Bakı dünyanın idman mərkəzlərindən biridir

 

Baku World Challengeavtomobil yarışları ölkəmizin idman nüfuzunu artıran növbəti idman uğurudur

 

Bir-birinin ardınca nüfuzlu beynəlxalq humanitar, iqtisadi, siyasi, mədəni, idman tədbirlərinin, müsabiqələrinin keçirildiyi Azərbaycan Avropa dünya səviyyəsində maraq cəlb edən ölkədir. Məlumdur ki, qlobal informasiya məkanının formalaşması ilə əlaqədar bu gün dünyada ayrı-ayrı ölkələrdə baş verən mühüm hadisələr onları bir anda gündəmin bir parçasına çevirir. Təəssüfləndirici haldır ki, bu gün bir sıra dövlətlər əsasən daxili münaqişələr, vətəndaş müharibələri, siyasi qeyri-sabitlik, terrorizm, xəstəliklər, iqtisadi böhran və digər problemlərlə əlaqədar beynəlxalq diqqət mərkəzinə gəlməkdədir. Azərbaycan isə dünyada, o cümlədən müsəlman aləmində azsaylı ölkələrdən biridir ki, ölkəmiz barəsində yayılan xəbərlər əsasən dünyanı maraqlandıran müsbət və əlamətdar hadisələrlə əlaqədar olur. Təkcə builki tədbirlərin bir qisminə nəzər salsaq, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması, ATƏT Parlament Assambleyasının 23-cü plenar sessiyasının iclasının Bakıda keçirilməsi, Bədii Gimnastika üzrə Avropa Çempionatı, VI Qəbələ Beynəlxalq Musiqi Festivalı, IV Bakı Beynəlxalq Humanitar Forumun gerçəkləşməsi kimi hadisələri qeyd edə bilərik.

AZƏRBAYCANDA KEÇİRİLƏN BEYNƏLXALQ İDMAN yarışları ÖLKƏMİZƏ MARAĞI daha da ARTIRIR

Demək olar ki, hər il müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edən Azərbaycan yaxın gələcəkdə keçiriləcək nüfuzlu beynəlxalq müsabiqələri də nəzərə alsaq, həm də özünü mühüm idman mərkəzi kimi tanıdıb. Bunun təsdiqi olaraq bu günlərdə başa çatanBaku World Challengeavtomobil yarışlarının final mərhələsini də göstərmək olar. 15 beynəlxalq komandanın 30 avtomobillə mübarizə apardığı yarış dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş etdirilib.

Göründüyü kimi, avtoralliyə beynəlxalq səviyyədə böyük maraq göstərilib. Bu isə Azərbaycanın idman nüfuzunun daha da artması deməkdir. Bu cür müsabiqələrin keçirilməsi ölkənin idman şöhrətini artırmaqla yanaşı, iqtisadiyyata əlavə investisiyalar cəlb edir, turizm potensialını artırır. Üstəlik, bu cür müsabiqələrə hazırlıq həm də, çoxtəyinatlı infrastrukturun formalaşdırılması deməkdir. Məsələn, “Baku World Challengeavtomobil yarışları Xəzər dənizi boyunca uzanan və Dövlət Bayrağı Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik dairə üzrə keçirilib. Deməli, ən müasir tələblərə uyğun təmir olunan yollar həm beynəlxalq avtomobil yarışlarının keçirilməsi, həm də gündəlik istifadə baxımından öz funksiyasını yerinə yetirir. Çoxfunksionallıq özünü digər tikililərdə də göstərir. Məsələn, “Eurovision-2012” müsabiqəsinin keçirilməsi üçün tikilən Kristal Zal müsabiqədən sonra da konsertlər və digər bədii tədbirlərin gerçəkləşdiyi möhtəşəm arena kimi istifadə olunmaqdadır. Eynilə, indiyədək tikilən və tikilməkdə olan nəhəng idman kompleksləri də nəzərdə tutulan müsabiqələrin keçirilməsi ilə yanaşı, uzun illər müxtəlif ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin, turnirlərin əsas məkanları olacaqdır.

