Sabitlik və təhlükəsizlik inkişaf üçün
əsas şərtdir
Prezident İlham
Əliyev: Dünya terrorçuluğa
qarşı mübarizədə, beynəlxalq hüququn
və ədalətin müdafiəsində bir
yerdə olmalıdır
Xəbər verildiyi kimi, oktyabrın 28-30-da Bakıda keçirilən və dünyanın 80-dən çox ölkəsindən 700-dən artıq nümayəndənin qatıldığı Gənclər siyasəti üzrə birinci qlobal forumda beynəlxalq miqyasda aktuallığı ilə diqqəti cəlb edən bir sıra məsələlər müzakirə olunub. Şübhə yoxdur ki, yüksək səviyyədə keçən Bakı forumu beynəlxalq miqyasda gənclər siyasətinə yeni yanaşmanın formalaşmasında, gənclərin üzləşdikləri problemlərin aradan qaldırılmasında, eləcə də ölkələr arasında gənclər siyasətinin uzlaşdırılmasında və qarşılıqlı təcrübə mübadiləsində mühüm mərhələ olacaq.
O da sirr deyil ki, hazırda dünyada sabitlik və təhlükəsizlik kimi məsələlər də ciddi önəm kəsb edir. Bir sıra hallarda regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişafa və rifaha yönəltmələrinin qarşısını alır. Dünyanın bu və ya digər regionunda yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən isə gənclər daha artıq dərəcədə əziyyət çəkirlər. Onlar böyük məhrumiyyətlərlə üzləşir, öz gələcəklərini qura bilmir, təhsildən, qlobal miqyasda gedən tərəqqiyə, müsbət dəyişikliklərə inteqrasiyadan kənarda qalırlar. Bu mənada Prezident İlham Əliyevin Gənclər siyasəti üzrə birinci qlobal forumda ifadə etdiyi aşağıdakı fikir xüsusi aktuallıq kəsb edir: “Eyni zamanda, hər bir ölkə öz hüdudlarından kənarda da təhlükəsizlik və sabitlikdə maraqlı olmalıdır. Axı siz ayrıca adada yaşamırsınız, sizin qonşularınız var. Ona görə biz öz sərhədlərimizdən kənarda, o cümlədən daxildə - Azərbaycanda proqnozlaşdırılan və sabit vəziyyətin olmasında maraqlıyıq. Biz regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə bu cür yanaşırıq”.
Azərbaycan Ermənistanın həyata keçirdiyi təcavüzkar separatizm siyasətindən əziyyət çəkən ölkədir
Azərbaycan ötən əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərindən etibarən Ermənistanın dövlət səviyyəsində dəstəklənən işğalçılıq siyasətinə məruz qalıb. Bu işğalçılıq siyasəti nəticəsində tarixi Azərbaycan ərazilərinin 20 faizi erməni silahlı birləşmələrinin nəzarəti altına keçib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı Dağlıq Qarabağdakı və ona bitişik 7 rayondakı ev-eşiklərindən didərgin salınıb. Ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində 100-ü qadın, 60-ı uşaq olmaqla 600 nəfər dinc sakin bir gecənin içində həyatını itirib. Prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumdakı çıxışında Ermənistanın təcavüzkar, separatizm siyasətindən əziyyət çəkən insanların əksər hissəsinin gənclər olduğunu bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu siyasət həm də beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir: “Bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükədir”.
Ədalət və beynəlxalq hüquq hər bir ölkənin prioriteti olarsa, yer üzündə gərginlik, toqquşma, müharibələr, qan tökülməsi daha az olar
Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında ayrı-ayrı ölkələrin terror, müharibə təhlükələri ilə üzləşdiyi, xalqların və müxtəlif konfessiyaların milli, irqi, dini dözümsüzlüyün acı fəsadlarını öz talelərində hiss etdikləri indiki dönəmdə beynəlxalq birliyin səylərini birləşdirməsi çox vacibdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Forumdakı çıxışında dünya birliyinə çağırış edib: “Əfsuslar olsun ki, bizi, yəni, Azərbaycanı əhatə edən regionlarda - Orta Şərqdə, Avropada və dünyanın digər bölgələrində çox mürəkkəb hadisələrin və bəzən onların çox faciəli nəticələrinin şahidi oluruq. Bu səbəbdən dünya terrorçuluğa qarşı mübarizədə, beynəlxalq hüququn və ədalətin müdafiəsində bir yerdə olmalıdır”.
