İtaliya ilə Azərbaycan
arasında bir çox sahələr üzrə geniş əməkdaşlıq
əlaqələri mövcuddur
Bu ölkənin “Rai” telekanalında Azərbaycanın enerji ehtiyatlarından və TAP layihəsindən bəhs edən reportaj yayımlanıb
Xəbər verildiyi kimi, İtaliyanın “Rai” telekanalında yayımlanan məşhur “TG2” xəbər proqramında Azərbaycanın enerji ehtiyatlarından və TAP layihəsindən bəhs olunub. Telekanalın yayımladığı reportajda dünyanın enerji bazarındakı son durum təhlil edilir və vurğulanır ki, bugünkü reallıq böyük qaz ehtiyatlarına malik Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin həyata keçirilməsinin vacibliyini göstərir. TAP Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və Rusiyadan qaz asılılığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir.
Reportajda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun fikirləri də yer alıb. TAP layihəsi ilə bağlı məlumat verən ARDNŞ rəsmisi bildirib ki, “Şahdəniz-2” yatağından ildə 16 milyard kubmetr qaz istehsal ediləcək.
Beləliklə, vurğulamaq yerinə
düşər ki, respublikamızın dövlət müstəqilliyini
bərpa etməsindən sonra Avropa ölkələri içərisində
ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı
və siyasi münasibətləri gücləndirən ilk
dövlətlərdən biri, məhz İtaliya olub.
Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində
tanıyıb. Eyni
zamanda, 8 may 1992-ci il tarixində iki ölkə
arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin martında İtaliya Respublikasının
Azərbaycanda, 2003-cü ilin dekabrında isə Azərbaycan
Respublikasının İtaliyada səfirliyi təsis edilib.
Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında indiyədək 30 sənəd
imzalanıb. İki ölkə arasında əməkdaşlıq
rəsmi səfərlər sayəsində daha da möhkəmlənib.
Ümummilli lider Heydər Əliyevin İtaliya
Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə
baş tutub. Prezident İlham Əliyev isə
2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə
olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində
İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə,
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak
etmək məqsədilə, Prezident İlham Əliyev həmin
ölkəyə səfər edib. Onu da qeyd edək ki,
2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
İtaliyada səfərdə olub və “Romada Bakıya
uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında iştirak edib.
Qarşılıqlı səfərlər
parlament və hökumət nümayəndələri səviyyəsində
də davam etdirilib ki, bu da Azərbaycanla İtaliya arasında əlaqələrin
bütün sahələr üzrə inkişafına təkan
verib.
Bu məqamda onu da xüsusi olaraq qeyd etmək yerinə
düşər ki, ümumiyyətlə, birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə olunması
İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında qarşılıqlı münasibətlərin
güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft
ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin
təmsil olunması isə ölkələr arasında
iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə
inkişafına təkan verib. Enerji sahəsində
əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial,
humanitar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və
digər bölmələrdə intensiv əlaqələrin
inkişafı İtaliya-Azərbaycan münasibətlərində
yeni dinamikaya səbəb olub. İtaliya
Respublikası ilə Azərbaycan Respublikası arasında
yaradılmış hökumətlərarası komissiyanın
intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi
münasibətlərinə yeni dinamizm elementləri əlavə
edib. Son illərdə möhkəm təməllər
üzərində dərinləşən Azərbaycan-İtaliya
əlaqələri öz növbəsində, ikitərəfli
münasibətlər çərçivəsindən kənara
çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq
fazasına qədəm qoyub. Hər iki
dövlət Trans-Avropa enerji şəbəkəsinin
formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət
kəsb etməyə başlayıb. İtaliya
Respublikası ilə Azərbaycan Respublikası arasında
iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz
sahəsində əməkdaşlıqla bağlıdır.
Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri
ilə nəql olunan neftin əsas alıcılarından biri
İtaliyadır. Hazırda Avropa
bazarlarına nəql olunan neft resurslarının böyük
bir hissəsi məhz İtaliya limanları vasitəsilə
Avropa İttifaqı (Aİ) ölkələrinə
çatdırılır. Bu dövlət
ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə
Avropaya tranzit edir. İtaliya Respublikası
Avropa İttifaqında yüksək nüfuza malik dövlət
kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın
möhkəmlənməsinə töhfə verməsi ilə
diqqəti cəlb edir. Rəsmi Roma öz
enerji siyasətini həyata keçirərkən Azərbaycan
Respublikası ilə uzunmüddətli və davamlı xarakterə
malik strateji layihələri prioritet kimi qəbul edir.
