HƏR BİR
AZƏRBAYCANLININ STOLÜSTÜ KİTABI
Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət komissiyasına 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən nəşr edilmiş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası təqdim olunmuşdur.
Monoqrafiya, Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş xarici ölkələrin təcrübəsi əsasında milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi strateji vəzifəsinə uyğun olaraq hazırlanmışdır. O, Ümummilli liderin siyasi kursunu müvəffəqiyyətlə inkişaf etdirən və Azərbaycanın milli maraqları və zamanın çağırışları ilə şərtlənən yeni məzmunla zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi və dövlət fəaliyyəti məqsədlərinə və proqramlarına cavab verir. Monoqrafiyada cənab İlham Əliyev tərəfindən, intellektual mədəniyyətin prioritet inkişafı, strateji milli resurs və güclü dövlətin əsas şərtlərindən biri olan insan kapitalının inkişafı, ənənəvi Azərbaycan mədəniyyətinin qorunub saxlanması və qloballaşma şəraitində Azərbaycanın davamlı və təhlükəsiz inkişafının siyasi amili olan multikulturalizmin inkişafı kimi aktual siyasi və kulturoloji vəzifələr formulə edilmişdir.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 5 mart 2014-cü ildə keçirilmiş Böyük Elmi Şurası tərəfindən DİA-nın Tarix kafedrasının professoru Fuad Teyyub oğlu Məmmədova Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının verilməsi haqqında vəsatət qaldırılmışdır.
Akademiyanın vəsatətində deyilir: “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası Azərbaycanda elmin, təhsilin və maarifin inkişafına, idarəçilik kadrlarının hazırlanmasına və insan kapitalının inkişafına ciddi töhfədir. O, dövlət idarəçiliyi sahəsində daha çox inkişaf etmiş xarici ölkələrin konkret təcrübəsini ilk dəfə ümumiləşdirən innovativ əsərdir. Burada ilk dəfə olaraq, sistemli kulturoloji yanaşma əsasında, tarixi təcrübə göstərilmiş, Qərb və Şərq ölkələrinin dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin mahiyyəti, xüsusiyyətləri və texnologiyaları göstərilmişdir. Bununla yanaşı, kitab Azərbaycan elmində yeni istiqamətin - kulturologiyanın təşəkkülü və inkişafı üçün elmi və praktik əhəmiyyətə malik ciddi kulturoloji tədqiqatdır. Monoqrafiyanın üstünlüklərindən biri odur ki, o, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilmişdir (2090 saylı əmr, 20 noyabr 2012-ci il).
Monoqrafiya, Ümummilli lider Heydər Əliyev tərəfindən qarşıya qoyulmuş xarici ölkələrin təcrübəsi əsasında milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi strateji vəzifəsinə, həmçinin, Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş, başlıca strateji milli resurs və güclü dövlətin əsas şərtlərindən biri olan insan kapitalının inkişafı vəzifəsinə uyğun olaraq hazırlanmışdır.
Bunu nəzərə alaraq, monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının verilməsi üçün nominasiya qismində irəli sürülmüşdür”.
Kitabın müəllifi Fuad Məmmədov - görkəmli Azərbaycan alimi, təcrübəli pedaqoq, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan elmində yeni istiqamətin - kulturologiyanın yaradıcısıdır. “Wikimedia Foundation, Inc” Fondu tərəfindən yaradılmış İnternet-ensiklopediyada Fuad Teyyub oğlu Məmmədovun adı - Eduard Taylor, Osvald Şpenqler, Arnold Toynbi, Karl Yaspers və b. kimi dünya səviyyəli kulturoloqlarla bir sırada dayanır. F.T.Məmmədov 200-dən artıq elmi və elmi-maarifçilik işlərinin, o cümlədən, 12 monoqrafiya və kitabların müəllifi, həmmüəllifi və tərtibçisidir, Azərbaycan Milli Ensiklopediyasının xüsusi buraxılışlarının ekspertlərindən biri və onlara daxil edilmiş kulturologiyaya aid məqalələrin müəllifidir. Onun əsərləri arasında beynəlxalq aləmdə tanınan “Kulturologiya. Nəzəriyyə və tarix məsələləri” (Bakı, 2002-ci il), “Kulturologiya - effektiv həyat fəaliyyətinə doğru yol kimi” (Bakı, 2006-cı il), “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (2006-cı il) kimi monoqrafiyalarını və bu kitabın Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq olunmuş ikinci, tamamlanmış nəşrini xüsusi qeyd etmək lazımdır.
