Azərbaycanda uğurlu sığorta-pensiya islahatları həyata keçirilir

 

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” bu sahədə daha uğurlu nəticələr əldə etməyə imkan verəcək

Məlum olduğu kimi, hər bir ölkədə sosial siyasət sosial sferada mövcud olan sosial münasibətlərin tənzimlənməsi, sosial şəraitin yaxşılaşdırılması, bu sahədəki əlaqələrin təkmilləşdirilməsi istiqamətində fəaliyyəti əhatə edir. Bu siyasət dövlətin, onun institutlarının, yerli özünüidarə orqanlarının, mülkiyyət formasından və növündən asılı olmayaraq, bütün yerlixarici hüquqi şəxslərin cəmiyyətin sosial sferasının inkişafı və idarə olunması ilə bağlı fəaliyyətinin tam kompleksini özündə birləşdirir. Onun əsas məqsədi adamların sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini, korreksiya və reabilitasiyasını təşkil etməkdir. İnsanların həyat səviyyəsini və əmək şəraitini yaxşılaşdırmaq, bazar münasibətlərinə uyğun gələn yeni sosial-sinfi quruluşu formalaşdırmaq, sosial ədalət və müdafiəni həyata keçirmək, millətlərarası və etnoslararası münasibətləri tənzimləmək sosial siyasətin əsas vəzifələridir.

Azərbaycanda da bu gün uğurlu sosial siyasət həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda sosial siyasət diqqət mərkəzinə çəkilib və ardıcıl şəkildə formalaşdırılıb.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sosial sahədə həyata keçirilən ilk tədbir sosial problemlərin öyrənilməsi, sosial prioritetlərin müəyyənləşdirilməsi oldu. Ardıcıl görülən tədbirlər nəticəsində təkcə 1995-2002-ci illərdə işləyənlərin orta aylıq əməkhaqqı 3 dəfə, orta aylıq pensiyanın məbləği 4 dəfə artdı. Görülən işlər isə ayrıca şəkildə götürülmüş eksperiment xarakteri daşımayaraq, hərtərəfli hazırlanmış və mərhələ-mərhələ uğurla həyata keçirilən bütöv bir proqramın tərkib hissələridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası” ölkəmizdə aparılan güzəştlərin kompensasiyalarla əvəz olunması prosesinin ardıcıl davamı və köklü pensiya islahatlarının başlanğıcı kimi qiymətləndirilir. Həyata keçirilən islahatların nəticəsi olaraq artıq sosial müdafiənin daha etibarlı mexanizmi yaradılıb.

Beləliklə, bu sənədi pensiya sistemində köklü islahatların təməli də hesab etmək olar. Konsepsiyada pensiyaların fərdi uçot sənədləri əsasında hesablanması nəzərdə tutulurdu. Azərbaycanda da inkişaf etmiş bütün ölkələrdə olduğu kimi, pensiya sisteminin fərdi uçot sistemi əsasında qurulması mühüm hadisə idi. Bu, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunla tənzimlənirdi. Belə ki, son illər ölkəmizdə sosial sığorta sistemində fərdi uçot prinsipi daha da inkişaf etdirilib, çoxlu avtomatlaşdırılmış yerləri yaradılıb, idarəetmə xeyli təkmilləşib. Pensiyaların baza hissəsi bu müddətdə ayrı-ayrı vaxtlarda artırılaraq 85 manata çatdırılıb. Pensiyaların sığorta hissəsi mövcud inflyasiyaya uyğun olaraq hər il indeksləşdirilib, ən önəmlisi isə pensiya sığorta sistemi ilə müavinət sistemi, demək olar ki, bir-birindən tam ayrılıb.

Qeyd edək ki, fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı ilin 1 yanvar tariinxdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Məlumat üçün bildirək ki, 2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 911 942 nəfərə çatıb. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,05 faizi (1 719 281 nəfər) kişi, 40,95 faizi (1 192 661 nəfər) isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30 yaşa kimi olan sığortaolunanlar üstünlük təşkil edirlər. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,9 faizini (697 439 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 2,9 faizini (696 952 nəfər) 30-40 yaş, 21,6 faizini (627 993 nəfər) 40-50 yaş, 20,5 faizini (598 752 nəfər) 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini (294 032 nəfər) 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edirlər. Təbii ki, bu işlər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilib. Əldə olunan nəticələr isə uğurludur.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin edib. İnkişafın başlıca hədəfinin sosial rifahın gücləndirilməsi olmasının əsas strateji kurs seçilməsi nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib. Bu gün ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir və bu əsasda formalaşan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik şəraitində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatıb.

Yeri gəlmişkən, onu da bildirək ki, dövlətimiz bu sahədə islahatları davam etdirməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 4 noyabr 2014-cü il tarixli Sərəncamla təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” bu fikri deməyə tam əsas verir. Xatırladaq ki, bu yaxınlarda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri” mövzusunda media nümayəndələri və ekspertlərin iştirakı ilə görüş keçirərək konsepsiyanın hədəfləri haqqında ətraflı məlumat verib. DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıdığını vurğulayıb. E.Mehdiyev həmçinin, bildirib ki, yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi növbəti mərhələdə islahatın əsas məqsədini təşkil edir. Bunlara nail olmaq üçün pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün əsaslı təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması islahatın əsas vəzifələri kimi çıxış edir.

Beləliklə, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcək. Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 25 noyabr.- S. 6.