Hüseyn Cavidin əsərlərinin Türkiyə
nəşrinin Kipr Yaxın Doğu Universitetində təqdimatı olub
Şimali Kiprdə fəaliyyət göstərən Yaxın Doğu Universitetində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı keçirilib.
Azərbaycan, Türkiyə və Şimali Kipri təmsil edən ziyalıların, elm və mədəniyyət xadimlərinin, universitetin professor-müəllim və tələbə heyətinin, KİV təmsilçilərinin qatıldığı konfransda əvvəlcə Hüseyn Cavidin zəngin mənalı həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.
Hüseyn Cavidin yaradıcılığı barədə ümumi məlumat verən mərasimin aparıcısı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, ədibin zəngin və mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu, Azərbaycan “Kaspi” Təhsil Mərkəzi tərəfindən nəşr edilən 944 səhifəlik kitabın əhəmiyyətindən danışıb.
Yaxın Doğu Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov, professorlar Ərdoğan Saracoğlu, Yavuz Akpiner, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu və AzərTAc-ın Türkiyə təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının çıxışları dinlənilib.
Natiqlər diqqətə çatdırıblar ki, Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə qəbul etdiyi və gerçəkləşdirdiyi tarixi qərarlar sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən Vətənimizə gətirilib, əziz xatirəsinə möhtəşəm abidə ucaldılıb, adı əbədiləşdirilib, əsərləri nəşr olunub. Bütün bunlardan çox-çox öncə isə böyük şairimiz məşhur - Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü. - misralarını yazmaqla sanki hər şeyi əvvəlcədən görərək Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Vətənimizi parçalanmaqdan, xalqımızı məhv olmaqdan, dövlətimizi dağılmaqdan xilas edəcəyinə dəyər verirmiş kimi Heydər Əliyev şəxsiyyətinin ucalığını tərənnüm edib.
Çıxışlarda qeyd olunub ki, mübarizlik və yenilməzlik nümunəsi olan Cavidin əsərləri dünya ədəbiyyatını zənginləşdirib. Aramsız hədələr, səngimək bilməyən həbs təhlükəsi, əzablı sürgün həyatı, fasiləsiz mənəvi terrorlar və digər məşəqqətlər Cavidi ülvi hislərdən, haqq və ədalət axtarışından döndərə bilmədi. Bütün varlığı ilə böyük Yaradana bağlı olduğunu tərənnüm edən şair dinindən və irqindən asılı olmayaraq bütün insanlarda, ətrafımızı əhatə edən varlıqlarda gözəllik axtarmış, obrazlarında haqq və ədaləti qələmi ilə olduğu kimi təsvir etmişdir. Ülvi hisslərdən uzaqlaşdırmaq, xoş arzularını pozmaq, gerçəkliyin həqiqi təsvirini verməkdən çəkindirmək üçün Cavidə qarşı namərdlik edənlər həm tarix və ədəbiyyat qarşısında, həm də mənən məğlub və ifşa olublar.
Turan ortaq ədəbi dilinin yaranmasına böyük töhfələr verən Hüseyn Cavid haqq və ədalət carçısı, sevgi və gözəllik aşiqi olub. Onun bütün əsərlərində obrazların təsvirində haqq və ədalət rəngi bütün ədəbi boyaların əsasını təşkil edir. Xoş arzu və istəklər, həyat gerçəklikləri Cavidin əsərlərinə xüsusi bir əzəmət verir. Odur ki, “Əbədi” mənasını daşıyan təxəllüslə - Cavid adı ilə yaradan şairi əzəmətli ədəbiyyat dağının zirvəsinə yüksəldən həqiqətin bircə mənası olub: Xalqını, millətini azad, xoşbəxt, ölkəsini dünyəvi dövlət sırasında görmək. Bu həqiqətə qovuşmaq üçün dövrünün məşəqqətlərindən keçən Cavidin əsərləri dünya ədəbiyyatında öz orijinal üslubu, dərin məna və məzmunu ilə seçilən təkrarolunmaz nümunələrdir.
“Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın rəhbərliyi ilə Hüseyn Cavidin əsərlərinin külliyyatının yeni poliqrafik formada İstanbul nəşrinin oxucuların görüşünə gəlməsini Azərbaycan ədəbiyyatına tükənməz sevgi və məhəbbətin tərənnümü kimi dəyərləndirən natiqlər diqqətə çatdırıblar ki, bu iş Azərbaycanın görkəmli şəxsiyyətlərinin, zəngin ədəbiyyatımızdakı seçmələrin dünya ictimaiyyətinə tanıdılması istiqamətində Ulu öndər Heydər Əliyevin tarixi qərarları ilə başlanan uzaqhədəfli strategiyanın gerçəkləşməsinə yönəlmiş bir töhfədir.
Kitabın ərsəyə gəlməsinə himayədarlıq edən Azərbaycanın “Kaspi” Təhsil Mərkəzinə, təqdimatı təşkil edən Kipr Yaxın Doğu Universiteti ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbərliyinə, kitabın hazırlanmasında zəhməti olan, eləcə də onu oxuyan və oxuyacaq hər kəsə, təqdimatda iştirak edənlərin hər birinə təşəkkür edən natiqlər əminliklə bildiriblər ki, Hüseyn Cavid külliyyatının Türkiyə nəşri onun əsərlərinin başqa dillərə tərcüməsi üçün də geniş imkanlar yaradacaq. Çıxışlarda qeyd olunub ki, Cavidi dünyada tanıtmaq, əsərlərindən bütün xalqların bəhrələnməsini təmin etmək zamanın ehtiyac hökmüdür.
Yeni Azərbaycan.-2014.- 19 noyabr
S. 5.