İstehsalın genişləndirilməsi, daxili tələbatın tam ödənilməsi və ixrac potensialının artırılması Azərbaycanın strateji hədəflərindəndir

 

Prezident İlham Əliyev: Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik

 

Hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələri sırasında qərar tutur. Ölkəmizin iqtisadi-maliyyə imkanlarının artması isə öz növbəsində respublikamızın qarşısında yeni inkişaf perspektivləri açıb. Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyinin təmin olunmasını, o cümlədən də artan maliyyə imkanlarından bəhrələnərək yerli istehsalı genişləndirməyi, əsas məhsullar üzrə daxili tələbatı məhz yerli istehsal hesabına təmin etməyi, eyni zamanda, ölkənin ixrac potensialını artırmağı strateji hədəf kimi qarşıya qoyub.

Ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycanın əsas hədəflərindən biridir

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır. Bu və digər faktlar bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir.

Ölkəmizdə də ərzaq təhlükəsizliyinə nail olunması dövlətin iqtisadi sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev ölkəmizdə əsas ərzaq məhsulları ilə təminatın daxili istehsal hesabına təmin olunmasını bir vəzifə kimi qarşıya qoyub: “Bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın”.

Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, eləcə də 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının uğurla reallaşdırılması, bölgələrdə genişmiqyaslı struktur layihələrinin yerinə yetirilməsi, fermerlərə ardıcıl şəkildə maliyyə və texniki dəstək göstərilməsi sayəsində ölkəmizdə ərzaq məhsullarının istehsalının artması və istehlakın daxili istehsal hesabına ödənilməsi sahəsində diqqətəlayiq uğurlar əldə olunub. Cari il yanvarın 16-da isə dövlət başçısı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

Son illərdə ölkəmizdə aqrar sektorun inkişafına dövlət dəstəyindən söhbət açarkən Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizinin kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilməsini xüsusi vurğulamaq gərəkdir. Bundan başqa, respublikamızda fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılıb.

Kənd təsərrüfatında çalışanların texnika ilə təchizatında “Aqrolizinq” ASC mühüm rol oynayır. 2014-cü ilin birinci yarısında ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə 68,5 milyon manat dəyərində 504 taxılyığan kombayn, 499 müxtəlif növ traktor, 355 kotan, 44 səpici aqreqat, 42 otbiçən, 30 çiləyici və tozlayıcı maşın, 22 ot dırmıqları, 15 gübrəsəpən maşın və 55 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb. Cari ildə “Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 62 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası çərçivəsində cari ildə 105 milyon manat vəsait sərf edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faizyaxud 3 milyon manat çoxdur.

Aqrar sektorun inkişafına və bu əsasda ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən birinin məhz kənd təsərrüfatı olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır”.

Davamlı dövlət dəstəyi aqrar sektorda istehsalın artması ilə nəticələnib

Respublikamızda yerli istehsalın, o cümlədən də böyük potensiala malik aqrar sektorun dövlət tərəfindən güclü şəkildə dəstəklənməsi öz növbəsində ölkədə əsas ərzaq məhsulları istehlakının yerli istehsal hesabına təmin olunması səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Bununla bağlı məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi proqramı da icra edilir. Son illərdə bu istiqamətdə böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır”.

Qeyd edək ki, respublikamızda ötən 10 ildə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib. Nəticədə, sənaye quşçuluğunun istehsal gücü 100 min tona, quş əti istehsalı 51 faiz artaraq 97 min tona çatdırılıb. Beləliklə, ölkəmizə quş əti idxalı 73 faiz azalıb. Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı artıb və respublikanın haqqında bəhs olunan məhsullarla özünütəminetmə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksininillik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal imkanları xeyli genişlənib. İndiyədək ölkədə kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəz və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksi yaradılıb. Respublikamızda yeni loqistik mərkəzlərin, anbarsaxlama komplekslərinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycan 125 ölkəyə 25 adda qeyri-neft məhsulu ixrac edir

Məlumdur ki, hazırda Azərbaycan dünyanın onlarca ölkəsinə neftneft məhsulları ixrac edir. Lakin ölkəmizin qeyri-neft sektorunda da geniş ixrac potensialı vardır. Prezident İlham Əliyev bu potensialdan səmərəli istifadə olunmasının zəruriliyinə diqqət çəkərək vurğulayıb: “Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülübdür. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik”.

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq yeni investisiya proqramları hazırlanarkən ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılır. Təkcə son illərdə qablaşdırma, saxlama, daşınma imkanlarının artırılması üzrə bir neçə layihələr həyata keçirilib, hazırda Aktau şəhərində logistik mərkəzin yaradılması layihəsi reallaşdırılır. Məqsədyönlü investisiya layihələri çərçivəsində yeni yaradılan müəssisələr hesabına 10 il ərzində ölkənin qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən, emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Hazırda Azərbaycan dünyanın təxminən 105 ölkəsinə 25 adda qeyri-neft məhsulu ixrac edir.

Azərbaycanın ixrac potensialının artmasını şərtləndirən mühüm amillərdən biri son illərdə ölkəmizdə modern, innovativ əsaslı sənaye quruculuğu siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü investisiya siyasəti sayəsində Azərbaycanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Son 10 il ərzində respublikamızda 500-dən çox sənaye müəssisəsi yaradılıb. Yeni yaradılan sənaye müəssisələri hesabına son illərdə Azərbaycandan yaxın uzaq xarici ölkələrə göndərilən qeyri-neft məhsullarının həcmi çeşidi artıb. Xarici bazarlarda ölkəmizin emal sənayesi məhsulları geniş rəqabət imkanları ilə seçilir.

Respublikamızda güclü müdafiə sənayesinin yaradılması sənaye quruculuğu siyasətində çox haqlı olaraq yeni mərhələ kimi səciyyələndirilir. Cəmi bir neçə il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb.

Əlbəttə, kənd təsərrüfatında olduğu kimi, sənaye istehsalı sahəsində əldə olunan uğurlar ölkəmizin zəngin potensialı maliyyə imkanları baxımından son hədd deyildir. Məsələn, inşaat materialları istehsalı sahəsində respublikamız çox geniş perspektivə malikdir. Yeni istifadəyə verilən müəssisələr hesabına daxili istehlakı təmin edən Azərbaycan yaxın gələcəkdə xarici bazara da sement digər inşaat malları çıxaracaq. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycanda kifayət qədər xammal da artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur inkişaf etdirilir. Burada da böyük potensial var”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 6 noyabr S. 2.