bu mövzunun müəyyənləşməsinin səbəbi Heydər Əliyev siyasətinin bütün sferalarda fundamental dəyişikliklərə əsas yaratdığı kimi, eyni zamanda, cəmiyyətin yeni modelinin formalaşması üçün də etibarlı mənbə olduğunu dərk etməyimizlə əlaqədardır. Heydər Əliyev respublikamız müstəqillik əldə etdikdən sonra yeni Azərbaycan modelini yaratmaq uğrunda mübarizə aparırdı və təbii ki, yeni Azərbaycanın yaradılmasının cəmiyyətin yeni modelinin formalaşmasından ayrıca təsəvvür etmək mümkün deyil. Bütövlükdə, yeni Azərbaycan bütün sferalarda, istər siyasətdə, istər iqtisadiyyatda, istər mənəvi münasibətlərdə, beynəlxalq münasibətlər sahəsində fundamental dəyişiklikləri özündə ehtiva etdiyi kimi, cəmiyyətin yeni modelinin yaradılmasını da şərtləndirir. Bu vacib amilləri nəzərə alaraq növbəti konfransımızı bu mövzuya həsr etdik. Güman edirəm ki, tədbir iştirakçılarının hər biri üçün yeni cəmiyyət modeli, onun strukturunu müəyyənləşdirən parametrlər çox aydındır. Heydər Əliyevin baxışlarında yeni cəmiyyət modelinin əsas parametrləri, prinsipləri öz əksini tapır. Təbii ki, yeni cəmiyyət modeli dedikdə hər şeydən əvvəl demokratik dəyərlər və prinsiplər nəzərdə tutulur. Eyni zamanda, buraya azad cəmiyyət, vətəndaş cəmiyyəti prinsipləri də aiddir. Bu mühüm dəyərlər Ulu öndər Heydər Əliyev tərəfindən yeni Azərbaycan cəmiyyəti modelinin formalaşmasının fundamental əsaslarını təşkil edir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyev yeni cəmiyyət modelini formalaşdırarkən, həmçinin, xüsusilə sosial ədalət prinsipinə istinad edib. Onun sözlərinə görə, Ümummilli liderimiz üçün sosial ədalət təkcə insanların təminat sistemi ilə bağlı olmayıb: “Onun dünyagörüşündə sosial ədalət prinsipi bir az daha geniş çevrə əhatə edibdir. Bu da ondan ibarətdir ki, vətəndaşların qanun qarşısında bərabərliyi təmin edilməlidir. Heydər Əliyev üçün cəmiyyətdə hər bir vətəndaşın bərabərliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Bir insan üçün məqbul olmayan bir məsələnin digər insana məqbul sayılması Heydər Əliyevin dünyagörüşünə sığmırdı. Yaxud, birinə qadağan olunan bir şeyin digərinə icazə verilməsi Heydər Əliyev dünyagörüşünə və ya sosial ədalət prinsipinə uyğun gəlmirdi. Qanunun aliliyi, hər bir vətəndaşın qanun qarşısında bərabər olmasının təmin edilməsi Heydər Əliyev üçün daim önəm kəsb etmişdir”.
Baş nazirin müavini qeyd edib ki, yeni cəmiyyətin formalaşmasında fundamental bəşəri dəyərlərlə yanaşı, milli-mənəvi dəyərlərin də nəzərə alınması mühüm məqamdır. Müasir Azərbaycan cəmiyyətinin ümumbəşəri dəyərlərə söykəndiyini deyən Əli Əhmədov ölkəmizin dünya birliyinin layiqli üzvü olduğunu diqqətə çatdırıb. “Eyni zamanda, Azərbaycanın tarixinin, mədəniyyətinin, mentalitetinin nəzərə alınması yeni cəmiyyət modelinin formalaşmasında çox mühüm məqamdır. Beləliklə, Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan yeni cəmiyyət modelinə sahib oldu. Bu, elə bir cəmiyyətdir ki, insanlar rahat yaşaya bilirlər, təminat sistemi dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətəndaş üçün bərabər şəraitin yaradılması ən ümdə vəzifələrdən biridir. Bu amillər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar isə uğurlarımız üçün ciddi əsaslara çevrilib” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Konfransda “Heydər Əliyev: şəxsiyyət və tarix münasibətlərinin dialektikası” mövzusunda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə qeyd edib ki, Azərbaycan xalqının tarixində tarix yaradan şəxsiyyətlər kifayət qədərdir: “Bu baxımdan, tariximizdə sırası, nizamı heç zaman pozulmayan böyük bir tarixi şəxsiyyətlər silsiləsi mövcuddur. Xalqımızın XX əsr tarixində bu silsilənin ən uca zirvəsi Heydər Əliyevdir”.
