Güclü dövlət
quruculuğunun banisi
Hər tarixi dövrün özünəməxsus sosial, siyasi, mədəni və iqtisadi çağırışları olur. Onları dərk edən xalqlar uyğun inkişaf modelini yarada bilir. Bu zaman tarixi təcrübə ilə yanaşı, cəmiyyətin yetişdirdiyi şəxsiyyətlər də böyük rol oynayır. Müasir dövr üçün bu tezisin daha ciddi əhəmiyyəti var. Çünki indi dünyada daha mürəkkəb proseslər gedir, daxili və xarici faktorlar arasında olduqca sıx bağlılıq müşahidə edilir. Təbii ki, tarixin bütün mərhələlərində həmin aspektlər arasında əlaqə mövcud olmuşdur. Lakin müasir dövrün fərqi ondadır ki, qloballaşma adlanan proses daxili və xarici reallıqları demək olar ki, vahid sistem halına gətirmişdir. Bu səbəbdən müstəqilliyini əldə etmiş cəmiyyətlərdə dövlət quruculuğu ilə sosial-iqtisadi və mədəni inkişaf modeli arasında tarixdə müşahidə edilməyən qarşılıqlı asılılıq mövcuddur. Azərbaycan keçən əsrin 90-cı illərində müstəqilliyinə qovuşanda məhz bu cür vəziyyətlə üz-üzə qalmışdı. Həmin mərhələdə bir sıra naşı siyasətçilərin yarıtmaz fəaliyyəti ölkənin daxili vəziyyətini gərginləşdirməklə yanaşı, beynəlxalq aləmdə də müdafiəsiz qoymuşdu. Həqiqəti aydın təsəvvür etmək üçün o dövrün bəzi qlobal geosiyasi əlamətlərinə nəzər salmağa ehtiyac duyulur.
XX əsrin 90-cı illərinin əvvəllərində sosialist düşərgəsinin dağılması ilə dünyada faktiki olaraq yeni geosiyasi mənzərə formalaşmağa başladı. O cümlədən SSRİ, Mərkəzi və Şərqi Avropanın sosialist dövlətlərinin siyasi-hərbi, sosial-mədəni birliyinə son qoyuldu. Tarixi təcrübə göstərir ki, bu cür silkələnmələrdən sonra insanların düşüncələrindən tutmuş böyük dövlətlərin daxili və xarici siyasətinədək bütün sahələrdə köklü dəyişikliklər baş verir. Siyasi, mədəni və iqtisadi təfəkkürdə əsaslı yeniləşmələr özünü göstərir. Həmin prosesin fərdlərin və bütövlükdə cəmiyyətlərin həyatında etdiyi dəyişikliklərin fonunda diqqəti çəkən bir qanunauyğunluq da müşahidə edildi. Bu da dövlət quruculuğu, yeni cəmiyyətin formalaşması, uğurlu inkişaf modellərinin yaradılması kimi məsələlərdə qarşıya yeni vəzifələr çıxardı.
XX əsr boyu sosial-mədəni, geosiyasi, hərbi və iqtisadi mühitin getdikcə daha da mürəkkəbləşdiyini müxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı təsdiq edir. Lakin mürəkkəbləşməni bəşəriyyət üçün ümumi tendensiya kimi qəbul etməklə yanaşı, onun ayrı-ayrı mərhələlərdə ön sıraya fərqli prosesləri də çıxardığını vurğulamaq lazımdır. Məhz bu kontekstdə demək olar ki, sosialist düşərgənin dağılması bir mühüm reallığı dünya siyasətinin, geosiyasi və humanitar-elmi nəzəriyyələrin diqqət mərkəzinə gətirdi. Bu reallığı “postsovet məkanı” və “yeni müstəqil dövlətlər” terminləri ilə ifadə etmək olar. Hər iki termin böyük siyasi, hərbi, mədəni, geosiyasi və iqtisadi birliyin sürətlə parçalanması nəticəsində yenə həmin məkanın birliyinə aid olan proseslərin ifadə edilməsi məqsədi ilə formalaşdırıldı.
Bu cür yanaşma tarixin tələbi idi. Yeni müstəqil
dövlətlərin milli qurum olaraq inkişafı, onların
demokratik dünyaya inteqrasiyası və xarici siyasətlərinin
prioritetləri ciddi maraq doğuran məsələyə
çevrilirdi. Ötən müddət ərzində qət
edilmiş yola nəzər saldıqda hər dövlətin
öz tarixi trayektoriyasının
formalaşdığını görürük: bəzi
ölkələr üçün uğurlu olmuş, digərlərinin
problemləri isə heç azalmaq bilməmişdir. Bəziləri köhnə düşüncə tərzindən
əl çəkib, yeni modelləri qəbul etmək istəmirlər.
Bu zaman isə dövlət quruculuğu ilə
sosial inkişaf modelinin uğurlu seçilməsinin vacibliyini
nəzərdə saxlamaq lazımdır.
