“Əsrin müqaviləsi”: Azərbaycan neft strategiyasının təməl daşı” kitabı ölkəmizin və regionun inkişafında müstəsna rol oynayan nəhəng transmilli layihənin ən incə detallarını işıqlandırır

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının bugünkü hərtərəfli inkişaf nailiyyətlərində, regional liderə çevrilməsində, ölkənin beynəlxalq miqyasda nüfuz qazanmasında əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu neft strategiyasının uğurlarının rolu danılmazdır. Məhz bu düşünülmüş strategiyanın başlanğıc nöqtəsi və sütunu olan “Əsrin müqaviləsi”nə zəmin yaradan şərtlərin, müqavilənin hazırlanması prosesininonun nəticələrinin əhatəli öyrənilməsi Azərbaycanın neft strategiyasını və onun davamı olaraq geniş anlamda enerji siyasətinin təhlili, günümüzün tələbləri və gələcək dövrün perspektivləri baxımından qiymətləndirilməsi üçün olduqca əhəmiyyətlidir.

Bu baxımdan, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin 2014-cü ildə nəşr olunan “Əsrin müqaviləsi”: Azərbaycan neft strategiyasının təməl daşı” monoqrafiyasında bu aktual mövzu geniş rakursdan təhlil olunub. Kitabda bu tarixi müqavilənin imzalanmasını şərtləndirən faktorlar, Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında aparılan danışıqların mərhələləri və tərəflərin mövqelərinin uzlaşdırılması sahəsində meydana çıxan məsələlər geniş araşdırılır. Azərbaycanın bölgədəki müxtəlif geosiyasi maraqların balanslaşdırılması və öz milli maraqlarını, mənafelərini qorumaq üçün göstərdiyi səylər, həmçinin, müqavilənin əsas müddəaları sistemli şəkildə təhlil olunur.

Monoqrafiyada geniş diqqət yetirilən məsələlərdən biri də “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın neft-qaz sənayesinə kapital axınının güclənməsi prosesi və imzalanmış digər müqavilələrin iqtisadi-siyasi aspektləri, yeni texnologiyaların tətbiqi əsasında müasir infrastrukturun və şaxələndirilmiş neft ixracı sisteminin yaradılmasıdır. Eləcə də bu sahədə xarici təzyiqlərin və çətinliklərin dəf olunması ilə bağlı hökumətin siyasəti vahid elmi tədqiqat obyekti kimi hərtərəfli araşdırılır, görülən tədbirlərin ölkənin sosial-iqtisadi inkişafına və beynəlxalq mövqelərinə müsbət təsiri qiymətləndirilir.

Kitabın giriş hissəsində Azərbaycanın neft sənayesinin yaranması və inkişaf tarixinə nəzər salınır, neft sektorunun inkişafında xarici investorların ölkəmizə marağının rolu göstərilir. Şübhəsiz, Azərbaycanda neft sənayesinin inkişafı tarixinin öyrənilməsi XX əsrin 90-cı illərindən formalaşan milli neft strategiyasının başlıca cəhətlərinin daha dərindən dərk olunmasına və həlledici məqamlarda Azərbaycanın etdiyi seçimlərin strateji mənafeləri ilə uyğunluğunu müəyyənləşdirməyə kömək edir.

Monoqafiyada Azərbaycanın müstəqilliyinə qovuşduqdan sonra “Əsrin müqaviləsi”nin imzalanmasınadək olan dövrdəki ictimai-siyasi şərait, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri, ölkədəki sosial-iqtisadi tənəzzül göstəriciləri təsvir və təhlil olunur. Məhz belə bir çətin dövrdə xalqın tələbi ilə Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyevin bütün xarici təzyiqlərə və daxili çətinliklərə baxmayaraq, Azərbaycan xalqının zəngin sərvəti olanqara qızıl”ın istismarının məhz cəmiyyətin mənafeləri və dövlət maraqları naminə istifadəsinə yönəltməsi müstəqil, güclü dövlət quruculuğu yolunda çox böyük addım idi.

Monoqrafiyada əksini tapan materiallardan da göründüyü kimi, neft sazişinin Azərbaycanın maraqlarına cavab verən şərtlərlə imzalanması kifayət qədər güclü siyasi iradə, böyük intellektual məharət tələb edən mürəkkəb danışıqların, müzakirələrin nəticəsində mümkün olub. Kitabda göstərilir ki, “AXCP-Müsavat” hakimiyyəti dövründə, yəni 1993-cü ildə xarici şirkətlərlə birgə hazırlanan ilkin müqavilə layihəsinin şərtləri Azərbaycanın mənafeləri üçün heç də əlverişli deyildi. Bu isə Azərbaycanın öz təbii sərvətindən müstəqil milli dövlətçiliyinin inkişafı naminə maksimum yararlanması imkanının xeyli məhdudlaşdırılması demək idi.

