Azərbaycan multikulturalizmi
başqa ölkələr üçün örnəkdir
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq
Gününə həsr edilən virtual “dəyirmi masa”
keçirib
Məlum olduğu kimi, hər il noyabrın 16-sı tarixi dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu günün əsası 1995-ci il noyabrın 16-da qoyulub. Həmin tarixdə UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Beləliklə, hər il bu tarix müxtəlif mədəniyyət və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur.
Bu günün önəmini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tolerantlığın önəmi, tolerant ideyaların aktuallığı və ölkəmizdə multikulturalizmin ənənələri mövzusunda virtual “dəyirmi masa” keçirib. Virtual “dəyirmi masa”da bu sahə üzrə ixtisaslaşmış 12 beynəlxalq və yerli ekspert iştirak edib. Ekspertlərin hər birinə aşağıdakı suallar ünvanlananıb:
1. Tolerantlıq gününün önəmini necə görürsünüz və sizcə, qeyri-tolerantlığın başlıca səbəbləri nədir?
2. Son dövrlərdə “Tolerantlıq, Multikulturalizm və İnterkulturalizm” ideyalarının aktuallaşmasının əsas səbəblərini nədə görürsünüz?
3. Azərbaycan, İsverçrə və s. kimi çoxtərkibli etnik və çoxkonfessiyalı dini tərkibli ölkələrdə multikulturalizm ənənələri artıq tarixən formalaşmış bir reallıqdır. Siz bu səpkidə yeni reallıqların yaranması perspektivlərini necə dəyərləndirirsiniz?
Cavabları oxuculara təqdim edirik.
Aleksandr Petrovic Bondarev - Moskva Dövlət Linqvistik Universitetinin professoru, Rusiya Yazıçılar İttifaqının üzvü:
1. Beynəlxalq Tolerantlıq Günü beynəlxalq səviyyədə, mədəniyyətlərarası əlaqələr müstəvisində, etnik və dini münaqişələri təhrik edən, neqativ sosial-iqtisadi tendensiyaların yaranması və perspektivlərinin təhlil olunması üçün yeni bir imkandır. Bu cür münaqişələrin sayının artması və coğrafiyasının genişlənməsi bizi onlara qarşı təsirli tədbirlərin görülməsinə vadar edir. Münaqişələrə qarşı preventiv tədbirlər o halda təsirli ola bilər ki, strateji qərarlar qəbul edən hakimiyyət orqanları ictimai və dövlət maraqları arasında balansı təmin edən tədbirlərin fəaliyyət mexanizmi ilə tanış olsunlar.
2. Tolerantlığın, interkulturalizmin və multikulturalizmin əhəmiyyəti zamanın tələbi kimi bizim hər birimizə ünvanlanan sifariş kimidir və gözümüzün önündə genişlənir. Bu tələb etno-konfessiyalar arasında çıxan münaqişələrə reaksiyadır. Şimali Afrikada, Yaxın Şərqdə və Ukraynada baş verən hadisələr əslində ona şahidlik edir ki, hətta yalnız iqtisadi-ticarət məqsədi üçün də insan faktorunun nəzərə alınmaması çoxəsrlik tarixi mədəniyyət ənənələrinə malik olan xalqlar arasında regional vətəndaş müharibəsinə səbəb ola bilir.
3. Uğurla qorunan və dəstəklənən multikulturalizm ənənələri Azərbaycan, İsveçrə, Belçika və Rusiya Federasiyası kimi çoxmillətli və çoxkonfessiyalı ölkələrdə etnik millətlərarası münasibətlərin effektiv həll olunması siyasətinin nəticəsidir. Milli liderlər, hökumət başçıları, siyasi və ictimai xadimlərdən çox şey asılıdır. Onlarda mənfi impulsları öncədən görmək və preventiv tədbirlər hazırlamaq qabiliyyəti olmalıdır. Ölkədaxili iqtisadi, sosial, dini və mədəni siyasət balanslaşdırılmış və gələcəyə dayaq olmalıdır. Söhbət milli azlıqların korporativ maraqlarına xidmət edən siyasətdən getmir, əksinə, hər bir fərdin mədəni kimliyinə verilən təminatdan gedir.