Həmin kontekstdə onu da vurğulamaq istərdik ki, Azərbaycanın
xarici təcavüzə məruz qalması, müstəqil
dövlət quruculuğu məsələsini daha da mürəkkəbləşdirmişdi. Hətta bəzi
dairələrin Azərbaycan adlı dövləti yer
üzündən silmək planları ortaya
çıxmışdı. Məsələyə
qlobal miqyasda gedən geosiyasi proseslərin
işığında nəzər salanda Frensis Fukuyamanın
bir qeydini xatırlatmaq lazım gəlir. Müasir
dövrün tanınmış filosof və futuroloqlarından
olan F.Fukuyama güclü dövlətin formalaşması məsələlərini
birbaşa XXI əsrdə dünya nizamının təmini və
idarəetmə ilə əlaqələndirir. O yazır
ki, bizim dövlət quruculuğu haqqında çox
düşünməyimizə baxmayaraq,
anlamadığımız çox şeylər vardır. F.Fukuyama həmin çətin məsələlər
sırasında “güclü strukturları (dövlət
strukturları nəzərdə tutulur - N.M.) inkişaf etməkdə
olan ölkələrə necə köçürməyi”
ayrıca qeyd edir. Yəni, bir rejimin sürətlə
dağılması nəticəsində cəmiyyətin
tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadi mühitə
düşməsi, onun bütövlüyünü saxlamaq
şərti ilə transformasiyası çox mürəkkəb
problemdir. Həmin şərtlər daxilində Azərbaycanda
müstəqil dövlət quruculuğu ilə sosial
inkişaf modelinin uyğunlaşdırılması məsələsini
sadə proses kimi təsəvvür etmək çətindir. Fikrimizcə, sualın cavabı Azərbaycanın
geosiyasi mövqeyi və təbii sərvətləri ilə
yanaşı, cəmiyyətimizin zəngin və özünəməxsus
mədəniyyətə, dövlətçilik ənənəsinə
və yüksək passionarlığa sahib olmasındadır.
Həmin potensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman
liderlər yetişdirib. Azərbaycanlılar XX əsr boyu tarixin
çağırışlarına məhz bu potensialla cavab
verib. Bir neçə dəfə
repressiyalara, deportasiyalara məruz qalmalarına baxmayaraq,
müstəqilliklərini heç nəyə dəyişməmişlər.
1988-ci ildən başlayıb 1993-cü ilin iyun
ayınadək Azərbaycanın perspektivləri ilə
bağlı ziddiyyətli mövqelər var idi. Ümumiyyətlə, söhbət dövlətin
qalıb-qalmaması məsələsindən gedirdi. F.Fukuyamanın haqqında bəhs etdiyi güclü
dövlət strukturlarını formalaşdırmadan onun
müstəqilliyini qoruyub saxlamaq mümkün deyildi. Bunun üçün isə strateji təfəkkürlü,
uzaqgörən, soyuqqanlı və qətiyyətli siyasətçi-lider
lazım idi. Azərbaycan xalqı
1993-cü ildən ikinci dəfə həmin liderinə
arxalandı. Bu, bir xalqın bir əsrdə
ikinci dəfə qəhrəmanlıq göstərməsi,
uzaqgörənlik və dövlət qurmaq qüdrətini
nümayiş etdirməsi idi. Ulu öndər
Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini
və xalqını zamanın ziddiyyətləri məngənəsindən
sözün həqiqi mənasında xilas edərək, onu real
inkişaf xəttinə istiqamətləndirdi.
Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan
mədəniyyəti və tarixinin əhəmiyyətini
xüsusi qeyd edirdi. Bütövlükdə, Azərbaycanın
müstəqil dövlətçilik kursu bu məqam üzərində
quruldu. Faktiki olaraq, Ümummilli lider qısa
müddət ərzində xalqın quruculuq enerjisini dövlətin
maraqlarının təmin olunması istiqamətində səfərbər
edə bildi. Heydər Əliyev cəmiyyətin
mədəni-intellektual potensialını və mənəvi dəyərlərini
milli ideyanın reallaşdırılmasına yönəltdi.
Problemin bu aspekti elmi-nəzəri baxımdan böyük
əhəmiyyət kəsb edir. Sosialist düşərgəsinin
dağılmasından sonra meydana gələn müstəqil
dövlətlərin daxili və xarici siyasətinin təməlinə
hansı baza prinsipinin qoyulmasından onların gələcək
dövlətçiliyinin taleyi asılıdır. O zaman
bu məqamı hər kəs dərk edə bilmirdi. Azərbaycan üçün seçim anı daha
çətin amillərlə bağlı idi. Ölkəyə
təcavüz vardı, müxtəlif istiqamətlərdən
təzyiqlər ara vermir, daxildə
qeyri-müəyyənlik hökm sürürdü. Məhz belə bir mürəkkəb və ziddiyyətli
şəraitdə mədəniyyəttutumlu suverenlik
strategiyasına üstünlüyün verilməsi strateji təfəkkürlə
yanaşı, siyasi xadim müdrikliyi də tələb edirdi.
Heydər Əliyev dövlət idarəçiliyində
klassik və müasir anlamda dövlət quruculuğunun baza
prinsiplərinə əsaslanırdı. Ulu
öndər həm də zəngin şəxsi təcrübəsindən
geniş istifadə edirdi. Bu, görkəmli
dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə
imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən
düzgün çıxış yolu tapa bilirdi.
