Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir

 

Prezident İlham Əliyev: Son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşamışdır

 

Məlumdur ki, hətta bəzi inkişaf etmiş dövlətlər belə bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranın acı fəsadlarından hələ tam yaxa qurtara bilməyiblər. Regionalqlobal miqyasda ayrı-ayrı ölkələr ciddi sosial-iqtisadi kataklizmlərlə üzləşir, maliyyə çatışmazlığı üzündən sosial layihələri ixtisara salır, maaşları, pensiyaları azaldır, yerlərini kütləvi surətdə bağlayırlar. Azərbaycan isə nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirərək bu əsasda ölkədə əhalinin sosial rifahını daha dolğun şəkildə təmin edir.

Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3 dəfədən çox artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdəndir

Son 10 ilin statistik göstəricilərinə nəzər saldıqda Azərbaycanın bütün sahələrdə dinamik inkişafa nail olduğu aydın görünür. Prezident İlham Əliyevin ötən həftə Budapeştdə Macarıstan Milli Televiziyasının müxbirinə müsahibəsində vurğuladığı kimi: “Son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşamışdır”.

Respublikamızda bəhs olunan dövrdə hər bir ölkənin iqtisadiyyatının dayanıqlılığını şərtləndirən ümumi daxili məhsul istehsalında 3 dəfədən çox artıma nail olunub. Bu, dünyada analoqu olmayan bir haldır, heç bir ölkə 10 il ərzində belə yüksək inkişaf göstəricisi əldə etməyib. Davamlı inkişaf sayəsində Azərbaycan bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bəhs olunan müsahibədə Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək vurğulayıb: “Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir”.

Beləliklə, Azərbaycanın iqtisadi inkişafı və bunun məntiqi nəticəsi kimi siyasi nüfuzu o səviyyəyə çatıb ki, regionda hər hansı bir layihənin reallaşdırılması ölkəmizin iştirakı olmadan qeyri-mümkündür.

Ölkə iqtisadiyyatının həcminin dünyada analoqu olmayan səviyyədə genişlənməsi paralel surətdə büdcə xərclərinin 20 dəfə artması ilə nəticələnib. Respublikamızda genişmiqyaslı infrastruktursosial məzmunlu layihələr reallaşdırılır. İntensiv surətdə həyata keçirilən abadlıq-quruculuq işləri sayəsində şəhər və kəndlərin siması dəyişib. Respublikanın davamlı iqtisadi inkişafı paralel surətdə ölkədə fəal əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülməsinə imkan verir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz, həmçinin işsizliyinyoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail olmuşuq”.

Ölkəmizin maliyyə vəziyyəti də kifayət qədər sabitdir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötüb ki, bu da kifayət qədər böyük rəqəmdir. Respublikamızın xarici borclanmasının çox aşağı səviyyədə saxlanılması məmnunluq doğurur. Qeyd edək ki, hazırda respublikamızın xarici borclanması ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir. Maliyyə vəziyyətinin sabit olması, həmçinin xarici borclanmanın optimal səviyyədə saxlanılması Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Xarici sərmayədarlar Azərbaycandakı əlverişli investisiya mühitini, investisiyaların dövlət səviyyəsində qorunmasını, eləcə də, möhkəm daxili sabitliyi, respublikamızın beynəlxalq miqyasda etibarlı tərəfdaş imici qazanmasını yüksək qiymətləndirərək ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yatırmaq istəyirlər. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 160 milyard dollardan çox investisiya yönəldilib. Ötən il isə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldilən investisiyaların həcmi 28 milyard dolları ötüb.

Azərbaycanın dinamik iqtisadi inkişafı dünyada nümunəvi model kimi dəyərləndirilir

Azərbaycanın hətta qlobal iqtisadi-maliyyə böhranı illərində belə möhkəm iqtisadi dayanıqlılıq nümayiş etdirməsi və böyük uğurlara imza atması beynəlxalq miqyasda uğurlu model kimi dəyərləndirilir. Təsadüfi deyil ki, dünyanın ayrı-ayrı ölkələri Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı təcrübədən yararlanmaq niyyətini bəyan ediblər.

Bəs ölkəmizin uğurlarını şərtləndirən, Azərbaycanı regional lider dövlətə çevirən amillər hansılardır? Burada əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulanson 10 ildən artıq bir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət həlledici rol oynayıb. Azərbaycanın dövlət başçısı bəhs olunan müsahibəsində ölkəmizin uğurlarını şərtləndirən amillərə diqqət çəkərək bildirib: “Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neftqaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlarenerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi”.

Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanın bu gün beynəlxalq miqyasda dünyada uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası məhz Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontraktın imzalanması ilə qoyulub. Bununla da Xəzər Azərbaycanın səyləri sayəsində xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib. “Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb. Son 20 ildə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib. Ölkənin neft sənayesində yeni texnologiyalar tətbiq olunub, çoxlu sayda yeni yerləri açılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.

