Azərbaycan türkdilli
ölkələrlə fəal əməkdaşlıq edir
Ölkəmiz bu istiqamətdə TürkPA
ilə sıx əlaqələrə malikdir
Xəbər verildiyi kimi, noyabrın 10-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iqtisadiyyat, ticarət və maliyyə komissiyasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 4-cü iclasında enerji sektorunun inkişafında əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvlərinin iştirak etdikləri toplantıda çıxış edən Qazaxıstan parlamentinin nümayəndəsi Maulen Aşımbayev deyib ki, quruma üzv ölkələr iqtisadi və enerji potensialına görə xeyli fərqlənirlər. Bu səbəbdən də enerji bazarının sabitliyi baxımından eyni mövqeləri bölüşürlər. Ənənəvi enerji resurslarının ən azı ortamüddətli perspektivdə üstün rol oynayacağı gözlənildiyi üçün bu sahədə əməkdaşlıq öz əhəmiyyətini itirməyəcək.
Çıxışlarda vurğulanıb ki, dünyada, eləcə də TürkPA-nın üzvü olan ölkələrdə alternativ enerjinin canlı və sürətli inkişafı gözlənilir. Bu baxımdan üzv ölkələr arasında alternativ enerji mənbələrinin inkişafına həsr olunan praktiki əməkdaşlıq vacibdir. Ölkəmizi tədbirdə təmsil edən Milli Məclisin deputatı İlham Əliyev çıxışında komissiyanın fevral ayında Bakıda keçirilən iclasında müzakirə olunan məsələləri, eləcə də iqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu ilə bağlı qəbul olunan tövsiyə qərarını xatırladıb. Bildirib ki, türkdilli ölkələr enerji resurslarının təhlükəsiz daşınması da daxil olmaqla regionda milli təhlükəsizlik kontekstində bütün nəqliyyat növlərinin təhlükəsizliyi üzrə koordinasiya fəaliyyətini dəstəkləyir. Toplantının sonunda müzakirə olunan məsələ ilə bağlı tövsiyə xarakterli qərar qəbul edilib. Qərarda göstərilir ki, TürkPA quruma üzv ölkələrin parlamentlərinə və hökumətlərinə enerji qənaəti üzrə uzunmüddətli hədəflər müəyyənləşdirməyi və müasir texnologiyanın səmərəli təqdimatını həyata keçirməyi təklif edir. Qərarda ətraf mühit, regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanır. Birgə əməkdaşlıq çərçivəsində müştərək layihələrin hazırlanmasının, bilik və təcrübə mübadiləsinin təşkilinin, bərpa olunan enerji mənbəyi üçün infrastruktur və avadanlıqların birgə istehsalının əhəmiyyəti qeyd olunur.
Bu məqamda xatırladaq ki, TürkPA 2009-cu ildə Bakı şəhərində təsis olunub. Təşkilatın Katibliyi də Bakıda yerləşir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir. 2010-cu il mayın 24-də Milli Məclisin binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin açılışı olub. TürkPA-ya ilk sədrliyi Azərbaycan həyata keçirib və təşkilatın ilk baş katibi də ölkəmizin nümayəndəsi olub. Fəaliyyətə başladığı dövrdən qurumun bir çox tədbirləri həm Azərbaycanda, həm də digər üzv dövlətlərdə keçirilib. Eyni zamanda, TürkPA bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusla təmsil olunur.
Ümumiyyətlə, Azərbaycan dövləti türkdilli ölkələrlə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq ikitərəfli olmaqla yanaşı, müxtəlif təşkilatlar çərçivəsində də həyata keçirilir. Qeyd edək ki, TürkPA ilə yanaşı, türk dövlətlərinin və xalqlarının yaratdığı qurumlar var ki, onların çərçivəsində də əlaqələr genişlənir. Belə təşkilatlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır (TDƏŞ). Xatırladaq ki, ötən ilin avqust ayında Qəbələ şəhərində Şuranın III Zirvə toplantısı keçirilib. Toplantıya Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan respublikalarının dövlət başçıları, xarici işlər nazirləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, digər qurumların rəhbərləri və rəsmi şəxslər qatılıblar. Zirvə çərçivəsində keçirilən görüşlərdə ortaq maraq kəsb edən məsələlər müzakirə olunub, əməkdaşlığın yeni perspektivləri müəyyən olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təməli 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşündə qoyulub. Müasir qloballaşma şəraitində Avrasiya coğrafiyasında geniş məkanı əhatə edən türkdilli dövlətlərin bir-birilə əlaqələri genişləndirməsi mühüm əhəmiyyət daşıyır. Xüsusən bu əməkdaşlıq iqtisadi sahədə qlobal problemlər fonunda türkdilli dövlətlərin sürətli inkişafına kömək edə bilər. Müsbət haldır ki, son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlığa daha böyük maraq göstərirlər. Bu əməkdaşlıqda Azərbaycanın özünəməxsus yeri və rolu var. Türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin müxtəlif sferalarda inkişafına TÜRKSOY, TürkPA, Türk Akademiyası da xidmət göstərir.