Heydər Əliyev strateji hədəfləri daxili və
xarici amilləri kompleks şəkildə nəzərə
almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri
dərindən və hərtərəfli təhlil edərək
müəyyənləşdirirdi. Bütün bunlar Ulu
öndərin dövlətçilik məfkurəsinin
başlıca siyasi, ideoloji və nəzəri əsaslarının
zənginliyini nümayiş etdirir. Göründüyü
kimi, Heydər Əliyevin dövlətçilik kursu
seçimi tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Azərbaycanın gələcəyinə
görə məsuliyyəti Öz üzərinə
götürdü və “...hədsiz gərgin zəhmət
bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf
strategiyasını formalaşdırmağa müvəffəq
oldu”. Təcrübə göstərir ki,
belə fürsət heç də hər xalqa, ya millətə
nəsib olmur.
Beləliklə, Azərbaycanın milli inkişaf
strategiyası mədəniyyəttutumlu suverenlik ideyasına əsaslanırdı. Mədəniyyəttutumlu
suverenlik həm də sosialyönümlü inkişaf modeli
seçmək deməkdir. Bu mənada mədəniyyəttutumlu
suverenliyin Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin özəyi olması fikrini qəbul etmək
lazımdır. Postsovet məkanı
üçün bu kurs kifayət qədər yeni olmaqla kreativ
siyasi təfəkkür tələb edir. Problemin
mahiyyəti də məhz bundadır. Çünki
müstəqilliyinə yenicə qovuşan və hər tərəfdən
əsassız ittihamlara məruz qalan gənc dövlətin
xarici siyasətinin möhtəşəm binasının
bünövrəsinə bədxahların gözünə ox
kimi batan zəngin milli mədəniyyəti qoyub, demokratik
dövlət qurmaq olduqca mürəkkəb bir iş idi. Başqa geosiyasi şərtlərlə
yanaşı, həm də ona görə ki, Azərbaycana
qarşı olan əsassız hiddətin kökündə məhz
zəngin, təkrarolunmaz milli mədəniyyət və
dövlətçilik ənənələrimizin
varlığını bəzilərinin qəbul etmək istəmədiyi
dururdu. Heydər Əliyev bütün risklərə
sinə gərərək dövlətçilik kursunun əsasına
milli mədəniyyət və sosial inkişaf amillərini
qoydu. Mədəniyyəttutumlu suverenlik
ideyası qlobal kontekstdə Azərbaycan üçün
çox əhəmiyyətli idi.
Bütün bunlar keçən əsrin ikinci
yarısından başlayaraq cəmiyyətin inkişaf
modelinin təməlində hansı ideyanın
qoyulmasının ciddi müzakirə obyektinə çevrilməsi
fonunda baş verirdi. Hərbi qüdrət, yoxsa iqtisadi güc, güclü
ideologiya, yaxud sosial inkişaf modeli və s. kimi variantlar
müxtəlif formalarda diqqət mərkəzinə gətirilirdi.
XX əsrin 90-cı illərindən başlayaraq
qabaqcıl düşüncəli insanlar mədəniyyətə
və sosial tərəqqiyə istinad edən inkişafın
daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla
vurğulayırdılar. Azərbaycan da tarixi şəraitin
çağırışlarına Heydər Əliyevin sayəsində
XX əsrin 90-cı illərində məhz bu tələbə
uyğun cavab verdi.
Güclü
dövlətin təşəkkülü məsələsi
F.Fukuyama zəif dövlətin milli problemlərin də
qaynağı olduğunu qəbul edir. Bu məqamda
Fukuyamanı tam haqlı görürük. Keçən əsrin 90-cı illərində
postsovet məkanında, o cümlədən Azərbaycanda cərəyan
edən siyasi proseslər müstəvisində həmin amil
olduqca böyük əhəmiyyət kəsb edir. Bəli, o zaman keçmiş Sovet
respublikalarının hamısının qarşısında
“hansı yolu seçməli”, “necə bir cəmiyyət və
dövlət qurmalı” kimi suallar dururdu. Problemin
bir tərəfi sosialist düşərgəsinin
dağılması ilə dünyadakı geosiyasi balansın Qərbin
xeyrinə kəskin dəyişməsi ilə bağlı idi.
Digər tərəfdən isə, müstəqilliyə zaman
baxımından qısa müddətdə
“atılmış”, totalitar rejimin “tırtılları”
altında əzilmiş, tarixi və mədəniyyəti zədələnmiş,
dövlət strukturları, demək olar ki,
dağılmış cəmiyyətlərdə nizam-intizam
yaratmaq lazım idi.
Çoxlarının artıq dağılmış kimi
təsəvvür etdikləri Azərbaycanda Ümummilli lider
Heydər Əliyev dövlət quruculuğu proseslərinə
qeyri-adi əzmkarlıqla başladı. Kiçik bir
dövlətə bu güc haradan gəldi? Necə oldu ki, bəzi xarici dairələrin onu
dağıtmağa çalışdığı tarixi bir mərhələdə
zaman Azərbaycanın xeyrinə işləməyə
başladı? Bu suallara cavab cəmiyyətdə
güclü dövlət quruculuğu konsepsiyasının və
sosial inkişaf modelinin həyata keçirilməsi ilə
verildi. Nəzəriyyə öz yerində,
ancaq praktiki cəhətdən çox mürəkkəb
xarici və daxili situasiyada dövlət qurmaq tarixi hadisədir.