Muxtar İmanov - AMEA-nın müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru:
1. Tolerantlıq Gününün qeyd olunması artıq sivil dünyanın və özünü sivil dünyanın tərkib hissəsi sayan ölkələrin mədəni-sosial davranış faktına çevrilib. Sürətlə qloballaşan dünyada ayrı-ayrı xalqların, müxtəlif mədəniyyətlərin, dinlərin və inancların arasında tarixən mövcud olmuş sərhədlər artıq, demək olar ki, yoxdur. Dünyanın məlum məkan-zaman daxilində sürətlə böyüməsinin, əhali artımı nəticəsində xalqların öz tarixi sərhədlərinə sığmamasının, ağır sosial-maddi problemlərin və s. qlobal demoqrafik miqrasiyalar yaratması təbii-bəşəri proses olduğu kimi, bu sosial-stixial ünsürlərin qloballaşma adlanan modeldə birləşməsi də təbii-bəşəri və qarşısıalınmaz prosesdir. Əgər proses sağlam niyyətlərlə nizamlanmasa, onda iri antropogen faktorların (xalqlar, etnoslar, millətlər, nəhəng millətüstü ideoloji qruplar, məzhəblər, təriqətlər və s.) toqquşması qaçılmaz olar. Bu baxımdan tolerantlıq qloballaşan dünyaya ahəng, nizam verən model kimi müasir dünyamızın ən mühüm dəyərlərindən biridir.
2. Dünyanın bəzi bölgələrində qeyri-tolerantlığın mövcud olması yaşadığımız dövrün acı həqiqətidir. Ermənistanda erməni olmayanlara, xüsusən türklərə və azərbaycanlılara qarşı patoloji nifrət, Afrika və Asiyanın bir sıra ölkələrində müsəlmanların dini mənsubiyyətə görə kütləvi şəkildə öldürülməsi, Rusiyada rus olmayanlara qarşı skinhed hərəkatı, Avropada antimüsəlman mərkəzləri, İŞİD hadisəsi və s. tam olmayan siyahının acı faktlarıdır. Biz bəzi bölgələrdə qeyri-tolerantlığın səbəblərini məkan faktorunda görmürük. Özünü sivil adlandıran Avropada ikili standartların tətbiq olunması, faşizm ideyasının zaman-zaman aktuallaşması dünyada heç də mütləq tolerant bölgələrin olmadığını göstərir. Bu cəhətdən qeyri-tolerantlığın səbəbi ictimai şüurun qeyri-bərabər ritmlə inkişafıdır. Dünya, təəssüf ki, tolerantlığı hələ yaşam və mövcudluq normasına çevirə bilməyib.
3. Qeyd edim ki, Azərbaycan cəmiyyətində mövcud olan tolerantlığın “tarixən formalaşmış reallıq” kimi səciyyələndirilməsini və bu tarixi təcrübənin İsveçrə ilə bir sırada təqdim olunmasını müsbət hal sayıram. Doğrudan da, Azərbaycan tarixən tolerant ölkədir. Bunun bir qaynağı etnik, o biri qaynağı dini faktorla bağlıdır. Türk etnosu Avrasiyanın tarixində mühüm rol oynamış etnos kimi dünyaya bir etnik nizam, harmoniya gətirib. Digər tərəfdən, İslam özündən əvvəlki bütün səmavi dinləri haqq dini kimi qəbul edərək, onların daşıyıcılarının hüquqlarını qoruyub. Bu iki faktor Azərbaycanda tolerantlığın tarixi zəminini təşkil edir. Ona görə də tolerantlıq bu ad altında Azərbaycan ictimai düşüncəsində özünə çox asanlıqla yer tutdu. Bu cəhətdən belə hesab edirik ki, İsveçrənin tolerantlıq təcrübəsinin yayılma məkanı məhduddur. İslam ölkələrində isə dini psixologiyanın dominantlığı həmin təcrübənin yayılmasına imkan verməz. Lakin tolerantlığın Azərbaycan modeli İslam dünyasında yayıla bilər və buna xüsusilə İslam Şərqinin çox böyük ehtiyacı var.
Michael
Byram - Durham Universitetinin və Luksemburq Universitetinin professoru
(Birləşmiş Krallıq):
1.
Tolerantlıqla bağlı çoxlu şərhlərin
olmasına baxmayaraq, onların əksəriyyəti əhəmiyyətli
deyil. Yalnız UNESCO-nun bəyannaməsinə və
nəzərdə tutduğu anlayışa istinad edə bilərik.
