Görkəmli
yazıçı İlyas Əfəndiyevin
anadan olmasının 100 illik
yubileyi qeyd edilib
Azərbaycan ədəbiyyatı və teatrı tarixində silinməz iz qoymuş İlyas Əfəndiyevin yaratdığı ölməz əsərlər dünən olduğu kimi, bu gün də aktualdır. “Söyüdlü arx”dan su içən Azərbaycan oxucularının qəlbinə məhəbbət və səmimiyyət səpildi, onlar “Körpüsalanlar”ın xeyirxah əməllərindən güc alaraq işıqlı sabahlara üz tutdular. Bu gün də belədir. XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin şəxsiyyətinə və sənətinə münasibət dəyişməyib. Yenə də milyonlarla oxucu və tamaşaçı böyük söz ustadı İlyas Əfəndiyevin adını minnətdarlıqla xatırlayır, onun yaratdığı obrazlar aləminin sehrinə düşür...
AzərTAc xəbər verir ki, noyabrın 21-də Heydər Əliyev Sarayında Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubiley gecəsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ədibin həyat və yaradıcılığını əhatə edən foto və kitab sərgisi ilə tanış olublar.
Hökumət və dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri yubiley gecəsində “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli Sərəncamı oxunub.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb.
Bildirib ki, Vaqif Səmədoğlunun yarım əsr bundan öncə qələmə aldığı “Günün bəxti” adlanan əsər qələbə gününə həsr edilib. Tarixin sınaqlarından həmişə şərəflə çıxan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövr ərzində nəinki günün bəxtini, eyni zamanda onilliklərin bəxtini yaşamaq haqqına sahib olub. Şübhəsiz ki, ölkəmizdə baş verən intibah, böyük quruculuq, iqtisadi, sosial, mədəni sıçrayışlar geniş vüsət alıb. Bununla belə, ustad sənətkarımızın 100 illik yubileyinə həsr edilən bugünkü təntənəni böyük məmnuniyyət hissi ilə ilin bəxti adlandırıram. Bu, səbəbsiz deyil. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təkcə 2014-cü ildə yazıçı, şair, rəssam, bəstəkar, teatr xadimi, ifaçı, memar və digər yaradıcı insanların yubileylərinə dair 13 Sərəncam imzalanıb.
Nazir deyib ki, İlyas Əfəndiyevin bu yubiley mərasimi xüsusi məna daşıyır. Çünki o, XX əsrdə klassik Azərbaycan ədəbiyyatını müasir ədəbi düşüncəyə qovuşduran ən etibarlı körpülərdəndir. Bütün şüurlu həyatını davamlı olaraq yaradıcılığa həsr edən İlyas Əfəndiyevin adı çəkilərkən, ilk növbədə, gözlərimizin önündə böyük nəsr ustadının parlaq siması canlanır. Çəkinmədən demək lazımdır ki, İlyas Əfəndiyevin yaradıcılığı nəinki Azərbaycan, eyni zamanda, dünya ədəbiyyatında mühüm hadisədir. Hələ Ulu öndər Heydər Əliyev ötən əsrdə ona Dövlət mükafatını təqdim edərkən sənətkarın yaradıcılığını yüksək qiymətləndirib.
İlyas Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri ədəbi incilər səviyyəsində bu gün də bədii üslub və məzmun baxımından aktualdır və yeni nəsil oxucu kütlələrinin dərin marağına səbəb olur.
Ədibin ilk pyesinin səhnəyə qoyulduğu 1944-cü ildən bizi 70 il ayırır. Onun qələmindən çıxan 22 pyes isə hər zaman insanları mənəvi kamilliyə, müasirliyə, sevgiyə, mərdliyə, nikbinliyə səsləyir. Azərbaycanda elə bir teatr səhnəsi yoxdur ki, orada görkəmli dramaturqun “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bizim qəribə taleyimiz”, “Büllur sarayda”, “Bağlardan gələn səs”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Qəribə oğlan” və digər pyesləri səhnəyə qoyulmasın. Bu gün də Azərbaycan teatrı İlyas Əfəndiyevin pyesləri ilə nəfəs alır. O, milli dramaturgiyamızda yeganə ədibdir ki, təsirli qələminin məhsulu olan tək bircə əsəri - ilk tamaşası 1968-ci ildə göstərilən “Unuda bilmirəm” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqribən 500 dəfə səhnəyə qoyulub.
