Azərbaycan və Böyük Britaniya
arasında sıx əməkdaşlıq mövcuddur
İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və görüşləri intensiv xarakter daşıyır
Məlum olduğu kimi, Azərbaycan Respublikası bütün ölkələrlə (işğalçı Ermənistan istisna olmaqla-red.) hərtərəfli və milli maraqlara əsaslanan əməkdaşlığa üstünlük verir. Respublikamızın bu istiqamətdə davamlı siyasi, iqtisadi, humanitar əlaqələrə malik olduğu dövlətlərdən biri də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır. İki ölkənin siyasi təmasları daim yüksək səviyyədə saxlanılır, icraedici və qanunverici orqanlar arasında davamlı siyasi dialoq aparılır.
Bu məqam Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bu yaxınlarda Azərbaycan səfəri çərçivəsində keçirilən görüşlərdə bir daha bəyan edildib. Məlumat üçün bildirək ki, Prezidenti İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib. Görüşdə Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Həmçinin, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi bildirilərək bu istiqamətdə Böyük Britaniyanın “bp” şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edilib, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.
BRİTANİYA AZƏRBAYCANI REGİONDA VACİB TƏRƏFDAŞI KİMİ GÖRÜR
Bu məqamda qeyd edək ki, bundan öncə iki ölkə münasibətlərinin inkişaf etdiyini göstərən daha bir görüş sentyabrın 15-də gerçəkləşib. Belə ki, həmin tarixdə Prezident İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib. Görüşdə Liam Foks coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın əhəmiyyətinin getdikcə daha da artdığını bildirib.
Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev isə Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğulayıb. Görüşdə həmçinin, iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən, Azərbaycan-Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu ötən il cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Birləşmiş Krallığın Baş naziri Devid Kemeronun ölkə rəhbərinə ünvanladığı təbrik məktubundakı fikirlər də təsdiq edir. Baş nazir məktubunda Birləşmiş Krallıq ilə Azərbaycan arasında genişlənən güclü ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edib: “Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir. Ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır”.
Bu fikirlər Azərbaycanın iqtisadi inkişaf və demokratiya prinsiplərinin möhkəmləndirilməsi sahəsindəki nailiyyətlərinin beynəlxalq səviyyədə etiraf olunmasına dair nümunələrdən biridir.
İKİ ÖLKƏ ARASINDA MÖHKƏM DİPLOMATİK ƏLAQƏLƏR MÖVCUDDUR
Bildiyimiz kimi, Azərbaycan-Böyük Britaniya əlaqələri neçə illərdir ki, müxtəlif sahələrdə yüksələn xətlə irəliləyir. İki ölkə arasında siyasi əlaqələrin əsası 1991-ci ilin dekabrında Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasından sonra qoyulub. Böyük Britaniya, həmçinin, ölkəmizin müstəqilliyinin ilk dövrlərində ATƏM-də (1995-ci ildən ATƏT) iştirakına dəstək verən ilk dövlətlərdəndir. Azərbaycanla Britaniya arasında dipomatik əlaqələr bu ölkənin Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfəri ilə qurulub. Həmin səfər çərçivəsində qarşılıqlı diplomatik əlaqələrin qurulması barədə razılaşmanın imzalanması ilə hökumət başçıları, parlamentlərarası səviyyədə, habelə iqtisadi, humanitar, təhsil və digər sahələrdə münasibətlərin təməlinin qoyulmasına şərait yaranıb. Bundan qısa müddət sonra, yəni 1992-ci ilin sentyabrında Britaniyanın ölkəmizdəki səfirliyi fəaliyyətə başlayıb. Britaniyanın və dünyanın ən böyük neft şirkəti “bp” Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən ölkədə neft istismarı məqsədilə müəyyən addımlar atıb. 1992-ci ilin sentyabrında Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi səfərə gəlib. O, ingilis və Norveç şirkətlərinin Azərbaycan tərəfi ilə neft yataqlarının işlənməsi barədə hazırlıq sazişinin imzalanmasında iştirak edib.
İki ölkə arasında baş tutan çoxsaylı qarşılıqlı səfərlər müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verib. Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişafında Ümummilli lider Heydər Əliyevin bu ölkə rəsmiləri ilə keçirdiyi görüşlərin isə xüsusi rolu olub. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə səfəri də iki dövlətin münasibətləri baxımından səmərəli olub. Sözügedən səfər zamanı Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə” imzalanıb. Bu bəyannamədən əlavə müxtəlif sahələrdə (vergi, energetika, aviasiya və digərləri) əməkdaşlıq üzrə daha səkkiz müqavilə bağlanıb. Ümummilli lider həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. Ulu öndər bu ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib. Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın “bp” şirkətinin ən çox paya malik olduğu ARDNŞ-lə xarici neft şirkətləri konsorsiumu arasında “Əsrin müqaviləsi” adlanan neft sazişi bağlanıb. Həmin imzalama mərasimində Britaniyadan energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan və Britaniya rəsmilərinin görüşlərində hər zaman diqqət mərkəzində saxlanılıb. Belə ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Ali Sovetin Sədri kimi Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Heydər Əliyev Britaniyanın Azərbaycanda daimi səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, Ermənistanın təcavüzü ilə də bağlı ingilis diplomatına məlumat verib.
Səfir isə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını deyib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Bunun ardınca həmin il Britaniya hökuməti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib və BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da dəstəyi ilə Ağdamın və digər ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən 853 saylı qətnamə qəbul olunub.
Ümumilikdə, Böyük Britaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
Onu da vurğulayaq ki, 1994-cü ilin yanvar ayında Britaniyada Azərbaycan səfirliyinin açılmasından sonra iki ölkənin təmsilçiləri arasında qarşılıqlı səfərlər mütəmadi xarakter alıb. 3 yanvar 1996-cı il tarixində Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyəli dövlət nümayəndəsinin, krallığın xarici və birlik işlər üzrə dövlət katibi Malkolm Rifkindin səfəri olub. Səfər zamanı o, Ulu öndər Heydər Əliyevlə görüşərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrdə müxtəlif məsələlər haqqında söhbət aparıb. Danışıqlardan sonra Ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə Malkolm Rifkind Azərbaycanın xarici işlər naziri ilə “İnvestisiyaların qorunması haqqında” saziş imzalayıb.
Ümummilli lider Heydər Əliyev Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini edib.
Səfər çərçivəsində Britaniya Kraliçası II Yelizaveta və bu ölkənin o zamankı Baş naziri Toni Bleyerlə görüşlər keçirən Ulu öndər ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb. Görüşün yekununda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “bp”, “RAMCO” və “Monument Oil” şirkətləri arasında üç mühüm saziş imzalanıb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri tərəfindən iki ölkə arasında çox mühüm sənəd - Azərbaycan Respublikası Prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə Bəyannaməsi imzalanıb.
Həmin ildə iki ölkə əlaqələrinin inkişafında mühüm hadisələrdən biri də avqustun 25-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında partnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında Sərəncamın imzalanması olub.
2000-2003-cü illərdə Böyük Britaniya-Azərbaycan münasibətlərində
qarşılıqlı addımlar olaraq
Azərbaycan tərəfdən xarici
işlər naziri və onun
müavinləri, müxtəlif digər nazirliklər, Birləşmiş
Krallıqdan ölkə parlamentinin icmalar və lordlar
palatasının yüksək səviyyəli təmsilçiləri,
energetika, nəqliyyat nazirləri səviyyəsində
səfərlər həyata keçirilib.
Hülya Məmmədli.
Yeni
Azərbaycan.-2014.- 12 noyabr.- S. 8.