Böyük şəxsiyyət
haqqında layiqli əsər
Məlum olduğu kimi, aprelin 25-də Dövlət Mükafatları Komissiyası elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2014-cü ilin Dövlət mükafatlarına təqdim olunan işlərin siyahısını elan edib. Dövlət mükafatına təqdim olunan işlər sırasında tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın Azərbaycan və rus dillərində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı 6 cildlik (6-cı cild 2 kitabdan ibarətdir) roman-tədqiqatı da var. Ötən dövrdə isə 6 cildliyin ictimai müzakirələri təşkil olunub və roman-tədqiqatının başlıca üstünlükləri geniş şəkildə diskussiyalara cəlb olunub.
Tanınmış publisist Elmira Axundovanın bu tədqiqatı bir sıra xüsusiyyətlərinə görə diqqəti cəlb edir. Ən önəmlisi isə 6 cildliyin Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirməsidir.
Müasir, müstəqil Azərbaycan dövləti Ulu öndərimiz Heydər Əliyevin yorulmaz fəaliyyətinin, tükənməz enerjisinin, məhsuldar əməyinin bəhrəsidir, şah əsəridir. Elə bu səbəbdən də Azərbaycan xalqı Heydər Əliyevi qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin təminatçısı, uğurlu gələcəyimizin əsasını qoyan böyük dövlət xadimi, Ümummilli lider hesab edir. Azərbaycanda siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə əldə olunmuş uğurlar Heydər Əliyevin hakimiyyətinin əsas mahiyyətini təşkil edir. Ulu öndər bütün həyatını və fəaliyyətini Azərbaycanın inkişafına həsr etmişdir.
Əlbəttə ki, Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən Onu Ümummilli lider kimi səciyyələndiririk. Bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış və Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev adı və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Cəsarətlə deyə bilərik ki, Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz bu olmalıdır. Düşünürük ki, yazıçı - publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı 6 cildliyi də bu mənada xüsusilə fərqlənir.
Ulu öndər Heydər Əliyev qurub - yaratdıqları, Azərbaycan dövlətinin müstəqilliyinin əbədi olması üçün həyata keçirdiyi taleyüklü işlərlə Azərbaycan dövlətini inkişaf etdirmək, xalqımızın parlaq gələcəyi naminə bu siyasi kursu davam etdirmək və onu dəstəkləmək kimi çox vacib bir vəzifəni qarşımıza qoymuşdur. Çünki biz məhz Ulu öndərin bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Ulu öndər Heydər Əliyev irsini tədqiq etmək, bu kursun ən fəal təbliğatçıları olmaq, ilk növbədə, hər birimizin Ümummilli lider qarşısında mənəvi borcumuzdur. Elmira Axundova da bu çoxcildliyi qələmə almaqla, ilk növbədə, bu vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Sirr deyil ki, bu günə qədər Ulu öndərin zəngin və yorulmaz fəaliyyətinə, titanik xidmətlərinə, Onun həyat yoluna həsr olunmuş yüzlərlə kitab nəşr olunmuş, xeyli tədqiqat işləri aparılmışdır. Onların hər biri də müxtəlif məziyyətləri ilə fərqlənməklə yanaşı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycan tarixinin Heydər Əliyev dövrünün obyektiv tədqiq olunması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Amma yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” 6 cildliyi fərqli üslubu, tematikası, problemə yanaşma metodologiyası baxımından xüsusi yer tutur. Heç də təsadüfi deyil ki, bəzi alimlərimiz bu kitabı Ulu öndər Heydər Əliyev haqqında böyük bir dastan, ensiklopediya adlandırırlar. Çoxcildlik Ümummilli lider Heydər Əliyevin uşaqlığından dünyasını dəyişənə qədər böyük bir dövrü əhatə edir.
