Heydər Əliyev Fondu Ulu öndər Heydər Əliyevin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir

 

Fond ötən 10 il ərzində Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət sahəsində mühüm tədbirlər reallaşdırıb, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlər göstərib

Məlum olduğu kimi, mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olub. 2004-cü ildə fəaliyyətə başlayan Fond yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.

Eyni zamanda, Fond xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfransseminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ən əsası isə odur ki, Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti mədəniyyətlərarası dialoqa əhəmiyyətli töhfələr verir

Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyəti çoxşaxəlidir. O cümlədən, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də, məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, eyni zamanda, Azərbaycan musiqisinin gözəl inciləri ilə tanış olur, Azərbaycanın musiqi mədəniyyəti barədə aydın təsəvvürə malik olurlar. Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həmmilli muğam musiqimizi dünyaya tanıdıb.

Onu da xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda təşkili ən yüksək səviyyədə olub.

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, RomaVyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və layihə ötən ilin sonunda Bakıda açılan yekun sərgisi ilə uğurla başa çatdırılıb.

Fond Azərbaycan incəsənətinin xaricdə tanıdılmasına fəal dəstəyini davam etdirir. Nümunə olaraq qeyd edək ki, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun dəstəyi, Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi keçirilib. Bununla da, Tahir Salahovun adı Fransa İncəsənət Akademiyasında sərgisi təşkil olunan ilk Azərbaycan rəssamı kimi incəsənət tarixinə daxil olub.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

Heydər Əliyev Fondu, həmçinin, ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. Bütün bunlar isə Fondun mədəniyyətlərarası dialoqa verdiyi əməli töhfələrin göstəricisidir.

UNESCO ilə çoxşaxəli əməkdaşlıq Azərbaycan mədəniyyətinin dünyada təbliğində mühüm

rol oynayır

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda olduqca yüksək səviyyədədir. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi var. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələrmusiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin və UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.

Ümumiyyətlə, Azərbaycan UNESCO-nun ən fəal və uğurlu tərəfdaşlarındandır. Bu əlaqələrin davamı həm Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə, həm də dünyada sivilizasiyaların bir-birinə yaxınlaşmasına və mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfədir. Sadalanan nailiyyətlər isə Azərbaycan və dünya mədəniyyətinə verilən töhfələrin bariz nümunələridir.

UŞAQLARA QAYĞI HEYDƏR ƏLİYEV FONDUNUN FƏALİYYƏTİNDƏ XÜSUSİ YER TUTUR

Məlum olduğu kimi, Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Bunun təsdiqi olaraq, son illərdə görülən işlərin bir qismini sadalamaq kifayətdir.

Məsələn, Bakının Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin binasında 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nərimanov rayonundakı psixonevroloji uşaq evi Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulub. 2013-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılıb. Ötən il həm də Xətai rayonunda tikilmiş akademik Zərifə Əliyeva adına bağçanın açılışı olub. Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində 2013-cü ildə əsaslı təmir işləri aparılıb.

Mehriban xanım Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabr ayında istifadəyə verilib. 2013-cü ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.

Həmçinin, FondunUşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 30-dan artıq internat məktəbi və uşaq evi yenidən qurulub. Bu ilin fevralında isə Heydər Əliyev Fondu “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını ictimaiyyətə təqdim edib. Layihə çərçivəsində təmirə ehtiyacı olan məktəbəqədər təhsil müəssisələri Fondun dəstəyilə müasir tələblərə uyğun yenidən qurulacaq.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində məktəblərin yenidən qurulması, tikilməsi işləri həyata keçirilir. Bu əsasda, ötən il Fondun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində inşa edilmiş 100 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Yevlax rayonu Kövər kəndinin məktəbliləri də ötən il dərs ilini tam yenilənmiş məktəbdə qarşılayıblar.

Fondun humanitar layihələri ölkə sərhədləri ilə məhdudlaşmır

Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Belə ki, 2005-ci ildə Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qızlar üçün yeni müasir məktəbin tikintisinə başlandı və 2007-ci ildə dağlıq ərazidə 500 şagird yeri olan məktəb istifadəyə verildi. Fond mütəmadi olaraq məktəbi əyani vəsaitlər, kitablar, kompüterlər və digər ləvazimatlarla təchiz edir. Pakistanın nüfuzluDaily Times” qəzetində nəşr olunmuşMehriban Əliyeva - humanizm rəmzi” başlıqlı yazıda qeyd olunur ki, 2012-ci ildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanın Hayber-Paxtunva, Bəluçistan, Pəncab və Sind əyalətlərində səhiyyə, təhsil və humanitar layihələrdən ibarət silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində kimsəsizlər evində, qadın və uşaqlar üçün xəstəxanada Hepatit B virusuna qarşı peyvəndləşdirmə və açıq ürək əməliyyatları aparılıb.

2012-ci il iyunun 14-də Fond Pişəvarda Beynəlxalq Donor Günü münasibətilə keçirilən tədbirdə də fəal iştirak edib. Tədbirin məqsədi təhlükəsiz qanqan məhsullarına olan ehtiyac barədə ictimai məlumatlılığı artırmaq və könüllü qan donorlarına təşəkkür etmək idi. Mehriban xanım Əliyeva Dürand xəttinin hər iki tərəfində könüllü əsaslarla təhlükəsiz qanköçürmə ilə məşğul olan Həmzə Fonduna tam təchiz olunmuş 1 təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi hədiyyə edib. Azərbaycanın birinci xanımı, həmçinin, Hayber Göz Fondunun Pişəvarda yerləşən göz klinikası üçün yeni binanın inşasına maddi yardım göstərib. Cari ilin əvvəlində isə klinikanın Fondun dəstəyi ilə inşa edilmiş gözləmə otaqları istifadəyə verilib.

Bu günlərdə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılışı olub. Bu layihə vasitəsilə on millərlə kəndlinin keyfiyyətli içməli su ilə təminatı yaxşılaşıb.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl aparır

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Bundan başqa, keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirilməlidir.

Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar da mühüm əhəmiyyətə malikdir.

Mehriban xanım Əliyeva çoxşaxəli və səmərəli fəaliyyəti ilə örnək təşkil edir

Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva, həmçinin, 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə FondununYaqut Xaç” ordeninə layiq görülüb.

Qeyd edək ki, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və MisirinNefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülüb. Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və İnternet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.

Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib.

Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin, Almaniyada Türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülüb.

Lakin Fond üçün ən böyük mükafat Mehriban xanım Əliyevanın da vurğuladığı kimi, Azərbaycan xalqının inamını və etimadını qazanmaqdır. Mehriban xanım Əliyeva may ayının 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində deyib: “Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq. On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır”.

Beləliklə, sadalananlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xeyriyyəçilik fəaliyyətini, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz xidmətləri təsdiq edir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ötən 10 illik fəaliyyəti cəmiyyətimizin bütün üzvləri, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Fondun fəaliyyətinə olduqca yüksək qiymət verib. Dövlətimizin başçısı vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. “Bu gün Heydər Əliyev Fondu Ulu öndərin adını şərəflə daşıyır, Ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı qeyd edib.

 

 Hülya MƏMMƏDLİ

 Yeni  Azərbaycan.-2014.- 14 may.- S.4.