Azərbaycanın uğurlu neft strategiyası davamlı islahatlarla tamamlanır

Azərbaycanın uğurlu inkişaf modelinin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ölkəmizdə zəngin karbohidrogen ehtiyatlarının işlənməsindən əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinin inkişafına, insan kapitalı yaradılmasına böyük diqqət yetirilir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasətə uyğun olaraq ölkənin getdikcə artan maliyyə resursları regionların tarazlı inkişafına, qeyri-neft sektorunun imkanlarının genişləndirilməsinə, müasir dünya çağırışlarına uyğun olaraq innovativ sənaye quruculuğuna, modern idarəçilik metodlarının tətbiqi və maddi-texniki təchizatın yüksəldilməsi yolu ilə kənd təsərrüfatının ixrac potensialının artırılmasına yönəldilir. Ölkəmizdə 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və artıq icrası tamamlanan iki Dölət proqramının, eləcə də 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının uğurla reallaşdırılması sayəsində Azərbaycanın əksər bölgələri ilə paytaxt arasında fərq minimuma enib, regionlar iqtisadi güc amilinə çevrilib. Hazırda Azərbaycanın bütün regionlarında tarixən formalaşan ənənələr, yerli əmək və xammal ehtiyatları nəzərə alınmaqla yaradılan müasir istehsalatlar uğurla fəaliyyət göstərir. Dövlət proqramlarına uyğun olaraq yerlərdə infrastruktur təminatının həllini tapmasını, fermer təsərrüfatlarına maliyyə-texniki dəstək göstərilməsini, emal sənayesinin genişləndirilməsini, müasir saxlama kameralarının yaradılmasını xüsusi vurğulamaq lazımdır ki, bu da öz növbəsində kənd təsərrüfatının inkişafına, ölkənin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına təminatına, həmçinin ixrac imkanlarının artmasına zəmin yaradır.

Ölkəmizdə iqtisadiyyatın çoxqütblülüyünün təmin edilməsi, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi strategiyası öz gözəl bəhrələrini verib. Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun artım tempi neft sektorunun artım tempini üstələyib. Artıq bir neçə ildir ki, respublikamızda qeyri-neft sektorunda davamlı olaraq böyük uğurlar əldə edilir. Ötən il bu sahədə 10 faiz, cari ilin birinci yarısında isə 7 faiz artıma nail olunub. Qeyri-neft sektorunun inkişafı ÜDM-in strukturuna da ciddi təsir göstərib. Belə ki, cari ilin birinci yarısında ÜDM-in strukturunda qeyri-neft sektorunun çəkisi artaraq 56 faizi ötüb. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.

Onu da vurğulamaq yerinə düşər ki, respublikamızda iqtisadiyyatın məqsədyönlü diversifikasiyası siyasətində innovativ, elm tutumlu sənaye quruculuğu mühüm yer tutur. Tam cəsarətlə demək mümkündür ki, respublikamızda sənaye quruculuğunun keyfiyyətcə yeni mərhələsi başlayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin “Sənaye ilielan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin ifadəsidir. Son 10 ildə respublikamızda 500-dən artıq yeni sənaye müəssisəsi istifadəyə verilib. Ölkəmizdə müasir texnoparkların, sənaye klasterlərinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bütün bu və digər tədbirlərin, həmçinin möhkəm hüquqi bazanın yaradılması nəticəsində 10 il ərzində ölkəmizdə qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən, sənaye məhsulu istehsalı 3,1 dəfə artıb.

Beləliklə, Azərbaycan vaxtında həyata keçirilən islahatlar və məqsədyönlü siyasət sayəsində dünyanın əksər karbohidrogen ehtiyatları ilə zəngin ölkələrinin üzləşdikləri “neftdən asılılıq” sindromundan yan keçməyi bacarıb. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan müsahibədə vurğuladığı kimi, bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq.

Qeyd edək ki, Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar dünyanın nüfuzlu reytiq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Məlumdur ki, bir qədər bundan əvvəl Davos İqtisadi Forumu dünya ölkələrinin iqtisadiyyatına dair növbəti hesabatını yayıb. Həmin hesabatda Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb ki, bu da ölkəmizdə həyata keçirilən islahatlaradinamik iqtisadi inkişafa verilən yüksək qiymətdir.

Gələcəkdə Azərbaycanı yeni inkişaf perspektivləri gözləyir. Respublikamızın zəngin potensialı, geniş maliyyə imkanları və əlbəttə ki, dövlətin iqtisadi islahatlara güclü dəstək nümayiş etdirməsi ölkənin qarşısında daha geniş və aydın inkişaf üfüqləri açır.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 19 noyabr S. 2.