UNESCO-nun nəzərdə tutduğu
anlayışda tolerantlıq çoxmədəniyyətlilik
şəraitində yaşamanın əsas şərti kimi
göstərilir. Ancaq bu, daim
çatmağa səy göstərdiyimiz təşəbbüs
kimidir. Ayrı-ayrı fərdlər insan
qruplarında birləşməyə maraq göstərirlər,
çünki onların fikirlərinə görə, bu, daha
yüksək status və məna kəsb edir, beləliklə də
fərdlər özünü digər insanlara nisbətən
daha təhlükəsiz hiss edirlər. İnsanlar
özlərini müxtəlif qruplarla, hətta futbol
komandaları ilə müqayisə edirlər. Qrupun statusu nə qədər böyük olsa, fərd
də özünü daha güvənli hiss edir.
Beləliklə, fərdin öz qrupunu digərindən
üstün tutmağa başlaması təbii bir tendensiya
yaradır. Bu, qeyri-tolerantlıqdır. Biz bu
təbii tendensiyanın öhdəsindən gəlməyə
və UNESCO-nun nəzərdə tutduğu kimi, digər
qruplara, həmçinin, onların mövcud olma yollarına
hörmət və dözümlü olmağa səy göstərməliyik.
Biz tolerant olmağı öyrənməliyik və
bunun üçün də uşaqlara tolerantlığın
öyrədilməsində valideynlərin və pedaqoqların
rolu böyükdür. Tolerantlıq hər
kəsdən mütəmadi səy tələb edir.
2.
Keçmiş dövrlərdə insanların digər
qruplarla, xüsusi ilə də digər etnik və milli
qruplarda olan insanlarla fərdi, yaxud media vasitəsi ilə əlaqəsi
çox zəif idi. Belə ki, öz qrupunu digər qrupla
müqayisə etməyə çox az
imkanı və ehtiyacı vardı. Bu gün isə mediaya və
sosial mediaya geniş inteqrasiya var. Bu isə
qeyri-tolerantlığa şərait yaradır, yəni imkan
verir ki, fərd “biz sizdən daha yaxşıyıq” desin. Bir sözlə, hər bir qrupda yeni əlaqələr
yarandıqca tolerantlıq yenidən təşkil
olunmalıdır. Bu isə çoxmədəniyyətlilik
mühitində yaşamaq istəyən hər bir insanın
qayğısına çevrilir. Ona görə
son dövrlərdə siyasətə yeni anlayış daxil
olub, “bərabər haqlarla birgə yaşamı təmin edən
ləyaqətli ömür”.
3.
Hazırda, bəzi dövlətlərdə bu barədə
uğurlu təcrübə var. Ancaq bu da doğrudur ki,
heç bir dövlət qeyri-tolerantlıqdan tam azad
olmayıb. Hətta bir ərazidə yaşayan
yerlilər bir-birlərinə qarşı tolerant olsalar belə,
həmin əraziyə yeni-yeni miqrant qruplar gəldikcə yenə
də tolerantlığa səy göstərməli olacaqlar.
Əvvəllər qeyri-tolerant olan yerli
qrupların sonradan tolerant olmalarını araşdırmaq
çox əhəmiyyətlidir. Bu yolla biz
tolerantlığın genişləndirilməsi
üçün hansı təşəbbüslər göstərilməsini,
hansı sosial və iqtisadi şəraitin
yaradılmasını və ya inkişaf etdirilməsini anlaya
bilərik. Bu halları öyrənməklə
biz daha sonra oxşar və ya fərqli hadisələrdə
müsbət təcrübəni yenidən tətbiq edə bilərik.
Robert
Mobili - Alban-Udin Xristian dini icmasının sədri:
1. Əsas
səbəb konfessiya, etnos, icma, ölkə tərkibində hər
hansı bir qrup daxilində dialoqun olmamasıdır. Bu da öz növbəsində dünyanın bir
çox ölkələrində və regionlarında
qarşıdurmanın və dözümsüzlüyün
meydana gəlməsinə gətirib çıxarır. Bu əsasda radikal elementlər, müxtəlif səviyyəli
separatçılar və hətta faşist qruplaşmaları
baş qaldırır. Tolerantlıq
Gününün böyük əhəmiyyəti yalnız
etnoslar və konfessiyaları deyil, həmçinin
bütövlükdə insanları yaxınlaşdırmaq və
onları dialoqa dəvət etməkdir.
