Tarixi saxtalaşdıranlara
layiqli cavab yaxud erməni yalanını ifşa edən qiymətli
əsər
Ermənistanın işğalçı siyasəti sayəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında yaranan münaqişə, əslində, Azərbaycan xalqının milli mücadiləsi və milli maraqlarının təmin olunması kimi səciyyələndirilə bilər. Olduqca aktual olan bu mövzuya toxunan akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı məqaləsinin son cümləsi hesab edirik ki, bizim yazımız üçün ən yaxşı epiqraf ola bilər. Akademik qeyd edir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər. Bu olduqca doğru fikir olmaqla bərabər, həm də tarixə obyektiv yanaşmaqla bağlı Azərbaycan və dünya tarixçilərinə bir çağırışdır.
Akademik Ramiz Mehdiyevin qeyd olunan əsəri erməni təbliğatına qarşı yazılmış ən obyektiv, ən məzmunlu və eyni zamanda, ən cəsarətli əsərlərdən biridir. Çünki əsərdə erməni şovinizminin, erməni xəstə təxəyyülünün iç üzü açılır və bu təxəyyülün miflərdən qaynaqlandığı izah olunur, yalançı miflərin erməni siyasi təfəkküründə yer tapması onların bədbəxtliyinin əsası kimi göstərilir. Hesab edirik ki, akademik Ramiz Mehdiyev həm tarixi kontekstdə, həm də sosial-psixoloji kontekstdə məsələni olduqca doğru qoyub.
Yalançı mifologiyaya söykənən xəstə ideologiyanın ifşası
Bildiyimiz kimi, mifologiya dövrü bəşəriyyətin “uşaqlıq dövrü”, yəni ibtidai təfəkkür, uydurmalar dövrü adlanır. Əksər hallarda mifologiyanın tarixlə, sosial gerçəkliklə əlaqəsi olmur və daha çox nəyin necə olduğunun deyil, nəyi necə görmək istənildiyinin təzahürü olur. Akademik Ramiz Mehdiyev də öz əsərində bu məsələləri dərin sosial-psixoloji və sosial-fəlsəfi kontekstdə izah edərək bu gün erməni siyasi təfəkkürünün yalançı ideologiyaya və yalançı mifologiyaya söykəndiyi üçün xəstə olduğunu təsbit edir. Bu, tamamilə doğru təhlil və doğru yanaşmadır. Hesab edirik ki, sözün həqiqi mənasında bu gün Ermənistanın təcrid şəraitində yaşaması Ermənistanın Fransadakı səfiri Şarl Aznavurun qeyd etdiyi kimi, daxili genosidlərinin səbəbi bu xəstə təxəyyüldür.
Azərbaycan tarixşünaslığına sanballı töhfə
Akademik Ramiz Mehdiyevin tarixə və tarixşünaslığa bəxş etdiyi və ermənilərlə mübarizədə bizim üçün çox ciddi istinad mənbəyi olan əsərinin ən başlıca məziyyətlərindən biri ermənilərin bu gün siyasi vasitə kimi istifadə etdikləri ilk xristian dövləti kartını onların əlindən almasıdır. Çünki qapalı qapılar arxasında ermənilərin dünya erməniliyindən, eləcə də xristian hegemoniyasını təşkil edən dövlətlərdən aldığı dəstək üçün irəli sürdükləri birinci arqument onların xristian olması və üstəlik ilk xristian dövləti olmalarını iddia edərək, bunu istismar edərək xristian dünyasından öz ətraflarında təəssübkeşlər formalaşdırmaq və bundan Azərbaycana qarşı istifadə etmələridir. Akademik Ramiz Mehdiyev isə öz əsərində bu günə qədər Azərbaycan tarixşünaslığında elmi dövriyyəyə daxil olmayan müəlliflərə istinad edərək, hayların ilk xristian dövləti olmaları iddialarını tamamilə alt-üst edir. Beləliklə, Azərbaycana qarşı mübarizədə ermənilərin istifadə etdikləri ən effektiv silahı onların əlindən alır.