Məlum olduğu kimi, İtaliya Respublikası neftlə
bərabər, qaz resurslarının da əsas
alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin
dekabrında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa
dair protokol imzalanıb. Əlavə edək
ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib
ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz
həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi
Avropadakı müştərilərə çatdırmaq
üçün Trans-Adriatik boru kəmərini (TAP)
seçib. 13 fevral 2013-cü ildə
Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası
saziş imzalayıblar. Bir sözlə,
İtaliya Azərbaycanın şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin
yaradılmasında təşəbbüs göstərən əsas
dövlətlərdən biridir. Və
görünən odur ki, enerji əməkdaşlığı
formatı gələcəkdə daha geniş coğrafi miqyas
alacaq. Azərbaycanın müəllifi
olduğu, Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin
coğrafiyası daha da genişlənəcək və
Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi
nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi
yaranmış olacaq. Yanacağın Azərbaycandan
Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya,
Balkan yarımadasına və başqa Avropa ölkələrinə
ixracı üçün regionda ən iri qaz marşrutu
mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi
şaxələnərək Mərkəzi Avropanın bir
çox dövlətlərini əhatə edəcək.
Yanacağın sözügedən marşrut
üzrə Xəzər hövzəsindən, Orta Şərqdən
və Mərkəzi Asiyadan Avropaya çatdırılması
nəzərdə tutulur. Gələcəkdə,
həmçinin, Qazaxıstanın və Türkmənistanın
da qaz resurslarının bu dəhlizlə nəqli
mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan
arasında iqtisadi təmasları dərinləşdirməklə
yanaşı, məhz respublikamızın enerji strategiyası
nəticəsində bu ölkənin də regionda tranzit
dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə
Azərbaycan qazının alıcısı deyil, həm də
yanacağın digər Avropa dövlətlərinə
ixracı üçün tranzit ölkə rolunu
oynamış olacaq. Azərbaycan qazı
Avstriyaya, Bolqarıstana, Macarıstana, həm də bu ölkənin
ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, eyni zamanda, respublikamızın
Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq
gücünü ortaya qoyur.
Yeri gəlmişkən, İtaliya Respublikası ilə
Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq
enerji resursları ilə məhdudlaşmır. Onu da qeyd edək
ki, indiyədək keçirilən Azərbaycan-İtaliya
biznes-forumlarında müzakirə olunan əsas məsələlər
neft və qaz sahəsində əməkdaşlıqdan
başqa, qeyri-neft sektorunda əməkdaşlığı da
nəzərdə tutur. Tərəflər
iqtisadiyyatın bir çox sahələri üzrə geniş
əməkdaşlıq əlaqələrini gücləndirmək
niyyətindədirlər.
Onu da bildirmək yerinə düşər ki, hazırda
hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa
malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin
ölkələr üzrə strukturunda İtaliya öncül
sıralarda qərarlaşıb. Məsələn,
2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət
dövriyyəsinin həcmi 5,3 milyard avro
olub. İki ölkə arasında ticarət dövriyyəsinin
həcmi 2011-ci ildə 9,6 milyard ABŞ
dolları təşkil edib. Bu rəqəm
İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə
ilə malik olduğu ticarət dövriyyəsindən daha
yüksəkdir. Bütövlükdə Azərbaycanın
xarici ticarət dövriyyəsində ixracatda 35,2
faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə
durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda
keçirilən biznes forumda hər 2 ölkənin dövlət
rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi,
loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s.
sahələri təmsil edən 60-dan çox şirkətin
nümayəndəsi iştirak edib və tədbirdə
işgüzar əlaqələrin genişləndirilməsi
imkanları müzakirə olunub. İşgüzar
görüşlərlə davam etdirilən tədbirin yekunu
olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf
Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi arasında əməkdaşlığa
dair sənəd imzalanıb. Həmin sənəddə
iki ölkə arasında ticarətin inkişafı,
iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə
müəssisələrin yaradılması, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu və
İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə
Milli Təşkilatı, eləcə də, sahibkarlar
arasında əlaqələrin genişləndirilməsi,
qarşılıqlı investisiyaların cəlb edilməsi və
s. sahələrdə əməkdaşlığın inkişafı
nəzərdə tutulub. Ötən müddət
ərzində İtaliya Respublikasının Azərbaycan
Respublikasında daha bir neçə şirkəti fəaliyyətə
başlayıb. Bu məqam ötən il
noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya
biznes forumunda bir daha vurğulanıb.
