Azərbaycan BMT-də
fəal təmsil olunur
BMT Baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi ölkəmizə səfər edib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasseri, BMT Baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavini, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviçi və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib. BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğulayıb və Baş katibin forum iştirakçılarına videomüraciətinin önəmini qeyd edib.
Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu deyib.
BMT Baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi də öz növbəsində tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğulayıb. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd edib. Ahmad Rafi Mohamad Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. BMT-nin Baş katibi Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmin ifadəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini deyib, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Bu məqamda qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) öz təsir imkanları və qərarların icrası baxımından müasir dünyamızda ən önəmli təşkilatlardan biridir. Dünyanın 192 dövlətini öz sıralarında birləşdirən BMT sülhün və təhlükəsizliyin qorunması ilə yanaşı, terrorizmə və cinayətkarlığa qarşı mübarizə, ətraf mühitin qorunması, demoqrafik vəziyyət, narkotik maddələrin dövriyyəsinin aradan qaldırılması, regional münaqişələrin dayandırılması, yoxsulluğun azaldılması, insan haqları, nüvə silahlarının yayılmasının qarşısını almaq, xalqlar arasında mədəni əlaqələrin genişlənməsi, tarixi-mədəni irsin qorunması və sair bu kimi çox mühüm əhəmiyyət kəsb edən məsələlərlə məşğul olur. Dünyanın siyasi mərkəzi sayılan BMT, ona bağlı olan 30-dan yuxarı qurum vasitəsilə qarşıya qoyulan vəzifələri həyata keçirir. Yarandığı vaxtdan, BMT bir çox sahələrdə uğur qazanıb.
O da məlumdur ki, beynəlxalq hüququn tamhüquqlu subyekti olan Azərbaycan Respublikası 1992-ci il mart ayının 2-də Birləşmiş Millətlər Təşkilatının üzvü statusu almışdır. Lakin ilk vaxtlar müstəqil xarici siyasət strategiyasına malik olmayan Azərbaycan BMT-də rasional surətdə təmsil oluna bilmədi. Beləliklə, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan çoxvektorlu, rasional və praqmatik xarici siyasət kursu həyata keçirməyə, bunun da sayəsində ölkəmiz beynəlxalq təşkilatlarda, xüsusilə də Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olunmağa başladı. Sistemli, ardıcıl və praqmatik xarici siyasət kursu Azərbaycan-BMT münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olmasını şərtləndirdi. Bundan sonra isə Azərbaycan mövcud münasibətlər çərçivəsində BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə qarşı Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin yerinə yetirilməsi üçün effektiv tədbirlərin görülməsini xahiş etdi. Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti bu müraciətlərə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi - 1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bütün bunların fonunda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tribunasından münaqişənin həlli istiqamətində istifadə etmək uğrunda səylərini davam etdirdi. Beləliklə, həmin tarixi dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verildi. Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından Ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı isə xüsusilə əhəmiyyətli rol oynadı. Bu, müstəqil Azərbaycanın dövlət başçısının BMT tribunasında ilk çıxışı idi. Ulu öndər Heydər Əliyev proqram xarakterli həmin nitqində bir sıra məsələlərə toxunmuş, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edərək bildirmişdi: “Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldırmaq, uzunmüddətli sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sabit və əməli danışıq prosesi aparmaq olar”.
Birmənalı şəkildə qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının tribunasından səsləndirdiyi bu fikirlər Ermənistanın işğalçı əməllərinin əsl mahiyyətinin ifşa edilməsi baxımından atılan mühüm addımlardan biri idi. İlk dəfə olaraq beynəlxalq aləmin ən nüfuzlu təşkilatının kürsüsündən Dağlıq Qarabağ münaqişəsi, həmçinin, Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında tutarlı faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. Bundan sonra dünyanın nəzəri bu bölgədə cərəyan edən hadisələrə yönəldi və problemlərin həlli yönündə addımlar atılmağa başlandı.
Eyni zamanda, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə də Azərbaycan Birləşmiş Millətlər Təşkilatında uğurla təmsil olundu və ölkəmizin təşkilat daxilindəki ikitərəfli, çoxtərəfli münasibətləri dinamik inkişaf tendensiyasına malik oldu. Həmçinin, ölkəmiz BMT müstəvisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yönündə aktiv səylərini davam etdirdi. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən Prezident İlham Əliyev iştirak etdiyi BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında da bu münasibətlərə yüksək qiymət verdi. Belə ki, həmin çıxışında Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində Birləşmiş Millətlər Təşkilatının rolunun artırılması məsələsindən danışarkən qeyd etmişdir: “Ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir”.
Sözügedən çıxışında Prezident İlham Əliyev xüsusilə vurğulamışdı ki, Azərbaycan dünyada sülhün qorunması istiqamətində səylərini daim davam etdirəcəkdir: “Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun Nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik”.
Bundan başqa, Baş Assambleyanın 65-ci sessiyasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı həm BMT-nin fəaliyyətini qiymətləndirib, həm də Azərbaycanın bu mötəbər təşkilatdan gözləntilərini ifadə edib. Ölkəmizin dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunu tanıdığını bir daha bəyan edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hesab edir ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır. Dövlət başçısı, həmçinin, qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir.
Məhz Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatında uğurla
təmsil olunmasının, uğurlu ikitərəfli
və çoxtərəfli münasibətlər formalaşdırmasının
məntiqi nəticəsidir ki, ölkəmiz
2011-ci il oktyabr
ayının 24-də BMT Baş Məclisinin
plenar iclasında gizli səsvermənin nəticələrinə
əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasında təmsil edən yeni qeyri-daimi (müvəqqəti) üzv
seçilib. 2012-ci il yanvar ayının 1-də isə Azərbaycan
Respublikası Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına
başlayıb. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik
Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın
təşəbbüsü ilə “Terror
aktlarının beynəlxalq sülh və
təhlükəsizliyə yaratdığı təhdidlər”
mövzusunda müzakirələr
aparılıb. Prezident İlham
Əliyev Öz
çıxışında Ermənistanın ölkəmizə
qarşı yönəlmiş terrorçu
siyasətini ifşa edib
və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya
ictimaiyyətinə çatdırıb.
Nardar Bayramlı
Yeni Azərbaycan.-2014.- 31 oktyabr.- S. 8.