Azərbaycan BMT-də fəal
təmsil olunur
Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT Təhlükəsizlik Şurasında dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edildi və səmərəli müzakirələr qeydə alındı. Dolayısı ilə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirdi. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan qlobal taleyüklü məsələlərin həllində aktiv iştirak edir.
Sadalananları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunması ölkəmizin təşkilat çərçivəsində təmaslarını və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırıb ki, bu da respublikamızın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişini təmin edən mühüm amil kimi çıxış edib. Ümumiyyətlə, bu təmsilçiliyin mahiyyətinə, əsaslarına və gətirəcəyi səlahiyyətlər və dividendlərə daha dəqiq bələd olmaq üçün bir-birilə sistematik surətdə bağlı olan bir neçə məsələyə toxunmaq məqsədəmüvafiqdir.
Öncə qeyd edilməlidir ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil etməsi təsadüfi xarakter daşımayıb. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də, beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış edib.
Son illərdə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan, respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə meydana çıxa biləcək təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.
Azərbaycanın BMT çərçivəsində aktiv fəaliyyətini təsdiq edən daha bir fakt isə bu günlərdə keçirilən BMT Baş Məclisinin 69-cu sessiyasında ölkəmizin uğurla təmsil olunmasıdır.
Xatırladaq ki, sessiya çərçivəsində ölkəmizlə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər bu mötəbər tribunadan dünya ictimaiyyətinə növbəti dəfə bəyan olunub, Azərbaycanın əldə etdiyi nailiyyətlər müxtəlif iclas və görüşlərdə yüksək qiymətləndirilib. Sessiyanın ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, son on il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3,4 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Mükəmməl yüksək iqtisadi artım göstəriciləri mövcud resursların düşünülmüş formada istifadəsi və sosial əsaslı bazar iqtisadiyyatına sürətli keçid əsasında baş verib. Yoxsulluğun səviyyəsi 2004-cü ildə 49 faizdən 2014-cü ildə 5,3 faizə düşüb. Eyni dövrdə işsizliyin səviyyəsi 10,6 faizdən 5 faizə düşüb.
Hökumət tərəfindən idarəetmənin təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin və ictimai xidmətlərə asanlaşdırılmış çıxışın təmin olunması, bərabərhüquqlu və hamını əhatə edən təhsil, gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sərfəli enerjiyə çıxışın təmin edilməsi və ətraf mühitin mühafizəsi kimi sahələrdə irimiqyaslı proqramlar həyata keçirilir.
Nazir qeyd edib ki, milli səviyyədə sürətli inkişaf Azərbaycana inkişaf edən donor statusunda rəsmi olaraq inkişafa yardım etmək imkanı verib. Son illərdə ölkəmiz yeni təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə inkişaf etməkdə olan dövlətlərin humanitar və sosial-iqtisadi problemlərinin həllində iştirakını davam etdirir. Beynəlxalq inkişafa yardım fəaliyyəti ictimaiyyətimiz tərəfindən də geniş dəstəklənir. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxsaylı sosial, humanitar və inkişaf layihələri həyata keçirib. Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi də doğruldub. Bu günlərdə ölkəmizdə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Bu 50 milyard dollarlıq layihə çərçivəsində Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri sisteminin tikintisi nəzərdə tutulub. Bu xətlər Azərbaycanda tamamilə yeni mənbədən qazın Avropaya çatdırılmasına imkan verəcək. Azərbaycanın təşəbbüsü olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi region ölkələrini informasiya-kommunikasiya xidmətləri ilə təmin edəcək, internetə çıxışı sadələşdirəcək. Bu layihə, həmçinin, region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və “e-info” sistemləri ilə təmin edəcək. Davamlı inkişafın önəmli mexanizmi kimi nəqliyyatın kəsb etdiyi dəyəri qiymətləndirərək, Azərbaycan müvəffəqiyyətlə bir neçə regional infrastruktur layihələrini həyata keçirməyə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən vacib xətdir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bildirib ki, çağdaş dövrdə dünyanın üzləşdiyi hədə və təhdidlərin fonunda müxtəlif mədəniyyətlərin başlıca dəyərlərinin təşviqi, fərqli icmalar arasında anlaşmanın artırılması və qarşılıqlı hörmətin həvəsləndirilməsinin davamlı şəkildə vurğulanması çox vacibdir. Asiya və Avropa kimi iki böyük qitənin ortasında yerləşən Azərbaycan Şərq və Qərbin görüşdüyü, dünyanın əsas dinlərinin sülh şəraitində yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin ahəngli formada bir-birini tamamladığı nadir məkandır. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan sivilizasiyalararası dialoq və müxtəlif dinlər, əqidə və mədəniyyətlər arasında anlaşmanın təşviq olunması üçün çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Nazir deyib ki, zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır. Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər. 20 ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirilib və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən, zor tətbiq edərək ərazi əldə olunmasının qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul olunub. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul ediblər.
Təəssüf ki, Ermənistan tərəfindən yuxarıda qeyd olunan bu qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir. Ermənistan tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qalması nəticəsində cəbhə xətti yaxınlığında yaşayan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulub, onların bəziləri hətta öldürülüb. Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha fəal mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir.
Nazir vurğulayıb ki, Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxışında faktları və sülh prosesini saxtalaşdıraraq, beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul olunmuş sənədləri təhrif edərək BMT Baş Məclisini aldatmağa çalışdı. Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə edərək ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərinin zor tətbiq etməklə ilhaq olunması faktını ört-basdır etməyə çalışır. Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş öz müqəddəratını təyinetmə ilə heç bir əlaqəsi yoxdur. Əslində, öz müqəddəratını təyinetmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 1 noyabr.- S. 8.