Azərbaycanla Rusiya
arasındakı əməkdaşlıq əlaqələri
davamlı inkişaf dinamikasına malikdir
İki ölkə münasibətləri ehtiva etdiyi sahələrə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən biri də, Rusiya-Azərbaycan münasibətləridir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır.
Ümumiyyətlə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, eyni zamanda, milli maraqların qarşılıqlı-faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır.
Rusiya-Azərbaycan münasibətləri çoxşaxəli əməkdaşlığa əsaslanır
Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələrə və məsələlərə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir. Təhsil, humanitar, nəqliyyat, kommunikasiya və digər sahələrdə formalaşdırılmış əməkdaşlıq münasibətləri davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir.
Qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verən fundamental faktorlar sırasında elmi-texniki, humanitar və iqtisadi sahədə təmasların sıxlaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və forumların təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, müdafiə məsələləri istiqamətində əməkdaşlıq da tərəflər üçün aktual məsələdir. Məhz rəsmi səfər və təmaslar zamanı da bəhs olunan istiqamətdə müvafiq strukturların əməkdaşlığı xüsusi müzakirə predmetinə çevrilir. Məsələn, ötən il dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin ilə görüşüb. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, polkovnik Vladimir Çernenko da iştirak edib.
Ümumilikdə, Rusiya-Azərbaycan münasibətlərinə strateji keyfiyyət çalarları bəxş edən mühüm faktorlardan biri ölkələr arasındakı iqtisadi əlaqələrdir. Daha da dəqiqləşdirsək, regional əməkdaşlıq münasibətləri ilə beynəlxalq münasibətlər sisteminin mühüm komponenti qismində çıxış edən Bakı-Moskva əlaqələrini gücləndirən keyfiyyət ünsürlərindən biri də tərəflər arasındakı iqtisadi münasibətlərdir. Müşahidələr onu deməyə imkan verir ki, konstruktiv siyasi münasibətlər ölkələr arasındakı iqtisadi əməkdaşlığa da mühüm töhfələr bəxş edir və onun dinamik səciyyə daşımasını şərtləndirir. İqtisadi münasibətlər sisteminin mütəmadi inkişafı bəhs olunan sahədə əməkdaşlığın əsaslarını möhkəmlətməklə yanaşı, onun coğrafi arealını da genişləndirməyə imkan yaradır.
Qeyd etdiyimiz kimi, Azərbaycan-Rusiya münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb edir. Bu iki ölkə arasında bütün sahələrdə dərin əməkdaşlığa əsaslanan əlaqələr hökm sürür, eyni zamanda, əməkdaşlığın perspektiv inkişafı üçün əlverişli zəmin və yaxşı potensial mövcuddur.
O da qeyd edilməlidir ki, qarşılıqlı səfər və görüşlər münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən amil kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovu qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən, humanitar, mədəniyyət və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova da Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ilə görüşüb. Görüşdə Elmira Süleymanova insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı və ona verilmiş yeni səlahiyyətlər barədə məlumat verib.
E.Süleymanova uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlandığını və müxtəlif qurumlara, o cümlədən, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim olunduğunu bildirib.
P.Astaxov Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini, habelə iki dövlət və bu ölkələrin Ombudsman təsisatları arasında qarşılıqlı səmərəli əməkdaşlığı yüksək dəyərləndirib. Həmçinin, səfir V.Doroxin müvəkkilə Rusiya Federasiyasının subyektlərinin Ombudsman institutları ilə Azərbaycan Ombudsmanının arasında yaradılmış ikitərəfli əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb.
Digər tərəfdən, Rusiya ilə əməkdaşlığın inkişafında maraqlı olan Azərbaycan bu ölkənin federasiya subyektləri ilə də çoxşaxəli əlaqələrə xüsusi əhəmiyyət verir. Yeri gəlmişkən, mayın 12-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycan təkcə Rusiya Federasiyası ilə deyil, həm də onun subyektlərinin əksəriyyəti ilə birbaşa əlaqələr saxlayır: “Biz Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iradəsindən çıxış edərək, regionlar səviyyəsində ikitərəfli münasibətləri möhkəmləndiririk. Həştərxan bu sırada xüsusi yer tutur. Zənnimcə, bizim ticarət-iqtisadi və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığımız Rusiyanın digər regionları üçün örnək ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Öz Sərəncamı ilə sizi “Dostluq” ordeni ilə təltif etməsi qanunauyğun haldır”.
Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizliyə strateji töhfə kimi...
Qeyd edilməsi zəruri olan məsələlərdən biri də budur ki, Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizlik sisteminə mühüm töhfələr bəxş etməkdədir. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir.
Məlum olduğu kimi, regional təhlükəsizliyin təminatı bir neçə amildən asılıdır:
- ilk növbədə, regional aktor qismində çıxış edən milli dövlətlərarası strateji əməkdaşlıq münasibətləri uzlaşmaya əsaslanmalı (konstruktiv səciyyəli olmalı) və ya qarşılıqlı maraqlar əsasında formalaşdırılmalıdır;
- siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdəki əməkdaşlıq və tərəfdaşlıq münasibətləri simmetrik və inteqrativ meyillər üzərində qurulmalıdır;
- regional miqyasda qarşıdurma və gərginlik mənbəyi qismində çıxış edən destruktiv faktorlar (antaqonist ziddiyyətlər, siyasi münaqişələr və s.) aradan qaldırılmalıdır və s.
Sadalananlara istinad edərək qeyd edə bilərik ki, Rusiya-Azərbaycan münasibətləri regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin rolunu oynamaqdadır.
Onu da qeyd edə bilərik ki, Bakı-Moskva münasibətləri konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulub ki, bu da qarşılıqlı-faydalı əlaqələr sisteminin strateji əsası qismində çıxış etməkdədir. Eyni zamanda, simmetrik əsaslara söykənən mövcud münasibətlər sistemi regionda paritet təhlükəsizlik sisteminin formalaşmasına da xüsusi töhfələr bəxş edir.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirir
Rusiya-Azərbaycan münasibətlərini xarakterizə edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunmaq gərəkdir. Məlum olduğu kimi, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu isə rəsmi Moskvaya problemin həlli prosesində daha fəal və intensiv olmağa xüsusi imkanlar yaradır.
Şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya da xüsusi fəallıq nümayiş etdirməkdədir. Moskva münaqişənin beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi üçün öz səylərini göstərməkdədir. Amma mövcud reallıq və situasiya onu göstərir ki, Rusiya bəhs edilən istiqamətdə öz səylərini daha da artırmalıdır.
Heç şübhəsiz, Minsk qrupunun fəaliyyət mexanizminin səmərəli olması üçün həmsədr dövlətlərin prinsipial və fəal mövqe sərgiləmələri gərəkdir. Bu kontekstdə Rusiyadan da aktiv diplomatik səylər gözlənilir. Çünki ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında rəsmi Moskvanın səyləri də zəruri strateji amil kimi çıxış edir. Ümumilikdə, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunmaması, status-kvonun saxlanması, ilk növbədə, regional və beynəlxalq təhlükəsizlik üçün potensial təhdid rolunu oynayır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 14 may.- S.8.