A.Əlizadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir: “Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülmüş, ən yüksək dəyərlər səviyyəsində dəyərləndirilmiş və milli inkişafın strateji proqram sənədi kimi qəbul olunmuşdur. Bu proqram dahi rəhbərin ali düşüncələrindən keçmiş və kamil bir şəkildə tətbiq sferasına daxil olmuşdur. Ümummilli liderin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq həyata keçməkdədir. Dahi şəxsiyyət yaxın və uzaq hədəfləri elə dəqiqliklə müəyyənləşdirib ki, hər mərhələ öz zamanında aktuallaşır, gerçəkləşir və növbəti mərhələyə doğru inkişaf edir. Bu mənada, Ulu öndərin əbədi miras qoyduğu strateji proqram törədici gücə malikdir və bu güc onun təməl prinsiplərində və əsaslarındadır”.
“Heydər Əliyev liderliyi ilə şəxsiyyətinin bütövlüyü Onun milli dəyərlərlə ümumbəşəri dəyərləri uyğunlaşdıra bilməsində ifadə olunmuşdur. Bu, xalqın Heydər Əliyevə verdiyi “Ümummilli lider” statusunda lakonik və konkret ifadə edilmişdir. Ümummilli lider Heydər Əliyev siyasi xadim kimi dünya miqyasında qəbul edilən şəxsiyyət idi. Onun dünya səviyyəsində qəbul edilən şəxsi xarizması və siyasi-diplomatik ustalığı var idi. Heydər Əliyevin yeni cəmiyyət modelində həmin xüsusiyyət incə bir özəlliyə malikdir. Ümummilli lider Azərbaycan cəmiyyətinin yeniləşməsi prosesini daim qlobal dəyişmələrin ritminə uyğunlaşdırırdı”, - deyə akademik Akif Əlizadə əlavə edib.
Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın davamlı və sürətli inkişafını mümkün etmişdir: “2003-cü ildən başlayaraq Azərbaycanda dövlət quruculuğu faktiki olaraq yeni səviyyəyə keçdi. Ölkədə bütün sahələr üzrə sabitlik sona çatdırıldı. 2003-2008-ci illərdə Azərbaycan regional miqyasda özünü tam təsdiq etdi. Bu, cəmiyyətin bütün sahələrində ciddi yeniləşmələri həyata keçirmək sayəsində mümkün oldu. Eyni zamanda, həmin proses 2008-ci ildən başlayaraq ölkənin modernləşməsinin yeni mərhələsinə keçilməsinə imkan yaratdı. Bununla da dövlət quruculuğu ilə cəmiyyətin yeniləşməsi prosesinin daha mükəmməl əlaqələr sistemi formalaşması mərhələsinə qədəm qoyuldu”.
AMEA-nın prezidenti onu da vurğulayıb ki, əldə edilən bütün bu uğurlar Ümummilli lider Heydər Əliyev ideyalarının əməli təntənəsidir. Bütün bunlar həm də onun göstəricisidir ki, Azərbaycanda dövlət və cəmiyyət quruculuğunda varisliklə müasirlik, ənənə ilə yenilik harmonik bir vəhdətdədir. Məhz belə bir vəhdət Azərbaycanın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsas qarantıdır.
“Heydər Əliyev siyasətində demokratiya və plüralizm” mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib ki, dövlət müstəqilliyimizin əldə olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyev Azərbaycanın ümumi inkişaf strategiyasını müəyyən edib: “Demokratik, hüquqi dövlət quruculuğu həmin strategiyanın ayrılmaz tərkib hissəsi idi. O dövrdə cəmiyyət həyatının bütün sahələrində demokratik dəyər və prinsiplərin bərqərar olması ölkə qarşısında duran ən mühüm məsələlərdən biri idi.
