Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi:
tarixi və müasir
reallıqlar prizmasından
Hazırda yer üzərində bəzi münaqişələr var ki, onların hələ də həll edilməməsi nəinki mövcud olduqları region, həmçinin, bütövlükdə bəşəriyyət üçün təhlükə təşkil edir. Bunlardan biri də Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir.
Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb
Bu münaqişə barədə danışmazdan öncə qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti 1990-cı illərdən başlamayıb və ciddi tarixi köklərə malikdir. Belə ki, XIX əsrin ortalarından etibarən böyük güclər tərəfindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi onlara işğalçılıq və təcavüz üçün əlverişli şərait yaratmış və zaman keçdikcə özlərinin işğalçılıq siyasətlərini sistematik surətdə davam etdirmişlər. Ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızda məskunlaşması XIX əsrdən sistemli xarakter almışdır. Ermənilərin İrandan Azərbaycana köçürülməsi Gülüstan və Türkmənçay sülh müqavilələri ilə təsdiq olunurdu. 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri də məhz Qarabağ ərazisi idi. Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində Azərbaycana, o cümlədən, Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına, o cümlədən, Qarabağa köçürülməsi davam etdirilirdi. Beləliklə, ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktları həyata keçirməyə başladılar. Bununla yanaşı, 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 4 iyun) və Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə əsasən verib. AMEA-nın Tarix İnstitutunun direktoru, professor, millət vəkili Yaqub Mahmudovun Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi və Azərbaycan Dövlət Arxivindəki qiymətli tarixi mənbələrə istinad edərək İrəvan və onun ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı aşkarladığı sənədlərdə məsələyə dair mühüm məqamlar yer alıb. Tarixçi-alimin sözlərinə görə, həmin sənədlər sübut edir ki, ermənilər həmin müqavilə və danışıqların nəticələrindən istifadə edərək məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz!
Bütün bunların fonunda bir sıra məsələlərə toxunmaq vacibdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma bir çox hallarda Azərbaycana ikili standartlarla yanaşılır. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər. Bu isə ikili standartların əyani nümunəsi kimi çıxış edir.
Belə olan halda, Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratını təyin edərək Ermənistan dövləti yaradıblar.
Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək. 28 May-Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində Prezident İlham Əliyev məsələ ilə əlaqədar qeyd edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək: “Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir”.
Azərbaycan diplomatik cəbhədə davamlı uğurlar əldə edib
O da qeyd edilməlidir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.
Beləliklə, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib.
Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması strateji vəzifə kimi müəyyənləşdirilib
Buna paralel olaraq Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xarici siyasət kursunda xüsusi yer tutur. Təsadüfi deyil ki, müasir dövrdə Azərbaycan Respublikasının xarici əlaqələrində mühüm istiqamətlərdən birini ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması gerçəkliyi və onun nəticələri, konfliktin regionun stabil gələcəyinə mənfi təsiri barədə obyektiv informasiyanın müxtəlif dövlətlərə və beynəlxalq qurumlara çatdırılması siyasəti təşkil edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Ulu öndər Heydər Əliyevin gərgin əməyinin, eyni zamanda, bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsi olaraq AŞPA, İƏT, ATƏT, BMT və digər qurumlar tərəfindən Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin, məcburi köçkünlərinin öz torpaqlarına qayıtmasının zəruriliyini göstərən qərar və qətnamələr qəbul edilib.
Bu məsələdə Azərbaycan özünün BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən də yararlanıb. Belə ki, 2011-ci il may ayının 4-də Prezident İlham Əliyevin Sədrliyi ilə BMT TŞ-nin yüksək səviyyəli iclasında Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu siyasətini ən yüksək kürsüdən dünya birliyinin diqqətinə çatdırıb.
Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlalar, faciələr haqqında, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Xüsusilə də Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ermənilərin azərbaycanlılara qarşı XX əsrin sonlarında törətdiyi soyqırımı haqqında həqiqətləri dünyanın 60-dan artıq ölkəsinin ictimaiyyətinə çatdırır. Həyata keçirilən çoxsaylı layihələrin və aparılan işlərin nəticəsi olaraq müxtəlif ölkələrin ictimaiyyətinə, habelə gənclərə Azərbaycanın məruz qaldığı faciələr barədə dolğun məlumatlar verilir. Bütövlükdə, bu kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri kimi çıxış edir. Məhz bu cür ali missiyalı fəaliyyət dünyanın müxtəlif ölkələrində Azərbaycanın daha yaxından tanınmasında, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və faciəli nəticələri barədə əsaslı informasiyaların kütləvi xarakter almasında müsbət irəliləyişlərə gətirib çıxarıb.
Bütün bunların bariz göstərici olaraq, Xocalı soyqırımının dünyada müxtəlif dövlətlər və federal subyektlər tərəfindən tanınmasını qeyd etmək olar.
Beləliklə, uğurlu diplomatiyasının və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyanı və “qara piar” kampaniyasını iflasa uğradır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 26 noyabr.- S. 6.