Azərbaycanın su təhlükəsizliyi təmin edilir

 

Prezident İlham Əliyev: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir

 

Məlum olduğu kimi, son illərdə Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində paytaxt Bakıda bölgələrdə həyata keçirilən sosial məzmunlu infrastruktur layihələri içərisində ölkəmizin su təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş layihələr mühüm yer tutur. Təsadüfi deyil ki, respublikamızda büdcə gəlirlərinin xeyli hissəsi məhz bu sahəyə yönəldilir. Bundan başqa, Dövlət Neft Fondundan da bu layihələrin yerinə yetirilməsi üçün kifayət qədər irihəcmli maliyyə tranşları ayrılır. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə təsdiqlənən Bakı şəhərinin və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında su-kanalizasiya layihələri ilə bağlı konkret müddəalar öz əksini tapıb və sözügedən proqramlar çərçivəsində son 10 ildə paytaxtda və ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarla su-kanalizasiya layihələri reallaşdırılıb. Su-kanalizasiya layihələrinə, həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bundan başqa, 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyanın hazırlanması ölkə rəhbərliyinin respublikamızda su təchizatının daha da yaxşılaşdırılmasına verdiyi ciddi önəmin təzahürüdür. Prezident İlham Əliyev ölkənin su təchizatı ilə bağlı hədəfi belə müəyyənləşdirib: “Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin... Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır”.

XXI əsrdə hər bir ölkənin etibarlı su təchizatı strateji əhəmiyyət daşıyan məsələdir

Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Elə son dövrlərdə Yaxın Şərqdə, MDB məkanında və digər regionlarda baş verən geosiyasi kataklizmlərin həm də buya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Belə ki, getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa ölkələrə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.

Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Yayılan məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Bir sözlə, su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni, hər 17 saniyəyə bir uşaq ölümü düşür. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyətilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.

Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Ölkəmizin su təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb

Yeri gəlmişkən, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra ölkəmiz özünün etibarlı su təchizatı problemini həll etməyə nail olub. Lakin bu heç də arxayınlığa əsas vermir. Yəni, dövlət tərəfindən bu istiqamətdə müvafiq addımların atılması davam etdirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur-Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”.

Yuxarıda da qeyd etdiyimiz kimi, müstəqil Azərbaycanın etibarlı su təchizatı infrastrukturunun yaradılmasının əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Məlumdur ki, müstəqilliyin ilk illərində ölkəmizdə meliorasiyairriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Ulu öndər Heydər Əliyevin göstərişi ilə ilk xarici sərmayənin məhz bu sahəyə yönəldilməsi nəticəsində respublikanın su təchizatı sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına başlandı.

Ulu öndərin Azərbaycanın etibarlı su təchizatı infrastrukturunun yaradılması istiqamətində başladığı strateji əhəmiyyətli Prezident İlham Əliyevin səyləri ilə intensiv şəkildə davam etdirilir. Belə ki, 2004-cü il sentyabrın 1-də dövlət başçısının yanında keçirilən müşavirədə Azərbaycanın su təchizatı, içməli suya olan tələbatı, eləcə də meliorativ layihələrin inkişaf perspektivləri müzakirə edildiSamur-Abşeron suvarma sisteminin Dövlət Neft Fondunun vəsaiti ilə yenidən qurulması barədə qərar qəbul olundu. Sözügedən müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə irimiqyaslı su layihələrinin icrasına start verildi. 2006-cı ildə İslam İnkişaf Bankının vəsaiti ilə inşa olunan Xanarx kanalının tikintisi tamamlandı. 2007-ci ildə Vəlvələçay-Taxtakörpü kanalına suyu gətirən 50 kilometrlik birinci hissənin yenidən qurulması başa çatdırıldı və sonra Vəlvələçay-Taxtakörpü kanalının inşasına başlanıldı.

Ötən il dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu layihələr tarixi layihələrdir. Bu layihələr bundan sonra əbədiyyətə qədər Azərbaycan xalqına, Azərbaycan dövlətinə xidmət göstərəcəkdir. Biz Azərbaycan xəritəsində yeni süni göllərin yaradılmasına nail ola bilmişik”.

Haqqında bəhs olunan su layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.

Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.

Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə reallaşdırılan böyük su layihələrindən biri də 2012-ci ildə dövlət başçısının iştirakı ilə təməli qoyulan Şirvan-Muğan qrup su kəməri layihəsidir. Layihə çərçivəsində Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcək.

Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli sukanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcək. Artıq layihə çərçivəsində ayrı-ayrı yaşayış məntəqəsinin su-kanalizasiya infrastrukturu yenidən qurulub.

Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan Şəmkirçay su anbarı da Azərbaycanın su təhlükəsizliyinin təmin olunmasına sanballı töhfə olacaq. Yeni layihənin reallaşdırılması sayəsində 75 min hektar torpaq sahəsinin su təminatı mümkün olacaq, həmçinin Gəncə və Şəmkir şəhərlərinin içməli su təminatı yaxşılaşacaq. Prezident İlham Əliyev Şəmkirçay su anbarının inşasını böyük infrastruktur layihəsi kimi xarakterizə edərək bildirib ki, bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaqdır.

Oğuz-Qəbələ-Bakı su kəmərinin sayəsində paytaxt əhalisinin 75 faizi fasiləsiz təmiz su ilə təmin olunacaq

Məlum olduğu kimi, son illərədək Bakı şəhərinin içməli su təchizatı heç də arzuedilən səviyyədə deyildi. Paytaxt sakinlərinin yalnız 40 faizi fasiləsiz su ilə təmin olunurdu. Şəhər əhalisinin təxminən 60 faizi isə içməli suyu məhdud cədvəl üzrə alırdı. Bundan başqa, əhaliyə verilən suyun tərkibi də arzuolunan səviyyədə deyildi. Bakının sürətlə böyüməsi, burada əhalinin sayının getdikcə artması da paytaxtın su təchizatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsini zərurətə çevirmişdi.

Məlum olduğu kimi, paytaxtımıza yeni mənbələrdən-Oğuz, Qəbələ rayonlarından su xətti çəkilməsi təşəbbüsünü xalqımızın Ümummilli lideri Heydər Əliyev irəli sürüb. Sonrakı illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı və bu əsasda maliyyə imkanlarının genişlənməsi Ulu öndərin arzularını reallaşdırmağa imkan verdi. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sosialyönümlü nəhəng infrastruktur layihəsi cəmi 3 il ərzində reallaşdırıldı. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyuldu.

Beləliklə, uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu sayda artezian quyusu qazılıb, yarımstansiya quraşdırılıb. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilib, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular quraşdırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün müasir infrastruktur quraşdırılıb.

Beləliklə, Prezident İlham Əliyevin böyük səyləri sayəsində tikintisi qısa müddətdə başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəmərinin 2010-cu ilin dekabrında dövlət başçısının xeyir-duası ilə istifadəyə verilməsi paytaxtımızın su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Məlumat üçün bildirək ki, layihə çərçivəsində nəzərdə tutulan bütün işlər başa çatdıqdan sonra paytaxt sakinlərinin təxminən 75 faizi fasiləsiz, Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən yüksəkkeyfiyyətli su ilə təmin olunacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində bildirib ki, Bakının su təchizatının yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək: “Biz bundan sonra da çalışmalıyıq ki, Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsinə nail olaq. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 5 noyabr S. 2.