2. Fikrimcə,
tolerantlıq, multikulturalizm, interkulturalizm, müxtəliflik,
çoxobrazlılıq mövzuları və bu
mövzuların aktuallığı zamanın tələbidir.
Biz xalqların intensiv inteqrasiya etdiyi dünyada
yaşayırıq. Dini qrupların
toqquşması etnoslar və konfessiyalar arasında gərginlik
yaradır, bu isə bir çox acı nəticələrə
gətirib çıxara bilər. Bir tərəfdən
hərbi münaqişələrin coğrafiyası genişlənir,
köhnə, həll olunmamış qaynar nöqtələr
yeni partlayış ərəfəsindədir və bu yüksəliş
dalğasında yeni radikal elementlər meydana gəlir. Bu səbəbdən bu mövzunun
aktuallığı bizim bir çox ortaq nöqtələrə
malik olacağımız dialoq və sülhü bərqərar
edən modelin tapılmasındadır. Bu məqsədlərə
nail olmaq üçün müxtəlif modellərə ehtiyac
vardır.
Müxtəlif etnik və konfessiyalı əhali tərkibinə
malik ölkələrdən ibarət müxtəliflik və
çoxobrazlılıq dünyasında
yaşadığımızdan, hesab edirəm ki,
multikulturalizmin və tolerantlığın müəyyən
ölkə üçün tətbiq oluna biləcək fərqli
modelləri işlənib hazırlanmalıdır. Məsələn,
tolerantlığın tarixi köklərinin mövcud
olduğu və xalqlar və konfessiyalar arasında ziddiyyətlərin
olmadığı Şərq modeli, Qərb modeli, Asiya modeli
kimi.
3. Öz
polietnik və multikonfessiyalı tərkibi ilə Azərbaycanda
multikulturalizmin tarixi kökləri və ənənələri
bu gün müəyyən model kimi qəbul edə biləcəyimiz
tarixi reallıqdır. Ən parlaq nümunələrdən
biri öz tarixi vətənlərində, Qəbələ
rayonunun Nic kəndində kompakt halda yaşayan udinlərdir.
Dini dözümlülük fenomeni tarixən
bizim ortamda müşahidə olunmuşdur və udin icması
çərçivəsində kiçik dini tolerantlıq
fenomeni hər şeydən öncə, müxtəliflik və
çoxobrazlılığın mövcudluğunu təsdiq
edən arqumentlər sırasındadır. Azərbaycanlıların ən nəzərə
çarpan mədəni dəyərlərindən biri digər
dinlərə dözümlülüyün nümayiş
olunmasıdır və Azərbaycan Avropa ərazisində dini
müharibələrin baş vermədiyi yeganə ölkədir.
Bu səbəbdən bir çoxları Azərbaycandakı
multikultural mühitdən, çoxobrazlılıq və dini
birgəyaşamdan söz edərkən bütün sosial səviyyəni
nəzərdə tuturlar. Bu birgəyaşam
təhsildə, məişətdə, dildə və etiqadda
özünü göstərir. Bu, əsrlərdən
bu günümüzə qədər sabit identifikator olaraq
mirvarini xatırladan ən yığcam xarakteristikadır.
Bütün bunlardan çıxış edərək,
bizim modelin digər ölkələrdə tətbiqini
mümkün, lazım və vacib arqument hesab edirəm.
Klaus Volf -
dinşünas, Almaniya, Augsburg Universitetinin professoru:
1. Mən Beynəlxalq Tolerantlıq Gününün əhəmiyyətini
çox mühüm hesab edirəm və fikrimcə,
qeyri-tolerantlığın əsas səbəbləri sosial ədalətsizlik
və yoxsulluqdur.
2. Son
zamanlar İŞİD-ə qarşı aparılan müharibə
dini tolerantlığın nə qədər önəmli
olduğunu bir daha göstərdi.
3. Mənim
öz ölkəmdə, Almaniyada da son on illiklərdə
müxtəlif dinlər və müəyyən dərəcədə
milli-etnik cəmiyyət də mövcuddur. Ancaq
bu günə kimi bu sahəni çox dərindən öyrənməmişik.
Biz bu gün Azərbaycanda mövcud olan
multikulturalizm ənənələrindən daha çox şey
öyrənməliyik.
