Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə
yüksək səviyyədə hazırlaşır
Siyavuş Novruzov: 4432 nəfər
təmsilçimiz artıq bələdiyyə seçkilərində
rəsmi namizəd statusu alıb
Bələdiyyələr demokratik bir təsisat kimi vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsidir. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Heç də təsadüfi deyil ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu gün bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. Ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda isə siyasi qüvvələr bu seçkilərə hazırlaşırlar.
Müasir seçki texnologiyalarından səmərəli istifadə olunur
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyanın Mərkəzi Seçki Qərargahı da bələdiyyə seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərməkdədir. Bütövlükdə partiya və onun fəal üzvləri seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər olunublar.
YAP tərəfindən bələdiyyələrə bu günə qədər 15009 nəfərin namizədliyi irəli sürülüb. Partiyanın Mərkəzi Seçki Qərargahı rayon və şəhər təşkilatları ilə sıx əlaqə qurur və seçki prosesinin gedişini diqqət mərkəzində saxlayır. Partiyanın yerli təşkilatlarından namizədlərin irəli sürülməsi, onların imza vərəqələri götürməsi, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim olunması, imzatoplama prosesi, namizədlərin DSK-lar tərəfindən qeydiyyata alınması və s. seçki fəaliyyəti haqda YAP-ın Mərkəzi Seçki Qərargahına operativ məlumatlar verilir. Eyni zamanda, Mərkəzi Seçki Qərargahının əməkdaşları da bölgələrlə mütəmadi əlaqə saxlayaraq yerli təşkilatların fəaliyyətini koordinasiya edirlər.
Partiyanın Mərkəzi Seçki Qərargahında namizədlər üçün təşviqat materiallarının da hazırlanmasına başlanıb. Qərargahın bir qrup əməkdaşları bu prosesə cəlb olunub. YAP-ın sənədlərlə iş və statistika bölməsinin təlimatçısı Gülnarə Akimova bildirib ki, hazırda partiyanın Mərkəzi Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat materialları hazırlanır: “Namizədlərlə bağlı bizə rayon və şəhər təşkilatlarından məlumatlar və fotolar ötürülür. Həmin məlumatlar isə YAP-ın Mərkəzi Seçki Qərargahında işlənilir, dizayn-tərtibat işləri görüldükdən sonra isə çapa hazır vəziyyətə gətirilir. Əməkdaşlarımız bu prosesdə fəal şəkildə iştirak edirlər”.
Qeyd edək ki, hazırda partiyanın namizədlərinin imzatoplama prosesi də fəal şəkildə həyata keçirilməkdədir. YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası hər bir seçkiyə çox yüksək səviyyədə hazırlaşır. Partiyanın seçki prosesində müasir texnologiyalardan istifadə etdiyini bildirən S.Novruzovun sözlərinə görə, seçki praktikası da mütəmadi olaraq təkmilləşdirilir: “Müxtəlif dövlətlərdə keçirilən seçkilərdə bizim partiya üzvlərimiz müşahidəçi kimi iştirak edirlər. Təbii ki, üzvlərimiz həmin ölkələrin də təcrübəsini öyrənərək və yerli xüsusiyyətləri nəzərə almaqla Azərbaycanın seçki təcrübəsində tətbiq edirlər. Məsələn, Türkiyədə, Avropanın ayrı-ayrı ölkələrində, MDB ölkələrində keçirilən seçkilərə biz mütəmadi olaraq öz nümayəndələrimizi göndəririk ki, onların seçki təcrübəsini, seçki qərargahlarının iş praktikasını öyrənsin. Təbii ki, özümüzün də bu sahədə kifayət qədər təcrübəmiz var. YAP yarandığı vaxtdan bütün seçkilərdə iştirak edib və həmişə uğurlar qazanıb”.
YAP qarşıdan gələn bələdiyyə seçkilərinə də inamla gedir
Qazanılan təcrübəyə əsasən YAP qarşıdan gələn bələdiyyə seçkilərinə də inamla gedir. S.Novruzovun sözlərinə görə, partiya özünün seçki planını hazırlayıb və buna uyğun mərhələli şəkildə seçkilərin həyata keçirilməsi üçün lazımi addımları atır. Beləcə, qrafikə uyğun olaraq işlər davam edir. Seçkilərlə bağlı işlərin bir neçə mərhələdən ibarət olduğunu deyən YAP İcra katibinin müavini bunu ilkin, seçkilər elan olunduqdan sonrakı dövr və yekun mərhələ kimi təsnifatlandırıb. “İlkin mərhələdə, əsasən YAP-ın rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradıldı. Seçki qərargahlarında seçki təcrübəsi olan partiya üzvləri təmsil olunurlar. Həmçinin, gənclərin, qadınların və fəalların bu işə cəlb olunması da əsaslı şəkildə özünü göstərdi. Biz 84 rayon və şəhər üzrə seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. Sonradan isə biz bu qərargah üzvləri üçün treninqlər keçirdik. Çünki bələdiyyə seçkiləri digər seçkilərdən öz spesifikasına görə fərqlidir. Bələdiyyə seçkilərində namizədlər çoxluq təşkil edir. Əgər partiya tərəfindən prezident seçkilərində bir, parlament seçkilərində 125 namizəd irəli sürülürsə, bələdiyyə seçkilərində isə Azərbaycanda 1607 bələdiyyəyə 15035 nəfərlik yer üçün namizəd irəli sürülməlidir və onların sənədləşmə işi aparılmalıdır. Bu baxımdan da bələdiyyə seçkilərində seçki qərargahlarının üzərinə düşən iş digər seçkilərdən daha çoxdur. Məhz buna görə də, seçki qərargahı nümayəndələrinə treninqlər keçirilib” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Partiyanın 204 nəfər səlahiyyətli nümayəndəsi təyin olunub
