YAP Qadınlar Şurası ötən 5 ildə uğurlu fəaliyyət göstərib

 

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

Daha sonra konfrans öz işini “Hilton” hotelində davam etdirib. Tədbiri açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva gündəlikdə duran məsələlər haqqında məlumat verib. N.Əliyeva ötən 5 il ərzində YAP Qadınlar Şurasının fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. N.Əliyeva qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. O, ötən konfransdan keçən dövr ərzində görülən işlərdən, Azərbaycan qadınının hüquqlarının qorunmasından, cəmiyyətdə yüksək mövqe tutmasından, gündən-günə artan fəallığından, onların milli maraqlar ətrafında sıx birləşməsində YAP Qadınlar Şurasının rolundan bəhs edib.

N.Əliyeva qeyd edib ki, Azərbaycan qadınları bu gün dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. Çünki bu gün ölkəmizdə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub-yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb: “Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirib. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi bir şəxs, həm Azərbaycanın zadəgan dəyərlərinin davamçısı, həm də ən böyük xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib: uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir”.

YAP-ın cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu deyən N.Əliyevanın sözlərinə görə, bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı minlərlə məsləkli, əqidəli insanlardır. “Bizim doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Öz fəaliyyəti dövründə Ulu öndər, partiyamızın qurucusu Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib”.

Məruzəçi qeyd edib ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlib, daim milli dövlətçilik mövqeyindən çıxış ediblər.

Məruzəçi bildirib ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir: “Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da qazanılan uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar”.

N.Əliyeva deyib ki, Yeni Azərbaycan Partiyasının tərkibi haqqında statistik məlumat partiyamızın ölkədə həm kəmiyyət, həm də keyfiyyət etibarilə qüdrətli bir siyasi qüvvə olduğunu təsdiq edir. Onun sözlərinə görə, 620 min 371 nəfərin 283 min 269 nəfəri, yəni, 45,7 faizi qadınlardan ibarətdir. Onlardan təhsil, səhiyyə, elm, mədəniyyət və incəsənət, idarəetmə və digər sahələrdə çalışan qadınlarımızın tərkibində 971 nəfər elmlər namizədi, 296 nəfər elmlər doktoru təmsil olunur. Son illərdə qadınlarımızın seçkili orqanların fəaliyyətində iştiraka marağı artıb: “Əgər ilk mərhələdə yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi cəmi 3-4 faiz təşkil edirdisə, indi bu göstərici 30 faizə çatıb. Artıq ölkəmizdəki bir sıra bələdiyyələrin sədrləri də məhz qadınlardır. Bundan başqa, Azərbaycan Respublikası Milli Məclisində 19 qadın millət vəkili təmsil olunur. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının ötən illər ərzində, o cümlədən, 2013-cü ildə gördüyü işlər barədə geniş söhbət açmaq olar. Bu işlər miqyas etibarilə ölkəmizdə və Azərbaycandan kənarda keçirilən tədbirlərdən - ötən ilin oktyabrında respublikamızda keçirilmiş prezident seçkisi kampaniyasındakı fəaliyyətdən, mətbuatda ictimaiyyətin diqqətini cəlb edən aktual mövzularla qoyulmuş çıxışlardan, cəmiyyətin qayğısına, diqqət və mərhəmətinə ehtiyacı olan qurumlarda keçirilmiş humanitar aksiyalardan, ictimai-siyasi xarakterli tədbirlərin təşkilindən, hərbi hissələrdə əsgərlərlə görüşlərin, səhiyyə aksiyasından və bu kimi digər müxtəlif istiqamətlərdən ibarət olub. Hesabat dövründə qadınlarımız dəfələrlə əlillər evində, ahıllar evində, ata-ana himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı internat tipli məktəblərdə görüşlər keçirib, cəmiyyətin köməyinə böyük ehtiyacı olan ayrı-ayrı insanlara dəstək olublar”.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, ötən konfransdan keçən 5 il ərzində həyatımız xeyli dəyişib. Onun fikrincə, bu illər ərzində qürur duyduğumuz uğurlu addımların sayı daha da artıb: “Ötən 5 ildə görülən işlər haqqında danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışıb, dövlət quruculuğu prosesinə layiqli töhfələr veriblər. Son zamanlar YAP sıralarına çox fəal qadınlar daxil olurlar. YAP Qadınlar Şurasının müsbət işlərinin nəticəsidir ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli qadınlar partiya sıralarına cəlb olunurlar”.

