Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir

 

Bu gün partiyanın yaranmasının 22 ili tamam olur

 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümüdür. Ötən 22 il ərzində partiyamız şərəfli yol keçib. Həmsöhbətimiz olan YAP funksionerləri, millət vəkilləri, eləcə də partiyanın yerli təşkilatlarının rəhbərləri ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən söz açıblar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib ki, Yeni Azərbaycan Partiyası ötən 22 ildə ümumxalq partiyasına çevrilib, bu müddətdə Azərbaycanın inkişafı naminə çalışıb. E.İbrahimov bildirib ki, partiya Azərbaycanın ağır durumunda yaranıb. Onun sözlərinə görə, həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Ulu öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması üçün müraciət edib. “Bundan sonra Naxçıvanda 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası ümummilli partiyadır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır. YAP Azərbaycanda siyasi palitraya siyasi mədəniyyət gətirdi. Təsadüfi deyil ki, bu gün partiya üzvlərinin sayı 630 mindən çoxdur. Bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir” - deyə, E.İbrahimov vurğulayıb.

“Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 630 min nəfərdən çox üzvü olan partiyamız ötən 22 ildə çətin və şərəfli yol keçib. Mən deyərdim ki, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb”. Bu fikirləri isə yap.org.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, müstəqilliyimizin ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdü. A.Rəhimzadə qeyd edib ki, 21 noyabr 1992-ci ildə yaranan partiyamız Ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.

“Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 22 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 22 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək” - deyə, A.Rəhimzadə vurğulayıb.

YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü, mütəşəkkil siyasi təşkilatıdır. M.İbrahimqızı bildirib ki, YAP milli maraqlarımıza və ölkəmizin inkişafına yönəlik fəaliyyət göstərir. Onun sözlərinə görə, xalqa xidmət partiyamızın başlıca amalıdır. “Məhz bu səbəbdən də YAP daim uğurlar qazanır. Çünki xalqa, dövlətə xidmətdən yüksək heç nə ola bilməz. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır” - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən siyasi təşkilatdır. Onun sözlərinə görə, partiyamız ötən 22 il ərzində şərəfli yol keçib: “Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir”.

M.Quliyev bildirib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Onun sözlərinə görə, partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. “Partiyamız öz prinsiplərində Heydər Əliyev ideyalarına əsaslanır. Məhz bu amil uğurlarımızı təmin edən başlıca şərtdir. Bu gün ölkədə YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Prezident, parlament, bələdiyyə seçkilərində mütəşəkkillik göstərən xalqımız daim Ulu öndərimizin ideyalarına sədaqətini nümayiş etdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız bu gün çox böyük uğurlara imza atır. Məhz bunun nəticəsidir ki, partiyamız Cənubi Qafqaz regionunda ən güclü siyasi təşkilatdır” - deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının tarix səhnəsinə gəlməsi ictimai ehtiyacların obyektiv tələbatından yarandı: “Böyük dövlət adamı, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan bu böyük siyasi təşkilat qısa müddətdə Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial simasını dəyişərək ona yeni və ən müasir inkişaf tendensiyası gətirdi. Digər tərəfdən, bu partiyanın ən böyük xidmətlərindən biri xalqın mənəvi gücünü səfərbər etmək oldu. Əsl müstəqil dövlət kimi inkişaf etməyimiz və dövlət kimi qüdrətlənməyimiz də bunun məntiqi nəticəsi kimi bərqərar olub. Ulu öndərin azərbaycançılıq ideologiyası, milli təfəkkürün formalaşması, demokratiya prinsiplərinə sadiqlik, siyasətdə liberalizm YAP-ın əsas fəaliyyət istiqamətlərindəndir. YAP yarandığı ilk gündən mürəkkəb ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi və dəqiq münasibət bildirən, siyasi hadisələri elmi-siyasi proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətə başladı. Xüsusən bu aparıcı siyasi qüvvənin yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi çox önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı. Onun timsalında xalqımız siyasi mübarizənin sivil, demokratik yollarını və vəzifələrini aydın şəkildə müəyyənləşdirmək imkanı qazandı. Məhz YAP müstəqillik cığırını getdikcə genişləndirən və onu daimi edən, xalqa düzgün yol göstərən milyonların partiyasıdır. Ona görə də partiyamız xalqımızla daim olacaq. Onun etimadını davamlı olaraq qazanmaqda davam edəcək”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 22 il ötür. Bir-birindən əhəmiyyətli uğurları ilə 22 ili zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. YAP-ın yarandığı vaxtdan bu günə qədər tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan artıq dövlət müstəqilliyinin bərpasının 23, Yeni Azərbaycan Partiyasının yaranmasının 22 ilini arxada qoyur: “Təbii ki, bu gün uğurlarımızın miqyası 10 il bundan öncəkindən daha geniş və möhtəşəmdir. 1993-2003-cü illər Azərbaycan tarixinə sabitlik və inkişaf illəri kimi yazılıb. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya günəş kimi doğdu. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə böyük inamla səsləndirdiyi bu fikirlər tezliklə reallıqda təsdiqini tapdı: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir”.

