Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət
həyata keçirilir
Məhayət Nəbiyev:
Sahibkarlar Azərbaycanın inkişafı
prosesində yaxından iştirak etməyə
çalışırlar
Məlum olduğu kimi, iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlətin sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib. Təbii ki, bu siyasətdə sağlamlığı məhdud olan insanlara qayğı, daim diqqət göstərilməsi də mühüm yer tutur. O cümlədən, görmə qabiliyyəti məhdud olan insanlara da qayğı ardıcıl xarakter daşıyır.
Onu da qeyd edək ki, bu kateqoriyaya məxsus insanlara dövlət qayğısı ilə yanaşı iş adamları da maddi və mənəvi dəstək göstərirlər. Noyabrın 13-də açılışı olan Gözdən Əlillər Cəmiyyətinin Dama və Şahmat Federasiyasının şahmat klubunun açılışına “Kristal Abşeron” MMC-nin təsisçisi, Yeni Azərbaycan Partiyasının fəal üzvü Məhayət Nəbiyev maddi dəstək göstərib. Belə ki, klubun yerləşdiyi məkan istifadəyə yararsız olduğu üçün M.Nəbiyev öz vəsaiti hesabına buranı əsaslı şəkildə təmir etdirərək görmə qabiliyyəti məhdud olan insanların istifadəsinə verib.
Bizimlə söhbətində “Kristal Abşeron” MMC-nin təsisçisi Məhayət Nəbiyev ölkəmizdə həyata keçirilən sosial siyasətə sahibkarlar tərəfindən daim dəstək verilməsinin vacibliyini vurğulayıb:
- Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Bu istiqamətdə də son illər mühüm addımlar atılmaqdadır. Demək olar ki, hər il əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması buna sübutdur. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.
Yəni, Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də əlillərin sosial müdafiəsidir. Bu istiqamətdə də zəruri addımların atılması göz önündədir. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb.
Hesab edirəm ki, həyata keçirilən sosial siyasətdə iş adamları da yaxından iştirak etməlidir. Onlar sosial proqramlara, müxtəlif humanitar-xeyriyyə tədbirlərinə fəal qoşulmalıdırlar. Bu mənada mən də bir iş adamı olaraq Gözdən Əlillər Cəmiyyətinin Dama və Şahmat Federasiyasının yerləşdiyi məkanı əsaslı təmir etdirməyi özümə mənəvi borc bildim. Bu barədə cəmiyyət rəhbərliyi tərəfindən mənə müraciət olunduqda, müsbət qarşıladım və həmin klubu əsaslı təmir etdirdim. Hesab edirəm ki, bu iş adamı olmağımla yanaşı, həm də vətəndaşlıq borcumdur. Mən Prezidentimizin, dövlətimizin və partiyamızın əsgəriyəm və dövlətin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirəm. Hesab edirəm ki, dövlət biz sahibkarlara münbit şərait yaratdığı üçün özəl sahədə fəaliyyətimizdə uğurlar qazanırıq. Öz növbəmizdə, biz də iş adamı olaraq sosial müdafiəyə ehtiyacı olan təbəqələrə maddi və mənəvi dəstək göstərməyi özümüzə borc bilməliyik.
- Məhayət müəllim, rəhbərlik etdiyiniz “Kristal Abşeron” MMC daha hansı xeyriyyə tədbirləri həyata keçirir? Bu, davamlı xarakter daşıyırmı?
- Əlbəttə ki, xeyriyyəçilik, ehtiyacı olan insanlara maddi-mənəvi dəstək göstərmək bizim fəaliyyətin başlıca istiqamətlərindən biridir. Biz mütəmadi olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərə yardımlar göstəririk. Eyni zamanda, müalicəyə ehtiyacı olan bu kateqoriyalı insanların müalicə xərclərini də öz üzərimizə götürmüşük.
Məlumat üçün bildirim ki, “Kristal Abşeron” MMC xeyriyyə işləri çərçivəsində Xırdalan Ət Kombinatında məskunlaşan 120 məcburi köçkün ailəsi üçün Xırdalan şəhəri Heydər Əliyev prospektində yaşayış binası inşa edir. Həmin yaşayış binasının tikintisinin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur. Bu bina tam təmirli şəraitdə olacaq və tikintisi başa çatdıqdan sonra həmin məcburi köçkün ailələrinə veriləcək. Yəni, bizim bu tipli işlərimiz davamlı xarakter daşıyır. “Kristal Abşeron” MMC bundan sonra da ehtiyacı olan insanlara öz dəstəyini göstərəcək.
- Bildiyimizə görə, “Kristal Abşeron” MMC yaşayış binalarının tikintisi ilə məşğul olur. Bu istiqamətdə gördüyünüz işlər haqqında məlumat verməyinizi xahiş edirik...
- “Kristal Abşeron” MMC 2010-cu ildə yaradılıb. 2011-ci ildə isə Xırdalan şəhərində əhalini mənzillərlə təmin etmək üçün yaşayış binaları tikib. Hal-hazırda əhali həmin binalarda tam rahat yaşayır. Biz insanlar üçün sosial tipli mənzillər tikirik. Və bunun necə rahat olduğunu da insanlar görürlər. Eyni zamanda, şəhərin digər yerlərində də tikinti işləri ilə məşğuluq. Hazırda Yeni Günəşli qəsəbəsində əhalinin mənzilə olan ehtiyacını təmin etmək üçün yaşayış binaları kompleksi inşa olunur.
“Kristal Abşeron” MMC tərəfindən bu günə qədər əhalinin istifadəsinə Xırdalan şəhərində 630 mənzil istifadəyə verilib. Həmin binalar mərkəzləşdirilimiş istilik sistemi, qazla tam təmin olunub. Hazırda inşa edilməkdə olan binalar da bu tələblərə cavab verəcək. Belə ki, “Kristal Abşeron” MMC tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində 700-ə yaxın mənzili əhatə edən yaşayış binaları inşa edilir. Biz bu işi görərkən, əhalinin maraqlarını maksimum nəzərə alırıq.
- Məhayət müəllim, Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir. Bir sahibkar olaraq bu inkişafı hansı amillərlə izah edərdiniz?
- Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Başqa sözlə desək, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir. Bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Təkcə onu demək kifayətdir ki, son 10 ildə ölkəmizdə 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, yüzlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Bunların böyük hissəsi bölgələrin payına düşür.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Regionların sosial-iqtisadi inkişafının da xüsusi diqqət mərkəzində saxlanılması Azərbaycanın tərəqqisinə təkan verir. Heç kimə sirr deyil ki, regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına təkan verib. Təbii ki, bu inkişaf prosesində sahibkarlar da yaxından iştirak etməyə çalışır. Dövlətimizin dəstəyi nəticəsində iş adamları daha inamla bu prosesə qoşulurlar.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 14 noyabr.- S. 6.