Professor F.T.Məmmədovun kulturologiya metodologiyası və insanın həyat fəaliyyəti mədəniyyətinin, dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi, o cümlədən, Qərb və Şərq ölkələrinin dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi təcrübəsi sahəsindəki fundamental əsərləri və tədqiqatlarının nəticələri - Azərbaycan cəmiyyəti və dövlətinin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı, dövlətçilik və sosial idarəçilik mədəniyyətinin inkişafı, insanın həyat fəaliyyəti texnologiyalarının və milli insan kapitalının keyfiyyəti və səmərəliliyinin yüksəldilməsində mühüm elmi və praktik əhəmiyyətə malikdir.
Azərbaycan aliminin kitabları xarici alimlərin, mütəxəssislərin və diplomatların yüksək qiymətini qazanmışdır. ABŞ Konqressi, BMT, UNESCO, Roma Klubunun, həmçinin, Rusiya, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Çin, İtaliya, Avstriya, Fransa, Macarıstan, Kuba, Estoniya və digər dünya ölkələrinin kitabxanalarında onlardan istifadə edilməsi Azərbaycan elmi və mədəniyyəti üçün qürur predmetidir.
F.T.Məmmədov Azərbaycan elmini və mədəniyyətini ABŞ, Rusiya, Norveç, Almaniya, Fransa, Misir, Kosta Rika, Yunanıstan, Türkiyə, İran, Rumıniya, Macarıstan, Bolqarıstan, Tayland, Cənubi Koreya və digər ölkələrdə - beynəlxalq forumlarda, seminarlarda, cəmiyyətlərdə və səfirliklərdə ləyaqətlə təmsil etmişdir və edir. Fuad Məmmədovun 1999-cu ildə Norveçdə Beynəlxalq kulturoloji konqressdə “Mədəni siyasətin formalaşdırılmasına elmi yanaşma haqqında” məruzə ilə çıxışından sonra, 2000-ci ildə o, mədəni siyasət üzrə Avropa Şurası ekspertlərinin siyahısına daxil edilmişdir. O, dünyanın bir çox ölkələrinin mədəni və diplomatik elitasını birləşdirən, görkəmli alimlərin və mütəxəssislərin nüfuzlu beynəlxalq forumunun - Lixaçov Beynəlxalq elmi Oxumaları Təşkilat komitəsinin üzvüdür.
Azərbaycan və dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsinin inkişafına verdiyi ciddi töhfəyə görə F.Məmmədov “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının (2002-ci il), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının (2004-cü il), “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının (2013-cü il) akademiki seçilmiş, Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin fəxri fərmanları, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin diplomu, ABŞ Bioqrafiya İnstitutunun “Şərəf” medalı (2004-cü il), Misir Təhsil Nazirliyinin Qızıl medalı, “Simurq” Beynəlxalq medalı, “Sülh səfiri”, “Mədəniyyət səfiri” fəxri diplomları, “Humay”, “İntellekt”, “Qızıl qələm”, “Ustad sənətkar” və digər milli ictimai mükafatlarla təltif edilmişdir.
Professor Fuad Məmmədov ictimai xadim və maarifçi kimi də tanınmışdır. O, 1990-cı ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən təsis edilmiş ilk qeyri-hökumət təşkilatının - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Respublikasi Prezidenti yanında AAK-nın reyestrinə daxil edilmiş “Simurq” (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi) Beynəxalq kulturoloji jurnalının təsisçisi və Baş redaktoru, daimi fəaliyyət göstərən “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarının elmi rəhbəri, dörd ildən artıq Azərbaycan dövlət televiziyasında translyasiya edilən, ölkədə və xaricdə yüksək reytinqə malik olan “İdrak” kulturoloji verilişinin müəllifi və aparıcısıdır. 25 ilə yaxın fəaliyyət dövrü ərzində onun rəhbərliyi ilə milli və dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsinin müxtəlif məsələlərinə həsr olunmuş 300-dən artıq kulturoloji konfranslar, seminarlar, treninqlər və “dəyirmi masa”lar keçirilmişdir.
Professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” əsəri hər bir azərbaycanlının stolüstü kitabı olmağa layiqdir.
Şəlalə
KƏsƏmƏnli,
“Simurq”
AMA-nın mətbuat xidməti
Yeni Azərbaycan .-2014.- 13 may.- S.10.