Məlumdur ki, 1988-1993-cü illərin yayına
qədər olan müddətdə Azərbaycan parçalanma
astanasında dayanmışdı, xarici təcavüz sistemli
xarakter almışdı, daxildə böyük xaos hökm
sürürdü. Ölkə üçün bu vəziyyətdən
yeganə optimal çıxış yolu sabitlik yaradıb,
dövlət qurmaqdan ibarət ola bilərdi.
Cəmiyyəti və dövləti xilas etmək
məqsədi digər bütün maraqlardan üstün
tutulmalı idi. Burada F.Fukuyamanın belə
bir situasiya üçün təklif etdiyi ideyanı
xatırlatmaq yerinə düşər. F.Fukuyama
milli dövlət quruculuğu prosesinin üç mərhələdə
həyata keçirilməsini doğru sayır. Birinci mərhələni o, münaqişədən
sonrakı yenidənqurma adlandırır. Bu
mərhələ ölkənin münaqişəli vəziyyətdən
çıxmasından sonra başlayır. İkinci mərhələ cəmiyyətdə
sabitlik bərqərar olunduqdan sonra işlək dövlət
strukturlarının yaradılmasını nəzərdə
tutur. Xarici təcavüz sona çatandan sonra bu proses
özünün mükəmməl səviyyəsinə
çatmalıdır. Üçüncü mərhələ
hakimiyyətin geniş miqyasda sabitləşməsindən
başlayır və zəif dövlətdən güclü
dövlətə keçidi əhatə edir. Bunun əlamətləri
sırasında dövlətin öz vətəndaşlarının
hüquqlarını, xüsusi mülkiyyətini, təhsil
haqlarını və s. qoruya bilməsini göstərmək
olar. Bir sözlə, üçüncü mərhələdə
dövlət strukturları lazımi qədər səmərəli
işləməlidir. F.Fukuyamanın təklif
etdiyi modelin ana xəttini cəmiyyətdə sabitliyin
yaradılması və dövlət strukturlarının səmərəliliyi
təşkil edir. Bəs bunu necə təmin
etməli? Afrika və ya Əfqanıstan
modeli postsovet məkanına aid edilə bilərmi? Təcrübə göstərdi ki, bu məsələdə
çox ehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin öz tarixi yolu, təcrübəsi,
xalqın mental xüsusiyyətləri və konkret yerli
sosial-siyasi, mənəvi, iqtisadi və mədəni şərtləri
var.
Bütün bunlar həmin dövrdə Azərbaycan
üçün iki problemin aktuallaşdığını
göstərir. Birincisi, ölkədə sabitliyi necə
təmin etməli? İkincisi, müstəqil
dövlət quruculuğunu uğurla aparmaq üçün
hansı kursu seçməli? Bu aspektlər
reallıqda bir-biri ilə sıx bağlı idi. Hər ikisi üçün də düzgün
ideologiyanın müəyyənləşdirilməsi həyati
əhəmiyyət daşıyırdı. Çünki seçiləcək ideoloji konsepsiya Azərbaycanın
strateji yolunu müəyyənləşdirəcək, dövlət
quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və
cəmiyyətin birləşməsi xəttini ortaya
qoyacaqdı. Söhbət Azərbaycanda
müstəqil dövlət quruculuğunun gerçək fəlsəfəsini
formalaşdırmaqdan gedirdi.
Mahir siyasət ustası şahmat taxtasında bir
neçə rəqibi ilə oynamalı və qalib gəlməli
idi. Ümummilli lider bunu bacardı. Amma
beynəlxalq və daxili vəziyyət isə Onun və Azərbaycanın
xeyrinə deyildi. Siyasətçi dövlət
quruculuğunun fəlsəfəsini sürətlə, ölkənin
ziddiyyətli problemlərini həll edə-edə yaratmalı
idi. Dövlət quruculuğunda ən
böyük maneələrdən biri həmin ərəfədə
xaricdən idxal edilmiş və bütün postsovet məkanı
üçün şirnikdirici görünən
ideologiyanın beyinlərə hakim kəsilməsi idi. Müxtəlif istiqamətlərdən gələn
gözqamaşdırıcı, şirnikdirici və bəzən
təhrikedici ideoloji konsepsiyalar insanlarda
çaşqınlıq yaratmışdı. Burada həm radikal milliyyətçiliyin
avantürist cəzbetmə sahəsinə, həm də liberal
demokratiyanın ifrat cəlbedici azadlıq xülyasına
düşmək ehtimalı var idi. Bu ifrat
tendensiyaların hər ikisi, əslində, 1993-cü ilə qədər
özünü büruzə verirdi. Qərbdən
gələn təsirlərin arxasında hansı məqsədlərin
durduğunu müəyyən etmək asan məsələ
deyildi. Çünki Qərb məhz liberalizm,
azadlıq, demokratiya kəlmələri ilə gerçək
geosiyasi maraqlarını gizlədə bilirdi. İnsanlar bu şirnikdirici və ümidverici terminlərlə
dolu ideoloji sistemin çarxına düşür və oradan
çıxa bilmirdilər.