Alban-xristian mədəniyyəti necə saxtalaşdırıldı
Əslində, hələ 1823-1828-ci illərdən sonra ermənilərin Cənubi Qafqazda məskunlaşdırılmaları ilə Azərbaycan tarixi ciddi şəkildə saxtalaşdırılmaya məruz qaldı və qədim Albaniyada olan hun-qıpçaq və alban-qarqar xristian mədəniyyəti ermənilərin adına saxtalaşdırılmağa başlanıldı. Bu mərhələdə erməniləri Cənubi Qafqazda yerləşdirən Çar imperiyası öz tarixi təcrübəsinə söykənərək, yəni Saxalindən (sak-eli) Dunayadək böyük coğrafiyada türk tarixini rus tarixi kimi saxtalaşdırdığı üsullarla Azərbaycanda olan qədim alban-qıpçaq xristian mədəniyyətini də erməni tarixi kimi saxtalaşdırmağa başladı. Əlbəttə ki, bunun üçün rusların yararlandığı tarixi üsul və metodlar əsas etibarilə eyni idi. Belə ki, artıq həmin dövrdə VII-IX əsrlərdən başlayaraq İslam mədəniyyətinin hegemoniyasına məruz qalmış Azərbaycanda, yəni qədim Albaniyada öz tərəqqi dövrünü başa vurmuş xristian mədəniyyəti və bu mədəniyyətin ifadə forması olan qıpçaq-qarqar ləhcəsi faktiki olaraq istifadə edilmirdi. Yəni, ermənilərin Azərbaycanda məskunlaşdığı dövrdə artıq qıpçaq-qarqar ləhcəsi Azərbaycanda işlənilmirdi. Bu dövrdə Azərbaycanda əsasən eyni dilin başqa ləhcəsi - oğuz ləhcəsindən istifadə edilirdi. Ermənilərin Cənubi Qafqazda məskunlaşdırılmalarının bir səbəbi də burada formalaşmış qıpçaq olan xristian mədəniyyətinin və Alban tarixinin saxtalaşdırılaraq hayların tarixi kimi qələmə verilməsi idi. Bu tarixin qarqar-qıpçaq dilində yazıldığını bildikləri üçün məskunlaşar-məskunlaşmaz qıpçaqca - hayca (ermənicə) lüğət tərtib edildi.
Patkanov, Sevordyan, Tumanyan... kimlərdir...?
Cənubi Qafqaza köçürülən hayların birinci işi bundan ibarət oldu. Çünki artıq Azərbaycan ərazisində işlənməyən bu ləhcə gələcək mərhələdə xristian mədəniyyətinin, yazılı abidələrinin, tarixi mənbələrinin hay dilinə çevrilməsi üçün olduqca vacib bir vasitə olacaqdı. Ona görə də, Patkanov, Tumanyan, Yüzbaşıyan, Sevordyan kimi qarqar-qıpçaq mənşəli, sonra isə qriqorianlığı qəbul edərək haylaşan tarixçilər öz ana dillərində olan tarixi məxəzləri, Musa Kalankatlı, Moisey Xorenski, Mxitar Koç və digər alban-qarqar salnaməçilərinin bütün külliyyatını hay və rus dilinə çevirməyə başladılar. Beləliklə də, böyük tarixi saxtakarlığa imza atmış oldular. Bu tarixçilərə aid olan orijinal nüsxələr isə “sevan əlyazmaları” adı altında Eçmiədzində gizlədildi. Ona görə də, biz bu gün həmin əsərləri yuxarıda adlarının çəkdiyimiz müəlliflərdən oxuyuruq. Yəni, həmin müəlliflərin hayların xeyrinə saxtalaşdırdıqları versiyaları oxuyuruq. Bu günə qədər heç kəs Musa Kalankatlının Albaniya tarixi əsərinin orijinalını görməyib.