Səməd
Seyidov - professor, Azərbaycan Dillər Universitetinin rektoru:
1.
Tolerantlıq müasir dövrdə qəbul olunmuş dəyərlərdən
biri kimi ən aktual mövzulardandır. Azərbaycanda
Beynəlxalq Tolerantlıq Gününün keçirilməsi
bizim ölkəmizdə bu anlayışa olan önəmdən
xəbər verir. Bu, çox müsbət
addım kimi qiymətləndirilməlidir. Lakin
tolerantlıq anlayışının təhlili ciddi və
müntəzəm olaraq araşdırma və yanaşma tələb
edir. Tolerantlıq düşünülərək
təhlil olunmuş qaydalarla qəbul olunmur. Avropada tolerantlıqdan kifayət qədər
danışılmasına baxmayaraq, bu gün Avropada bu
anlayış öz mənasını itirməyə doğru
gedir. Tolerantlığın mənasını
düzgün dərk etmək lazımdır. Tolerantlığı “bəyənilməyən
insana məcburən göstərilən xoş münasibət”ə
bənzədirəm. Bunu dəyər kimi dərk
etməklə psixoloji nöqteyi-nəzərdən yanaşaraq
deyə bilərəm ki, dözümlülük müəyyən
çərçivəyə daxildir. Buna əsasən
təhlil etsək, hər bir fərdin psixoloji durumu, mədəni
səviyyəsi və düşüncə tərzinə
uyğun olaraq millətlərarası etnopsixoloji fərqlər
nəzərə alınmalıdır. Tolerantlıq
demokratiyanın bilavasitə insanla əlaqəli ayrılmaz bir
parçasıdır. Demokratiyanın bir
ölkə modeli əsasında digər bir ölkəyə tətbiq
edilməsi mümkünsüz olduğu kimi,
tolerantlığı da eynilə tətbiq etmək
düzgün deyil. Demokratiya və
tolerantlıq bir-birinə sıx bağlı olan məsələlərdir.
Bu, o deməkdir ki, müxtəlif ölkələrdə
inkişafla bağlı gedən prosesləri gözdən
keçirmək, milli dəyərləri qoruyub saxlamaq,
bunları inqilab yolu ilə deyil, təkamül yolu ilə həyata
keçirmək hər iki anlayışa şamil oluna bilər.
Bəzi ölkələrdə isə
tolerantlıq sadəcə insan davranışı
kateqoriyasına aid məsələ kimi təqdim olunduğuna
görə dünyanın hər yerində onun tətbiq
olunmasına cəhdlər həmişə yaxşı nəticə
vermir. Avropada, Norveç, hətta İraq kimi ölkələrdə
tolerantlığın birmənalı tətbiqinin müxtəlif
qanlı hadisələrə səbəb olduğu bəllidir.
Ona görə də, tolerantlıq ümumi bir
anlayış kimi hər bir ölkədə xalqın, millətin
içərisində özünün təzahür
formasını əks etdirməlidir.
2. Təəssüflə
qeyd edim ki, zaman keçdikcə dünyada tolerantlıq
anlayışı dəyişir. Bunun çoxlu sayda müxtəlif
obyektiv və subyektiv səbəbləri var. Yer kürəsində
müşahidə olunan əhali artımı, böyüməkdə
olan şəhərlər, dünyanın müxtəlif
nöqtələrində yaşayan insanların bir-biri ilə
rahat şəkildə əlaqə qura bilməsi və
geniş aspektdə məlumatlanma imkanları, eyni zamanda,
ekoloji problemlərin mövcudluğu, içməli su
probleminin gündəmə gətirilməsi, qida məsələsinin
çox aktual bir məsələyə çevrilməsi, təhsil
sahəsindəki dəyişikliklər, ailədə fərdlərin
mövqeyi kimi məsələlərin kəskin şəkildə
XXI əsrdə yeni quruluş alması tolerantlıq və
qeyri-tolerantlığa təsir göstərən obyektiv səbəblərdir.
