YAP Binəqədi rayon təşkilatında akademik Vasim Məmmədəliyevlə görüş keçirilib

 

Tanınmış dinşünas alim gəncləri millidini dəyərlərimizin qorunaraq, inkişaf etdirilməsi istiqamətində fəal olmağa çağırıb

Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vasim Məmmədəliyevlə görüşü keçirilib. YAP Binəqədi rayon təşkilatında keçirilən görüşü giriş sözü ilə açan partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Gənclik, Müasirlikİslammövzusunda keçirilən tədbirin əlamətdar bir gün - 28 May Respublika Günü ərəfəsində keçirildiyini qeyd edib. Ramiz Göyüşov daha sonra akademik Vasim Məmmədəliyevin xidmətləri haqda geniş məlumat verərək, tanınmış alimin bir çox mövzularda onlarla əsərin müəllifi olduğunu, İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”i tərcümə edən şəxslərdən biri olduğunu bildirib.

Gənclər qarşısında çıxış edən akademik Vasim Məmmədəliyev öncə belə bir görüşün təşkilinə görə Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirib. Ölkəmizdə mövcud olan tolerantlıq mühiti haqda danışan tanınmış alim gəncləri millidini dəyərlərimizin qorunaraq, inkişaf etdirilməsi istiqamətində fəal olmağa çağırıb.

Vasim Məmmədəliyev deyib ki, məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Akademik, həmçinin, gənclərin ictimai-siyasi cəhətdən fəal olmalarının, Vətəni qorumağın, onların Azərbaycanın davamlı inkişafı naminə daim çalışmalarının vacibliyini də önə çəkib.

Sonra gənclər tanınmış dinşünas alimə onları maraqlandıran müasirlikdin, İslamda əxlaq, İslamda məzhəblər, İslam və digər dinlərarası münasibətlər, gəncliyin milli-mənəvi dəyərləri qoruyaraq inkişaf etməsi kimi mövzularda suallar ünvanlayıblar.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 28 may.- S.4.