Əlbəttə ki, növbəti mərhələdə tərcümə olunmuş, yaxud özününküləşdirilmiş bu tarixi mənbələr ermənilərin Qafqazın qədim xalqı kimi təqdim olunmasına şərait yaratdı. Çox təəssüf ki, bu mərhələdə tarixə obyektiv yanaşmanın bütün kriteriyaları alt-üst edildi, tariximizin xristianlıq dövrü (330-633-cü illər) kütləvi saxtalaşdırmaya məruz qaldı. Bu azmış kimi, sonrakı mərhələdə bu yalançı tarixin təbliği də elə tarixin özünün saxtalaşdırılması kimi total və kütləvi oldu. Beləliklə, Azərbaycanın tarixi təfəkküründə ciddi deqradasiya baş verdi. Əlbəttə ki, bunun birinci günahkarı ərmən-qıpçaqların yaxud albanların varisləri olan bizləriksə, ikinci günahkarı, şübhəsiz, çar Rusiyası və haylar idi. Biz ona görə günahkar idik ki, İslamı qəbul etdikdən sonra bu möhtəşəm tarixi mirasımıza, yəni xristian tarixi, mədəni, mənəvi və maddi mirasımıza sahib çıxmamışdıq, bundan könüllü şəkildə imtina etmişdik. Məhz tariximizə bu ögey münasibət sonrakı mərhələdə tariximizin bu cür saxtalaşdırılmasına gətirib çıxardı. Hesab edirik ki, bu gün də hər bir Azərbaycan tarixçisinin qarşısında duran əsas məsələ bu həqiqətləri isbat etməkdir, ermənilərin burada aborigen olmadıqlarını və tariximizin saxtalaşdırıldığını sübut etməkdir. Eyni zamanda, müxtəlif metodlarla həmin tarixi mənbələrdəki təhrifləri yenidən işləyib özümüzə qaytarmaqdır. Bu, hər bir azərbaycanlı tarixçinin qarşısında duran əsas məsələ olmalıdır.
Aleksandr
Anninskiy ermənilərin dini haqqında...
Əlbəttə
ki, digər tarixi mənbələrdə də ermənilərin
ilkin xristian dövləti qurmaları və onların dini təsəvvürləri
haqqında çox maraqlı məlumatlar var. Məsələn,
sanki akademik Ramiz Mehdiyevin fikirlərini təsdiq edirmişcəsinə,
rus tarixçi Aleksandr Anninskiy “Arməniya pered prinətie
xristianstvo” adlı əsərində yazır ki, mötəbər
mənbələrin azlığı səbəbindən erməni
xalqının dilinin, tarixinin qədimliyi və yaxud ermənilərin
xristianlığı qəbul etməsi dövrünü təsvir
etmək çətindir. Bu dövr haqda Moisey
Xorenskinin fikirlərini əsas götürərək, guya qədim
tarixi məlumatlar kimi istinad etmək, əfsanədən
başqa bir şey deyil. Belə ki, onun
fikirlərində həqiqətlər və tarixi faktlar öz
şəxsi təxəyyülünün məhsulu və
fantastik uydurmalardan başqa bir şey deyildir. (Əslində, isə Moisey Xorenski bu məsələdə
günahkar deyil. Çünki onun
qıpçaqça yazılmış əsərində nələrin
yazıldığını bilmirik. Biz də,
elə Aleksandr Anninskiy də, əsərin haylar tərəfindən
saxtalaşdırılmış versiyasını oxuyuruq.
