Əmək müqaviləsi: gələcəyin təminatı

 

Çox az adam tapılar ki, öz-özünə belə bir sualla müraciət etməsin: Bu gün işləyirəm, pul qazanıram, ailəmi dolandırıram. Bəs sabah, yaşın üstünə yaş gələndə, əmək qabiliyyətim məhdudlaşanda necə olacaq? Özünəməxsus qayda-qanunlara malik olan bazar iqtisadiyyatı şəraitində bu sual daha aktual səslənir. Bundan başqa, heç kəs bədbəxt hadisələrdən, xəstəliklərdən sığortalanmayıb. Qəfildən əmək qabiliyyətindən məhrum olan insanların dolanışığı hansı mənbələr hesabına təmin olunmalıdır? Əlbəttə, Azərbaycanda insanların manat-manat dar gün üçün pul artırması ənənəsi də var. Ancaq həyatda, ayrı-ayrı ailələrin timsalında rastlaşdığımız faktlar təsdiqləyir ki, bu kimi tədbirlərlə gələcəyi etibarlı təmin etmək mümkün deyil. Bəs onda çıxış yolu nədədir?

Yox, ümidsizliyə qapılmağına dəyməz. Hər birimizin arzuladığı maddi cəhətdən təminatlı gələcəyi reallığa çevirmək mümkündür. Bunun üçün əmək qabiliyyətli hər kəsdən gələcəyinin qayğısına, sadəcə elə bu gündən qalması tələb olunur. Sehrli çubuqun şərtləri də bir o qədər mürəkkəb və əlçatmaz deyil. Çalışdığımız müəssisədə, şirkətdə, ticarət və xidmət obyektində işəgötürənlərlə bağlayacağımız əmək müqaviləsi bizi dar gün qayğılarından birdəfəlik xilas edə bilər.

Əmək müqaviləsi nədir?

Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir və işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaranmasının əsasını təşkil edir. Əmək müqaviləsi digər müqavilələrdən həm tənzimlədiyi münasibətlərin xarakterinə, həm əhatə dairəsinə, həm də dərin sosial mahiyyətinə görə fərqlənir. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Əmək Məcəlləsində öz əksini tapıb.

İşəgötürənlərlə işçi arasında fərdi əmək müqavilələrinin bağlanması əlaqədar dövlət qurumları tərəfindən əmək bazarına effektiv nəzarət mexanizminin vacib bir halqasıdır. İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi əmək bazarında şəffaflığın təmin edilməsində, burada baş verən proseslərin izlənməsində və gələcək üçün proqnozların müəyyənləşdirilməsində, qeyri-leqal məşğulluğun qarşısının alınmasında, eləcə də vergi bazasını genişləndirməklə büdcəyə vergi daxilolmalarının artmasını şərtləndirən çox vacib iqtisadi rıçaqdır.

Lakin əmək müqavilələrinin əhəmiyyətini şərtləndirən təkcə iqtisadi amillər deyil. İşəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin sosial məzmunu, daşıdığı sosial yük daha genişdir. Bu müqavilə işçinin işəgötürənlə əmək münasibətlərinə girdiyi andan onun əsas müdafiə vasitəsinə çevrilir. Cəmi bir neçə məqama diqqət yetirmək kifayətdir ki, əmək müqaviləsinin dərin sosial məzmunu barədə konkret təsəvvür yaransın.

Əmək müqaviləsi bağlamadan işəgötürənlə əmək münasibətlərinə girən işçi hüquqları pozulan zaman məhkəmədə özünü müdafiə etmək imkanından məhrum qalır. Bundan başqa, əmək müqaviləsi işçinin pensiyaya çıxarkən sosial vəziyyətinə bilavasitə təsir edən gələcəyə təminat sənədidir. Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda pensiyalar sığorta sistemi ilə müəyyənləşdirilir. 2006-cı ildən etibarən əmək fəaliyyəti ilə pensiyaya çıxan vətəndaşın sosial sığortası olduğu üçün, onun pensiyasının məbləği də işlədiyi müddətdə ödənilən sosial sığortaya uyğun olaraq yüksək və yaxud aşağı səviyyədə olur. Qeyd edək ki, vətəndaşın işlədiyi müddətdə Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığortanın 22 faizi işəgötürən, 3 faizi isə işçinin özü tərəfindən formalaşdırılır. Əmək müqaviləsi bağlanmayıbsa, deməli, işçinin Dövlət Sosial Müdafiə Fondundakı hesabına da sosial sığorta ödənməsi aparılmır ki, bu da həmin işçinin gələcəkdə pensiya təminatında problemlər yaradır.

Bundan başqa, işəgötürənlə əmək müqaviləsi bağlamayan, şifahi sövdələşmə əsasında qeyri-leqal əmək münasibətlərinə girən işçilər əmək prosesində baş verən qəzalar, bədbəxt hadisələr zamanı belə hallar üçün nəzərdə tutulan müavinətlərdən də məhrum qalırlar.

Beləliklə, əmək müqaviləsinin bağlanmaması təkcə vergilərin, sosial sığorta ödəmələrinin gizlədilməsinə gətirib çıxartmır, eyni zamanda, gələcəkdə vətəndaşın özü üçün ciddi sosial problemə çevrilir. Bu gün əmək bazarında iştirak edən hər bir vətəndaş bilməlidir ki, onun gələcəkdə etibarlı sosial təminatı öz əlindədir. İşçinin işəgötürənlə qeyri-leqal əmək münasibətlərindən çəkinməsi gələcəkdə onun pensiya, müavinət və digər sosial hüquqlarının tam təmin olunması deməkdir.

Bəs əmək bazarında real vəziyyət necədir?