Vitse-spiker bildirib ki, qadın milli dəyərlərin qoruyucusu və bu dəyərlərin gələcək nəsillərə daşıyıcısıdır. Onun sözlərinə görə, qadınlar öz potensialından, intellektindən dövlətin və xalqın inkişafı üçün istifadə edir: “Azərbaycanın müxtəlif inkişaf mərhələlərində qadına verilən yüksək dəyərin şahidi olarıq. Azərbaycan qadına seçmək və seçilmək hüququ verən ilk Şərq dövlətidir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlətin qadın siyasəti müəyyənləşib. Bu xətt bu gün də davam etməkdədir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına olan yüksək münasibəti YAP-da davam edir və YAP Azərbaycan qadınına ən yüksək dəyər verən partiyadır”.

B.Muradova deyib ki, YAP yarandığı ilk gündən onun sıralarında qadınlarımız da olub. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətin anlarda onlar sınaqlardan üzüağ çıxıb, öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər. “Biz YAP-ın sıralarında birləşməklə dövlətçiliyin xidmətində dayanmışıq. Bu nümunə həmişə qeyd olunmaqdadır. YAP qədər qadın amilinə yüksək dəyər verən ikinci siyasi təşkilat yoxdur. Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdarıq və hesab edirik ki, Azərbaycan qadınları qarşılarında duran vəzifələri yerinə yetirmək üçün çox böyük imkanlara malikdir. Prezident İlham Əliyevin səyləri nəticəsində bu imkanlar daha da genişlənməkdədir” - deyə, vitse-spiker vurğulayıb. B.Muradova qeyd edib ki, konfransda seçiləcək yeni idarə heyəti müntəzəm şəkildə toplanmalı, hədəflərini müəyyənləşdirməli, daha geniş beynəlxalq arenalara çıxmaq haqqında düşünməlidir. Bu konfrans gələcək 5 il üçün fəaliyyət proqramını hazırlamalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova Azərbaycan qadınının fəaliyyətinin partiyaya uğurlar gətirdiyini qeyd edərək deyib ki, YAP bu baxımdan da digər partiyalara örnəkdir. Onun sözlərinə görə, hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. Komitə sədri müasir cəmiyyətdə erkən nikah, təhsildən yayınma halları, qanunsuz kəbin kimi problemlərin aradan qaldırılmasında ziyalı qadınlarımızın rolundan danışıb, partiya üzvü olan fəal qadınların bu sahədəki işini yüksək qiymətləndirib. H.Hüseynova bildirib ki, rayon və şəhər icra hakimiyyətlərinin müavinlərindən birinin qadın təyin edilməsi onların dövlət idarəçiliyinə geniş cəlb olunmasından xəbər verir: “Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və etimadının daha bir göstəricisidir”.

Ümummilli lider Heydər Əliyevin qadınlara həmişə böyük diqqət və qayğı göstərdiyini xatırladan H.Hüseynova məhz Ulu öndər tərəfindən 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalandığını, Prezidentin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycan qadınlarının I qurultayının keçirildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı qadınların cəmiyyətdə yeri və rolu barədə danışarkən bildirib ki, Azərbaycan qadınları tarixin hər bir mərhələsində ağır, məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəliblər. Hətta elə qadınlarımız olub ki, öz fitri istedadı, liderlik qabiliyyəti, qəhrəmanlıqları ilə tarixin yaddaşında qalıblar. M.İbrahimqızı qeyd edib ki, dövlətimizin keçdiyi bütün inkişaf yollarında Azərbaycan qadınlarının böyük rolu olub: “Ulu öndərimiz deyib ki, Azərbaycan qadını müstəqilliyimizin dayağıdır. Bu gün həqiqətən ictimai-siyasi proseslərdə qadınlarımız fəaldırlar”.