Azərbaycan üçün situasiyanı çətinləşdirən
başqa məqam cəmiyyəti etnik mənsubluğun məhdud
dairəsinə sürükləyə bilən, qlobal səviyyədə
cərəyan edən hadisələrə zidd ultramillətçi
düşüncənin mövcudluğu idi. Digər bir
problem sosial ədalət məsələsi ilə
bağlı idi. Sosial ədalət müxtəlif
cür izah edilirdi. Sosial ədalət
mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn,
konservatizm, millətçilik, neokonservatizm, sosializm və s.)
toqquşduran əsas məsələ oldu. Liberalizmə qarşı iddialar əsassız
deyildi. Çünki doğrudan da,
müasir cəmiyyət üçün sosial ədalət
olduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin
mühüm tərkib hissəsini təşkil edir. Bu məsələdə liberalizmin qüsurları
ona tənqidi yanaşmağı tələb edirdi. Amma sosial ədalətlə yanaşı, müstəqilliyini
yaxın keçmişdə əldə etmiş cəmiyyətlər
üçün sabitlik və təhlükəsizlik də həyati
əhəmiyyətli məsələlərdən idi. Bu məqam neokonservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar “hüquqi sosial dövlət”
konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü dövlət konseptini
aktuallaşdırırdı. Güclü
dövlət cəmiyyətdə nizam-intizamı təmin edə,
sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi.
Dövlət quruculuğuna yenicə başlayan cəmiyyətlər
üçün bu ideya çox maraqlı idi. Lakin onu
kor-koranə qəbul etmək də riskli idi.
Çünki hər bir cəmiyyətin öz təkamül
yolu var. Heydər Əliyev postsovet məkanında bütün
bu kimi məqamları nəzərə alaraq Azərbaycan
üçün neokonservatizmə çox yaxın olan, lakin
liberal demokratiyanın əsas müddəalarını da
özündə ehtiva edən ideoloji konsepsiya
formalaşdırdı. Akademik Ramiz Mehdiyev
yazır ki, bu kontekstdə ideya-nəzəri və siyasi
baxımdan azərbaycançılıqla neokonservatizm
arasında əlaqə olduğunu demək olar. Beləliklə, Azərbaycanın
çıxış yolu güclü dövlət konseptində
idi. Azərbaycançılıq
ideologiyasına bu vəzifələrin işığında
nəzər saldıqda, dövlət müstəqilliyinin təmini
və demokratik cəmiyyət quruculuğunun reallaşması
prosesinin möhkəm ideya təməli aydın
görünür. Azərbaycançılıq
ideologiyasına hər iki ifrat qanaddan kənarda, dövlətçilik
və real demokratiya sahəsində məzmun verməklə
Heydər Əliyev tarixi missiya yerinə yetirdi. Bu aspektdə Mehriban Əliyevanın bir fikri çox
maraqlıdır. Mehriban Əliyeva “Həyat dərsi” əsərində
qeyd edir: “Heydər Əliyev tarix salnaməsinin XX əsr
üçün taleyüklü səhifələrinin
iştirakçısı, yaradıcısı, aparıcısıdır”.
Dəqiq və lakonik ifadə edilmişdir.
Görkəmli dövlət xadimi elə bir
ideoloji mövqe seçdi ki, həm qlobal səviyyənin
aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm
də cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə
müstəqil dövlət və demokratik cəmiyyət
quruculuğuna yönəltmək imkanı yarandı.
Onu demək gərəkdir ki, güclü dövlət
konseptinin reallaşması müasir tarixi şəraitdə
kifayət qədər sanballı və
ölçülü-biçili yanaşma tələb edirdi. İlk
növbədə, dövlət quruculuğunun konkret mexanizmlərini
işləyib hazırlamaq lazım idi. Dövlətin
bütün fəaliyyət istiqamətlərini bu məqsəd
ətrafında sistemləşdirmək gərəkdi. Unutmaq olmazdı ki, Azərbaycan tarixin hökmü ilə
son 300 ildə mürəkkəb təkamül yolu keçib.
Müstəqil dövlətçiliyindən
uzaq düşmüş xalqın psixologiyasında
özünəinamı qaytarmaq mühüm şərt idi.
Böyük dövlətçilik ənənəsinin
olması təbii ki, Azərbaycanı daha şanslı
göstərirdi. Lakin müasir dünyada
üstünlük təşkil edən geosiyasi proseslərin məzmun
və mahiyyəti Azərbaycanın qarşısında
çətin problemlərin durduğunu hər an
anladırdı.
