YAP ötən 22 ildə regionun aparıcı siyasi
qüvvəsinə çevrilib
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının
yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Dünən Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Geniş məruzə ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, YAP tarixi zərurətdən yaranıb: “YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirdi. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəldi”.
A.Hüseynovun sözlərinə görə, 1992-ci il oktyabrın 24-də Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razılığını bildirdi: “Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai siyasi həyatına daxil oldu”.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov isə qeyd edib ki, ciddi sınaqlardan çıxmış YAP 22 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salan Süleyman Mikayılov bildirib ki, YAP 22 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli lider Heydər Əliyevin 22 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, millət vəkili, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin və digərləri YAP-ın ötən 22 ildə əldə etdiyi uğurlardan danışıblar, partiyanın keçdiyi zəngin və şərəfli yoldan bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olub. Bu partiya sağlam düşüncəli, sağlam fikirli xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı.
Bildirilib ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası isə bu inkişafın önündə lokomotiv kimi çıxış edir, xalqa sədaqətlə xidmət edir.
Sonda YAP fəalları fəxri
fərmanlarla təltif edilib, partiya sıralarına yeni
qəbul olunanlara üzvlük
vəsiqələri təqdim olunub.
Yeni Azərbaycan.-2014.- 21 noyabr S. 9.