BAKI GƏLƏCƏK İDMAN TURNİRLƏRİNƏ HAZIRLAŞIR

2015-ci ilin 12-28 iyun tarixləri arasında Bakıda baş tutacaq Avropa Oyunlarının yaxınlaşdığı bir vaxtda bu mötəbər müsabiqəyə hazırlıq işləri də yüksək səviyyədə, sürətlə davam etdirilir. I Avropa Oyunlarına daxil edilən idman növlərinin sayının artaraq 20-yə çatması bu müsabiqəni demək olar ki, miqyasına görə Yay Olimpiya Oyunlarına bərabər səviyyəyə çatdırıb. Əlamətdar haldır ki, 11 idman növü üzrə yarışlarda qalib gələn idmançılara Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya oyunlarında iştirak lisenziyaları veriləcək. İdmançıların ümumi sayı 6000-dən çox olacaqdır ki, bu rəqəm son Qış Olimpiya Oyunları iştirakçılarının sayından 2 dəfə çoxdur.

Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Oyunlara hazırlıq prosesinin gedişatı da Azərbaycanın bu etimadı doğruldacağını deməyə əsas verir. Belə ki, I Avropa Oyunlarına hazırlıq çərçivəsində Avropa Olimpiya Komitəsi tərəfindən təsis edilmiş Koordinasiya Komissiyasının Bakı şəhərində 2 iclası keçirilib, təqdim olunan hesabatlarda yüksək səviyyədə hazırlıq qeyd edilib. Hazırda “Bakı-2015” Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini azərbaycanlı mütəxəssislər və gənclər təşkil edir. Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc Əməliyyat Komitəsində işlə təmin edilib. Ümumilikdə, Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışır. Aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilib. Bu istiqamətdə işlər davam etdirilirbu səbəbdən də oyunları yayımlayacaq ölkələrin sayının bir qədər də artacağı gözlənilir. Bunlarla yanaşı, Avropa Oyunları Təşkilat Komitəsinin təşkilatçılığı ilə Avropanın bir sıra böyük şəhərlərində və paytaxtlarında Avropa Oyunlarının təqdimatları uğurla keçirilməkdədir.

Avropa Oyunlarına hazırlıq işləri həm də, 2016-cı ildə Bakıda keçiriləcək “Formula 1” Qran-pri yarışlarına hazırlığın bir hissəsinin görülməsi deməkdir. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun mətbuat konfranslarından birində söylədiyi kimi, Qran-pri yarışlarında birinci Avropa Oyunları üçün yaradılan infrastrukturdan istifadə ediləcək və Azadlıq meydanında müvəqqəti qurğular hazırlanacaq.

Digər tərəfdən, “Baku World Challengeavtomobil yarışlarının uğurla başa çatması ölkəmizin “Formula 1” Qran-prisinə hazırlığının da yüksək səviyyədə olacağını deməyə əsas verir.

Formula 1” Qran-prisindən sonra, yəni 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, İslam Konfransı Təşkilatının elit idmançılarından ibarət çoxmillətli və çoxsaylı idman növlərini özündə cəmləşdirən idman tədbiridir. 57 müsəlman ölkəsini əhatə edən İslam Həmrəylik Oyunları Federasiyasının yönləndirdiyi müsabiqə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, İslam dəyərlərinə uyğun olaraq dinlər və irqlər arasında ayrı-seçkiliyə yol verilməməsi prinsipinin təbliği, üzv ölkələrin gənclərinin bir-birilə əlaqələrinin və qardaşlığının gücləndirilməsi, üzv ölkələr arasında idman sahələrində əməkdaşlığın dəstəklənməsi, idman vasitəsilə sülh dəyərlərinin bütün dünyada təbliği və digər bu kimi universal məqsədlərə xidmət edir. Şübhəsiz, belə bir idman tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal dialoqa, əməkdaşlığa daha bir töhfəsi olacaqdır. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın iki il içərisində həm Avropa miqyaslı, həm də müsəlman aləmi səviyyəsində müsabiqəyə ev sahibliyi etməsi ölkəmizin sivilizasiyalararası dialoqda nə qədər mühüm, hətta mərkəzi rola sahib olduğunu göstərir. Qeyd edək ki, Avropa Oyunlarına hazırlıq çərçivəsində tikilən idman kompleksləri, yenilənən infrastruktur İslam Həmrəylik Oyunlarına hazırlığın da önəmli hissəsini təşkil edir.

