NEFT STRATEGİYASI: İQTİSADİ İNKİŞAF KONSEPSİYASININ ƏSASI

 

Azərbaycan tarixinin qızıl səhifələrini yazmış dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, ideyaları, irsi misilsiz sərvətdir. Onun böyük inam və qətiyyətlə söylədiyi “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam” fikirləri tariximizin hər bir dövrü üçün önəmlidir, səciyyəvidir. Azərbaycanı daim iqtisadi cəhətdən qüdrətli, azad, müstəqil ölkə kimi görmək istəyən Ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə gördüyü işlərlə bu günümüzün möhkəm bünövrəsini yaratmışdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixi bizə bəxş olunan milli sərvətdir və illər keçdikdə onun dəyərini daha dərindən dərk edir, möhkəm təməl üzərində qurulan Azərbaycanın tarixinə yazılan uğurlardan böyük qürur hissi keçiririk.

Həyatının, fəaliyyətinin hər bir məqamı örnək olan Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin geniş təhlilini bir yazı ilə əhatə etmək mümkünsüzdür. Bir faktı qeyd etmək kifayətdir ki, bu gün dünyaya səs salan və təqdir olunan inkişafın Azərbaycan modelinin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli liderin bu tezisini bir daha xatırlayaq: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Dahi şəxsiyyət birinci dəfə hakimiyyətə gələndə - 1969-cu ildə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun tərəqqisi dövrü yaşandı.

Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində müstəqilliyimizin qarantı olan Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, eyni zamanda, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrdən istifadə olundu, bunun da nəticəsində 1994-cü il mayın 12-də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı. Bu, müstəqillik yollarında ilk addımlarını atan, ən əsası müharibə şəraitində yaşayan ölkə üçün olduqca vacib idi. Ölkə daxilində yaradılmış sabitlik Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etdi. Məlumdur ki, müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olurdu. Onlar ölkə iqtisadiyyatına qoyacaqları investisiyaların təhlükəsizliyindən tam əmin deyildilər. Lakin 1994-cü ildən ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması, Ulu öndər Heydər Əliyevin xarici iş adamlarına qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olmaları ilə bağlı müraciəti bu tərəddüdləri aradan qaldırdı, iqtisadi əlaqələrin qurulmasına və genişləndirilməsinə stimul verdi. Ümummilli lider Heydər Əliyev, eyni zamanda, dünya təcrübəsinə istinadən bu fikri xüsusi ilə qeyd etdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq olmadan, səylər birləşdirilmədən iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın bugünkü uğurlarının təməli qoyuldu.

“Əsrin müqaviləsi” ölkəmizə böyük iqtisadi səmərə gətirməklə yanaşı, müstəqil dövlət kimi mövqeyini daha da möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalandığı tarixin- 20 sentyabrın “Neftçilər günü” kimi təsis edilməsi haqqında Fərmanında, eyni zamanda, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan neftinin 2006-cı il mayın 28-i - Respublika Günündə Ceyhan terminalına çatması münasibətilə xalqımızı təbrikində də bu reallıq öz əksini tapıb.

Bu gün artıq Azərbaycan 23 ilə yaxın dövrü əhatə edən müstəqillik tarixini yaşayır. Ölkəmiz iqtisadi qüdrətini təmin etməklə beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınması səbəbsiz deyil. Təbii ki, bu nailiyyətin qazanılması uğurlu neft siyasətinin nəticəsidir. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri reallığa çevrildi. Regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli layihələr kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC və BTƏ-nin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanındı. Neftdən əldə olunan gəlirin ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri-neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin həcminin 2014-cü il yanvarın 1-nə olan məlumata əsasən 35 milyard dollardan artıq olması neft strategiyasının uğurlu icrasının nəticəsidir. Maliyyə imkanlarının genişlənməsi yeni-yeni layihələrin gündəmə gətirilməsini və icrasını sürətləndirir. Bu gün böyük inam hissi ilə qeyd olunur ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. “Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur”. XXI əsrin müqaviləsi kimi dəyərləndirilən “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində dövlət başçısı İlham Əliyevin söylədiyi bu fikirlər bir daha belə bir gerçəkliyin təsdiqidir ki, müstəqil siyasətin təməlində iqtisadi müstəqillik dayanır. Azərbaycanın müstəqil siyasəti və irəli sürdüyü təşəbbüslər bugünkü reallıqlarımızı yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu reallıqlar Azərbaycan dövlətinə və xalqına onilliklər bundan sonra da xidmət edəcək, iqtisadi müstəqilliyini möhkəmləndirəcək. Qeyd edək ki, 2012-ci ildə TANAP, 2013-cü ilin iyununda isə TAP layihəsinə start verilib. Bunlar da beynəlxalq miqyaslı, strateji əhəmiyyətə malik olan layihələrdir. Bu layihələrin də təşəbbüskarı Azərbaycandır. 2013-cü ilin sonunda “Şahdəniz-2” layihəsinin imzalanması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu bir daha nümayiş etdirdi.