1993-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev Öz proqramında bəyan etdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək”.
Z.Əsgərov əlavə edib ki, hüquqi, demokratik dövlət qurmaq üçün bütün hüquq sisteminin yenidən qurulması və islahatların aparılması, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunması demokratik cəmiyyət quruculuğunun ən mühüm və vacib şərtlərindən biri idi: “Buna görə də, Ulu öndər Heydər Əliyev müasir tələblərə cavab verən Konstitusiyanın qəbul olunmasına xüsusi önəm verirdi. Onun bilavasitə rəhbərliyi ilə Konstitusiya layihəsi işlənib hazırlandı, uzun sürən müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də keçirilən referendumda ölkənin əsas qanunu olan Konstitusiya xalq tərəfindən qəbul olundu”.
“Heydər Əliyev demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən olan demokratik təsisatların - parlament və seçki sisteminin formalaşması və inkişafına xüsusi əhəmiyyət verirdi. Qeyd etmək lazımdır ki, bütün müsəlman Şərqində ilk cümhuriyyət parlamenti 1918-1920-ci illərdə Azərbaycanda yaranmışdır. Bu mənada Azərbaycan müəyyən parlament və parlamentarizm ənənələrinə malik idi. Müasir Azərbaycan parlamentinin yaranmasının banisi Heydər Əliyev bu sahədə uğurlu işlərə imza atmışdır”.
“Heydər Əliyevin irsində ailə, qadın və uşaq məsələləri vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil kimi” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova isə bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətdə saxlayırdı.
H.Hüseynova əlavə edib ki, Azərbaycan tarixində qadın probleminin həllinin sistemli şəkildə dövlət səviyyəsinə qaldırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Cəmiyyətin və dövlətin idarə edilməsində əsas hərəkətverici qüvvə mövcuddur ki, bunlardan biri də qadınlardır. Bu baxımdan, Ümummilli lider Heydər Əliyev istər müstəqillikdən əvvəl, istərsə də müstəqillikdən sonrakı dövrdə qadınların cəmiyyətdə aktiv fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışdı”.
Hicran Hüseynovanın sözlərinə görə, dövlət ailə, qadın və uşaq siyasətinin təkmilləşdirilməsi, geniş və davamlı formada həyata keçirilməsinə Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev xüsusi diqqət göstərir: “Hazırda bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiq etmişdir”.
“Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin əsəridir və bu gün ölkənin qazandığı misilsiz uğurların altında məhz bu dahi şəxsiyyətin imzası durur. Bu fikir hamı tərəfindən səsləndirilən, danılması mümkün olmayan həqiqətdir. Hazırda dünyanın XXI yüzillikdə tarixi inkişafının obyektiv yekunu - müasir “Azərbaycan möcüzəsinin” təntənəsinə şahidlik etməsi faktı ölkənin inkişaf modelinin əsasında Ümummilli lider Heydər Əliyevin gələcək üçün də çox əhəmiyyətli dövlətçilik ideyalarının dayanmasının nəticəsidir. İllər keçdikcə biz bu gerçəyi daha aydın görür və dərk edirik. Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev Özünün təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin, nəzəri baxımdan da zənginləşdirmişdir”. Bu fikirləri isə “Heydər Əliyev ideyaları: inkişafın uğurlu təməli” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib.
Natiq bildirib ki, gələcəyi görən və proqnozlaşdıra bilən Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq, Azərbaycanda insan potensialının inkişafına, onun formalaşdırılmasına yönəlik çox mühüm addımlar atmış, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərmişdir: “Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq olunan Dövlət Proqramına əsasən, hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi (o cümlədən idarəetmə ixtisasları üzrə) yetişirlər”.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən U.Ələkbərov əlavə edib ki, davamlı insan inkişafının təməlində bilik və sağlamlığın dayandığını aydın təsəvvür edən Prezident İlham Əliyev həyata keçirdiyi islahatlarda bu sahəyə xüsusi önəm verir.
Nardar BAYRAMLI,
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 8 may.- S.4.