Güclü
dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə
nail olmağı tələb edirdi. Keçən
əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə
sabitliyi pozan çoxlu sayda amillərin olduğunu qeyd
etmişdik. Həmin dağıdıcı
amillər havadarları tərəfindən üstümüzə
qısqırdılan Ermənistanın təcavüzkar
davranışları ilə daha da aqressiv xarakter
alırdı. Azərbaycanın 90-cı
illərdə sui-qəsd planlarına, dövlətçiliyə
qarşı çıxışlara səhnə olması təsadüfi
deyildi. Bu səbəbdən də Heydər Əliyevin
dövlət quruculuğu prosesində ictimai-siyasi sabitliyə
nail olması strateji xarakter daşıyırdı.
Nəticədə Azərbaycan mütərəqqi
dünyəvi dövlət perspektivini aydın dərk edən
ölkəyə çevrildi. Bu kursun Azərbaycana islam
dünyası üçün mədəni inkişaf
nümunəsi olmaq şansını verdiyini çəkinmədən
demək olar. Heydər Əliyevin güclü
dövlət konseptində mədəniyyətin və sosial
inkişafın yeri və rolu bu strateji məqsəddə
öz əksini tapmışdır. Azərbaycan
mahiyyət etibarilə dünyəvi dövlət kimi
inkişafda olmalıdır, lakin o, güclü mədəniyyət
ənənəsini özündə ehtiva etməlidir. Mədəniyyət mənsubluğu
bütövlükdə cəmiyyətin kimliyini müəyyənləşdirməklə
yanaşı, dövlətçiliyin əsas komponentlərindən
birinə çevrilməlidir.
Təsadüfi deyil ki, Azərbaycan dövlət səviyyəsində
mədəniyyətlər və dinlərarası dialoqu təşkil
edən, cəmiyyətdə onu praktiki şəkildə həyata
keçirən yeganə Qafqaz ölkəsidir. Dünyanın
müxtəlif guşələrindən ölkəmizə gələn
fərqli mədəniyyətlərin nümayəndələrinin
qatıldığı həmin tədbirlər Azərbaycanda
dövlət quruculuğunun mahiyyətində mədəni və
dini tolerantlığın varlığını sübut edən
konkret faktlardandır. Azərbaycan artıq
islamlaşma ilə müasirləşmənin (intellektual sərvətə
əsaslanan sosial-iqtisadi və mədəni inkişaf modeli) səmərəli
sintezini reallaşdıran ölkə olaraq tanınır.
İndi bu istiqamətdə Azərbaycan modelinin
nümunə kimi öyrənilməsi haqqında yüksək
səviyyələrdən təkliflər eşidilməkdədir.
Bunların kökündə Ulu öndər Heydər
Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri
şəkildə yer almış prinsiplərin dövlət
quruculuğuna tətbiqi mexanizmlərinin işlənməsi
durur.
Sabit və
dinamik cəmiyyət: sosial-iqtisadi inkişaf modeli
Güclü dövlət quruculuğunun təməlində
güclü iqtisadi infrastrukturun formalaşdırılması
durur. Ümummilli lider bu aspektə çox böyük
diqqət yetirirdi. O, iqtisadi gücü bütün digər
məsələlərin təməlinə qoydu. Beynəlxalq
enerji layihələri, xarici sərmayələrin ölkəyə
cəlb edilməsi, qabaqcıl texnologiyaların mənimsənilməsi,
yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin
açılması Azərbaycanda ardıcıl surətdə
həyata keçirilir.
2003-cü ildə iqtisadi islahatlarda çox böyük
uğurlar əldə etmiş Azərbaycan vardı. Vətəndaş
cəmiyyəti quruculuğunun təməli
hazırlanmışdı. Bunun sayəsində
Azərbaycan modernləşmənin yeni mərhələsinə
keçid edə bilərdi. Bunun
üçün xarici sərmayələrin cəlb edilməsinə
əsaslanan modernləşmə cəmiyyətin daxili
potensialına əsaslanan müasirləşmə kursu ilə
əvəz olunmalı idi. Əgər Heydər
Əliyev 1993-2003-cü illər ərzində səbir, inam və
qətiyyətlə və ardıcıl olaraq dövlət
quruculuğu siyasətini həyata keçirməsəydi,
modernləşmənin birinci mərhələsi başa
çatmayacaqdı. Həmin illərdə
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
sistemli islahatlar həyata keçirildi. Qeyri-neft
sektorunun inkişafı üçün ayrıca proqramlar
reallaşdırıldı.
Enerji layihələrinin həyata keçirilməsi bu prosesdə
xüsusi yer tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə
səmərəli apardı ki, tarixi baxımdan qısa zamanda
dünyanın aparıcı geosiyasi gücləri
Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan artıq enerji təhlükəsizliyi sahəsində
sözünü deyən, müstəqil maraqları ilə
çıxış edən, regionun lideri qismində geosiyasi
statusunu fəaliyyəti ilə təsdiqləyən dövlətdir.
Güclü dövlət konseptinin həyata
keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət
tarixi əhəmiyyət daşıyır. Güclü dövlət konseptinin iqtisadi aspektinin də
sıx bağlı olduğu başqa bir məqamı qeyd etmək
gərəkdir.
