Azərbaycan-İordaniya
münasibətləri böyük inkişaf potensialına malikdir
İki ölkə arasında möhkəm dostluq əlaqələri mövcuddur
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib. Etimadnamənin təqdimatından sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Söhbət zamanı Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğulayıb. İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırlayıb. Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı ölkələrimizin Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq qurumlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, İordaniya Azərbaycanın sıx dostluq münasibətləri qurduğu ölkələrdən biridir. Yuxarıda da vurğulandığı kimi, iki ölkənin dövlət başçıları - Kral II Abdullah və Prezident İlham Əliyev arasında ikitərəfli münasibətlərin xarakterini müəyyən edən qardaşlıq və dostluq münasibətləri yaranıb. Bu da öz növbəsində əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı əlaqələri fəallaşdırmağa stimul yaradır. İndiyədək iki ölkə arasında çoxsaylı razılaşmalar əldə edilib, müxtəlif sahələrdə əməkdaşlıq haqqında müvafiq sazişlər imzalanıb.
İordaniya Haşimilər Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələr 13 fevral 1993-cü il tarixində yaradılıb. 2006-cı il martın 28-də Azərbaycanın İordaniyadakı, 2007-ci il mayın 5-də İordaniyanın Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb. 1993-cü ilin fevral ayında İordaniyanın Baş Seremoneysteri Əmir Raad bin Zayedin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol” imzalanıb.
Azərbaycan və İordaniya rəhbərləri arasında ilk görüş 1994-cü ildə - İKT-nin Kasablanka Zirvə toplantısında olub. Görüş zamanı Ulu öndər Heydər Əliyev ilə İordaniya Kralı Hüseyn bin Talal ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə ediblər. Daha sonra 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda növbəti görüş olub və hər iki tərəfi maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Ümumiyyətlə, Azərbaycan-İordaniya münasibətlərinin inkişafında tamamilə yeni mərhələnin başlandığını əminliklə qeyd etmək olar. Bunun göstəricisi kimi 2006-cı il avqustun 22-23-də İordaniya Kralı II Abdullahın Azərbaycana ilk rəsmi səfərini misal göstərmək olar. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və İordaniya Krallığı hökumətləri arasında əməkdaşlığa dair Çərçivə Sazişi” mövcud əlaqələrə əlavə impuls verib.
Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il iyulun 29-da İordaniya Haşimilər Krallığına rəsmi səfərə gedib. Səfər çərçivəsində İordaniya Kralı II Abdullahla görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Həmçinin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Səfər çərçivəsində Azərbaycan və İordaniya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq, beynəlxalq avtomobil əlaqələri, fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş, təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə İcraedici Proqram, ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya haqqında Protokol, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Səfər çərçivəsində, həmçinin, Prezident İlham Əliyevə İordaniya Universitetinin siyasi elmlər üzrə Fəxri doktoru adı verilib. Bundan başqa, Əmman şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi mərasimi keçirilib.
2008-ci il mayın 5-də II Abdullah növbəti səfərlə Azərbaycana gəlib. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullahın görüşündə ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” və “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” imzalanıb. II Abdullah səfəri çərçivəsində Bakıda İordaniya sərgisində və Azərbaycan-İordaniya biznes forumunda iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev 12-13 oktyabr 2009-cu il tarixində ikinci dəfə İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olub. Oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olub. Görüşdə ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Al Hummar sarayında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Kral II Abdullah Azərbaycan ilə İordaniya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və ölkəsinin Azərbaycan ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini qeyd edib. Kral II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya rəsmi səfərinin ölkələr arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib, ölkələr arasında güclü siyasi əlaqələrin ikitərəfli əməkdaşlığı genişləndirməyə hərtərəfli zəmin yaratdığını vurğulayıb. Prezident İlham Əliyev İordaniyanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini və səfər zamanı imzalanacaq sənədlərin əlaqələrin möhkəmlənməsinə əlavə imkanlar açacağını söyləyib.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş naziri Nader Dəhəbi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.
İki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər getdikcə inkişaf edən iqtisadi münasibətlərlə dəstəklənir. Hazırda Azərbaycan və İordaniya arasında 40-a yaxın hökumətlərarası və idarələrarası sazişi nəzərdə tutan müqavilə-hüquq bazası yaradılıb. İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökumətlərarası komissiyası uğurla fəaliyyət göstərir. Komissiyanın fəaliyyəti əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.
Vurğulayaq ki, bu ilin may ayında Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə spiker Oqtay Əsədov Bakıda ikinci dəfə görüşdüklərini qeyd edərək, qonağı yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib. Bildirilib ki, Azərbaycanla İordaniya arasındakı münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının keçirdikləri görüşlər, aparılan danışıqlar əlaqələrimizin hərtərəfli inkişafı üçün yaxşı zəmin yaradıb. Azərbaycan İordaniya ilə həyatın bütün sahələrində əlaqələri daha da dərinləşdirmək niyyətindədir.
Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini yüksək dəyərləndirdiyini vurğulayıb. O, İordaniya Senatında Azərbaycanla qardaşlıq komitəsinin və Nümayəndələr Palatasında dostluq qrupunun fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdiyini bildirib. Milli Məclisin sədri Azərbaycan parlamentində də belə bir qrupun olduğunu söyləyərək, bunu hər iki tərəfin xoş niyyətinin ifadəsi kimi səciyyələndirib.
Görüşdə Dağlıq Qarabağ problemindən danışan Oqtay Əsədov ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu deyib və ərazi bütövlüyü məsələsində Azərbaycanı dəstəklədiyinə görə İordaniya tərəfinə təşəkkür edib. Milli Məclisin sədri qaçqınlar problemi ilə üzləşmiş İordaniyanın bu məsələdə Azərbaycanı yaxşı başa düşdüyünü vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldığını söyləyib. Qəbulda Dağlıq Qarabağ məsələsindən söz açan qonaq problemin tezliklə aradan qalxacağına inamını ifadə edib və ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, qaçqınların vəziyyətinin yaxşılaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 26 noyabr.- S. 8.