NATO ölkəmizlə
əməkdaşlığa böyük
önəm verir
“Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar və fotosərgi keçirilib
NATO beynəlxalq qərargahında Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili” mövzusunda seminar və fotosərgi keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi tərəfindən hazırlanıb, Azərbaycanın NATO ilə əməkdaşlığının 20 illiyinə həsr olunmuş jurnalın təqdimatı keçirilib.
Seminarda Avropa Siyasi Mərkəzinin proqram icraçısı və siyasi təhlilçisi xanım Amanda Paul və Bakı Dövlət Universitetinin diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli məruzəçi qismində iştirak ediblər.
Çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin əməkdaşları və ekspertlər rəsmi Bakının Alyans ilə münasibətlərdə sadiq tərəfdaş olduğunu, əməkdaşlığın strateji və praktiki səviyyədə inkişaf etdiyini bildiriblər.
Seminarda NATO Beynəlxalq Katibliyinin, Hərbi Katibliyin, Alyansa üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak ediblər. Aparılan müzakirələr və şərhlər zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə fəal və strateji tərəfdaş olduğu bildirilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, çoxşaxəli xarici siyasət kursuna malik olan Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də NATO, yəni, Şimali Atlantika Müqaviləsi Təşkilatıdır. Məlumat üçün bildirək ki, 1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı. Bununla da müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan NATO-Şimali Atlantika Müqaviləsi Təşkilatı (North Atlantic Treaty Organization) yarandı. NATO hökumətlərarası təşkilatdır, onun bütün üzvləri öz suverenliyi və müstəqilliyini qoruyurlar. İlk növbədə, NATO BMT-nin Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.
Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini Şərqə doğru genişləndirib. Hazırda NATO-nun 28 üzvü var. Bunlar aşağıdakı ölkələrdir: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstan.
“Soyuq müharibə”nin ən qızğın dövrlərində belə NATO tərəfindən müəyyən transformasiya siyasətinin həyata keçirildiyi məlumdur. Misal üçün, 1952-ci il Lissabon Sammitində qəbul edilən “Məhdud Müharibə Strategiyası” və ya 1954-cü ildə qəbul edilən “Kütləvi Zərbə Strategiyası”, eləcə də, 1967-ci ildən etibarən tətbiq olunan “Elastiki Zərbə Strategiyası” kimi sənədlər NATO-nun hər dövrün tələbinə uyğun dəyişmə trendinin göstəricisidir.
Azərbaycan Respublikası ilə NATO arasında geniş məzmunlu əməkdaşlığın əsası Ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Ölkəmiz 2004-cü ildən qurumun “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Azərbaycan 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycanın NATO ilə tərəfdaşlığı ölkəmizin Avroatlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas məqsədi müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir.
NATO qüvvələri ilə uzlaşmanın yaradılması PAP (Planlaşdırma və Analiz Prosesi) mexanizminə əsaslanır. 1997-ci ildən etibarən PAP əməliyyat hazırlığı naminə Azərbaycanı NATO-nun müdafiə planlamasına cəlb edir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürür və bunlar “NATO-nun hərbi, təlim və texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasına” yönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün xüsusi bölmələr hazırlayıb. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilib: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) və Çoxmillətli Qüvvələr (İraq).
Müasir beynəlxalq sülhməramlı əməliyyatlar çoxfunksiyalı və mürəkkəbdir. Onların uğuru dövlətlərin əməliyyatların planlaşdırılması və aparılmasının bütün mərhələlərində komanda və nəzarət vasitələrinə cəlb edilməsindən asılıdır. NATO tərəfdaş dövlətləri öz əməliyyatlarına cəlb etmək üçün inkişaf etmiş mexanizmə malikdir. 1999-cu ildən Siyasi-Hərbi Çərçivə sənədi NATO-nun rəhbərlik etdiyi SNT əməliyyatlarında NATO ilə Tərəfdaş dövlətlər arasında əməkdaşlığı tənzimləyir. Bu sənədin məqsədi “NATO-nun gələcək əməliyyatlarına qoşulan tərəfdaş dövlətlərə əməliyyatlara siyasi istiqamətin verilməsi və üzərində nəzarət edilməsinə töhfə vermək üçün müvafiq imkanların verilməsinin təmin edilməsidir. Tərəfdaşlar ən yüksək siyasi səviyyə də daxil olmaqla əməliyyatlar üzrə siyasi məsləhətləşmə, planlama və onların həyata keçirilməsində iştirak edə bilərlər.
Bu mexanizmin vacib aspektlərindən biri tərəfdaşlara beynəlxalq qərargahlarda vəzifələr tutmaq imkanının verilməsidir. Bu, tərəfdaş dövlətlərin əsl tərəfdaşlıqda töhfəsinin tanınması müttəfiqlər və tərəfdaşlar arasında etimadın və anlaşmanın yaradılması, onların həmrəyliyinin gücləndirilməsi üçün vacibdir.
Bütövlükdə, Azərbaycan NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstanla bağlı məsələ, meydana gələn təhlükəsizlik təhdidləri və s. bu kimi aktual məsələlər müzakirə olunur, eləcə də, praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolunun və mövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilir və ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.
Qeyd edək ki, həm Azərbaycan dövlətinin, həm də NATO-nun qarşılıqlı münasibətlərə ciddi önəm verməsinin nəticəsində son illərdə ölkəmizlə bu qurum arasında əlaqələr daha da dərinləşib. Müntəzəm olaraq Azərbaycanın və NATO-nun yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri keçirilir və yeni əməkdaşlıq imkanları müzakirə edilir. Cari il yanvarın 15-də Prezident İlham Əliyev Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb.
Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən, Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Dövlət başçısı İlham Əliyev də Öz növbəsində, NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Bir müddət öncə isə NATO-nun baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru ölkəmizdə səfərdə olub. Bakıya səfəri çərçivəsində NATO rəsmisini Prezident İlham Əliyev qəbul edib.
Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. Sorin Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də, “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusilə, enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
“Azərbaycanın NATO ilə əlaqələrinin 20 illiyi münasibəti ilə keçirilən konfrans, sadəcə bir-birimizi təbrik etmək deyil, eyni zamanda, nailiyyətlər, çatışmazlıqlar və gələcək addımlar haqqında müzakirə aparmaq üçün və səmərəli uğurlu nəticələr əldə etmək üçün yaxşı bir müzakirə müstəvisidir”. Bu sözləri isə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi” adlı konfransda çıxış edərkən deyib.
NATO baş katibinin müavini Sorin Dukaru isə konfransdakı çıxışında Azərbaycan və NATO arasında əlaqələrin səmərəli inkişafını qeyd edib. NATO rəsmisi vurğulayıb ki, 2014-cü il Azərbaycan və NATO arasında əməkdaşlıqda mühüm mərhələdir, çünki bu il koalisiya qüvvələri Əfqanıstandan çıxarılacaq: “Azərbaycan bizim üçün tranzit imkanlar açdı. O cümlədən, bu il biz qüvvələrimizi Əfqanıstandan çıxarırıq. 2014-cü ildən sonra bizim Əfqanıstanda olmağımız başqa müstəvidə həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, praktiki əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müdafiə sahəsində keçirilən islahatları da dəstəkləyirik”.
S.Dukaru qeyd edib ki, tərəflər 80-ə yaxın birgə tədbir keçirib ki, bu da öz növbəsində praktiki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014. - 8 may.- S.8.