Dünya ölkələri eyni beynəlxalq birliyin üzvləri olduqları kimi, beynəlxalq hüquq da onların hamısına qarşı eyni dərəcədə şamil edilməlidir. Prezident İlham Əliyevin forumdakı çıxışında vurğuladığı kimi beynəlxalq hüquq ayrı-ayrı tərəflər üçün deyil, hamı üçün işləməlidir: “Ədalət hamı üçün olmalıdır. Çünki bizim hamımız beynəlxalq birliyin üzvləriyik. Beynəlxalq birliyin bütün ölkələri bərabər hüquqlara, eyni öhdəliklərə malikdirlər. Onların hamısına hörmət və ehtiramla yanaşmaq lazımdır. Belə olan halda dünya daha yaxşı proqnozlaşdırıla bilər”.
Azərbaycanın dövlət başçısı forumdakı çıxışında əminliyini ifadə edərək bildirib ki, əgər ədalət və beynəlxalq hüquq hər bir ölkənin prioriteti olarsa, yer üzündə gərginlik, toqquşma, müharibələr və qan tökülməsi daha az olar. Təəssüf doğuran haldır ki, dünyanın müxtəlif regionlarında alovlanan münaqişələrə yanaşmalarda eyni prinsiplər, eyni yanaşmalar tətbiq olunmur, bir sıra hallarda ikili standartlar əsas götürülür. Azərbaycan belə ikili standartlardan yanaşmanı üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə öz üzərində hiss edir.
Bununla belə, Azərbaycan gec-tez Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə və ölkənin ərazi bütövlüyünün təmin olunmasına nail olacaq. Prezident İlham Əliyev forumdakı çıxışında buna əminliyini bir daha ifadə edib: “Biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq. Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş digər ərazilərə qayıdacağıq”.
Azərbaycan regional və qlobal miqyasda təhlükəsizliyin və sabitliyin təmin olunmasına dəyərli töhfələr verir
Onu da qeyd edək ki, hazırda regionda sabitləşdirici və sülh tərəfdarı olan ölkə kimi çıxış edən Azərbaycan, eyni zamanda, iqtisadi təşəbbüslərin irəli sürülməsində və reallaşdırılmasında, enerji və daşımalar sahəsində birgə əməkdaşlıqda böyük uğurlar qazanıb. Prezident İlham Əliyev forumdakı çıxışında bu sahədə Azərbaycanın siyasətini bir daha nəzərə çatdırıb: “Siyasətimiz çox aydındır. Bu, regional əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə milli maraqlara, o cümlədən, iqtisadi maraqlara, təhlükəsizliyə və sabitliyə doğru yönələn siyasətdir”.
Bu gün dünyada sivilizasiyalar və konfessiyalararası təhdidlər də böyük narahatlıq doğurur. Beynəlxalq miqyasda irqçilik, insanlar arasında milli, dini mənsubiyyətinə görə fərq qoymaq meyilləri artıb. Lakin bütün bunların fonunda respublikamızdakı tolerantlıq dünyaya nümunə ola bilər. Azərbaycan dünyanın elə nadir məkanlarındandır ki, burada sivilizasiyalararası dialoqa sanballı töhfələr verilir, multikulturalizm, dini və milli müxtəliflik ölkənin ən üstün dəyərlərindən biri kimi təbliğ olunur. Bakının mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar forumlara ev sahibliyi etməsi bunu bir daha təsdiqləyir.
Azərbaycanın regional və qlobal təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Cəmi 20 illik müstəqillik tarixinə malik olan Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dünya birliyi tərəfindən respublikamızın qlobal miqyaslı məsələlərdə tutduğu ədalətli mövqeyə verilən qiymətin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan ardıcıl surətdə həyata keçirdiyi siyasətlə beynəlxalq birliyin etimadını qazanıb. Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın beynəlxalq birliyin etimadını qazanmasından məmnunluğunu ifadə etməklə yanaşı, həm də diqqəti ölkəmizin dünya miqyasında nüfuzunun artmasının səbəblərinə yönəldib: “Bu, yalnız bizim fəal diplomatiyamızın və beynəlxalq səviyyədə səylərimizin sayəsində deyil, o cümlədən Azərbaycanın artıq etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq problemlərə gəldikdə, öz mövqeyi ilə seçilən ölkə kimi tanınması nəticəsində mümkün oldu”.
Yeri gəlmişkən, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərdiyi müddətdə də regional və qlobal təhlükəsizliyə töhfə verməklə bağlı öz prinsipial mövqeyinə sadiq qaldı. Prezident İlham Əliyevin forumdakı çıxışında vurğuladığı kimi: “Biz Təhlükəsizlik Şurasının üzvü olduğumuz iki il ərzində öncədən bəyan etdiyimiz kimi, ədaləti və beynəlxalq hüququ müdafiə etdik”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 1 noyabr S. 2.