Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı

 

Məlum olduğu kimi, bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri də özəl sektorun inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Ölkədə kiçik və orta sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Heç də təsadüfi deyil ki, yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti, böyük bir coğrafiyanın güclü iqtisadi-siyasi aktoru olan Azərbaycanda bu gün dövlətin əsas hədəflərdən biri də sahibkarlığın daha da inkişaf etdirilməsinə, özəl sektorun arealının daha da genişləndirilməsinə yönəlib.

Ötən illər ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Yatırılan investisiyalar, ilk növbədə, dövlət siyasətinə uyğun şəkildə qoyulur, digər tərəfdən dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Həyata keçirilən layihələrin demək olar ki, hamısı həm dövlətin, həm özəl sektorun kapitalı hesabına həyata keçirilir.

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Qeyd edək ki, hazırda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə il ərzində özəl bölmənin subyektlərinə ayrılan güzəştli kreditlərin həcmi 300 milyon manata çatır. Bu vəsait sahibkarlar tərəfindən ölkə iqtisadiyyatında prioritet sahələrin inkişaf etdirilməsinə yönəldilir.

Ölkəmizdə sahibkarlığın inkişafını stimullaşdırmaq, özəl bölmənin investisiya imkanlarını genişləndirmək, sərmayə mühitini daha da optimallaşdırmaq baxımından Prezident İlham Əliyevin 3 mart 2014-cü il tarixdə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Fərmana uyğun olaraq qısa müddətdə biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlak hüquqlarının dövlət qeydiyyatı, kreditlərin verilməsi, idxal-ixrac əməliyyatlarının aparılması, müəssisələrin bağlanması sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib və müxtəlif istiqamətlər üzrə nümunəvi modellər təhlil olunub, onların ölkəmizdə tətbiqi imkanları araşdırılıb və əlaqədar qurumların qarşısına konkret vəzifələr qoyulub.

Azərbaycanda güclü milli sahibkarlar ordusu formalaşıb

Ümumiyyətlə, son 10 il ərzində respublikamızda 500-dən çox sənaye müəssisəsi, o cümlədən, Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər müəssisə fəaliyyətə başlayıb.

Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24 obyektdə isə işlər davam etdirilir.

Ötən 10 ildə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması ölkə iqtisadiyyatında özəl setorun möhkəmlənməsinin bariz nümunəsidir. Məqsədyönlü investisiya layihələri çərçivəsində yeni yaradılan müəssisələr hesabına 10 il ərzində ölkənin qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Özəl sektorun inkişaf etdirilməsi istiqamətində atılan addımlar nəticəsində vergi daxilolmalarında özəl bölmənin payı 42 faizdən 72,5 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və ümumi daxili məhsulda özəl sektorun çəkisi 80 faizi ötüb.

Azərbaycanın regionlarında güclü milli sahibkarlar ordusunun formalaşmasına Prezident İlham Əliyev tərəfindən hər cür dəstək nümayiş etdirilir. Dövlət başçısı sahibkarlara bundan sonra da Öz dəstəyini davam etdirəcəyini bildirib: “Sahibkarlara Öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir”.

Respublikada sahibkarlığın davamlı inkişafının təmin edilməsi dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini də zərurətə çevirib. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s. - dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən institusional və struktur islahatları, azad rəqabətin təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiyaların qorunması üzrə görülən işlər sözügedən sahədə sürətli inkişafa zəmin yaradıb.

Ölkəmizdə qida sənayesinin inkişafında “Ulduz” şokolad fabrikinin xüsusi yeri və payı var

Əlbəttə ki, ölkəmizdə sahibkarlığın inkişafı bu sektorda fəaliyyət göstərən şirkətlərin də fəaliyyətindən ciddi şəkildə asılıdır. Daha dəqiq desək, özəl şirkətlərin fəaliyyəti sahibkarlıq sektorunun inkişafında effektiv nəticələrin əldə olunmasına birbaşa təsir göstərir.

Vurğulayaq ki, ölkəmizdə qida sənayesinin inkişafında “Ulduz” şokolad fabrikinin xüsusi yeri və payı var. Belə ki, 2001-ci ildə fəaliyyətə başlayan “Ulduz” şokolad fabriki ölkəmizdə qənnadı və yeyinti sahəsinin inkişafına xüsusi töhfəsini verir. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət və ad qazandırıb. “Ulduz” şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçıların rəğbətini qazanıb.