Məlumat
üçün bildirək ki, hər iki ölkənin
şirkətləri arasında əlaqələrin
qurulması baxımından böyük əhəmiyyət kəsb
edən həmin forumda 130-dan artıq italiyalı iş
adamı iştirak edib. Ümumiyyətlə,
italyanlar respublikamızda kənd təsərrüfatı, qida
sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət
avadanlıqları, geyim, mebel və digər sahələr
üzrə fəaliyyət göstərirlər.
İtaliya
birmənalı olaraq ölkəmizin ərazi
bütövlüyünü dəstəkləyir
Yeri gəlmişkən,
diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir
ki, İtaliya Respublikası Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair dövlət
səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir. Faktlara diqqət
yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay
Əsədovun başçılığı ilə Azərbaycan
parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə
olub. Səfər zamanı Milli Məclisin sədri
Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya
Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub.
Görüş zamanı Azərbaycan
parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi
dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli
səfərlərin həyata keçirilməsi olduqca vacibdir.
Onun sözlərinə görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin daha da
möhkəmləndirilməsinə böyük əhəmiyyət
verir.
Həmin görüş zamanı Azərbaycanın
neçə illərdən bəri üzləşdiyi ən
ağrılı problemi-Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələ, xüsusilə, diqqət mərkəzində
olub.
İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə
bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya
qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla
üz-üzə qalıb. Həm torpaqları
işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli
həllinə dəstək vermir”.
Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya
tərəfi bu problemə haqq və ədalət müstəvisində
çox həssaslıqla yanaşır. Xatırladaq
ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə
bağlı qətnamə qəbul edib. Bu
qətnamədə Cənubi Qafqazda sülhün bərqərar
olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində
ölkələrin ərazi bütövlüyü prinsipinə
böyük önəm verildiyi öz əksini tapıb.
Senat Yeni Avropa Xartiyasında da təsbit
olunduğu kimi, sərhədlərin toxunulmazlığı
prinsipinə uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyünü bir daha dəstəkləyib.
Qətnamədə bütöv bir regionun
inkişafına maneçilik törədən Dağlıq
Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə
həllinin Avropa məkanı üçün əhəmiyyətli
olduğuna diqqət yetirilir. Bu qətnamə ilə
İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair BMT, ATƏT və
Avropa Şurasının bütün qətnamələrinin,
qərarlarının tam şəkildə yerinə yetirilməsinin
təmin edilməsinin vacibliyini qeyd edir.
Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında yaxınlığın, əlaqələrimizin
inkişafına böyük təkan verən məqamların
mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr
göstərmək mümkündür. Sevindirici
haldır ki, ikitərəfli münasibətlər mükəmməl
hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu
vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa
dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn
xətlə inkişafına geniş zəmin yaradır.
Azərbaycan və İtaliya yüksək səviyyədə
siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin
gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata
keçirilməsində aparıcı rol oynayan Azərbaycanın
Avropanın etibarlı strateji tərəfdaşına
çevrilməsi İtaliya tərəfindən də yüksək
dəyərləndirilir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı-faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən ibarətdir.
İtaliya Respublikası, həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabrında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin martında Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı” haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək. Bir sözlə, İtaliyanın Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cüzeppe Detomasın da vurğuladığı kimi, Azərbaycan ilə İtaliyanı dərin köklərə əsaslanan münasibətlər birləşdirir. Bu ilin martında AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışan C.Detomas diqqətə çatdırıb ki, bu sıx əməkdaşlığı bir çox sahələrdə müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli dünyanın bir sıra bölgələrində davam edən münaqişələrə son qoyulması üçün nümunə ola bilər.