Ölkənin bütün sahələrində qadınların böyük rolu olduğunu deyən M.İbrahimqızı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsi ilə çalışdığını, böyük işlər gördüyünü bildirib. O vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən, qadınlarımız ölkəmizə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsindən qürur duyurlar. “Prezidentimizin reallaşdırdığı böyük siyasət nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda inamla irəliləyir” - deyə, millət vəkili qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülviyyə Həmzəyeva çıxışında qeyd edib ki, qadınlar partiyanın fəaliyyətində yaxından iştirak edirlər. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin irsi zəngin tarixi mənbədir, biz bu sərvəti qoruyub saxlamalıyıq. Ü.Həmzəyeva Naxçıvan Muxtar Respublikasında da qadınların idarəetmədə, ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. O, muxtar respublikada qadınların YAP tərkibində xüsusi yer tutduğunu qeyd edib.

Konfransda, həmçinin, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, YAP Lerik rayon təşkilatı Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova, YAP Zaqatala rayon təşkilatı Qadınlar Şurasının sədri Vəfa Süleymanova və YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva çıxış edərək ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətlərindən danışıb, Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov çıxış edərək ümumrespublika konfransı münasibətilə qadınları təbrik edib. O qeyd edib ki, ötən 5 il ərzində Azərbaycanda baş verən müsbət dəyişikliklər qadınların həyatına da öz təsirini göstərib: “Həqiqətən, 5 il əvvəl olan reallıqlar Azərbaycanın nə qədər yüksək inkişaf tempi ilə irəli getdiyini bir daha ortaya qoyur. Azərbaycandakı dəyişikliklər hər bir insanın həyatına təsir göstərdiyi kimi, qadınların da həyatına öz təsirini göstərir. Bu dəyişikliklər, sadəcə, insanların həyatının səviyyəsinin yüksəlməsində ifadə olunmur. Bu, eyni zamanda, hər bir insanın özünün Azərbaycanın həyatında nə qədər əhəmiyyətli rol oynamasını dərk etməsində ifadə olunur. Məmnunluq hissi ilə demək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda baş verən əzəmətli inkişaf Azərbaycan qadınının özünü dərk etməsini daha da əhəmiyyətli reallığa çevirib. Bu gün Azərbaycan qadını özünü cəmiyyətin tamhüquqlu üzvü hesab edir. Bu proses inkişaf etdikcə, kişilər qadınlarla rəqabətə girmək məcburiyyətində qalacaq”.