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində hazırda Azərbaycanın əmək bazarı yüksək inkişaf dinamikası ilə xarakterizə olunur. Neft müqavilələri çərçivəsində ölkə iqtisadiyyatına yönəldilən investisiyalar, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının uğurla reallaşdırılması, qeyri-neft sektorunun inkişafı məqsədilə əlavə tədbirlər görülməsi, sahibkarlığın təşviq edilməsi və güclü maliyyə təminatı ilə dəstəklənməsi sayəsində son 10 ildə ölkədə təxminən 1 milyon 200 min yeni yerləri açılıb, işsizlik 5 faizdən aşağı düşüb. Ötən ilin yekunlarına görə, respublikada cəmi 236,6 min nəfər işsiz qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2014-cü ilin 1-ci rübündə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 510,4 min nəfər olub. Onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Lakin ardıcıl həyata keçirilən iqtisadi islahatlar sayəsində əmək bazarında müşahidə edilən inkişaf dinamikası ilə müqayisədə əmək münasibətlərinin rəsmiləşdirilməsinin, qeyri-leqal məşğulluğun aradan qaldırılmasının bu dinamikaya uyğun gəldiyini söyləmək mümkün deyil. Statistik məlumatlardan məlum olur ki, muzdla işləyənlərin əksəriyyəti əmək müqaviləsi imzalamadan çalışır. Özəl sektorda, xidmət sektorunda, iaşə obyektlərində, nəqliyyatda, eləcə də tikintidə əmək müqavilələrinin bağlanmaması hallarına daha tez-tez rast gəlinir. Qeyri-leqal əmək münasibətlərinə aid bir sıra xarakterik halları misal göstərmək mümkündür. Məsələn, bəzən işəgötürənlər tərəfindən vergi orqanlarına təqdim olunan bəyannamələrdə işçi sayının məqsədli şəkildə az göstərilməsi halına rast gəlinir. Bundan başqa, işəgötürənlər vergi ödəmələrindən yayınmaq, sosial ödəmələrin məbləğini azaltmaq üçün ikili mühasibatlıq aparılmasına da meyil göstərirlər. Bir çox hallarda müvafiq orqanlara təqdim olunan hesabatlarda əməkhaqları real vəziyyətdən aşağı göstərilir.

Bütün bu kimi hallar həm büdcəyə vergi ödənişlərinin azalmasına gətirib çıxarır, əmək bazarında şəffaflığın təmin edilməsi məqsədilə planlaşdırılan tədbirlərin həyata keçirilməsinə əngəllər yaradır, eyni zamanda, işçilərin əmək və sosial hüquqlarının pozulması ilə nəticələnir.

Vergi orqanları və digər əlaqədar qurumlar birgə səylərlə əmək bazarına nəzarəti artırıblar

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-leqal məşğulluğun yaratdığı fəsadların, vətəndaşların sosial və əmək hüquqlarının pozulması hallarının aradan qaldırılmasının vacibliyini vurğulayaraq vergitutma bazasını genişləndirməklə büdcəyə vergi daxilolmalarının həcmini artırmağı qarşıya vəzifə kimi qoyub. Bundan başqa, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən olunan hədəflərdən biri də əmək bazarında baş verən dəyişikliklərə uyğun tədbirlərin görülməsidir.

Əlbəttə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və digər sənədlərdə işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsindən yayınan işəgötürənlər haqqında sərt cəza tədbirləri nəzərdə tutulub. Bir sıra hallarda Vergilər Nazirliyi və Əmək Müfəttişliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulan cərimə sanksiyalarına müraciət olunur. Xatırladaq ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə, vergi orqanı tərəfindən əmək müqaviləsi bağlamadan işləri yerinə yetirdiyi aşkar edilən hər bir şəxs üzrə işəgötürənə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsini bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərə cəlb edilməsinə görə - vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək miqdarda, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək miqdarda cərimə edilir. Bunlar kifayət qədər sərt sanksiyalardır.

Lakin Vergilər Nazirliyində əmək bazarında şəffaflığın təmin edilməsi üçün vergi inzibatçılığını yeganə yol hesab etmirlər. Ümumi qənaət belədir ki, yalnız vergi ödəyicilərini cərimələməklə, inzibati yollara əl atmaqla yox, daha çox səmərəli iqtisadi mexanizmlər tətbiq etməklə onları ödənişləri yerinə yetirməyə sövq etmək lazımdır.

Qeyd edək ki, son vaxtlar vergi orqanlarının digər müvafiq dövlət qurumları ilə birgə apardığı öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının tapşırığına əsasən vergi orqanları tərəfindən əmək bazarında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin rəsmiləşdirilməsi, ölkədə qeyri-leqal məşğulluğun aradan qaldırılması, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin imzalanması istiqamətində aparılan genişmiqyaslı ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.

Ötən il vergi orqanlarının muzdlu işlə əlaqədar əməkhaqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının və qeyri-leqal məşğulluğun leqallaşdırılması sahəsində həyata keçirdikləri tədbirlər uğurlu olub. Belə ki, 2013-cü ildə əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi nəticəsində respublika miqyasında 57853 vergi ödəyicisi üzrə 200973 yeni əmək müqaviləsinin bağlanması təmin edilib. Nazirlikdən bildiriblər ki, 2014-cü ildə vergi orqanlarının önəm verdiyi istiqamətlərdən biri yenə də yerlərinin rəsmiləşdirilməsi və vergi ödənişlərinin büdcəyə ödənilməsinin təmin edilməsi ilə bağlı olacaqdır.

 

Zahid İLHAMOĞLU

“Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Yeni  Azərbaycan.-2014.- 24 may.- S.6.