Həmin ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu öndər bu prinsipial məsələyə böyük diqqət ayırdı. Təsadüfi deyil ki, Ulu öndər xarici neft şirkətlərinin ölkəmizin maraqlarına cavab verməyən təkliflərini dəfələrlə geri çevirib. Kitabda danışıqlar prosesi zamanı 1994-cü ilin martında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti təyin olunan İlham Əliyevin milli maraqları müdafiə edən aktiv fəaliyyətinə də yer ayrılıb. Beləliklə, müqavilə şərtlərində Azərbaycanın mənafelərinin layiqli şəkildə əksini tapması üçün böyük əzmlə və israrla çalışan Ümummilli lider Heydər Əliyev nəticədə məqsədinə nail olaraq müzakirələrdə iştirak edən tərəflərin maraqları ilə Azərbaycanın mənafelərinin uzlaşdırılmasına nail oldu. Bununla da, hazırlanan yekun müqavilə layihəsinin kommersiya şərtləri ölkəmiz üçün kifayət qədər sərfəli idi, belə ki, razılığa əsasən gəlirlərin 80 faizi Azərbaycana çatmalı idi. Digər tərəfdən, müqavilənin hazırlanması prosesində Azərbaycan nəinki öz iqtisadi, həm də siyasi maraqlarını qorumağı və beynəlxalq mövqelərini gücləndirməyi hədəfləmişdi. Müqavilədə ABŞ, Qərbi Avropa, habelə qonşu Rusiya və Türkiyə şirkətlərinin iştirak etməsi müəllif tərəfindən Xəzər hövzəsində cərəyan edən gərgin geosiyasi mübarizənin Azərbaycan tərəfindən tarazlaşdırılmasının təzahürü kimi qiymətləndirilir.

Beləliklə, 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında imzalanan nəhəng neft müqaviləsi gərgin müzakirələrin səmərəli yekunu olmaqla yanaşı, istər dünyada neftin hasilitranziti üzrə əməkdaşlıq sferasında, istərsə də, Azərbaycanın müasir tarixində böyük dönüş nöqtəsi oldu, keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Kitabda “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Xəzərdə neftin hasilatı üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi prosesi, bu çərçivədə “Bakı-Novorossiysk” kəmərinin bərpası, “Bakı-Supsa” və “Bakı-Tbilisi-Ceyhan” boru kəmərlərinin tikintisi, bu layihələrin iqtisadisiyasi əhəmiyyəti barədə geniş faktlar əsasında təhlillər aparılıb.

Həmçinin, “Əsrin müqaviləsi”nin müddəalarının və nəticələrinin təhlilindən aydın olur ki, bu sənəd Azərbaycanın öz geosiyasigeoiqtisadi rolunu milli maraqları çərçivəsində dəyərləndirməyi bacarmasının aydın göstəricisidir. Müqavilənin imzalanması ölkənin iqtisadi həyatında aparıcı yer tutan neft-qaz sənayesinin dirçəlişinə və davamlı inkişafına yeni perspektivlər açdı. Eyni zamanda, saziş neft sənayesi ilə bağlı olan digər sənaye sahələrinə, habelə infrastruktura investisiya qoyuluşuna güclü stimul verərək onların inkişafı üçün əlverişli zəmin yaratdı. Cəlb olunan investisiyaların sayəsində yenidən qurulan neft-qaz sənayesi Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiya olunmasına təkan verərək, bazar iqtisadi münasibətlərinə keçidi sürətləndirən mühüm təkan rolunu oynadı.

Azərbaycanın həyata keçirməyə başladığı neft strategiyasının təməl daşını qoyan “Əsrin müqaviləsi” ölkənin sosial, iqtisadi, siyasi həyatında ciddi dəyişikliklərə yol açması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik idi. “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan hökuməti taleyüklü iqtisadisiyasi qərarların qəbul edilməsinə qadir olduğunu nümayiş etdirdi və ölkədaxili siyasi sabitliyin möhkəmlənməsinə ciddi töhfə verdi. Bununla da ölkənin bütün potensialı yeni sosial-iqtisadi bazanın yaradılmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə istiqamətlənmiş quruculuq fəaliyyətinə yönəldildi. Ölkə iqtisadiyyatına irihəcmli investisiya axınına yol açan “Əsrin müqaviləsi” sosial rifahın yüksəlməsinə, yerlərinin artmasına, inkişaf prosesinin hər bir sahədə özünü büruzə verməsinə yol açdı.

Beləliklə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfələrindən biri olan “Əsrin müqaviləsi”ndən irəli gələn beynəlxalq enerji əməkdaşlığının Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməsinin və onun gətirdiyi faydaların qeyri-neft sektoruna yönləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan siyasi cəhətdən sabit, iqtisadi, hərbi cəhətdən güclü, dünyada öz sözünü deyən bir ölkəyə çevrilib. Sözügedən monoqrafiyada Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisəsi olan “Əsrin müqaviləsi”nin dərin məzmunlu təhlili isə Azərbaycanın bu uğur yolunun başlanğıcını qoyan nəhəng layihənin ən incə detallarını işıqlandıraraq, oxucuya mövzu barədə zəngin və qiymətli məlumatlar verir.

 

Hikmət Babaoğlu

Yeni  Azərbaycan.-2014.- 6 noyabr.- S. 5.