Malayziya Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə
önəm verir
İki ölkə arasında əlaqələr uğurla inkişaf edir
Xəbər verildiyi kimi, noyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) üzv dövlətlərinin Assambleyasının III sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Malayziya Krallığı Baş nazirinin Aparatında nazir Pol Lou Senq Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Fikrət Məmmədov bu ilin sentyabrında Malayziya Baş nazirinin Azərbaycana səfərinin və imzalanmış mühüm sənədlərin bu əlaqələrə böyük təkan verdiyini vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı, bu sahədə qanunvericilik və institusional tədbirlər, o cümlədən Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti diqqətə çatdırılıb.
Nazir korrupsiya ilə mübarizədə mühüm rol oynayan məhkəmə-hüquq sisteminin inkişafından, infrastrukturun müasirləşdirilməsindən, elektron məhkəmənin və qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işlərdən danışıb, hakimlərin Avropada ən şəffaf seçimini qeyd edib. Fikrət Məmmədov vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 2012-ci ildə Malayziyada VI illik konfransının yüksək səviyyədə keçirilməsini, Assosiasiyanın İcraiyyə Komitəsində Abu Kassim Mohamed ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.
Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu və respublikamızın hərtərəfli dinamik tərəqqisindən heyranlığını ifadə edən qonaq ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın İACA-nın Assambleyasının sessiyasına ev sahibliyinə görə təbrik edib. Malayziyalı nazir ölkəsinin beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirərək Azərbaycan ilə müsbət təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini diqqətə çatdırıb, respublikamızda korrupsiyaya qarşı mübarizə tədbirlərini, hakimlərin seçimini şəffaflığına görə təqdir edib. Görüşdə hüquqi sahədə, korrupsiya ilə mübarizədə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün faydası vurğulanıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Malayziya ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb. Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlər isə 1993-cü il aprelin 5-də qurulub. 2004-cü ildə Malayziyanın Azərbaycanda, həmçinin, Türkiyədə akkreditə olmuş səfiri fəaliyyətə başlayıb. Azərbaycanın Malayziyadakı səfirliyi isə 20 sentyabr 2005-ci ildə təsis edilib.
Beləliklə, vurğulandığı kimi, bu il sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana səfəri və imzalanmış mühüm sənədlər iki ölkə arasında əlaqələrə böyük təkan verib. Sözügedən səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak arasında keçirilən təkbətək görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. İki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyin ifadə olunduğu görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran müxtəlif məsələlər barədə də fikir mübadiləsi aparılıb. İki ölkənin qarşılıqlı münasibətlərin inkişafına verdiyi önəm Azərbaycan Prezidentinin və Malayziya Baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündə də vurğulanıb. Belə ki, Prezident İlham Əliyev görüşdəki çıxışında Malayziyanı “yaxın dost və tərəfdaş” ölkə adlandıraraq, Baş nazirin səfərinin əlaqələrə yeni təkan verəcəyinə, siyasi, iqtisadi əməkdaşlığın gücləndiriləcəyinə əminlik ifadə edib. Mohammad Najib Tun Abdul Razak isə iki ölkə arasındakı mövcud münasibətlərə əsasən bir çox sahələrdə əməkdaşlığın mümkün olduğunu deyib.
Yeri gəlmişkən, Malayziya Baş nazirinin səfəri, həm də, yeni Azərbaycan-Malayziya sənədlərinin imzalanması ilə müşayiət olunub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak tərəfindən Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Malayziyanın “Petroliam Nasional Berhad” şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumunu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Petroliam Nasional Berhad” şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas imzalayıblar. Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu isə Azərbaycanın xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imzalayıblar. Beləliklə, Azərbaycan Prezidenti və Malayziya Baş nazirinin bəyanatları, eləcə də, imzalanan sənədlər onu göstərir ki, iki ölkə əməkdaşlığının bundan sonra genişləndirilməsində enerji üzrə tərəfdaşlıq mühüm rol oynayacaq. Hər iki ölkə şirkətlərinin bu sahədə səmərəli əməkdaşlıq üçün kifayət qədər geniş təcrübəsi var.
Azərbaycan və Malayziya, eyni zamanda, digər sahələrdə də əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün mövcud hüquqi bazanı genişləndirmək niyyətindədir. Xatırladaq ki, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası və Malayziyanın hava nəqliyyatı qurumları arasında Anlaşma Memorandumu, 2013-cü ilin fevral ayında Azərbaycanın “Silk Way Airlines” və Malayziyanın “MASkargo” aviaşirkətləri arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bundan başqa, tərəflər arasında imzalanması nəzərdə tutulan və müxtəlif sahələri əhatə edən 17 saziş layihəsinə baxılmaqdadır. Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Malayziya iş adamlarının iştirakı ilə keçirilən biznes forum isə iki ölkənin iqtisadi əlaqələrinin inkişafı baxımından əlamətdar olub. Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib ki, Azərbaycan ilə Malayziya arasında əlaqələr uğurla inkişaf edir. Siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın da inkişafı üçün geniş imkanlar açır. Ş.Mustafayev iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak isə öz növbəsində, ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, dünyada baş verən maliyyə-iqtisadi böhranın fonunda Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Baş nazir biznes forumun bu əlaqələrin genişlənməsinə töhfə verəcəyini deyib. Malayziya iqtisadiyyatı, eləcə də iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes forumda hər iki ölkənin şirkətlərinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan ilə Malayziya arasında iqtisadi əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılıb. Malayziyalı iş adamları çıxışlarında Azərbaycandakı iqtisadi inkişafı yüksək qiymətləndirib və azərbaycanlı həmkarları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Bildirmək yerinə düşər ki, Malayziya birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Elə sözügedən səfər zamanı mətbuata birgə bəyanatlar səsləndirilərkən Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təsisatlar çərçivəsində, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda müsbət əməkdaşlığının olduğunu deyərək, Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutduğuna və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə etdiyinə görə Malayziyaya minnətdarlığını bildirib. Dövlət başçısının sözlərinə görə, beynəlxalq hüquqa uyğun olan bu mövqe ölkələrimizin əməkdaşlığını, qardaşlığını əks etdirir.
Malayziya Baş naziri isə haqq-ədalətin tərəfdarı olan ölkə olaraq Azərbaycanın ərazi bütövlüyü məsələsində mövqeyini hər yerdə müdafiə etdiklərini deyib: “Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər zaman Sizinlə olacağıq. Eyni zamanda, mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib”.
Beləliklə, yuxarıda da vurğulandığı kimi, iki ölkə arasında sıx dostluq münasibətləri var. Və bu məqam noyabrın 18-də baş prokuror Zakir Qaralovun Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının III sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Malayziya Krallığı Baş nazirinin Aparatında nazir Pol Lou Senq Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir daha vurğulanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonaqları səmimiyyətlə salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik, mühüm tərəfdaş və dost ölkə kimi ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. Zakir Qaralov ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib. Görüşdə Pol Lou Senq Kuan göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu vurğulayıb. Malayziyanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə Krallığın Baş nazirinin təşəkkürünü çatdıran qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər qazanmasını xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Malayziya Antikorrupsiya Komissiyası arasında əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılıq əldə edilib.
Mübariz Abdullayev
Yeni Azərbaycan.-2014.- 21 noyabr.- S. 12.