Hazırda “Ulduz” fabriki yerli bazarla yanaşı, Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidlərini təqdim edir. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı Draje və Çırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirib.

“Ulduz” şokolad fabriki beynəlxalq dərəcəyə malik “Keyfiyyət İdarəetmə Sistemi”, “Beynəlxalq Qida Standartı”, “İngilis Pərakəndəçilər Birliyi Standartı”, “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı”, “Müştəri Məmnuniyyəti Standartı”, “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik” sertifikatları alıb.

2009-cu il ərzində iqtisadi artım göstəricisinə görə “Ulduz” şokolad fabriki “İlin xalq markası” mükafatına layiq görülüb. Həmin ilin aprelində Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə “Caspian Energy İntegration Award - 2010” beynəlxalq mükafatının təntənəli təqdimetmə mərasimi keçirilib. Mükafatlar istehsal və xidmət sahələrində fəaliyyət göstərən, il ərzində istehlakçılar və müştərilər arasında nüfuz qazanmış, öz fəaliyyətləri ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş brendlərə verilir. “Ulduz” şokolad fabrikinin məhsulu olan “Tango” şokoladı da bu nominantlar sırasında idi.

2012-ci il ərzində bir çox yerli və beynəlxalq standartların öyrənilməsi üçün fabrikin mütəxəssisləri xarici ölkələrdə təlim və seminarlarda iştirak edib və bu standartların ölkəmizdə tətbiqi istiqamətində ciddi addımlar atılıb. Fabrikdə Almaniyanın TUV şirkətinin türkiyəli auditorları tərəfindən hazırda tətbiq olunan beynəlxalq sistemlərin xarici auditi və yeni sistemlərin tətbiqi ilə bağlı ilkin auditi keçirilib. Auditorlar apardıqları audit nəticəsində yaradılan iş şəraitindən razı qalaraq tətbiq olunan bütün sistemləri yüksək balla qiymətləndiriblər.

Vurğulayaq ki, “Ulduz” şokolad fabrikinin sahib olduğu “Qida Təhlükəsizliyi Sistemi Standartı” və “Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı” sertifikatları dünyanın qabaqcıl şirkətləri olan “NESTLE”, “UNILEVER”, “DANONE” və “KRAFT” şirkətləri tərəfindən hazırlanıb və həmin standartların tətbiqinə görə, “Ulduz” fabriki Azərbaycanda ilk olaraq bu sertifikata layiq görülüb. Bundan başqa, “Müştəri Məmnuniyyəti Standartı” və “İngilis Pərakəndəçilər Birliyi Standartı” sertifikatları BRC Carrefour, Tesco, Metro, Migros, Ahold və Wal-Martın tələb etdiyi sertifikatlardır. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanda ilk olaraq bu sertifikatlara da “Ulduz” şokolad fabriki layiq görülüb. Bu gün fabrikdə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb və müəssisədə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “Ulduz” şokolad fabrikini qida sənayesi sektorunda mühüm əhəmiyyətə malik bir şirkətə çevirib.

Heç də təsadüfi deyil ki, bu gün ölkənin özəl sektorunun ixrac siyahısında bu fabrikin xüsusi çəkisi hiss edilməkdədir. Rusiya Federasiyasının 13 şəhərinə, o cümlədən, Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə ixrac edilən fabrikin məhsulları istər keyfiyyətinə, istərsə də müasir standartlara cavab verməsi ilə olduqca məşhurdur.

Yeri gəlmişkən, fabrik ölkəmizdə işsizliyin aradan qaldırılmasında da mühüm rola malikdir. Hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışmaqdadır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi, beləliklə də işçilərin də sayının bir neçə dəfə artırılması nəzərdə tutulur.

Məhz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin 13 il ərzində istehsal gücü bir neçə dəfə artırılıb. Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, Hollandiya, İran və BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Bu gün qida sektorunda aparıcı şirkətlərdən olan fabrikin uğurlu fəaliyyəti özəl sektorun inkişafında mühüm yerə malikdir.

 

Pərviz SADAYOĞLU,

“Azərbaycan Mətbuat Şurası və “Ulduz” şokolad fabrikinin

“Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru”

mövzusundakı müsabiqəsinə

təqdim olunur”

Yeni  Azərbaycan.-2014.- 20 noyabr S. 7.