Ona görə də, əsər bizə də, elə
A.Anninskiyə də, əfsanə kimi gəlir... Və heç düşünmürük ki, V əsrdə
Albaniyada ruslar yaşamadığı halda, ümumiyyətlə
hələ o dövrdə rus xalqı
formalaşmadığı halda necə oldu ki, Musa soyadını
rusca götürüb “Xorenski” oldu?! Musa adını da dəyişib
Moisey etdi?!. H.B)
Məlumat üçün qeyd edək ki, M.Xorenskinin
doğum və ölüm tarixi də olduqca şübhə
doğurur. Ermənilər onun təvəllüdünü
370-493-cü illər kimi göstərirlər. Bu hesabla
onun 123 il yaşadığı ortaya
çıxır. Bəzən isə
saxtalaşdırmağa o qədər aludə olurlar ki,
M.Xorenskinin yaşını 300 ilədək uzadırlar.
Çünki hadisələri
saxtalaşdırmaq üçün M.Xorenskini bu qədər
yaşatmaq lazımdır ki, onu yalançı tarixin canlı
salnaməçisi kimi göstərsinlər.
A.Anninskiy yazır ki, ermənilərin siyasi hakimiyyətinə
dair, yaxud onların mədəniyyətləri barədə
yazılı mənbələrdə heç bir izin
olmaması belə deməyə əsas verir ki, bunlar onlarda
heç olmayıb da. Belə görünür ki, ermənilər
kiçik yarıəhlilləşmiş qəbilələr
şəklində yaşamışlar. Tarixən
öz ana vətənlərinin olmaması, dağınıq
halda yaşamaları səbəbindən onlar qədim Şərqin
güclü monarxiyalarına qarşı müqavimət
göstərə bilməmişlər, beləliklə də,
öz siyasi müstəqilliklərini əldə edə bilməmişlər.
Əvvəlcə Assuriya, sonra Midiya, bunların
ardından Əhəmənilər, Makedoniyalı İsgəndər,
Selevkidlər daima bir-birinin ardınca ermənilər üzərində
hakim olmuşlar. Ölkə daxilində
qarşılıqlı əlaqələrin
çatışmazlığı, daima işğal təhlükəsi
ilə üzləşmə qorxusu, bu xalqın müstəqil
surətdə inkişafı və mənəvi cəhətdən
güclənməsinə maneələr yaratmışdır.
Elə buradan da ermənilərin qədim
yaradıcılığa malik olmamaları aydın
görünür. Hələ, elmi demirik, - bu xalq mövcud olduğu
dövr ərzində özlərinə aid heç bir milli irs yarada bilməyib. Ermənilər
haqda ilk yazılı məlumatlara yalnız bizim eranın V əsrində
rast gəlinir.
Heç də təəccüblü deyil ki, elə bu səbəbdən
də ermənilər din sahəsində də özlərinə
məxsus nə isə qeyri-adi bir şey yarada bilmədilər. Hər halda,
ermənilərin dini dünyagörüşlərinə, özlərinə
məxsus dini mədəniyyətə dair yazılı mənbələrdə
hər hansı bir məlumat saxlanılmayıb. Ermənilər Assuriya-Babilistan və farsların,
daha sonra isə onları daha çox itaət altında
saxlayan xalqların Allahlarına sitayiş ediblər. Onlar, farslar kimi Hörmüzü özlərinin ən
əsas Allahı hesab edirdilər. Onlar da
farslar kimi, Mixranı (Mitra-farsca) gözəgörünməz
odların, eləcə də onun görünən təzahürlərinin
- Günəşin, Ayın, atəşin və onun ilkin
forması olan - suyun Allahı hesab edirdilər. Ermənilər, həmçinin, qəddar
ruhların-iblislərin tabe olduğu Arimana da itaət göstərirdilər.
Moisey
Xorenskinin (oxu: Musa Qoranlı, Musa Qoranlı qalka üsulu ilə
tərcümə edilərək Moisey Xorenski olub, yaxud
Goranlı Qor, Qer - Qarqar tayfa birləşmələrinin
müxtəlif cür tələffüz edilən
adlarıdır. Bu gün həmin adlar Tər-Tər, Goran,
Goranboy, Vedibasar mahalında Her-Her və s.
kimi yaşamaqdadır. H.B) sözlərinə
görə, ermənilər iblislərə hətta insan
qurbanları da gətirirdilər. Onlar, həmçinin,
Yerin ruhu olan Sandarapetə də sitayiş edirmişlər.