V.Rəhimzadənin sözlərinə görə, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək, atdığı addımları ilə cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın bu gün sıralarında 640 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, bu xətti uğurla davam etdirən möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə inamın göstəricisidir: “Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 22 illik tarixi yolda əldə etdiyi uğurlara qısa baxış Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin böyük əsaslara söykəndiyini təsdiqləyir. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Heydər Əliyev siyasəti Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır, hədəflər müəyyənləşdirir. Partiyanın hər bir üzvü Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək bu hədəflərə çatmaq üçün öz töhfəsini verir”.

YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov bildirib ki, YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan ümumxalq partiyasıdır: “Yeni Azərbaycan Partiyası 22 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və hərc-mərclikdən xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxdı. Bu mənada, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətinin xilaskarıdır”.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə və Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib. Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirir, Azərbaycanın inkişafına müstəsna töhfələr verir.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı”.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan YAP-ın 22 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. “Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”, - deyə A. Hüseynov əlavə edib.

“Yeni Azərbaycan Partiyası 22 il ərzində uğurla fəaliyyət göstərib. YAP öz fəaliyyətilə ümumxalq partiyası olduğunu təsdiq edib”. Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib. N.Əhmədov bildirib ki, ötən müddət ərzində partiyamız Azərbaycanın inkişafı naminə çalışıb. Onun sözlərinə görə, YAP Azərbaycanın çətin bir dövründə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb.

“Ulu öndərimiz partiya yarandıqdan qısa müddət sonra Azərbaycanda hakimiyyətə qayıtdı. Bununla da, partiyamız da Azərbaycanın inkişafında özünəməxsus rol oynamağa başladı. Bu gün partiyamız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır”, - deyə N.Əhmədov qeyd edib.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, partiyamızın yaranması Azərbaycan xalqının mənəvi istəyinin reallaşması idi. Onun sözlərinə görə, 1992-ci ilin noyabr ayında Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq, ən mütərəqqi Azərbaycan ziyalılarını ətrafına toplamağı bacardı: “Partiyamız tez bir zamanda ölkəmizin rayonlarında öz qərargahlarını yaradaraq, bölgə əhalisinin taleyüklü problemlərinin həllində əsas rol oynamağa başladı. Artıq, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına ümid mənbəyi kimi baxırdılar. Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparma bacarığı, qayğıkeşliyinin nəticəsi kimi xalqımız liderinin ətrafında sıx toplaşmağa başladı. Azərbaycan xalqı gerçək liderin hansı xüsusiyyətlərə malik olmalı olduğunu anladı. Və xalqımızın təkidli tələbi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu. Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını qazanmaqda davam edir”.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişib. T.Tağıyev qeyd edib ki, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP-ın ölkəmizin inkişafında mühüm rol oynadığını deyib: “Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.

O, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi hadisə olduğunu vurğulayıb. YAP-ın 22 il ərzində böyük inkişaf yolu keçdiyini deyən M.Abasquliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın möhtəşəm uğurlar qazandığını bildirib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamız ümumxalq partiyası adlanır və onun sıraları günbəgün genişlənir”.

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan partiya müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, həmçinin, demokratiyanın yaranması və inkişafında mühüm rol oynayıb. S.Vəliyeva qeyd edib ki, 1993-cü ildə yaradılmış YAP Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb: “Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir”.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev isə bildirib ki, YAP yarandığı ilk illərdə şərəfli mübarizə tarixi yaşayıb. O vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: “Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”, - deyən B.Vəliyev qeyd edib ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan YAP sıralarında 630 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 21 noyabr S. 4.