Bildiyimiz kimi, 2012-ci ilin avqustunda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə görüşünün ən mühüm nəticələrindən biri qurumun rəsmi bayrağının qəbul edilməsi oldu. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət bayraqlarındakı elementlərin əks olunduğu ortaq bayraq türkdilli dövlətlərin birliyinin simvoludur və türkdilli dövlətlərin birliyinin və əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Azərbaycan türkdilli ölkələrin dövlət başçılarının 1992-ci ildən keçirilən zirvə toplantılarında, nazirlər səviyyəsində keçirilən görüşlərdə və TDƏŞ-in sammitlərində fəal iştirak edir. Ortaq etnik, mədəni xüsusiyyətlərə malik olan türkdilli dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi bütün tərəflərin siyasi, mədəni, eləcə də, iqtisadi maraqlarına uyğundur.
Son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlər, o cümlədən, iqtisadi sahədə birgə əməkdaşlığa böyük maraq göstərirlər. Bunun üçün geniş imkanlar da mövcuddur. Onu da xatırladaq ki, 2012-ci ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin II görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektorunu təmsil edən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün müxtəlif təkliflər irəli sürülüb. Bunlardan biri Türkdilli Ölkələrin İnkişaf Fondunun yaradılması və Fondun qərargahının Bakıda yerləşməsi ilə bağlıdır. Digər bir təklif qarşılıqlı investisiyaların inkişafına dəstək məqsədilə Şuraya üzv ölkələr çərçivəsində İnvestisiya Agentliyinin yaradılması olub.
Görüşdə, həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında nəqliyyat sektorunda əlaqələrin yaxşılaşdırılması, milli iqtisadiyyatların diversifikasiyası, qarşılıqlı investisiyalar və digər ölkələrdən investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.
TDƏŞ-in Zirvə toplantıları üzv dövlətlər qarşısında yeni əməkdaşlıq imkanları yaradır. Xatırladaq ki, qurumun II Zirvə toplantısının uğurlarından biri tranzit dəmir yolunun inşası ilə əlaqədar ortaq razılığın əldə olunması idi. Belə ki, sammitdə Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu layihəsi üçün protokol imzalanıb. Bu müqavilə ilə türkdilli dövlətlərin əməkdaşlığının bütöv bir region üçün önəmi daha da artıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşündə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Bişkek şəhərində keçirilən II Zirvə görüşü zamanı imzalanmış sənədlərin Azərbaycan parlamentində ratifikasiyasının, demək olar ki, yekunlaşdığını bildirib.
Azərbaycanın da yaxından dəstəklədiyi türkdilli dövlətlər arasında iqtisadi münasibətlərin genişləndirilməsi gələcəyə hesablanan düşünülmüş qərardır. Bunun həyata keçirilməsi üçün lazım olan şərait də mövcuddur. Belə ki, Şuraya daxil olan dövlətlər geniş iqtisadi potensiala malik olan və inkişaf edən ölkələrdir. Bu ölkələrin iqtisadiyyatı əsas etibarilə xarici investisiyalar üçün açıqdır və hökumətlər də bunda maraqlıdır. Türkdilli dövlətlərin iqtisadiyyatının inkişaf etmiş sferalarının müxtəlifliyi ən çox tələb olunan məhsulların qarşılıqlı ticarət və mal mübadiləsi şəraitində təmin edilməsinə imkan verir.
Digər tərəfdən, coğrafi amillər də bu dövlətlərin əməkdaşlıq istəklərinə uyğundur. Belə ki, türkdilli ölkələrin əsasən bir zolaq üzərində yerləşməsi, ən əsası isə Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən İpək yolu layihəsi - TRASEKA-nın bu dövlətlərin üzərindən keçməsi mühüm iqtisadi dividendlər vəd edir. Tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də bu məsələdə olduqca faydalı olacaq. Yenicə imzalanan Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu layihəsi isə Asiya ilə Avropanı birləşdirəcək daha qısa tranzit yolunun yaradılmasına imkan verəcək. BTQ-nin də bu layihənin tərkib hissəsi olacağını güman etmək olar.
Eynilə, enerji sahəsində də əlaqələri genişləndirmək üçün imkanlar mövcuddur. Bu məsələdə də Azərbaycan aparıcı rola malikdir. Ölkəmizin iştirakı ilə bu günədək enerji təchizatı və daşınması üzrə uğurlu işlər görülüb. Azərbaycanla Türkiyənin enerji sahəsində yaratdığı möhkəm əlaqələrin Mərkəzi Asiyadakı türk dövlətləri ilə qurulması istiqamətində də işlər həyata keçirilir. Bildiyimiz kimi, Qazaxıstan Xəzər dənizində tankerlər vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə qoşulub. Yaxın gələcəkdə reallaşacaq TANAP və TAP qaz kəməri layihələrində əsas təchizatçı olan Azərbaycan tranzit ölkə kimi də Orta Asiya qazının Avropaya çıxarılmasına töhfə verə bilər. Azərbaycanın fəal iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün Xəzər, Aralıq dənizi və Qara dəniz hövzələrini iqtisadi baxımdan bir-birinə daha sıx birləşdirib. Türkdilli dövlətlərin iqtisadi əlaqələri gücləndirməsi bütövlükdə Avropa ilə Asiyanı möhkəm iqtisadi tellərlə bağlayır, Avrasiya regionunda qarşılıqlı əməkdaşlıq və etimad mühitini möhkəmləndirir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 14 noyabr.- S. 8.