Ermənilər Hörmüzün qızı
Anahid ilahəsinə məxsusi olaraq böyük hörmət
bəsləyirdilər. Hətta onun şərəfinə
Ermənistanda bir neçə məbəd inşa olunmuşdu
ki, onlardan da ən məşhuru Ekeqiaç mahalında idi.
...Strabonun
sözlərinə görə, bu məbədə Allaha ibadət
etmək üçün nəinki hər iki cinsdən olan
şəxslər, eyni zamanda, Anahid məbədi tərəfindən
hüquq verilən və ərə getməzdən əvvəl
uzun müddət əxlaqsızlıq edən adlı-sanlı
ailələrin qızları da gəlirdilər.
Saxtakar
tarixçilərin Abqar “düyünü” açıldı
Akademik
Ramiz Mehdiyev qeyd edir ki, bəzi tarixçilərin fikrincə,
parfiya sülaləsi Arşakilərdən olan Ermənistan
hökmdarı III Tiridat xristianlığı 301-ci ildə
maarifçi Qriqoridən qəbul edib və ona etibar olunmuş
əyalətdə xristianlığı rəsmi din elan edib. Lakin Brendan Prinql yazır ki, Aqatangelosun “Ermənilərin
tarixi” əsərindən başqa bunu təsdiq edən
heç bir mənbə yoxdur. Tarix
yalnız Aqatangelosun şəhadətinə əsaslanmağa
məcburdur. Onun səhv etməsi isə
tamamilə mümkündür, xüsusən ona görə
ki, salnaməçi özünü III Tiridatın
xristianlığı qəbul etməsinin “şahidi”
adlandırır. Hərçənd, dəqiq müəyyən
edilib ki, o heç bir halda bu hadisənin şahidi ola bilməzdi, çünki son tədqiqatlar
sübut edib ki, onun əsəri təxminən 450-ci ilə
aiddir. Bu barədə B.Prinql də yazır.
Onu da nəzərə almaq lazımdır ki, həmin
əsər təxminən 405-ci ildə erməni əlifbası
icad ediləndən sonra bitkin forma kəsb edib. Deməli,
Aqatangelos heç bir halda təsvir etdiyi hadisələrin
müasiri ola bilməzdi, çünki göründüyü
kimi, Ermənistanın xristianlığı qəbul etməsi
barədə ilk və yeganə yazılı mənbə
Aqatangelosun qələminin məhsulu olan “Ermənilərin
tarixi” əsəri şifahi tarixin məlumatlarına əsaslanır
və həmin mənbə ilə orada təsvir edilən hadisələr
arasında zaman intervalı 150 ildən çoxdur. Ona görə
də, heç bir halda həmin müəllif baş verən
hadisənin, yəni erməni çarı III Tiridatın
xristianlığı qəbul etmə hadisəsinin şahidi ola bilməzdi, çünki bu ondan 150 il əvvəl
baş vermişdi. Göründüyü kimi, akademik çox
ciddi şəkildə tarixi müqayisə və analitik təhlil
metodlarından istifadə edərək, məhz ermənilərin
bu arqumentini onların əllərindən alır, erməni
çarı III Tiridatın xristianlığı qəbul etməsini
təsdiq edən mənbənin yalanını ifşa edir.