Azərbaycanın teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.
Vurğulanıb ki, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Qeyd edilib ki, hazırda rus, ingilis, alman, fransız, türk, qazax, türkmən, tacik, Litva, eston, Ukrayna, Belarus, ispan, qırğız, gürcü və digər xalqların oxucuları ədibin əsərlərini öz dillərində mütaliə edirlər.
Qeyd edilib ki, İlyas Əfəndiyev yüksək istedadı və yaradıcı zəhməti ilə yazıçı anlayışı hüdudlarını keçərək, sözün əsl mənasında milli mədəniyyət xadimi səviyyəsinə yüksəlmiş şəxsiyyətlərdəndir.
Ədibin yaradıcılığı hər zaman ədəbiyyatşünasların diqqət mərkəzində olub, hətta görkəmli tənqidçi, ədəbiyyatşünas alim Yaşar Qarayev İlyas Əfəndiyevin əsərlərini “Qarabağın bədii ensiklopediyası” adlandırıb.
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı XX əsrin 90-cı illərində də məhsuldar olub, görkəmli dramaturq yeni pyeslərini tamaşaya qoyub. Sənətkarın yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Vurğulanıb ki, İlyas Əfəndiyevin 100 illik yubileyinin bu il böyük təntənə ilə UNESCO-da qeyd olunması ədibin yaradıcılığına dünya miqyasında göstərilən marağın bariz nümunəsidir. Həmçinin bir neçə gündən sonra Ankarada TÜRKSOY tərəfindən İlyas Əfəndiyevin yaradıcılığına həsr olunan beynəlxalq simpozium işinə başlayacaq.
Mərasim İlyas Əfəndiyevin əsərləri əsasında hazırlanmış ədəbi-bədii, musiqili proqramla davam etdirilib.
Qədim və müasir Azərbaycanın, eləcə də unudulmaz Qarabağımızın bənzərsiz koloritlərinin əks olunduğu səhnədə tanınmış sənət ustaları tərəfindən Xurşidbanu Natəvan, Şeyx Xiyabani və Ağabəyim xanımın milləti birliyə, ucalığa, saflığa səsləyən ölməz fikirləri səsləndirilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin və Dövlət xor kapellasının ifasında səslənən musiqi nömrələri gecəyə xüsusi rəng qatıb.
Yubiley gecəsində İlyas Əfəndiyevin “Sarıköynək və Valehin nağılı”, “Mənim günahım”, “Sevgililərin cəhənnəmdə vüsalı” və digər tamaşalarından parçalar təqdim olunub. Həmçinin Azərbaycanın tanınmış yazıçı, şair və rejissorlarının vaxtı ilə böyük ədib haqqında söylədikləri ölməz fikirlər bir daha diqqətə çatdırılıb.
Gecədə gənc və tanınmış musiqiçilərin ifasında səslənən xalq və bəstəkar mahnıları da dinləyənlərin zövqünü oxşayıb.
“Qarabağ” şikəstəsinin sədaları altında yekunlaşan gecədə hər kəsi düşündürən bir məqamı qeyd etməyə bilmərik. Belə ki, hər bir tamaşaçı düşünürdü ki, İlyas Əfəndiyev bugünkü narahat dünyamızda yaşasaydı, daha neçə-neçə əsərlər yazardı.
Əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi və mədəni düşüncəsində əbədi olaraq qalacaqdır.
Yeni Azərbaycan.-2014.- 22 noyabr.- S. 3.