Gözdən Əlillər Cəmiyyətinin şahmatdama klubunun açılışı olub

 

Əsaslı təmir olunan klubda görmə qabiliyyəti məhdud olan insanlara lazımi şərait yaradılıb

 

Məlum olduğu kimi, hər il 13 noyabr tarixi bütün dünyada, o cümlədən, Azərbaycanda Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, dinamik iqtisadi tərəqqi dövrünü yaşayan ölkəmizdə Prezident İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi diqqət və qayğı əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlillərin də sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə imkan yaradır.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir.

Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır.

Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Belə ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb.

Bir sözlə, yuxarıda da vurğuladığımız kimi, Azərbaycan dövləti sosial cəhətdən həssas əhali qrupuna, o cümlədən, gözdən əlillərə xüsusi diqqət və qayğı göstərir. Elə dünən Xətai rayonu ərazisində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin DamaŞahmat Federasiyasının şahmatdama klubunun açılışı da buna bariz sübutdur. Məlumat üçün bildirək ki, açılış mərasimində Nazirlər Kabinetinin, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Gözdən Əlillər Cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib ki, belə bir günün təsis olunmasında məqsəd ictimaiyyətin, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin diqqətini görmə qabiliyyəti məhdud olan insanların problemlərinə və onların cəmiyyətə inteqrasiya prosesinə cəlb etməkdir.

Onun sözlərinə görə, Azərbaycan dövləti gözdən əlil insanların sosial inkişafına, onların təhsil, səhiyyə, idman sahələrində problemlərinin həllinə, cəmiyyətə adaptasiya olunmalarına xüsusi diqqət yetirir: “Bu klubun əsaslı təmir olunaraq istifadəyə verilməsi də bizə olan diqqət və qayğının nəticəsidir. Təşkilatımıza məxsus olan bu məkan təmirsiz olduğu üçün demək olar ki, tələblərimizə cavab vermirdibuna görə də istifadə edilmirdi. Bu məsələyə diqqət göstərdiyi üçün hökumətin məsul şəxslərinə, o cümlədən klubu öz vəsaiti hesabına təmir edən “Kristal AbşeronMMC-nin təsisçisi Məhayət Nəbiyevə təşəkkürümüzü bildiririk. Bu, ölkəmizdə yaşayan 40 min gözdən əlil insanlar üçün hədiyyədir. Çünki burada onlar damaşahmatla məşğul olacaqlar. Bunlar idmanın maraqlı növlərindən biridir. Bizim idmançılar bu klubun açılışı nəticəsində damaşahmatla daha dərindən məşğul olacaq, yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə biləcəklər. Bu, həmçinin, ölkəmizdə idmanın inkişafının bariz göstəricisidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli şəkildə inkişaf edir. Məhz bu inkişafın nəticəsi olaraq sosial sferada uğurlar əldə edilir, əhalinin sosial müdafiəsi gücləndirilir” - deyə, S.Abdullayev vurğulayıb.

Tədbirdə çıxış edən “Kristal AbşeronMMC-nin təsisçisi Məhayət Nəbiyev öncə klubun açılışı münasibətilə görmə məhdudiyyəti olan insanları təbrik edib. O qeyd edib ki, Azərbaycan dövləti sahibkarlığın inkişafına ciddi dəstək göstərir. Bu dəstəyin sayəsində adamlarının uğurlar qazandığını deyən M.Nəbiyevin fikrincə, sahibkarlar daim sosial proqramlarda, xeyriyyəçilik işlərində də yaxından işirak etməlidirlər. M.Nəbiyev istifadəyə verilən şahmatdama klubunun gözdən əlillər üçün gözəl məkan olacağına əminliyini ifadə edib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxışında bildirib ki, Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, ölkəmizdə sosial statusundan asılı olmayaraq bütün təbəqələrin idmanla məşğul olması üçün zəruri addımlar atılır. Gözdən əlillər üçün damaşahmat klubunun istifadəyə verilməsi də məhz bunun göstəricisidir.

Daha sonra klubun rəmzi açılışını bildirən qırmızı lent kəsilib. İştirakçılar klubun şəraiti ilə tanış olublar. Belə ki, burada görmə qabiliyyəti məhdud olan insanlar üçün bütün imkanlar yaradılıb. Elə açılış günü də onların bəziləri damaşahmat oyunlarında öz güclərini sınayıblar.

Həmsöhbətimiz olan Gözdən Əlillər Cəmiyyətinin DamaŞahmat Federasiyasının rəhbəri, SSRİ idman ustası Camal Cabbarov bildirib ki, bu klub şahmatadama oyunlarına maraq göstərən gözdən əlil insanlar üçün gözəl məkan olacaq. Onun sözlərinə görə, rəhbərlik etdiyi federasiyanın idmançıları son illərə qədər Cənubi Qafqaz ölkələri üzrə keçirilən yarışlarda uğur qazana bilmirdilər. Amma ötən il bu vəziyyət dəyişib və bizim idmançılar üç ölkə arasında birinciliyi əldə ediblər. Onun sözlərinə görə, üç ölkə arasında yarışlar həmişə Gürcüstanda keçirilir.

Cənubi Qafqaz ölkələri üzrə ötən il dama yarışında birinciliyi əldə edərək maksimum xal toplayan 16 yaşlı Famil Kamillibu cür klubun açılışından məmnundur. O hesab edir ki, bu klub sayəsində peşəkarlığını və qazandığı nəticələri daha da artıracaq. “Mən yarışlarda dörd ermənini məğlub etdimbirincliyi əldə etdim. Bundan sonra bu kluba müntəzəm gələrək idmanın dama növü üzrə məşğul olacağam və təcrübəmi artırmağa çalışacam. İnanıram ki, uğurlarımı da artıra biləcəyəm. Mən bu klubun istifadəyə verilməsində əməyi olan bütün insanlara təşəkkür edirəm” - deyə, F.Kamilli qeyd edib.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 14 noyabr.- S. 6.