İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi
artırır
Məlum olduğu kimi, Azərbaycanın əldə etdiyi uğurlar, həmçinin, ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrin inkişafına təkan verib. Bu, eyni zamanda, regionlarda sosial-iqtisadi inkişafın əldə olunmasına, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə və işsizliyin aradan qaldırılmasına kömək edib.
Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, işsizliyin aradan qaldırılması üçün Azərbaycan dövləti müxtəlif layihələr həyata keçirir. Məhz bu sosial-iqtisadi layihələr əsasında da gənclər arasında işsizlik probleminin aradan qaldırılmasına, o cümlədən, əlil və kimsəsizlərin cəmiyyətə tam hüquqlu üzvlər kimi inteqrasiya olunmasına çalışılır. Yəni, bu sahədə görülən işlər, atılan addımlar gənclərin əmək fəaliyyətinin və məşğulluğunun təmin olunmasına öz töhfələrini verməkdədir. Məsələn, Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurla çalışan gənclərlə görüşü, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi və s. məhz bəhs olunan istiqamətlərdə atılan addımlar sırasındadır. Bir sözlə, görünən odur ki, qlobal dünyanın bir parçası olan Azərbaycan dövləti işsizlik probleminin aradan qaldırılması, həmçinin, ölkəmizdə yoxsulluğun səviyyəsinin aşağı salınması üçün bütün zəruri addımları atmaqdadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan işsizliklə mübarizədə, hətta ən inkişaf etmiş ölkələri belə qabaqlayır desək, heç də yanılmarıq.
Yeri gəlmişkən, Azərbaycanda işsizliyin aradan qaldırılması, həmçinin, yoxsulluğun ləğvi istiqamətində atılan addımlar, görülən tədbirlər özünü rəsmi rəqəmlərdə də göstərir. Belə ki, dünya maliyyə böhranı ötən il bir çox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda işsizliyin səviyyəsinə ciddi təsir göstərməyib. Ümumiyyətlə, 2003-2013-cü illərdə respublikamızda 1 milyondan artıq yeni iş yeri açılıb ki, onların da mütləq əksəriyyəti daimi iş yerləridir. Daha dəqiq desək, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə də əhəmiyyətli təsir edib. Məsələn, 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub. İşsizlik statusu almış şəxslərin ümumi sayı 56343-dən (2005-ci il) 38330 nəfərədək (2011-ci il) azalıb. İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb. 2010-cu ildə dövlət sektorunda məşğul olan insanların sayı 28630 nəfər təşkil edirdisə, 2011-ci ildə onların sayı 2130 nəfər azalaraq 26500 nəfər olub. 2011-ci ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 8 faizədək azalıb. 2013-cü ildə isə, 110 min yeni iş yeri açılıb. Ötən ilin yekunlarına görə, işsizliyin səviyyəsi 5 faiz, yoxsulluğun səviyyəsi isə 5,3 faizədək aşağı düşüb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2013-cü ildə sosial məsələlərin həlli istiqamətində önəmli addımların atıldığını vurğulayıb: “Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir”.
Qeyd edildiyi kimi, işsizliyin aradan qaldırılması yoxsulluğun azaldılmasına birbaşa təsir göstərən şərtdir və müvafiq Dövlət Proqramında da işsizliyin tam aradan qaldırılması əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Eyni zamanda, 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində 2012-ci ildə ölkədə 299 min yeni iş yeri açılıb. Bunun da 219,9 mini daimi iş yeri olub. Azərbaycan ərazisində son illər yaradılmış minlərlə yeni müəssisələr bütünlüklə ölkəmizin regionlarını əhatə edir. Ən əsas müəssisələr (12 faizə qədər) Aran iqtisadi rayonunun payına düşür. Bundan başqa, Abşeron, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi rayonlarında fəaliyyət göstərən müəssisələr həmin regionlarda işsizliyin aradan qaldırılmasında yaxından iştirak edib.
Bir daha vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin apardığı uğurlu sosial-iqtisadi siyasətin mərkəzində, məhz ölkə vətəndaşları dayanır. Belə ki, vətəndaşların sosial rifahının yüksəldilməsi məsələsi dövlətimizin əsas prioritetlərindəndir. Başqa sözlə desək, bu gün iqtisadi inkişaf üçün başlıca amil bütün investisiya qoyuluşlarından öndə dayanan, hər bir resursdan istifadə edə bilən insan kapitalıdır. Bu baxımdan Azərbaycan dövləti milli resurslarından səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirmək istiqamətində əhəmiyyətli addımlar atır.
Ölkəmizdə işsizliyin aradan qaldırılması yönündə həyata keçirilən əsas tədbirlərdən biri də kiçik və orta sahibkarlığın inkişafıdır. Nəzərə almaq lazımdır ki, sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Buna görə də, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılıb və bu gün dövlətin əsas hədəflərindən biri də Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsinə yönəlib.
Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycanda sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Yatırılan investisiyalar, ilk növbədə, dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Çünki Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə reallaşdırılan layihələrin demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir. Bu isə vətəndaşların öz kiçik və ya orta bizneslərini qurmasında, bununla yanaşı yeni iş yerləri yaratmasında əsaslı rol oynayır. Ümumiyyətlə, Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi, əhalinin məşğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu gün mübaliğəsiz demək olar ki, bazar iqtisadiyyatı Azərbaycanda tam şəkildə bərqərar olub. Respublikada sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirib. Bir sözlə, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət həm maliyyə, həm də texniki və intellektual dəstək göstərməkdədir. Nəticədə bu gün Azərbaycanda özəl sektorun fəaliyyət göstərməsi və rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinə zəmin yaranıb, yeni-yeni müəssisələr formalaşmaqdadır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə əmək və məşğulluq sahəsinin inkişaf etdirilməsi üçün mühüm qanunvericilik bazası da formalaşdırılıb. Bu qanunvericilik bazası formalaşdırılarkən Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş konvensiyalarından, Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyasından, Avropa Sosial Təminat Məcəlləsindən, habelə Azərbaycanın üzv olduğu Avropa Şurasının alt komitələri ilə sosial sahədə əməkdaşlıq müstəvisində imzalanan sənədlərdən irəli gələn tələblər, beynəlxalq hüquqi normalar ciddi şəkildə nəzərə alınıb. 1995-ci ilin 12 noyabrda referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarının məşğulluq təminatı ilə bağlı hüquqi əsaslar təsbit olunub. Belə ki, Konstitusiyanın ayrı-ayrı müddəalarında vətəndaşların tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və s. kimi mühüm hüquqlarının geniş əks olunması və əmək və məşğulluğa dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər beynəlxalq təşkilatların normativ sənədlərinə uyğun olaraq 2001-ci ilin iyulunda yeni variantda qəbul olunan “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi sənədlər ölkədə əhalinin məşğulluğu təminatının hüquqi bazasını formalaşdırıb. Həmin qanuna əsasən məşğulluq-Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyət kimi əks olunub. Beləliklə, Azərbaycan vətəndaşlarının məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi işinin hüquqi tənzimlənməsi sahəsində milli qanunvericilik və normativ bazası sosial-iqtisadi inkişaf üzrə Dövlət proqramlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Konstitusiyasından, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunundan və digər müvafiq normativ hüquqi aktlardan ibarətdir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 30 may.- S.6.