Müasir tarixi mərhələdə güclü
dövlət və güclü cəmiyyət
anlayışları sıx bağlıdır. Fərdlərin
və cəmiyyətin gücünün bir tərəfi
iqtisadi amillə bağlıdırsa, digər tərəfi mənəviyyatla
əlaqəlidir. Bu səbəbdən Heydər
Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və
inkişaf etdirilməsinə ciddi önəm verirdi. Azərbaycan dilinin inkişafı, adət-ənənələrin
qorunması, mədəni-tarixi abidələrin saxlanması və
təbliği, mənəvi irsin öyrənilməsi, tariximizin
tədqiqi və təşviqi kimi məsələlər Onun
siyasətinin mərkəzində duran məqamlardan idi. Milli-mənəvi dəyərlərinə sadiq qalan
cəmiyyət həqiqi mənada müasirləşə bilər.
2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının
I Qurultayında Ulu öndər deyirdi: “Hər bir Azərbaycanlı
öz milli mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”.
Milli-mənəvi dəyərlər cəmiyyətin
gücünü qidalandıran mənbədirsə, müasirləşmə
onun daim dəyişən ətraf aləmə
adaptasiyasını təmin edən prosesdir. Müasir
tarixi mərhələdə cəmiyyətin yeniləşməyə
açıq olması inkişafın mühüm amili
sayılır. Bu mənada azərbaycançılıqda
yer almış müasirləşmə prinsipi ciddi fəlsəfi
məzmuna malikdir. Güclü dövlətin
demokratik cəmiyyətlə harmoniyasının əsas qayəsini
məhz müasirləşmə təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləşməsi
konkret olaraq modernləşmə proqramında öz ifadəsini
tapır. Dövlət quruculuğu çərçivəsində
müasirləşməyə diqqət yetirsək, burada
demokratik təsisatların formalaşmasının
mühüm yer tutduğunu görərik. Demokratik
institutlar cəmiyyətdə sosial-siyasi münasibətləri
tənzimləyən əsas mexanizmdir.
Azərbaycan demokratik təsisatların formalaşması
məsələsində postsovet məkanında öncül
yerdə olan ölkələrdəndir. Təbii ki, cəmiyyətin
yeniləşməsi prosesi heç zaman dayanmamalıdır.
Təkmilləşmənin, daha yüksək
demokratik yaşam tərzinə sahib olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi
də fasiləsiz gedən prosesdir. Dövlətin
gücü ilə cəmiyyətin gücünün
uzlaşdığı müasirləşmə prosesi
özündə varislik prinsipini də ehtiva edir.
Beləliklə, keçən əsrin 90-cı illərində
Azərbaycan milli, regional və qlobal maraqları
uzlaşdıran inkişaf strategiyasını
formalaşdıra bildi. Bu strategiya həm müstəqil demokratik
dövlət quruculuğunun uğurla həyata keçirilməsi,
həm Azərbaycanın Cənubi Qafqazın aparıcı
dövlətinə, həm də regional liderə çevrilməsi
üçün imkan yaratdı. Bu
uğurun təməlində dövlət quruculuğu ilə
yeni cəmiyyət formalaşdırılmasının vəhdət
təşkil etməsi durur. Həmin aspektdə
əvvəlcə cəmiyyətdə sabitliyin
yaradılması, sonra isə davamlı sosial-iqtisadi və mədəni
inkişaf xəttinə çıxarılması mərkəzi
yer tutur. Təcrübə göstərdi
ki, Azərbaycan Cənubi Qafqazda bu modeli ən yaxşı
şəkildə reallaşdıran dövlətdir.
Bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda
sosial inkişaf modelinin həyata keçirilməsi Heydər
Əliyev tərəfindən dərin, hərtərəfli və
müasir tarixi dövrün tələblərini nəzərə
almaqla elmi yanaşmaya əsaslanır. Sosial inkişaf bir tərəfdən
müstəqil dövlət quruculuğu kursu, digər tərəfdən
cəmiyyətin mənəvi-əxlaqi yeniləşməsi ilə
sıx bağlı halda həyata keçirilir. Bu məqamın əhəmiyyəti
böyükdür. Çünki müasir
cəmiyyətlərin bir çoxunda güclü dövlət
qurulur, lakin sosial inkişaf zəifdir. Yaxud
sosial-iqtisadi inkişaf kifayət qədər yüksəkdir,
fəqət cəmiyyət ziddiyyətlər içərisində
sıxılır. Deyək ki, bir sıra Qərb
dövlətlərindəki cəmiyyətlərdə müxtəlif
sosial, mənəvi, əxlaqi-ideoloji problemlər mövcuddur.
İnsan tərbiyəsi məsələsi xeyli
aktuallaşıb. Bu da özlüyündə
təhsil sisteminin yeniləşməsi və təkmilləşdirilməsi
ehtiyacını ortaya qoyur. Həmin məsələnin
kökündə isə sosial inkişaf modeli durur.
Şübhə yoxdur ki, müstəqilliyini əldə
etmiş dövlətlər üçün sosial inkişaf
modeli yaradıcı yanaşma tələb edən məsələdir. Şübhəsiz,
yüksək inkişaf etmiş ölkələrin təcrübəsini
burada nəzərə almaq lazımdır. Lakin son halda inkişaf modelini hər bir cəmiyyətin
özünəməxsus tarixi təkamül yolu keçməsi
əsasında müəyyənləşdirmək lazım gəlir.