Azərbaycanın gələcəkdə ev sahibliyi edəcəyi növbəti möhtəşəm idman müsabiqələrindən biri də “Avro-2020”nin bir sıra oyunları olacaq. Məlumdur ki, UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək və paytaxtımız “Avro-2020”nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 şəhərdən biri olacaq. Bu oyunlara hazırlıq da ölkəmiz üçün prinsipial əhəmiyyət daşıyır. Çünki Avropa Çempionatı FİFA-nın Dünya kubokundan sonra ikinci ən nüfuzlu futbol turniridir. “Avro-2020”ni əlamətdar edən cəhətlərdən birionun sayca 15-ci çempionat olması və həmin il turnirin təməlinin qoyulmasının 60 illiyinin tamam olmasıdır. Bu səbəbdən də, budəfəki çempionata daha böyük beynəlxalq marağın olacağı gözlənilir.

Təbii ki, belə bir məsuliyyətli turnirin ev sahibləri seçilərkən şəhərdəki idman infrastrukturunun səviyyəsi, texniki-təşkilati imkanlar, beynəlxalq idman müsabiqələrinin keçirilməsi təcrübəsi, idmançıların və qonaqların rahatlığının təmin olunması üçün tələb olunan sosial infrastrukturun səviyyəsi, həmçinin, ölkənin futbol ənənələrinin olması da nəzərə alınır. Hazırda Bakıda möhtəşəm Olimpiya Stadionu inşa olunur. Təməli 2011-ci ildə qoyulan stadionun tamaşaçı tutumu 68 min nəfərdir. Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin çox hissəsi həyata keçirilib. Yeni obyektdə bütün işlərin 2015-ci ilin fevral ayında tamamlanması nəzərdə tutulub. Bakı Olimpiya Stadionu “Avro-2020” oyunlarının keçiriləcəyi ən gözəl standionlardan biri olacaqdır.

Bütün bunlar onu göstərir ki, mötəbər beynəlxalq idman müsabiqələrinin keçirilməsi ilə bağlı Azərbaycana dünyada böyük etimad formalaşıb. Bu, şübhəsiz, ilk növbədə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, geniş maliyyə imkanları ilə bağlıdır. Digər bir mühüm faktor isə qeyd olunduğu kimi, Azərbaycanda idman infrastrukturunun yenilənməsi, dünya standartlarına cavab verən ən müasir idman komplekslərinin tikilməsi, onların müasir avadanlıqlar və texnika ilə təchiz edilməsi və ölkəmizin beynəlxalq müsabiqələrin təşkili baxımından da geniş təcrübəyə, yüksək təşkilatçılıq imkanlarına, işin peşəkarlıqla icrası potensialına malik olmasıdır.

AZƏRBAYCANDA MƏQSƏDYÖNLÜ İDMAN SİYASƏTİ HƏYATA KEÇİRİLİR

Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasına şərait yaradan işlərin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Doğrudur, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 1992-ci ildə yaradılsa da ilk illərdə bu qurumun fəaliyyəti nəzərə çarpmırdı, qurum ölkənin idman hərəkatına liderlik etmək iqtidarında deyildi. 1992-ci ildə Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da Azərbaycan müstəqil dövlət kimi təmsil oluna bilməmişdi. Ölkəmizin beş idmançısı MDB-nin birləşmiş komandasının tərkibində Olimpiya Oyunlarında iştirak etməli olmuşdu.

