Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

 

Məlum olduğu kimi, Azərbaycanın hazırkı sürətli sosial-iqtisadi inkişafı Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun dövrün tələblərinə uyğun formada uğurla davam etdirilməsi sayəsində mümkün olub. Azərbaycan iqtisadi inkişafına görə dünyada əksər ölkələri qabaqlayıb, ölkənin maliyyə sisteminin sabitliyi təmin olunub. Əlbəttə ki, qazanılan uğurların təməlində həyata keçirilən iqtisadi islahatlar, o cümlədən, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu vergi siyasəti dayanır.

Əvvəlcə qeyd edək ki, Azərbaycanda güclü iqtisadiyyatın və vergi sisteminin yaradılması heçasanani proses olmayıb. Müstəqilliyini qazandıqdan sonra Azərbaycan iqtisadiyyatının keçmiş rejimin qalıqlarından və təsirlərindən təmizlənərək, dünya standartlarına uyğun, azad bazar münasibətlərinin qurulması, rəqabətliliyin təmin edilməsi, eləcə də, yeni iqtisadi sistemin tələblərinə cavab verən vergi siyasətinin tətbiq edilməsi köklü islahatların həyata keçirilməsini zəruri edirdi.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VERGİ SİSTEMİNİ YENİDƏN QURDU

Qeyd edək ki, müstəqillik illərində respublikamızda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin yaradılması, məhz Ulu öndərin adı ilə bağlıdır. Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə əsaslanan, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması və bu sistemin təkmilləşdirilməsi, həmçinin, sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində Ulu öndər Heydər Əliyevin imzaladığı Fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi. Bütün bunlar isə bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsinə, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasına, çevik vergi siyasətinin aparılmasına xidmət edirdi.

Bununla əlaqədar respublikamızda vergitutmanı tənzimləyən vahid normativ sənədin - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qəbul edilməsi tarixi zərurət kimi meydana çıxmışdı. Beynəlxalq maliyyə qurumlarının, yerlixarici adamlarının və mütəxəssislərin fikir və tövsiyələri nəzərə alınmaqla Vergi Məcəlləsi layihəsinin hazırlanması prosesində onun ayrı-ayrı hissələri Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilib, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması məsələləri barədə Onun dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına şərait yaradıb. Sənəd Milli Məclisdə geniş müzakirə olunaraq 2000-ci ilin iyul ayında qəbul edilib və 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minib. Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevrildi.

Bu islahatların davamı olaraq 2000-ci il fevralın 11-də ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, həmçinin, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradıldı. Yeni struktur sistemlilik, operativlik, koordinasiyagüclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Vergidən yayınma ilə mübarizənin səmərəliliyinin yüksəldilməsi və bu sahədə Vergilər Nazirliyinin səlahiyyətlərinin artırılması məqsədilə Cinayət-Prosessual Məcəlləsinə əsasən, vergi xidmətinə “hüquq-mühafizə orqanı” statusu verildi.

Vergi Məcəlləsinin qəbulu, yenivahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə, dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoyub. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyulub.

Ulu öndərin sahibkarlarla keçirdiyi görüşlərdən sonra verdiyi fərmanların vergi inzibatçılığının təkmilləşdirilməsində, normativ-hüquqi bazanın möhkəmləndirilməsində, struktur islahatlarının həyata keçirilməsində müstəsna rolu olub. Belə ki, “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” və “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarda vergi orqanlarının qarşısında bir sıra mühüm vəzifələr qoyuldu. Qeyd edilən fərmanlardan irəli gələn məsələlərin həlli ilə bağlı Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər edildi. Aparılan struktur islahatları nəticəsində vergi xidmətində çalışanların sayının azaldılması ilə yanaşı, vergi xidmətinin səmərəliliyinin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə nail olundu.

Vergi sahəsində mükəmməl qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, kadr potensialının çevik idarəetmə sistemində fəaliyyətinin təkmilləşdirilməsi vergi siyasətinin güclü və işlək mexanizmlərini formalaşdırıb. Ulu öndər Heydər Əliyevin “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” fikri azad bazar münasibətlərinin inkişafının fundamental əsaslarından biri kimi qiymətləndirilir.

Məhz Ulu öndərin çevik siyasəti sayəsində vergilərdən yayınmaların qarşısının alınması, vergi mədəniyyətinin yüksəldilməsi, bütövlükdə cəmiyyətdə şəffaflığın artırılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Vergi xidmətində yeni üsul və vasitələrin tətbiqi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında şəffaf münasibətlərin qurulması, vergi bəyannamələrinin yeni formada qəbulu, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanılması vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, şəffaflığın təmin edilməsinə şərait yaradıb.

ÖLKƏDƏ VERGİ SİYASƏTİ UĞURLA DAVAM ETDİRİLİR

Heç şübhəsiz, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan vergi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlara müvafiq olaraq vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, müasir kompüterproqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlərin davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nın (2005-2007) icrası ilə ölkədə vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılması yönündə ciddi işlər görülüb, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmalarının müntəzəm artması təmin edilib.

Vergi siyasətində həyata keçirilən islahatların nəticəsində son 10 ildə mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizədək azaldılıb, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə, kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilib, bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunub. Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər həm mahiyyəti, həm tətbiq dairəsi, həm də təqdim olunmuş güzəştlərin həcmi və kateqoriyaları baxımından son illərin ən geniş dəyişikliklər paketidir. Təkcə onu qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin müddəalarının 30 faizinə dəyişiklik edilib. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən də ölkənin ortamüddətli hədəflərə istiqamətlənmiş məqsədlərinə xidmət edir. Bu dəyişikliklərdə, həmçinin, vergi qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması, habelə son bir neçə il ərzində qarşıya çıxan problemlərin həlli ilə bağlı məsələlər nəzərə alınıb.

Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva edir. Vətəndaşların maraqlarına yönələn vergi siyasətinin həyata keçirilməsi isə ölkəmizin sürətli sosial-iqtisadi inkişaf prosesinin davam etməsinə öz töhfələrini bundan sonra da verəcəkdir.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 23 may.- S.6.