Azərbaycan-Pakistan
əlaqələri inkişaf edir
Hər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivləri müzakirə edilib
Xəbər verildiyi kimi, bir neçə gün öncə Pakistan İslam Respublikasına rəsmi səfər edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Rəşad Mahmud və bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan ilə Pakistan İslam Respublikası arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi. Belə ki, Pakistan İslam Respublikası hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair atılan addımlarda Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistan İslam Respublikasının sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.
Ulu öndər Heydər Əliyevin dəvəti ilə 1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının keçmiş prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini edib. Bu səfər iki dövlət başçısı arasında mövcud olan xüsusi dostluq münasibətləri ruhunda yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində keçib və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafında xüsusi əhəmiyyət daşıyıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hər iki ölkə başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. 1996-cı ilin aprelində Pakistan İslam Respublikası Prezidentinin dəvəti ilə Ulu öndər Heydər Əliyevin Pakistana, 2004-cü ildə Pakistan İslam Respublikasının keçmiş Prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri bunun əyani göstəricisidir. Səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələri ətrafında danışıqlar və fikir mübadilələri aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb.
Bu baxımdan, 2005-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafında yeni mərhələnin başlanğıcı sayılan bu səfər zamanı dövlət başçılarının görüşündə Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin strateji tərəfdaşlıq qismində inkişafından razılıq ifadə edilib. Pakistan tərəfi Azərbaycanla imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, rəsmi İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və öz mövqeyinə hər zaman sadiq qalacaq. Digər tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib.
Azərbaycan Prezidenti İlham Əliyev də, həmçinin, ölkələr arasındakı münasibətlərin daimi xarakter daşıdığını söyləyib. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Ölkə başçısı həm də bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edib və bundan sonra da edəcək.
Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə hərbi sənayenin inkişafı ilə bağlı məsələ xüsusi yer tutur. 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq haqqında” protokol və Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu protokol və sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin rəisi M.Ə.Xanın 2004-cü ilin avqust ayında Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edib. 2004-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının dövlətimizin “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair” qaldırdığı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınmasının lehinə səs verməsi beynəlxalq birliyin bu məsələnin ədalətli həlli naminə dəstəyinə ümidvar olan ölkəmiz üçün böyük əhəmiyyət kəsb edib.
Qeyd etdiyimiz kimi, iki ölkənin rəsmiləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına mühüm töhfələr verib. 2006-cı il 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici işlər naziri X.M.Kasuri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə olub. 2008-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə daimi komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş İƏT üzv dövlətlərinin kənd təsərrüfatı nazirlərinin IV toplantısında Pakistan İslam Respublikasının nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana səfər edib. Səfər zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində təşkil olunmuş V Beynəlxalq Müdafiə sərgisi və seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın Müdafiə Məhsulları İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarət İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının birgə keçirdiyi sərgidə 60 ölkədən 256 şirkət iştirak edib. Səfər çərçivəsində iki ölkənin hərbi sənaye kompleksləri arasında əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə ekspert qrupu yaradılıb. 2009-cu ilin may ayında isə Pakistanın müdafiə sənayesi naziri Abdul Qəyyum Xan Catoyun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı Prezident İlham Əliyev nazir A.Q.X.Catoyu qəbul edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanı admiral Noman Bəşir Azərbaycana səfərə gəlib. 2009-cu ilin oktyabrında Pakistan Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
2010-cu ilin martında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Elektron Optik Cihazlar zavodu, Pakistan silah-sursat kompleksi, Taksila Ağır Sənaye zavodu, Kamra Aviasiya Kompleksi, AERO şirkəti, həmçinin, Milli Radio Teleqraf Korporasiyasının fəaliyyəti və məhsulları ilə tanış olublar. 2010-cu ilin aprelində isə ölkəmizdə səfərdə olan Pakistanın keçmiş müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu bildirib.
Ölkəsinin Azərbaycan ilə əlaqələrinin uğurla inkişaf etdiyini deyən Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda bir-birinin mövqelərini daim dəstəkləmələrinin önəmini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu vurğulayan qonaq məhz bununla bağlı Pakistanın Ermənistanı tanımadığını bildirib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq da yüksək səviyyədə inkişaf etməkdədir. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış Hökumətlərarası Birgə Komissiyanın indiyədək dörd iclası keçirilib.
Bir sözlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bundan sonra da ölkələr arasında formalaşan mehriban dostluq və sıx əməkdaşlıq əlaqələrinin daha yüksək zirvəyə çatması üçün geniş imkanlar və böyük potensial mövcuddur. İki ölkə arasında humanitar sahədə əlaqələr daha yüksək səviyyədə inkişaf edib. Pakistan hökuməti tərəfindən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar dəfələrlə qaçqın və məcburi köçkünlərimizə humanitar yardımlar göstərilib. İndiyədək Pakistan İslam Respublikası azərbaycanlı qaçqın və məcburi köçkünlərə kömək məqsədilə geyim və dərmandan ibarət 25 tondan artıq humanitar yardım göstərib. Eyni zamanda, 2005-ci ildə Pakistan İslam Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım etmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən Pakistan İslam Respublikasına əlavə olaraq bir milyon ABŞ dolları yardım edilib. Daha öncə isə 500 min ABŞ dolları və zəruri ləvazimatlarla dolu təyyarə fəlakət zonasına göndərilmişdi. Bundan başqa, Pakistan İslam Respublikası Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Belə ki, Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrin soyqırımı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımını pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.