Bundan sonra akademik Ramiz Mehdiyev ermənilərin
xristianlığı qəbul etmələri ilə
bağlı iddia etdikləri olduqca maraqlı bir dövrü təhlil
edir. Bu dövr xristianlığın yenicə
yayıldığı eramızın ilk illərinə təsadüf
edən Edessa çarı V Abqarın hakimiyyəti
dövrüdür. Qeyd etmişdik ki,
akademik haqlı olaraq abqarlar sülaləsinin bütün
çarlarının adlarını ardıcıllıqla verməklə
mənbələrin məhz burada da saxtakarlıq etdiyini dəqiq
dəlillərlə izah edir. Əlbəttə
ki, bu dövr doğrudan da olduqca maraqlı bir dövrdür və
qeyd etmək lazımdır ki, Abqara və onun
yaşadığı dövr haqqında bəzi mənbələr
bir-birini təkzib edir. Fransız ermənişünası
Rene Grousset qeyd edir ki, Edessa (müasir Türkiyə ərazisindəki
Urfa şəhərinin qədim adıdır) prensi Abqar Ukkama
hələ miladdan öncə 4-cü illə miladdan sonra 50-ci
illər arasında İsa Məsihlə
yazışmış və xristianlığı qəbul
etmişdi. Bu məsələnin özündə
bir saxtakarlıq var. Bildiyimiz kimi, milad İsanın
doğulduğu tarixdir, elə isə miladdan öncə
4-cü ildən miladdan sonra 50-ci illərə qədər
Abqar Ukkama İsa Məsihlə necə danışa bilərdi?
Bildiyimiz kimi, miladdan sonra 33-cü ildə İsa Məsih
çarmıxa çəkildi, yəni cəmi 33 il yaşadı. Belə olan halda
İsa Məsihlə onun yazıları miladdan 4-cü ildən
miladdan sonra 50-ci illəri əhatə edə bilməzdi.
Fikrimizcə, Rene Grousset də Abqar Ukkamanı
Abqar V, Ukkama bar Manu ilə dəyişik salıb.
Ermənilərin tarixə bu cür yanaşması, əlbəttə
ki, akademik N.Marrın da marağına səbəb olub. Ermənilər öz tarixləri
ilə bağlı mənbələri akademik Marrdan da gizlədirdilər,
çünki akademik Marr bu saxtalaşdırmadan təqribən
50-60 il sonra bu mənbələrlə tanış olmağa
çalışırdı, o dövrdə isə hələ
mənbələrin saxtalaşdırılması prosesi
başa çatmamışdı. “Spisok rukopisi
sevanskoqo monastırə” adlı əsərində akademik Marr
yazır ki, o, Eçmiədzində olarkən istifadə etmək
üçün istədiyi və adları monastır
kataloqunun siyahısında olan 26, 27, 53, 74 və 104 hesab
nömrəli sənədləri tələb edib. Lakin
heç kim ona o sənədləri vermir,
çünki məhz həmin sənədlər akademik Marrda
şübhə doğurmuşdu. Marr qeyd edir ki, “nəhayət,
axşama doğru Bülbülyans gəldi və mənim
israrlı tələblərimdən sonra dedi ki, həmin sənədlər
kilsədədir, doğrudan da onun köməyi ilə mən
Evangeliyanın (“İncilin” giriş hissəsi Evangeliya
adlanır, yunanca “müjdə” deməkdir) iki əlyazmasını
görə bildim. Sonra isə 11, 17, 19, 22 və
30 (?) nömrəli sənədləri istədim. Mənə dini ayinləri əks etdirən şəkillərdən
başqa heç bir şeyi göstərmədilər”. Marrın bu etiraflarını ona görə qeyd
edirik ki, ermənilər tarixi sənədləri tam
saxtalaşdırmadan heç kimin əlinə düşməsinə
izin vermirdilər. Sonda qeyd etmək
lazımdır ki, erməni saxtakarlığının son dərəcə
mükəmməl olmasına baxmayaraq, akademik Ramiz Mehdiyevin gətirdiyi
elmi arqumentlər və dəlillər daha mükəmməldir
və erməni yalanlarını alt-üst edir.
Hikmət
Babaoğlu
Yeni
Azərbaycan.-2014.- 7 noyabr S. 4.