Əli Əhmədov YAP Qadınlar Şurasının ötən 5 ildəki fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olub. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə bütün cəmiyyət üzvlərinin həyatında müsbət dəyişikliklərə səbəb olub. Dövlət siyasətinin prioritet istiqaməti insanların həyat şəraitini yaxşılaşdırmaqdan, daha yüksək yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Bu istiqamətdə qəbul olunan Dövlət proqramlarının həyata keçirilməsində YAP Qadınlar Şurasının üzvləri də fəal iştirak edirlər. Qadınlar ictimai-siyasi həyatın bütün sahələrinə nüfuz edərək ötən müddət ərzində ölkədə keçirilmiş parlament və prezident seçkilərində fəallıq nümayiş etdirib, Azərbaycanın demokratik inkişafına töhfələr veriblər”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda gender məsələləri bütün səviyyələrdə gözlənilir. Qadınların ictimai həyatda özlərini təsdiq etməsi üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Təsadüfi deyildir ki, qadınlarımız Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunurlar. Azərbaycan cəmiyyətinin 50 faizindən çoxunu qadınlar təşkil etdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib ki, bu potensialdan tam istifadə edilməsi cəmiyyətin ümumi potensialının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxaracaq. “Bu mənada hesab edirəm ki, YAP bu istiqamətdə əhəmiyyətli missiyanı öz üzərinə götürüb və davam etməkdədir. YAP qadınların ictimai-siyasi həyatda fəallığının artırılması üçün çox etibarlı və geniş platformadır. Qadınlar YAP-a qoşulmaqla partiyanın vasitəsilə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. YAP-ın yaratdığı imkanlar nəticəsində özlərini ictimai-siyasi həyatda ifadə edə bilirlər. Partiyamızda üzvlərin 40 faizindən yuxarı, yəni 300 min nəfərə yaxını qadınlardır. Qadınlar bu mənada çox böyük potensialı özlərində ifadə edirlər. YAP-ın üzvlərinin sayı 630 min nəfərə yaxınlaşır. Bu prosesdə qadınların artım tempi daha yüksəkdir. Bu isə ondan xəbər verir ki, gələcəkdə qadınların sayı YAP-da kişilərdən çox ola bilər” - deyən Əli Əhmədovun sözlərinə görə, ötən 5 il ərzində YAP Qadınlar Şurası xeyli inkişaf edib. Qadınların ictimai proseslərdə yaxından iştirak etdiyini deyən natiq qeyd edib ki, YAP Qadınlar Şurasının fəaliyyəti ölkənin hüdudlarından da kənara çıxıb: “Bilirsiniz ki, YAP-ın təşəbbüsü ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolu təsis edilib və bu qurumun ilk tədbiri Bakı şəhərində keçirilib. Hazırda qadınlarımız həmin təşkilatda yüksək səviyyədə təmsil olunurlar. Qadınlarımız bir sıra təşəbbüslərlə çıxış ediblər ki, həmişə dəstəklənib. Bu onu göstərir ki, qadınlar təkcə ölkənin ictimai-siyasi həyatında yox, dünyanın ictimai-siyasi həyatında iştirak etmək, Azərbaycanı təmsil etmək kimi məsuliyyəti öz üzərinə götürmək imkanlarına malikdir. Bütövlükdə, partiyamızın Qadınlar Şurasının 5 il ərzində fəaliyyəti müsbət qiymətləndirilməlidir. Bununla belə, qarşıda daha böyük vəzifələr dayanır. Azərbaycanın beş il ərzində əldə etdiyi nailiyyətlər növbəti beş ildə ondan daha möhtəşəm uğurların əldə olunması üçün etibarlı zəmin yaradır. Hesab edirəm ki, qadınlar bu prosesdə fəal iştirak etməlidirlər. Fikrimcə, YAP Qadınlar Şurasının fəaliyyəti gələcəkdə daha da inkişaf edəcək”.

Qarşıdakı bələdiyyə seçkilərinə toxunan Əli Əhmədov bildirib ki, hazırda bələdiyyələrdə qadınların təmsilçiliyi 30 faizdir. Lakin bu göstərici də partiyanı qane etmir. Ona görə də, dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində YAP Qadınlar Şurasının üzvləri daha fəal olmalı, ən layiqli və intellekt səviyyəsi yüksək olan qadınların namizədliyi irəli sürülməlidir.

YAP-ın böyük və əzəmətli güc olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, bu amil təkcə, çoxlu sayda insanların partiyada toplaşması deyil, 630 minə qədər insanın Heydər Əliyev ideyaları ətrafında birləşməsi və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır. “İnsanların bu inamı cəmiyyətdə daxili monolitliyi və birliyi möhkəmləndirən çox əhəmiyyətli amillərdən biridir” - deyən YAP Sədrinin müavininin sözlərinə görə, YAP Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə mübarizə aparır. Bu işdə qadınlar xüsusi rola malikdirlər. Onlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin zəruriliyini tam mənada başa düşür və bu istiqamətdə ürəklə çalışırlar. Əli Əhmədov qadınlara ölkə həyatında nümayiş etdirdikləri fəal və konstruktiv mövqeyə görə təşəkkür edib, YAP Qadınlar Şurasına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra konfransda təşkilati məsələyə baxılıb. Nurlana Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri seçilib. Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Sevinc Hüseynova və YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Şura sədrinin müavinləri seçiliblər. Daha sonra 59 nəfərdən ibarət Şura üzvləri və 24 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib.