Subyektiv səbəblərə gəlincə, mədəniyyətlərin
qovuşması məsələsini xüsusi qeyd etmək
lazımdır. Son dövrlərdə
aktuallıq qazanmış mədəniyyətlərin
qarşılıqlı təsiri, insanların bir-birinə
müdaxiləsi xeyli zamana ehtiyac olmadan baş verir. Dünyanın əksər ölkələrində
ingilis dilində danışanların çoxluq təşkil
etməsi ingilis dilində yazılmış hər hansı fəlsəfi
fikrin hamı tərəfindən dərinliklə başa
düşüləcəyi mənasını vermir. Bu, xüsusilə Qərb ölkələrində fərqli
ölkələrdən gələn insanların inkişaf
etmiş millətlə birlikdə yaşaması mümkün
olmadığı üçün miqrantların
yaşadıqları ölkələrdə özlərinin
“balaca ölkələr”inin yaradılması ilə nəticələnmişdir.
Almaniyada yaşayan türklər, Nyu-Yorkda yaşayan və
“ChinaTown” yaradan çinlilər, Londonda yaşayan
pakistanlılar və yaxud Avropa, Fransa, Serbiya, Rumıniyada
yaşayan roman milləti başqa mədəniyyətlə
birləşmir, yerli cəmiyyətə, mədəniyyətə
qovuşmadan kompakt şəkildə yaşayırlar. Bu, multikulturalizmin və interkulturalizmin özündə
gedən proseslərin düzgün təhlil olunmaması,
dövlətlər tərəfindən siyasətin
düzgün aparılmamasına gətirib
çıxarır.
3. Azərbaycan
müstəqillik əldə edəndən sonra tolerantlıq
sözü bizim ölkəmizdə də işlənməyə
başlandı. Lakin biz xoşbəxtik ki,
tolerantlıq anlayışına bənzər, ancaq bir pillə
yüksəkdə dayanan dəyərlərimiz mövcuddur.
Yüksəkdə dayanan dəyərlərimiz
öz daxilində tolerantlıq anlayışını
kiçildə bilir. Əks təqdirdə,
tolerantlıq ya dəyərlərimizi üstələyərdi,
yaxud da tolerantlıq bizim dəyərlə konfrantasiyaya girərdi.
Mahiyyət və fəlsəfi nöqteyi-nəzərdən
dözümlülük anlayışı kimi qəbul edilən
tolerantlıq insanın psixologiyasında insanın şəxsi
xüsusiyyətlərinə görə fərqlənir.
Lakin ölkəmizdə mövcud olan dəyərlər
qarşılıqlı hörmətə əsasən
mövcuddur və qarşılıqlı hörmət çərçivəsində
insanlar bir-birilərini başa düşərək qəbul
etməyi üstün tuturlar. Bu mənada
dünyada qəbul edilən tolerantlıq anlayışı
bizim üçün sadə bir şeydir. Bizi tez-tez maraqlandıran suallardan biri də Avropada
mövcud olmayan səmimiyyət və ikili standart
anlayışıdır. Tolerantlıq
ikili standartlara gətirib çıxarır. Sadə yolla izah etsək, qəbul etdiyini daxilən
inkar etmək mənasına gəlib çıxır deyə
bilərəm. Fikrimcə, nə qədər
paradoksal səslənsə də, ikili standartların
kökü Avropada olan tolerantlıqdır. İnsanların sayının artımı,
informasiya mübadiləsi, Avropada bu məsələlərin
aktuallığı kimi baş verən prosesləri idarə
etmək üçün dözməkdən başqa,
qarşılıqlı hörmət də lazımdır.
Ona görə müasir Avropanın içərisində
bu dəyərlər və dəyərlərin düzgün təhlil
edilməsi ilə bağlı böyük problemlər
yaşanır. Biz qarşılıqlı
hörmət anlayışını inkişaf etdirməliyik.
Onun bir hissəsi olan tolerantlığa da
münasibətimizi göstərərək yaddan
çıxarmamalıyıq ki, Azərbaycan cəmiyyətində
tolerantlıq və qarşılıqlı hörmət
yaşayış tərzidir və fikrimcə, biz bu
yaşayış tərzinin fəlsəfəsini dünyaya
çatdırmalıyıq. Çünki
bizim ölkəmizdə tolerantlığın, dini
dözümlülüyün, həmçinin
qarşılıqlı hörmət anlayışının
dövlət səviyyəsində qəbulu bir nümunə
kimi də göstərilə bilər. Belə
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2011-ci ilin aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda “Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması artıq faktdır və bu, bizim
güc mənbəyimizdir” demişdir.
Yeni
Azərbaycan.-2014.- 19 noyabr.- S. 6.