“The Business Year” şirkəti
“Kaspi” Təhsil Mərkəzini “Vətəndaş
Cəmiyyəti Sahəsindəki Nailiyyət” mükafatına layiq görüb
“Kaspi” Təhsil Mərkəzi özünün qabaqcıl təlim-tədris imkanları, həmçinin, mərkəzin təşkil etdiyi kursların məzunlarının qəbul imtahanlarında əldə etdiyi yüksək nəticələr ilə ölkənin təhsil mühitində inamlı yer tutub
Xəbər verildiyi kimi, “The Business Year” jurnalının növbəti xüsusi nəşri Azərbaycana həsr olunub. Eyni zamanda, “The Business Year” şirkəti bir sıra Azərbaycan şirkətlərini, qeyri-hökumət təşkilatlarını müxtəlif nominasiyalar üzrə mükafatlandırıb. Bu çərçivədə, şirkət “Kaspi” Təhsil Mərkəzini “Vətəndaş Cəmiyyəti Sahəsindəki Nailiyyət” mükafatına layiq görüb.
“KASPİ” TƏHSİL MƏRKƏZİ AZƏRBAYCAN TƏHSİLİNƏ TÖHFƏLƏR VERİR
Bu məqamda vurğulamaq yerinə düşər ki, 2007-ci ildən fəaliyyət göstərən “Kaspi” Təhsil Mərkəzi özünün qabaqcıl təlim-tədris imkanları, həmçinin, mərkəzin təşkil etdiyi kursların məzunlarının qəbul imtahanlarında əldə etdiyi yüksək nəticələr ilə ölkənin təhsil mühitində inamlı yer tutub. “Kaspi” Təhsil Mərkəzinin fəaliyyətində qarşıya qoyulan əsas məqsəd ölkədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən təhsil sistemi yaratmaqdır. Artıq 7 ildir ki, fəaliyyət göstərən mərkəz Azərbaycan vətəndaşlarına yeni sistemlə xarici dilləri mükəmməl öyrənməkdə, kompüter biliklərinin genişləndirilməsində, beynəlxalq aləmə inteqrasiya etməkdə yardım edir. “Kaspi” Təhsil Mərkəzinin hədəfi Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən yüksək keyfiyyət standartlı və eyni zamanda milli dəyərlərimizə yüksək hörmət və ehtiram əsasında fəaliyyət göstərən bir təhsil kompleksi qurmaqdır. Hal-hazırda “Kaspi” Təhsil Mərkəzi bir sıra təhsil xidmətləri ilə fəaliyyətdədir. Bunlara “Kaspi Kids” - Uşaqların məktəbəqədər hazırlığı; “Kaspi Abituriyent” - Abituriyentlərin universitetə hazırlığı; “Kaspi Magistr” - Magistratura pilləsinə qəbul olunmaq üçün tələbələrin hazırlığı; “Kaspi Poliqlot” - Xarici dillər üzrə hazırlıq; “Kaspi Global” - Xaricdə təhsil üzrə məsləhət xidmətləri və “Kaspi Professional” - Kompüter proqramları üzrə hazırlıq daxildir.
Onu da qeyd edək ki, “Kaspi” Təhsil Mərkəzi uşaqların da təlim-təhsil məsələlərini diqqət mərkəzində saxlayır. Mərkəzin hazırladığı “Kaspi Kids” riyaziyyat dərs vəsaiti uşaqların məktəbəqədər təlimlər zamanı riyazi təfəkkürlərini və məntiqlərini formalaşdırmaq, yaddaş və diqqətini inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu vəsait uşaqların anlaya biləcəyi dildə yazılıb, müxtəlif rənglərdən istifadə edilərək uşaqların zövqlərini oxşayacaq və onları yormayacaq dizaynda tərtib olunub. Mərkəzin tezliklə Ana dili, ingilis dili və Həyat bilgisi üzrə yeni tədris vəsaitləri də işıq üzü görəcək.
Mərkəz, həmçinin, Azərbaycan elminin xaricdə təbliği işinə də öz töhfəsini verməkdədir. Buna nümunə olaraq, cari ildə görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşri həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab məhz “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
Öz layihələrində Təhsil Nazirliyi və digər müvafiq dövlət qurumları ilə əməkdaşlıq edən “Kaspi” Təhsil Mərkəzinin geniş fəaliyyəti və uğurları həm də dövlətin təhsil siyasəti, bu sahəyə ən yüksək səviyyədə göstərilən qayğının sayəsində mümkün olub.
TƏHSİLDƏ İNNOVASİYALARIN TƏTBİQİ GENİŞLƏNDİRİLİR
Bildiyimiz kimi, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısının nəticəsi olaraq, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.
Heç şübhəsiz bu işdə dövlətlə yanaşı bir sıra özəl qurumlar, həmçinin, mərkəzlər də fəallıq göstərməlidirlər. Və “Kaspi” Təhsil Mərkəzi yuxarıda göstərilən istiqamətlərdə üzərinə götürdüyü missiyanın öhdəsindən uğurla gəlir. Belə ki, “Kaspi” Təhsil Mərkəzinin Abituriyent hazırlığını ötən illər ərzində yüzlərlə tələbə bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olunublar. Bunun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Təhsil Mərkəzində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruladan layihələrə üstünlük verilir. Belə ki, “Kaspi”nin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, respuklikanın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə verib. Müəlliflər tərəfindən bir çox mövzularla bağlı materiallar nəzəri metodiki mülahizərlə sistemləşdirilib. Bu nəşrlərin daha bir üstünlüyü ondan ibarətdir ki, movzular sadə dillə yazılıb, lakonik, yığcam şəkildə təqdim olunub. Hər bir nəşr ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə mövcud proqram üzrə biliklərin daha asan yollarla mənimsədilməsinə yönəlib.
Bu məqamda onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda sosial-iqtisadi sahələrdə modernləşmə, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli standartların beynəlxalq səviyyəyə yüksəldilməsi tədbirləri həyata keçirilir. Şübhəsiz, innovasiyaların geniş tətbiqi təhsil sahəsindən də yan keçmir. Bu baxımdan, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunmasının məqsədlərindən biri də ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır.
Bir sözlə, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Yəni, müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir. Və Azərbaycan təhsilində müasir texnologiyaların istifadəsinin genişləndirilməsi məsələsi bu sahədə həyata keçirilən islahatların mərkəzində dayanır.
Bu baxımdan, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.
Sadalananlar Azərbaycanda təhsilin müasirləşdirilməsi, təlim-tədris prosesində yeni texnologiyaların istifadəsi yönündə məqsədyönlü siyasətdən xəbər verir. Qeyd edək ki, son dövrlərdə Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlar bu istiqamətdə böyük irəliləyişin göstəricisidir.
Bir sözlə, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar ardıcıl xarakter daşıyır. Öz növbəsində “Kaspi” Təhsil Mərkəzi də özünün qabaqcıl təlim-tədris imkanları ilə bu islahatların həyata keçirilməsində üzərinə düşün işin öhdəsindən layiqincə gəlir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 17 may.- S.4.