Vurğulamaq lazımdır ki, Azərbaycan-Pakistan münasibətləri dost ölkədə də yüksək səviyyədə təbliğ olunur. Məsələn, ötən ilin iyununda Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində “Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Pakistanda həyata keçirdiyi humanitar layihələrin genişləndirildiyi bildirilib. Vurğulanıb ki, layihələr səhiyyə, təhsil və digər sahələri əhatə edir. Yazıda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun senatorlar Hacı Qulam və Hacı Adilin dəvəti ilə Dünya Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Xayber Paxtunxva əyalətinin Peşavar şəhərinə səfər etdiyi qeyd edilib. Bildirilib ki, “Hər bir donor qəhrəmandır” devizi altında keçirilən tədbirin məqsədi ictimaiyyətin diqqətini könüllü donorların fədakarlıqlarına cəlb etmək olub. Məqalənin müəllifi yazır ki, qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fondunda çıxış edən D.Şikarov qurumun gördüyü işləri yüksək qiymətləndirib. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından Həmzə Fondunun təsisçisi İcaz Əli Xana xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və iki min ədəd qanköçürmə paketini təqdim edib. Məqalədə qeyd edilib ki, D.Şikarov Peşavara səfəri çərçivəsində Xayber Göz Fondunda olub, bu təşkilatın nəzdində fəaliyyət göstərən göz klinikasının yeni korpusunun təməlqoyma mərasimində iştirak edib. Səfir Heydər Əliyev Fondu adından Xayber Göz Fonduna maddi yardım təqdim edib. Yazıda qeyd olunub ki, mərasimdə iştirak edən senator Hacı Qulam Əli və Xayber Göz Fondunun sədri Malik Məhəmməd Əli Mehriban xanım Əliyevaya göstərdiyi yardıma görə minnətdarlığını bildirib, bu yardım nəticəsində bir çox imkansız insanların şəfa tapacaqları vurğulanıb. Bu ilin yanvar ayında isə Pakistanın Xayber Paxtunxva Əyalətinin Peşavar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisinə maddi yardım göstərilib. Həmçinin, 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunub.
Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Can Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, əyalətin imkansız adamlarına göstərilən bu diqqət Mehriban Əliyevanın humanistliyinin, İslam dəyərlərinə sadiqliyinin, həmçinin, xalqlarımız arasında məhəbbətin göstəricisidir. Bildirilib ki, müasir avadanlıqla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.
Yuxarıda da vurğuladığımız kimi, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində daima ölkəmizin haqlı mövqeyini müdafiə edir. Və Pakistanda Xocalı soyqırımı ilə bağlı növbəti bəyannamənin qəbul edilməsi də deyilənləri təsdiq edir. Məlumat üçün bildirək ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim göstərilən tarixdə Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul edib.
Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilib.
Bəyannamədə Xocalıda törədilmiş qırğın hərbi cinayət və ya insanlığa qarşı cinayət adlandırılıb, faciənin miqyası nəzərə alınaraq bu qətliamda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb. Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda, BMT Baş Məclisinin sənədləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı (Aİ), NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarları, həmçinin, digər müraciətlər xatırlanıb, bu sənədlərə əməl olunmasının vacibliyi qeyd olunub. Bəyannamədə deyilir: “Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edir və bu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır. Biz beynəlxalq ictimaiyyəti davamlı sülhün bərqərar olması naminə Dağlıq Qarabağ məsələsinə biganə qalmamağa, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq”.
Bəyannamənin yekununda deyilir ki, Dağlıq Qarabağ, Kəşmir və Fələstin kimi problemlər ədalətli şəkildə həll olunmayana qədər dünyada sülh təhlükə altında qalacaq.
Bundan başqa, bu ölkənin bir sıra aparıcı KİV orqanlarında mütəmadi şəkildə ölkəmizlə, ən əsası isə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc edilir. Məsələn, bu ilin sentyabr ayında Pakistanın “Daily Pardez”, “Daily Azkaar” qəzetləri və “Pakistan in the world” İnformasiya Agentliyi “Azərbaycan köçkünlərinin acı taleyi” adlı məqalə yayıb. “Daily Pardez” qəzetinin baş redaktoru Tazin Axtarın müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükələr yaratdığı bildirilir.
Müəllif yazır ki, Ermənistan Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon da daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub və məcburi köçkün vəziyyətinə düşüb. Rəsmi Yerevan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi çoxsaylı qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.
Məqalədə Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyi və ölkə parlamentinin 2012-ci ilin fevralında və 2013-cü ilin oktyabrında bununla bağlı iki qətnamə qəbul etdiyi xatırlanır. Qeyd edilir ki, 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, qoşunların təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması adi hala çevrilib.
Məqalədə bu ilin iyul ayında Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və Həsən Həsənovun Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülməsindən bəhs edilir, bu, etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirilir. Onların Ermənistan tərəfinin iddia etdiyi kimi, diversant deyil, ata-baba yurdlarını ziyarətə gedən sadə insanlar olduqları bildirilir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 22 noyabr.- S. 12.