E.Axundova əsərdə hadisələri və faktları xronoloji ardıcıllıqla təqdim edir və onu müxtəlif dövrlərə bölür. 1923-1969-cu illəri əhatə edən birinci hissə Heydər Əliyevin uşaqlıq dövrü, nəsil-şəcərəsi haqqında çox dolğun, elmi məlumatları ehtiva edir. Burada Ulu öndərin yüksək bacarıqlı bir dövlət xadimi, xalqın lideri kimi formalaşmasından bəhs olunur. 1969-1982-ci ilə qədər olan dövr Azərbaycanın Sovet İttifaqı tərkibində yüksək inkişaf dövrüdür. Bildiyimiz kimi, 1969-cu il iyul plenumuna - Heydər Əliyev Azərbaycan KPMK-nın birinci katibi seçilənə qədər Azərbaycan SSRİ respublikaları arasında ən geridə qalmış respublikalardan biri idi. Zəngin potensialına baxmayaraq, respublikamızda iqtisadiyyatı dirçəltmək, xalqın firavanlığının təmin olunması üçün heç bir ciddi iş görülməmişdi. Lakin Ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan qısa müddət ərzində keçmiş imperiyanın tərkibində ən yüksək sürətlə inkişaf edən respublikalardan biri olmaqla, ittifaqın sənaye mərkəzinə də çevrilmişdir. 6 cildlikdə Ulu öndərin bu inkişafa nail olmaq üçün gördüyü işlər dəqiqliklə təsvir edilmiş, dolğun məlumatlar əks olunmuşdur. Əsərdə üçüncü mərhələ 1982-1990-cı illəri əhatə edir və Ulu öndərin həyatının Moskva dövrü əhatəli şəkildə təqdim olunmuşdur. İlk dəfə Onun Moskva həyatı bu qədər dəqiqliklə oxucuya çatdırılır. Ümumiyyətlə, çoxcildlikdə bütün arxiv məlumatları, 350-ə yaxın insanın xatirələri çox dəqiqliklə işlənmiş, yüksək səviyyədə və ardıcıllıqla sistemləşdirilmişdir.
Əsərdə Ulu öndər Heydər Əliyevlə işləmiş, Onu tanıyan partiya yoldaşları, əməkdaşları, yaxınlarından müsahibələr, Ümummilli liderin şəxsi arxivindən materiallar, qəzetlərdən parçalar, stenoqramlar, afişalar, mədəniyyət xadimləri ilə yazışmaları və s. yer alır. Ulu öndərin yanında çalışmış insanların Onun haqqındakı xatirələrini, Onu tanımayan, ancaq kənardan tanıyan insanların düşüncələrini, fikirlərini bir araya toplamaq, onları ardıcıllıqla oxuculara çatdırmağın nə qədər çətin və məsuliyyətli, gərgin əmək tələb edən iş olduğunu bu sahədə fəaliyyət göstərən hər kəs bilir. Belə bir əsəri yazmaq üçün böyük istedada malik olmaq lazımdır. Eyni zamanda, bu əsəri ərsəyə gətirmək tədqiqatçıdan dərin intuisiya, yüksək təhlil qabiliyyəti, geniş dünya görüşü və hadisələrə yaxından bələd olmaq tələb edir. Əsərlə tanış olduqca, biz E.Axundovanın bu keyfiyyətləri ortaya qoyduğunun aydın şahidi oluruq. Tanınmış yazıçı Oljas Süleymenov bu əsər haqqında düşüncələrini bu cür təqdim edir: “Sizin kitabınızda həddən çox faktlar var və hərdən adama elə gəlir bu bəyənilməyə bilər. Amma düşünəndə ki, bunlar indiyə yox, gələcək dövrlərə hesablanıb, onda əsərin dəyəri qat-qat artır”.
Sirr deyil ki, salnaməçilik zəngin ənənələri olan Azərbaycan ədəbiyyatında o qədər də geniş müraciət olunan bir istiqamət deyil. Ona görə də, bəzən xalqımızın tarixinin tədqiqində arzuolunmayan nüanslara rast gəlirik. Amma tanınmış yazıçı-publisist Elmira Axundova çox cəsarətlə bu janra müraciət etmiş, bədii istedadını oxucusuna çatdıra bilmişdir. “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı 6 cildliyi Azərbaycan salnaməçiliyində çox zəngin iz qoymaqla yanaşı, klassik salnaməçilik ənənələrindən bədii dil və üslub keyfiyyətləri baxımından kəskin fərqlənir. Roman - tədqiqatın dili axıcı, bədii təsvir forması olduqca təsirlidir. Faktoloji baxımdan kifayət qədər zəngin olan bu çoxcildlik hər bir tədqiqatçı üçün dəyərli mənbə, Ulu öndərin həyatı isə hər bir vətənpərvər azərbaycanlı üçün əvəzolunmaz örnəkdir.
Doğrudan da, Elmira Axundova bu işin öhdəsindən layiqincə gəlmişdir. Bütün sadalananları nəzərə alaraq, hesab edirik ki, roman-tədqiqatı Dövlət mükafatı almağa layiqdir.
Hikmət Babaoğlu,
Əməkdar jurnalist
Yeni Azərbaycan.-2014.- 16 may.- S.5.