Azərbaycan-Macarıstan
münasibətləri yeni mərhələyə
qədəm qoyur
İki ölkə arasındakı əlaqələrin daha da inkişafı üçün böyük potensial var
Hazırda regionun lider dövləti olan Azərbaycan Respublikası istər xarici dövlətlərlə, istərsə də beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Daha dəqiq desək, həyata keçirdiyi siyasət nəticəsində hər zaman beynəlxalq aləmin diqqət mərkəzində olan, Avropa məkanının enerji təhlükəsizliyinin təminatında mühüm rol alan Azərbaycan dövləti xarici siyasətdə ikitərəfli və bərabərhüquqlu əlaqələrə üstünlük verir. Yəni, qarşılıqlı milli maraqlar çərçivəsində bütün ölkələrlə (işğalçı Ermənistan istisna olmaqla) bərabərtərəfli münasibətlərin inkişafı dövlətimizin prioritetlərindəndir.
Belə ölkələrdən biri də Macarıstan Respublikasıdır. Vurğulamaq yerinə düşər ki, Macarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ildə yaradılıb. Bununla belə əlaqələrin müntəzəm və davamlı şəkil alması Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir. Azərbaycan Respublikasının Macarıstan Respublikasında səfirliyi 2004-cü ildə, Macarıstanın ölkəmizdəki səfirliyi isə 2009-cu ildə fəaliyyətə başlayıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, bir neçə gün öncə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğu qeyd edilib. İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olunub. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın ölkəmizdə səfərdə olan xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirib, Azərbaycan-Macarıstan əməkdaşlığının bir çox sahələri əhatə etdiyini vurğulayıb. Mehriban xanım Əliyeva iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi vurğulayıb. Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən danışan birinci xanım səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeşt şəhərində Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusu tikilir. “Azərbaycan-Macarıstan mətbəxi” kitabının çap olunduğunu deyən birinci xanım gələcəkdə də belə layihələrin sayının artırılmasının vacibliyini diqqətə çatdırıb və Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.
Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto ölkəmizin iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib. Nazir hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib, Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini bildirib.
Səfər çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında qonaq deyib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün böyük potensial var. O, yaxın vaxtlarda imzalanacaq sənədlərin müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. P.Siyarto bildirib ki, bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 18 faiz artıb. Bakıda Macarıstanın Ticarət Evi fəaliyyət göstərir. Bu yaxınlarda mədəni institutun da yaradılması planlaşdırılır. Nazir təhsil sahəsində əlaqələrə toxunaraq diqqətə çatdırıb ki, 200-ə yaxın azərbaycanlı tələbənin Macarıstan universitetlərində oxuması nəzərdə tutulur və bunun üçün müəyyən təqaüdlər də ayrılacaq.
P.Siyarto Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, Azərbaycanın enerji sahəsində vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov isə öz növbəsində macarıstanlı nazirlə görüşdə hər iki ölkə üçün maraq doğuran bir sıra məsələlər, xüsusilə ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi apardıqlarını söyləyib. O, P.Siyartoya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə də məlumat verdiyini bildirib.
Vurğulamaq lazımdır ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində, əlaqələrin möhkəmləndirilməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin də rolu əhəmiyyətlidir. Məlumat üçün bildirək ki, Azərbaycanın dövlət başçısı qismində Ulu öndər Heydər Əliyevin Macarıstana ilk səfəri 1994-cü ilin dekabrına təsadüf edir. Ümummilli liderimiz 1994-cü il 4-5 dekabr tarixlərində keçirilən ATƏT-in Zirvə Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edib. Bundan başqa, Prezident İlham Əliyev 2008-ci ilin fevralında Macarıstana ilk rəsmi dövlət səfərini edib. 2009-cu ilin yanvarında isə Prezident İlham Əliyevin bu ölkəyə NABUCCO Sammiti çərçivəsində işgüzar səfəri baş tutub. 2011-cu ilin noyabrında isə Macarıstan Prezidenti P.Şmit ölkəmizə rəsmi səfər edib. Bununla yanaşı, qarşılıqlı səfərlər hökumət başçıları çərçivəsində də reallaşıb.
Azərbaycan-Macarıstan əlaqələrindən danışarkən bildirmək yerinə düşər ki, iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum, o cümlədən, hərbi sahədə əməkdaşlıq haqqında Saziş, ədliyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu, fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş imzalanıb.
Bundan başqa, iki ölkə arasında mədəni sahələrdə də yüksək əlaqələr mövcuddur. Belə ki, noyabrın 3-də ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşüb. Peter Siyarton qonaqpərvərliyə görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Macarıstanı bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində möhkəm əlaqələr birləşdirir.
Görüş zamanı Əbülfəs Qarayev Azərbaycanda təşkil olunmuş beynəlxalq mədəniyyət tədbirlərindən - forumlardan, konfranslardan, festivallardan, sərgilərdən və başqa tədbirlərdən də bəhs edib. Ə.Qarayev xüsusi vurğulayıb ki, noyabrın 5-6-da Azərbaycanda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda dünyanın hər yerindən tanınmış teatr kollektivlərinin nümayəndələri, mütəxəssislər, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. P.Siyarton Macarıstan mədəniyyət müəssisələrinin fəaliyyəti barədə məlumat verib və əmin olduğunu bildirib ki, bu sahədə iki ölkə arasında əməkdaşlıq daha da genişlənəcəkdir.
Bir sözlə, ölkələr arasında mədəni əlaqələrin daha da yüksəldilməsi üçün mühüm potensial mövcuddur. Bu baxımdan Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan və noyabrın 3-də təqdimatı keçirilən “Azərbaycan-Macarıstan mətbəxi” kitabı da təqdirəlayiqdir. Kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığı qeyd olunub, bu il bu ölkədə əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu vurğulanıb.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Səfir deyib ki, Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilir. Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşdığını deyən diplomat vurğulayıb ki, bu sevgi onu ölkəmizə daha çox bağlayıb. “Azərbaycanda Macarıstanı yaxşı tanıyırlar”, - deyən səfir qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafı çoxsaylı yüksək səviyyəli səfərlərlə bağlıdır.
Diplomat bildirib ki, Azərbaycan-Macarıstan mətbəxi barədə ilk kitabı tərtib etmək onun üçün çətin olmayıb: “Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin, bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm”.
Səfir kitabın hazırlanmasında böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə deyib ki, ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var və bu, sevindirici haldır. Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib və vurğulayıb ki, yeni nəşri oxuyan hər bir kəs hər iki xalqı daha yaxından tanıyacaq və sevəcək.
Göründüyü kimi, tarixi köklərlə bir-birinə yaxın olan Azərbaycan və Macarıstan arasında bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün addımlar atılır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 5 noyabr.- S. 8.