Konfrans iştirakçıları da YAP Qadınlar Şurasının fəaliyyətini və bu tədbiri yüksək qiymətləndiriblər. Məsələn, YAP Beyləqan rayon 5 saylı ilk partiya təşkilatının sədri, respublikanın Əməkdar müəllimi Xuraman Rüstəmova öncə onu bildirib ki, 1993-cü ildə Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının yaranmasında qadınların da böyük rolu olub. Qadınlar həm partiyanın rayon təşkilatının fəaliyyətində fəal iştirak edirlər, həm də bütövlükdə rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər: “Fürsətdən istifadə edib bir məqamı xüsusi vurğulamaq istəyirəm. Məlumdur ki, bizim rayon cəbhə bölgəsində yerləşir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Beyləqan rayonu da işğal təhlükəsi ilə üz-üzə qalmışdı. İnsanlar böyük narahatlıq içində idilər. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev Beyləqana səfərə gəldi. Ümummilli liderin Beyləqana bu səfəri rayon sakinlərini ümidsizlikdən qurtardı. Rayonun etibarlı müdafiəsi təşkil olundu. Beləliklə, Beyləqan rayonu düşmən işğalına məruz qalmadı”.

Xuraman Rüstəmova əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində bu gün ölkəmizin bütün guşələri kimi, Beyləqan rayonu da genişmiqyaslı quruculuq-abadlıq işləri ilə əhatə olunub.

Öz növbəsində YAP Xocavənd rayon təşkilatı Qadınlar Şurasının sədri Əfsanə Quliyeva dövlətin məqsədyönlü qadın siyasətinin uğurlu nəticələr verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu siyasətin həyata keçirilməsi sayəsində Azərbaycan qadınlarının müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakı təmin edilib.

Ə.Quliyeva, həmçinin, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi qayğının Xocavənd rayonunun sakinləri tərəfindən də dərin rəğbətlə qarşılandığını vurğulayıb: “Qaçqın və məcburi köçkünlər üçün hər cür rahatlıqlara malik yeni qəsəbələr salınıb. Hazırda Beyləqan rayonunda Xocavəndli qaçqınlar üçün salınan yeni bir qəsəbənin inşası tamamlanmaq üzrədir. Ümumiyyətlə, ölkəmizdə gedən genişmiqyaslı quruculuq-abadlıq işləri rayon sakinlərinin məskunlaşdıqları qəsəbələrdən də yan keçməyib. Beyləqan rayonunda yerləşən 500 ailəlik Xocavənd qəsəbəsində rayon İcra Hakimiyyətinin, rayon polis idarəsinin, rayon təhsil şöbəsinin inzibati binaları tikilib, idman mərkəzi istifadəyə verilib”.

Kəlbəcər rayonunun sakinlərinin böyük əksəriyyətinin Gəncə şəhərində məskunlaşdığını bildirən YAP Kəlbəcər rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əsədova ölkəmizdə gender məsələlərinə böyük diqqət göstərildiyini vurğulayıb. Onun sözlərinə görə, məqsədyönlü dövlət qadın siyasətinin nəticələrini işğala məruz qalan Kəlbəcər rayonundan olan qadınlar da öz gündəlik həyatlarında hiss edirlər: “Məsələn, bu il Novruz bayramını Kəlbəcərdən olan qaçqınlar Gəncədə salınan yeni qəsəbədə qarşıladılar. Milli bayramı yeni, rahat mənzillərdə qarşılamaq qadınlar üçün ikiqat bayramdır. Çünki qadınlar gözəlliyə, rahatlığa daha həssasdırlar. Mən fürsətdən istifadə edib Kəlbəcərdən olan qadınlar adından qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Kəlbəcərli qadınlar YAP-ın Sədri, Prezident İlham Əliyevi həmişə dəstəkləyiblər və bundan sonra da dəstəkləyəcəklər”.

YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyibə Hüseynova da qadınların rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib: “Bunu rayon təşkilatında qadınların say tərkibinin ildən-ilə artması da sübut edir. Hazırda rayon təşkilatının üzvlərinin təxminən yarısı qadınlardan ibarətdir”.

T.Hüseynova deyib ki, YAP Abşeron rayon təşkilatının Qadınlar Şurası zərif cinsin nümayəndələrinin ictimai-siyasi fəallıqlarını artırmağa çalışmaqla yanaşı, həm də milli adət-ənənələrimizin qorunması, erkən nikahların aradan qaldırılması, qadın zorakılığına yol verilməməsi istiqamətində genişmiqyaslı maarifləndirmə işi aparır: “Aparılan məqsədyönlü və davamlı işin müsbət nəticələr verdiyini söyləmək mümkündür. Artıq rayonumuzda gender problemi ilə bağlı bir sıra məsələlər öz müsbət həllini tapıb”.

YAP Lerik rayon təşkilatı Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova bildirib ki, bu gün Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdən kənarda qalmalarına, passiv həyat tərzi sürmələrinə heç bir əsas yoxdur: “Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti bütün Azərbaycan qadınlarına nümunədir. Mehriban xanım Əliyevanın səyləri sayəsində Ümummilli liderimizin adını daşıyan fond mədəniyyətimizin dünyada təbliğ olunması, həmçinin, səhiyyə, təhsil sahəsində bir sıra irihəcmli layihələr həyata keçirib. Bütün bunlar ölkənin bütün qadınları kimi, cənub bölgəsinin qadınlarını da ictimai fəal həyata qoşulmağa ruhlandırır”.

YAP Zaqatala rayon təşkilatı Qadınlar Şurasının sədri Vəfa Süleymanova da son illərdə rayonda qadınların fəallığının artdığını xüsusi vurğuladı. Onun sözlərinə görə, bunu rayon təşkilatında qadınların say tərkibinin artması da təsdiqləyir: “Hazırda partiyanın rayon təşkilatının 7300 üzvünün yarıdan çoxunu qadınlar təşkil edir. Bundan başqa, rayonda sahibkar qadınların sayı 2 dəfədən çox artıb. Qadınların fəallığının artması onların seçkili orqanlarda, o cümlədən, bələdiyyələrdə geniş tərkibdə təmsil olunmaları ilə nəticələnib”.

V.Süleymanova Prezident İlham Əliyevin ölkənin bütün bölgələri kimi, Zaqatala rayonuna da böyük qayğısından söz açıb: “Dövlət başçısı son 10 ildə 6 dəfə rayona səfərə gəlib, həmçinin, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlar imzalayıb. 2012-ci ilin mayında rayonda baş verən güclü zəlzələdən sonra sakinlərdə böyük narahatlıq yaranmışdı. Həmin ərəfədə Prezident İlham Əliyevin rayona gəlişi və zəlzələnin nəticələrinin tez bir zamanda aradan qaldırılmasına göstəriş verməsi vəziyyəti dəyişdi və insanların qəlbində böyük ümid yaratdı”.

YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri Aysel Şeydayeva isə deyib ki, Quba öz gözəl təbiəti ilə həmişə diqqəti özünə çəkib: “Son vaxtlarda isə rayon həm də burada aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri ilə diqqət mərkəzinə gəlib. Rayonda yeni turizm obyektlərinin, sənaye müəssisələrinin işə salınması nəticəsində əhalinin məşğulluq problemi həllini tapıb. Hazırda Quba ölkənin əsas turizm məkanlarından birinə çevrilib. Təbii ki, rayonumuzda baş verən bu dəyişikliklərdə, inkişaf proseslərində qadınlarımızın da böyük rolu var”.

 

Nardar BAYRAMLI

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 27 may.- S.5-6.