Onu da qeyd edək ki, seçki günü elan olunana qədər YAP seçki prosesi ilə məşğul olacaq şəxsləri (məşvərətçi səs hüquq olan üzvlər, imza toplayanlar, müşahidəçilər və s.) müəyyənləşdirib. Onlar seçki qanunvericiliynə müvafiq şəkildə öz missiyalarını yerinə yetirməlidirlər və yetirirlər. S.Novruzov bildirib ki, oktyabr ayının 23-də YAP İdarə Heyəti tərəfindən bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələr təyin olunub. Ümumilikdə, partiyanın 204 nəfər səlahiyyətli nümayəndəsi var ki, hər dairə üzrə 2 nəfər səlahiyyətli nümayəndə təyin olunub. Eləcə də, ümumrespublika üzrə səlahiyyətli nümayəndələr də var. Mərkəzi Seçki Komissiyası tərəfindən xüsusi lövhəciklər alınıb ki, səlahiyyətli nümayəndələr müvafiq ərazilər üzrə YAP-ı təmsil edirlər. 25 oktyabrda isə partiyanın İdarə Heyətinin qərarı ilə bütün dairə və bələdiyyələr üzrə YAP-ın namizədləri irəli sürüldü. Bundan sonra isə YAP-ın rayon və şəhər təşkilatlarının sədrlərinin və aparat rəhbərlərinin toplantısı keçirildi. Oktyabrın 29-da hazırlanmış sənədlər dairə seçki komissiyalarına təqdim olundu. Bundan sonra isə Seçki Məcəlləsinə uyğun olaraq bir neçə gün müddətində DSK o sənədləşməni yoxlayır və həmin namizəd üçün imza vərəqəsini verib-verməməsi barədə qərar qəbul edir.
S.Novruzov qeyd edib ki, YAP tərəfindən bu müddət ərzində 15009 nəfər namizəd irəli sürülüb. Onlardan 15 min nəfərə yaxını imza vərəqələri alıb. Bu namizədlər imza vərəqələrini doldurub müvafiq sənədlərlə DSK-lara təqdim etməlidir. “12 noyabr tarixinə qədər YAP tərəfindən Naxçıvan MR istisna olmaqla, Azərbaycan üzrə 13262 nəfərin namizədliyi irəli sürülüb. Naxçıvan MR-da da müxtəlif bələdiyyələrə namizəd irəli sürmüşük. 12 noyabr tarixinə olan statistikaya əsasən 4432 nəfər təmsilçimiz namizədlik statusu alıb. Onların bütün sənədləri təqdim olunub, yoxlanılıb və bələdiyyəyə namizəd kimi qeydiyyatdan keçərək, xüsusi lövhəciklərlə təmin olunublar. Təbii ki, bu proses davam edir. Biz nəzərdə tutmuşduq ki, noyabrın 12-nə qədər namizədlərin əksəriyyəti imzalarını toplayıb DSK-ya təqdim etsinlər. DSK isə 5 gün müddətinə bu məsələyə baxıb, onların qeydiyyata alınıb-alınmaması barədə müvafiq qərar çıxarmalıdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
1607 bələdiyyənin hər birində YAP-ın vahid plakatları olacaq
Bundan başqa, YAP həm Mərkəzi Seçki Komissiyasına, həm də dairə və məntəqə seçki komissiyalarına bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzvü təyin etməlidir. “Artıq MSK üzrə nümayəndəmiz təyin olunub” - deyən S.Novruzovun sözlərinə görə, DSK və məntəqə seçki komissiyalarına da məşvərətçi səs hüquqlu üzvlər təyin ediləcək. Çünki seçki qanunvericiliyi YAP-a bu hüququ verir. Belə ki, Seçki Məcəlləsinə əsasən bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürən partiya vahid formada təbliğat işini apara bilər, həmçinin, hər dairə və məntəqəyə 1 nəfər məşvərətçi səs hüquqlu üzv ilə müşahidəçi təyin edə bilər.
Dekabrın 1-dən təbliğat-təşviqat kampaniyasının başlayacağını diqqətə çatdıran S.Novruzovun sözlərinə görə, bununla bağlı da hazırlıq işləri görülür. Belə ki, YAP bütün bələdiyyələrdə özünün namizədlərinin vahid formada hazırlanmış plakatlarını çap etdirir. 1607 bələdiyyənin hər birində YAP-ın vahid plakatları olacaq. Bununla belə, partiya ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları hazırlayır. Seçki qanunvericiliyinə uyğun olaraq namizədlərin seçicilərlə görüşləri üçün hər bir dairə üzrə açıq və qapalı yerlər müəyyənləşdiriləcək. S.Novruzov deyib ki, YAP çox fəal təbliğat kampaniyası həyata keçirməyi nəzərdə tutur.
Beləliklə, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində qələbə qazanmaq üçün bütün imkanlarını səfərbər edib. Seçki qanunvericiliyinin tələblərinə tam riayət olunması, yüksək səviyyədə hazırlıq, partiyanın Mərkəzi Seçki Qərargahının iş prinsipi və digər amillər dekabrın 23-də növbəti dəfə böyük uğura imza atılmasına tam əsas verir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 13 noyabr S. 4.