Göründüyü kimi, ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi və siyasi mövqeyini günbəgün möhkəmləndirir. Azərbaycanın enerji təhlükəsizliyinin təminatında rolu regional çərçivədən çıxaraq qlobal xarakter daşıyır. Ölkəmizin uğurlarını “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaqla daha aydın görmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı dövrün xarakteristikasını belə ifadə edir: “1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi”.

Bir məqam da hər zaman önə çəkilir ki, “Əsrin müqaviləsi” imzalanan illərdə qaz amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. Ancaq bu gün dünya enerji siyasətində bu yanaşmada böyük dəyişiklik edildi. Hazırda qaz amili nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə mühüm təsir göstərir. “Şahdəniz-2” layihəsi əbəs yerə XXI əsrin müqaviləsi kimi dəyərləndirilmir. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” haqqında Memorandumun imzalanması da ölkəmizin uğurlu enerji strategiyasının təsdiqidir. 27 ölkənin daxil olduğu bu qurumun ölkəmizlə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Ənənəvi keçirilən Davos İqtisadi Forumunda, eyni zamanda, enerji sammitlərində bu məsələ əsas müzakirə mövzusu olmaqla təsdiqləyir ki, Azərbaycan dünya dövlətləri üçün etibarlı tərəfdaşdır. Ölkəmizdə enerji sahəsinin əsas strateji tərəfdaşlarından olan ARDNŞ-in bu gün malik olduğu imkanlar ən mürəkkəb layihəni belə həyata keçirməyə stimul verir. ARDNŞ-in artan nüfuzu və önəmi “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasiminin iştirakçılarının hər birinin çıxışında da xüsusi qeyd olundu.

Bir sözlə, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurlarını yaşayırıq. Dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan neft-qaz ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın qaz potensialının artması üçün geniş imkanlar yaranır. Yeni qaz yataqları kəşf edilib. Bu yataqların kəşfi artıq Azərbaycanı dünya miqyasında böyük qaz ölkəsi kimi təqdim edir. “Ümid”, “Abşeron” qaz yataqlarının kəşfi bu əminliyi yaradır ki, Azərbaycan gələcəkdə qaz ölkəsi kimi öz sözünü deyəcək və önəmi daha da artacaq. Qeyd etdiyimiz kimi, bu yataqların aşkarlanması, eyni zamanda, dövlətimizin, ARDNŞ-in malik olduğu iqtisadi və texniki imkanların da təsdiqidir. Bu gün ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər arasında çəkilməsi uğurlu fəaliyyətinin nəticəsidir. Şirkətin 10-dan artıq ölkədə nümayəndəliyi fəaliyyət göstərir.

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. İqtisadiyyatın əsas inkişaf göstəricilərindən olan dövlət büdcəmizin son on ildə 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Cari ilin dövlət büdcəsi 25 milyard dollardan artıqdır. Valyuta ehtiyatımız 50 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,3 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard dollar olmuşdur. Hər dövrün çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi uğurların davamlılığının təmin edilməsində əsas amildir. Ən əsası Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini qoruması əhəmiyyətli sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verir. 2010-cu ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri də Fondun vəsaitləri hesabına həyata keçirilmişdir. “Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, əgər iqtisadi imkanlarımız olmasaydı, biz bu layihəni həyata keçirə bilməzdik. Eyni zamanda, tikintisinin başa çatdırılması 2015-ci ildə nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi də Fondun vəsaitləri hesabına gerçəkləşdirilir.

Bir sözlə, bu gün Azərbaycanın inkişafın hansı səviyyəsində olduğunu, neft-qaz siyasətinin uğurlarını düzgün dəyərləndirmək üçün iqtisadi rəqəmlərə diqqət yetirmək kifayətdir. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Bu gün özəl sektor iqtisadiyyatın 85 faizini təşkil edir. 2013-cü ildə ÜDM 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artıb. Əhalinin pul gəlirləri 8 faiz çoxalıb. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,3 faizə enib. Təkcə ötən il 110 min yeni iş yeri açılıb ki, bunun da 80 mini daimidir. Ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 8 faizini təşkil edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Əməkhaqları və pensiyalar artırılır. Sovet dövründən qalmış əmanətlərə görə əhaliyə kompensasiyaların verilməsi də sosial müdafiənin gücləndirilməsinə yönələn addımlardandır. Məhz bu uğurların nəticəsidir ki, Azərbaycan dünyada sosial dövlət kimi tanınır və nüfuz qazanır. Yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ölkəmizin əsas məkan seçilməsi də bu uğurlarımıza əsaslanır.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan uğurlu sosial-iqtisadi göstəriciləri ilə liderliyini qoruyur. Məlum olduğu kimi, Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə layiq görüldü. Bu, bir tərəfdən ölkənin iqtisadi inkişafının düzgün istiqamətdə aparıldığının, digər tərəfdən isə, xarici sərmayədarların Azərbaycanda bisnes mühitinə yüksək dəyər verməsinin göstəricisidir. Belə ki, Avropada iqtisadi böhran fonunda Azərbaycan investisiyalar üçün yüksək gəlir vəd edən iqtisadi məkan kimi təqdim olunur. Prezident İlham Əliyev iqtisadiyyatın modernləşdirilməsini, bütün istiqamətlər üzrə yeni texnologiyaların tətbiqini iqtisadi siyasətin prioritetlərindən biri kimi elan edib. Artıq bu siyasət real nəticələrini verir. Qeyd etdiyimiz hesabatda da texnoloji səviyyə üzrə indeks bu istiqamətdə Azərbaycanın durumunun beynəlxalq aləmdə etirafıdır. Belə ki, hesabatda texnoloji səviyyə parametri üzrə Azərbaycanın 148 ölkə sırasında 11 pillə yüksəlməsi ölkə iqtisadiyyatına yeni texnologiyaların cəlbi siyasətinin artıq müsbət nəticələr verməsinin sübutudur.

