Azərbaycan-Bolqarıstan əlaqələri
dinamik inkişaf edir
İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensial mövcuddur
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O, Azərbaycan Prezidentinin konfransa ünvanlandığı müraciətin əhəmiyyətini xüsusi vurğulayıb.
Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin önəmi vurğulanıb, sessiyada müzakirə edilən məsələlərin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanla Bolqarıstan arasında əlaqələr olduqca yüksəkdir. Bu, 2014-cü ilin fevral ayında Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də qeyd olunub. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Eyni zamanda, Azərbaycan Prezidenti ilə Bolqarıstanın Baş naziri arasında baş tutan təkbətək görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən, energetika sektorunda genişləndirilməsinin önəmi vurğulanıb, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx münasibətlər mövcud olub. Bir sıra siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verib. İlk növbədə, Bolqarıstanın xarici siyasətində Cənub-Şərqi Avropa ölkələri ilə iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, region dövlətlərinin Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi xüsusi yer tutur. Bildiyimiz kimi, Qərbə inteqrasiya siyasəti həyata keçirən Azərbaycan bu istiqamətdə bir çox Avropa ölkələri ilə əməkdaşlıq edir. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün Bolqarıstanla münasibətlər bu baxımdan faydalıdır. Eyni zamanda, Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq Bolqarıstana regionun iqtisadi həyatında aktiv yer almaq üçün də şərait yaradır.
Çoxşaxəli səciyyə daşıyan Azərbaycan-Bolqarıstan münasibətlərinin indiki səviyyəyə gəlib çatmasında, heç şübhəsiz, illərdir ki, qurulan siyasi əlaqələrin uğurla davam etdirilməsinin böyük rolu var. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 5 iyun tarixində yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabr ayında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyi isə 2005-ci ildə açılıb. Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərlərinin, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Bu ölkə ilə əlaqələrə önəm verən Ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfər edib. Öz növbəsində, Bolqarıstanın keçmiş Prezidenti P.Stoyanov 2-3 dekabr 1999-cu il tarixində Azərbaycanda rəsmi səfərdə olub. 28 may 1999-cu il tarixində Azərbaycan Respublikası Prezidenti iki ölkə arasında iqtisadi-ticarət və elmi-texniki sahələr üzrə Birgə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. İki ölkə arasındakı əlaqələr müdafiə sahəsi üzrə də inkişaf etməkdədir. Belə ki, 25-27 sentyabr 2002-ci il tarixində Azərbaycanın müdafiə naziri Bolqarıstanın müdafiə nazirinin dəvətilə bu ölkədə rəsmi səfərdə olub. 2004-cü ildə də Azərbaycanın müdafiə naziri bolqarıstanlı həmkarının dəvəti ilə Bolqarıstanda rəsmi görüşlər keçirib. Həm Azərbaycan, həm də Bolqarıstan dünyada və regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olan aktorlar kimi çıxış edir. Təhlükəsizlik məsələlərinə həssas münasibət iki ölkənin bu sahədə əlaqələrinin inkişafına müsbət təsir göstərir. Öz növbəsində Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan etibarən Bolqarıstanla münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. 2003-cü ilin noyabrında Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın müdafiə naziri Prezident İlham Əliyevlə görüşüb. 19-23 yanvar 2004-cü il tarixində Azərbaycanın gənclər, idman və turizm naziri Bolqarıstanda rəsmi səfərdə olub. 15-16 mart 2004-cü il tarixində Bakıya səfəri çərçivəsində Bolqarıstanın xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib. 2008-ci il martın 10-da Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycana işgüzar səfər edib. İki Prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub.
2009-cu il yanvarın 22-də Bolqarıstan Prezidenti Georgi Pırvanov növbəti dəfə Azərbaycana səfər edib. Azərbaycan və Bolqarıstan prezidentləri arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Həmçinin, Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstanda işgüzar səfərdə olub, bu ölkənin dövlət başçısı ilə görüşüb.
Yüksək rəsmi səfərlərlə yanaşı, Azərbaycan-Bolqarıstan siyasi münasibətləri parlamentlərarası əlaqələr üzrə də inkişaf edir. Belə ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Bundan əlavə, 1999-cu ildə iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb. Komissiyanın əsas məqsədi ölkələr arasında iqtisadi münasibətləri genişləndirmək, əməkdaşlığı inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaqdan ibarətdir. 2008-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müştərək komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşdirilib. Komissiyanın tərkibinə maliyyə, xarici işlər, iqtisadi inkişaf, sənaye və energetika, nəqliyyat, mədəniyyət və turizm, təhsil və səhiyyə nazirlərinin müavinləri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Mərkəzi Bankın idarə heyəti sədrinin müavini, Azərbaycanın Bolqarıstandakı səfiri və Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri daxildirlər. Qeyd etdiyimiz kimi, Bolqarıstan Azərbaycanın mühüm geostrateji mövqeyindən və daxili inkişaf meyillərindən irəli gələn iqtisadi potensialını yüksək qiymətləndirir. Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. 1998-ci ildən Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRACECA) iştirak edir. Azərbaycan və Bolqarıstan, həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də qarşılıqlı əlaqələrə malikdir. Həmçinin, müxtəlif illərdə Azərbaycanla Bolqarıstan arasında iqtisadi sahədə önəmli sənədlər imzalanıb. Bunların içərisində Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumu və Bolqarıstanın “Bulqartransqaz” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumunu göstərmək olar. Bu sənədlər 2011-2012-ci illərdə Azərbaycandan Bolqarıstana ən azı 1 milyard kubmetr həcmində qaz nəqlini təmin edib. Qarşılıqlı iqtisadi əlaqələrin davamlı inkişafının təzahürü kimi, 2011-ci ildə Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov ölkəmizdə səfərdə olub. İki ölkə münasibətlərinin dərinləşməsində diaspor təşkilatlarımızın özünəməxsus yeri var. Bolqarıstanda yaşayan azərbaycanlılar dünyanın digər ölkələrindəki soydaşlarımız kimi təşkilatlanmaqdadır. Bolqarıstandakı diaspor təşkilatlarımızın fəaliyyəti Azərbaycan həqiqətlərinin bu ölkədə tanınmasına və iki ölkə xalqlarının mədəni əlaqələrinin möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında təhsil sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyən faktlar mövcuddur. 26-31 oktyabr 2002-ci il tarixində Bolqarıstanın keçmiş Prezidenti Jelyu Jelev Bakı Slavyan Universitetinin dəvəti ilə mühazirələr oxumaq üçün Bakıda səfərdə olub. 2004-cü ilin aprel ayında isə Bolqarıstanın təhsil nazirinin müavini K.Velev, İkitərəfli əməkdaşlıq və Avropa inteqrasiya departamentinin və Ali Təhsil Siyasəti üzrə Departamentin əməkdaşları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil Nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Göründüyü kimi, Azərbaycan-Bolqarıstan əlaqələri hərtərəfli səciyyə daşıyır və münasibətlərin bundan sonrakı inkişafı üçün geniş imkanlar mövcuddur.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 25 noyabr.- S. 8.