Lakin 1993-cü ildə Ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi idman sektorunda da əsaslı dönüş baş verdi. Azərbaycanda dağılmış idman infrastrukturu, demək olar ki, yox səviyyəsində olan Olimpiya hərəkatı məhz həmin dövrdən sonra dirçəlməyə başladı. Çox keçmədən, yəni, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. Bu tarixi hadisənin reallaşdırılmasında Ulu öndər Heydər Əliyevin böyük əməyi oldu. Ulu öndərin Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Belə ki, Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundubir gümüş medal qazanıldı. Sərbəst üsulla güləşən Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal Azərbaycan milli Olimpiya komandasının Olimpiya Oyunlarında qazandığı ilk medal idi.

Azərbaycan Olimpiya hərəkatının daha da genişlənməsində MOK-un 1997-ci ilin 31 iyulunda keçirilən növbəti Baş Məclisinin komitənin yeni idarə heyətini formalaşdırmasının böyük rolu oldu. Həmin iclasda cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bununla da Azərbaycan idmanında, Olimpiya hərəkatında yeni və möhtəşəm mərhələnin əsası qoyuldu.

Həmin vaxtdan etibarən mərhələ-mərhələ həyata keçirilən siyasət Azərbaycan idmanının tarixində şanlı səhifələrin yazılmasına səbəb olub. Prezident İlham Əliyevin istər dövlət başçısı, istərsə də MOK rəhbəri kimi gördüyü işlər Azərbaycanı, demək olar ki, Olimpiya ölkəsinə çevirib. Ötən dövrə nəzər saldıqda, Azərbaycanda idmanOlimpiya hərəkatının inkişafında da nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət başçısının MOK rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət nəticəsində ölkəmizdə idmançı ordusu, fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu yaradılıb. Bu gün Azərbaycada 30-dan çox müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. İdman bazaları demək olar ki, ölkənin bütün bölgələrini əhatə edir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqqe verərək deyib ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır.

İdmanın inkişafı üçün gözəl şəraitin yaradılmasının nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif idman növlərinə böyük axın müşahidə olunur. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq idman aləmində artıq öz layiqli yerini tutub və aparıcı idman ölkəsinə çevrilib. Bunu ötən dövr ərzində Olimpiya oyunlarında qazanılan uğurlar və idmançılarımızın əldə etdiyi medalların sayının artması da təsdiqləyir.

Olimpiada miqyasında sonuncu belə uğurlardan biri kimi ölkəmizdə “İdman ilielan olunan 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarını qeyd etmək olar. Məlum olduğu kimi, 53 lisenziya ilə 16 idman növündə təmsil olunan idmançılarımız London Olimpiadasında ölkəmiz üçün rekord sayda - 10 medal qazanmaqla Azərbaycanın dünya Olimpiya hərəkatındakı mövqeyini bir qədər də möhkəmləndiriblər.

Nəticə etibarilə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdədir. Bu səbəbdən də, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, 2012-ci ilin avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. Bu ilin iyul ayında isə yeniyetmələrin taekvando üzrə dünya çempionatı Bakıda - yeni tikilən Milli Gimnastika Arenasında keçirilib.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, yaxın illərdə ölkəmizdə keçiriləcək beynəlxalq idman yarışları Avropadünya idman tarixində dərin iz qoyacaq. Bir-birinin ardınca mötəbər turnirlərə uğurla ev sahibliyi edəcək Bakı isə dünyanın qabaqcıl idman mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirəcək.

 

Hülya MƏMMƏDLİ

 Yeni  Azərbaycan.-2014.- 4 noyabr.- S. 5.