Uğurlarımız həyata keçirilən siyasətin təməlində kompleks tədbirlərin dayandığını təsdiqləyir. 2013-cü ilin “İKT ili” elan edilməsi də ölkənin hərtərəfli inkişafında yeni texnologiyaların tətbiqinə verilən önəmdən irəli gəlir. Ötən ilin əvvəlində Azərbaycanın ilk süni peykinin orbitə buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addımlardır. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.

Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Uğurlar, eyni zamanda, yeni-yeni hədəflər üçün əsasdır. Azərbaycan xalqı hər ilin əvvəlki ildən daha möhtəşəm, uğurlarla zəngin olduğunun şahidinə çevrilir. Tarixə qısa nəzər salsaq, görərik ki, 20 il bundan öncə Azərbaycan xalqı ölkədə sabitliyin, əmin-amanlığın yaradılmasını arzulayırdısa, bu günümüzün əsas hədəfi artıq inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bunun üçün tələb olunan bütün əsaslar mövcuddur.

Bütün fəaliyyəti ilə Ulu öndər Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması naminə inamlı addımlar atır. Qazanılan hər uğur isə Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin əməli nəticəsi kimi diqqət çəkir. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı kimi dəyərləndirilməsi də Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir. Ulu öndər Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını Öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Dahi şəxsiyyətin böyük inam və qətiyyətlə söylədiyi bu fikirlərin təsdiqi kimi möhtərəm İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq yenidən Prezident seçilməsini qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında diqqəti ötən il ölkəmizdə keçirilən prezident seçkilərinə yönəldərək bu reallığı bir daha qeyd etmişdir: “Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə vermişdir, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini vermişdir... Əlbəttə ki, bu böyük etimad bizim hamımızı yeni işlərin görülməsinə sövq edir, sövq etməlidir. Biz bundan sonra da fəal işləməliyik, ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik”.

Qeyd etdiklərimiz Ulu öndər Heydər Əliyevin möhkəm təməlini qoyduğu iqtisadi siyasətin uğurlarının yalnız bir hissəsidir. Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar, inkişaf, tərəqqi, quruculuq işləri gözləyir. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas amil kimi qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu əminliyi ifadə etməyə böyük əsas verir. Hər sahə üzrə konkret proqramların qəbulu və uğurlu icrası ilə yanaşı, hər ilin konkret bir sahənin adı ilə bağlanması da ölkənin hərtərəfli inkişafında stimulverici amillərdəndir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edildi. Sənəddə də qeyd edilir ki, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. “Qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə, hazırda peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir” söyləyən dövlət başçısı İlham Əliyev bu günə qədər qəbul olunmuş qərarların və 2014-cü ildə görülməsi nəzərdə tutulan işlərin fonunda bu inamı ifadə edir ki, biz cari ili də uğurla başa vuracağıq. Qeyd edək ki, son on ildə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da mühüm uğurlar əldə olunub. Belə ki, bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələri yaradılıb, sənaye məhsulu istehsalının həcmi 2,7 dəfə artıb.

Bütün bu qeyd etdiklərimiz gələcəyə nikbinliklə baxmaq üçün əsas yaradır. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bildirir ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanan proqramlarda islahatlar keyfiyyətcə yeni mərhələ üzrə inkişaf etdirilməli, iqtisadiyyatda, insanların sosial müdafiəsində müsbət meyillər gücləndirilməli, regionda və dünyada baş verən proseslər təhlil olunmalı, öyrənilməli, milli mənafe və dövlətçilik maraqları baxımından tətbiq olunmalıdır.

Bir sözlə, Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların ümumi ifadəsi budur ki, düzgün qurulan, möhkəm təmələ əsaslanan siyasət ölkənin inkişafında əsas şərtdir. Düzgün siyasət isə ölkə rəhbərinin idarəçilik qabiliyyətinin, siyasi təcrübəsinin və biliyinin yüksək səviyyədə olmasının göstəricisidir. Ulu öndər Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanımıza daha böyük uğurlar qazandıracaq, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

 

Vüqar RƏhimzadƏ,

“İki sahil” qəzetinin Baş redaktoru,

YAP Siyasi Şurasının üzvü

Yeni  Azərbaycan.-2014.- 9 may.- S.9.