Bütün bunlarla yanaşı, müasir
dövr üçün xarakterik olan və heç bir cəmiyyətin
yan keçə bilmədiyi bir özəlliyi unutmaq olmaz.
Söhbət qloballaşma şəraitində
konkret cəmiyyətin inkişaf modelinin dayanıqlığından
və özünəməxsusluğunu saxlamaq imkanlarından
gedir. Çünki müasir tarixi mərhələdə
faktiki olaraq sivilizasiya geosiyasəti yeridilir. Sivilizasiya geosiyasəti isə hər şeydən əvvəl
mədəni kodlara və arxetiplərə yönəlir.
Problemə böyük dövlətlərin maraqları
prizmasından baxdıqda yerli mədəniyyət sistemlərini
təhdid edə bilən təhlükələri nəzərə
almaq lazım gəlir. Samuel Hantinqton məşhur əsərində
vurğulayır: “...Qlobal siyasət - sivilizasiya siyasətidir. Fövqəldövlətlərin rəqabəti
sivilizasiyaların toqquşması ilə əvəz olunub”.
Digər ABŞ siyasətşünası və ideoloqu Henri
Kissincer deyir ki, “...Üçüncü dünyaya münasibətdə
Amerika xarici siyasətinin ali prioriteti
depopulyasiya olmalıdır”. Xatırladaq ki,
H.Kissincer 1975-ci ildə Prezident Cimmi Karter üçün depopulyasiya
haqqında “GLOBAL 2000” adlı sənəd
hazırlamışdı.
Bu fikirlər nəyi ifadə edir? İlk
növbədə bu, müasir sivilizasiya geosiyasətində əsas
hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri
olmasına işarədir. Əsas təsir
vasitəsi mədəniyyətlərin tranziti kanalları, yəni,
mediadır. Media vasitəsi ilə
milyonların şüurunu manipulyasiya etmək olar. Sosialist düşərgənin dağılması
ilə həmin tendensiya daha da güclənmişdir. Təsadüfi deyil ki, məhz keçən əsrin
90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət
göstərən bir neçə informasiya vasitəsi
formalaşdı. Onlardan CNBC (1989-cu il),
VVS World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV
(1994-cü il), Al-Jazeera (1996-cı il) və
başqalarını göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi
şərtləri aydındır. Qloballaşan
dünyada informasiyanın sürətli və
genişmiqyaslı yayılması zərurətə
çevrilir. Eyni zamanda, müxtəlif sahələrdə
çalışan insanların anında informasiya almaq
ehtiyacı ödənməlidir. Deyək
ki, bizneslə məşğul olan adamın daha çox
uğur qazanması informasiya təminatı ilə sıx
bağlıdır. O cümlədən, transmilli şirkətlərin
dünya miqyasında fəaliyyəti qlobal səviyyədə
informasiya vasitələrinin fəaliyyətindən birbaşa
asılıdır. Beləliklə, media vasitələri
qlobal miqyasda insanların həyat tərzinə,
düşüncəsinə, siyasi və iqtisadi proseslərə
və mədəniyyətə ciddi təsir edirlər. Dünyanın demək olar ki, bütün
regionlarını əhatə edən qlobal informasiya vasitələri
konkret məsələlər haqqında rəy yaratmağa
qadirdir. Bu üsuldan Qərb ictimai rəyi idarə
etməkdə geniş miqyasda yararlanır. Beləliklə, müasir təbliğat və təşviqat
vasitələri ilə bütöv bir cəmiyyətin “beynini
və qəlbini yumaq” mümkündür. Deməli,
milli dövlət üçün mədəniyyət
sistemini qorumaq və inkişaf etdirmək, ilk növbədə
siyasi məsələdir. Bu amili dövlət
quruculuğu fəlsəfəsinin əsasına qoymaq isə
konkret geosiyasi kurs götürmək anlamını verir.
Konkret ifadə etsək, Heydər Əliyevin
sosial inkişaf modeli, o cümlədən mədəniyyəttutumlu
suverenlik prinsipi müasir tələblərə cavab verən
dövlətçilik kursunun seçilməsini şərtləndirir.
Bu kurs Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Şübhə yoxdur ki, bu proses
Azərbaycanı XXI əsrin yüksək inkişaf etmiş
dövlətlərindən birinə çevirəcək.
Bu gün beynəlxalq aləmdə baş verən
mürəkkəb və narahatlıq doğuran prosesləri nəzərdən
keçirərkən çıxardığımız ən
mühüm nəticə budur ki, müstəqilliyini
qazanmış dövlətin ən böyük sərvəti
onun sabitliyidir.
Və əgər bu sabitlik eyni zamanda ölkənin
dinamik inkişafını da təmin edə bilirsə, onda onu
dövlətin öz gələcəyini təmin etmək
üçün əldə etdiyi böyük tarixi nailiyyəti
hesab etmək lazımdır.
Novruz MƏmmƏdov,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbərinin
müavini,
Xarici əlaqələr şöbəsinin
müdiri,
YAP Siyasi Şurasının
üzvü
Yeni Azərbaycan.-2014.- 9 may.- S.6.