Yeri gəlmişkən, ölkəmizdəki tolerant mövqe İtaliya siyasətçiləri tərəfindən xüsusi olaraq vurğulanmaqdadır. Belə ki, bu ilin martında Azərbaycanın İtaliyadakı səfirliyinin, bu ölkənin “Vox Populi” və “İl Nodo di Gordio” aparıcı elm mərkəzlərinin birgə təşkilatçılığı ilə Trento şəhərində keçirdiyi “Muxtariyyət və xalqlar arasında birgəyaşayış. Azərbaycanda dini etiqadın, dilin və sivilizasiyanın yeni sərhədləri” mövzusunda elmi konfransda həmin məsələ bir daha vurğulanıb. Məsələn, tədbirin moderatoru, “İl Nodo di Gordio” elm mərkəzinin rəhbəri Daniele Ladzeri dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin geniş yayıldığı bir zamanda sürətlə inkişaf edən Azərbaycanda mövcud olan etnik-dini tolerantlığın, sivilizasiyalararası əlaqələrin müzakirəsi baxımından konfransın yaxşı imkan yaradacağını vurğulayıb.
Öz növbəsində, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev bildirib ki, ölkəmiz dinlərarası münasibətlərin tənzimləndiyi önəmli bir məkana çevrilib.
ATƏT Parlament Assambleyasının İtaliyadan olan keçmiş prezidenti Rikkardo Milyiori, İtaliyanın müxtəlif ölkələrdəki sabiq səfirləri Culio Pricioni və Quido Lenzi, Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cuzeppe Detomas çıxış edərək müasir dünyanın geosiyasi durumu kontekstində Azərbaycanın getdikcə qlobal iştirakçıya çevrilməsindən danışıblar. Bildirilib ki, bu gün sürətli inkişafı ilə fərqlənən Azərbaycanda mövcud sabit siyasi durum bir çox ölkələr üçün nümunə ola bilər. Sonra dinlərarası məsələlərə dair panel iclası keçirilib. İclasda çıxış edən dinlərarası dialoq üzrə mütəxəssis Alessandro Martinelli, “İl sole 24 ore” qəzetinin əməkdaşı Auqusto Qrandi, Bolzano muxtariyyətinin əyalət prezidenti Arno Kompatşer və digərləri müxtəlif dinlərin nümayəndələri arasında ortaq maraqların mövcudluğu, daha təhlükəsiz və sülh ilə dolu bir dünyaya nail olmaq üçün onların səy göstərmələrinin vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan bu istiqamətdə üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirməkdədir. Azərbaycan artıq Avropanın tərkib hissəsinə çevrilib. Bu baxımdan bu ölkənin Avropa dəyərlərini bölüşməsi yüksək qiymətləndirilməlidir. Daha sonra “Azərbaycanın rəmzlərindən biri olan Alban Apostol kilsəsinin tarixi kökləri” kitabının təqdimatı olub. Nəşrin həmmüəllifləri, professorlar Paolo Zammatteo, Ermanno Vizintainer, Angelo Mekka və Andrea Marçiliano kitabın ölkəmizin ərazisində yaşamış etnosların dini etiqadları, mədəni dəyərləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildiriblər.
Sözügedən məsələyə İtaliyanın “Eurasia” jurnalının saytında bu ölkədə Azərbaycan Tədqiqatları Mərkəzinin açılması ilə bağlı dərc edilən məqalədə də toxunulub. Öncə onu qeyd edək ki, həmin məqalədə belə bir mərkəzin İtaliyada açılması və qurumun “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda ilk tədbirini keçirməsi ilə bağlı məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun, mərkəzin rəhbəri Fernando Orlandinin və bir çox elmi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbir çərçivəsində Covanni Bensinin müəllifi olduğu “Azərbaycanda dinlər” kitabının təqdimatı olub.
Yazıda Azərbaycanın Cənubi Qafqazda strateji baxımdan ən önəmli dövlət olması, hazırkı geosiyasi durumda ölkəmizin beynəlxalq aləmdəki vacib roluna toxunulur. Bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Avropa ölkələri ilə sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan üçün İtaliya ilə münasibətlər xüsusi önəm kəsb edir. Bu gün TAP layihəsi bu əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Müəllif Vaqif Sadıqovun tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə də yer verib: “Bu münaqişə Azərbaycan xalqının ürəyində qanayan bir yaradır”.
Yazının sonunda oxucuların diqqətinə çatdırılır ki, bu tədbir bütün dünya xalqlarına və dinlərin nümayəndələrinə tolerant və sülh içində bir mühit təklif edən Azərbaycanı tanımaq üçün yaxşı imkan yaradıb.
Mübariz
ABDULLAYEV
Yeni
Azərbaycan.-2014.- 30 may.- S.7.