Azərbaycanda həyata
keçirilən gender siyasəti uğurlu nəticələr verməkdədir
Heç də təsadüfi deyil ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyərlərin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialından səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir.
Bildiyimiz kimi, Azərbaycan 23 ildir müstəqil dövlətdir. Təbii ki, bu, dövlətçilik tarixi baxımından o qədər də çox olmayan zaman kəsiyidir. Amma buna baxmayaraq, Azərbaycan Respublikası bu 23 illik dövr ərzində bir çox dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olub. İqtisadiyyat, sosial həyat, siyasət və beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılıb. O cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər qazanılıb ki, bu da bütün beynəlxalq və yerli müşahidəçilər, mütəxəssislər tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını da təmin edib.
Belə ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları”, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır). Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu var. 2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında Fərman imzalayıb. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunması, müvafiq Dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.
2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanıb. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir.
Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi baza mövcuddur. Onun sözlərinə görə, ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti hazırda uğurla davam etdirilir. Qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar.
Hicran Hüseynova qeyd edib ki, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz fəal rolları ilə seçiliblər: “Ölkəmizin bu sahədə təcrübəsi artıq kifayət qədərdir. Azərbaycan müasir tolerant və qadın hüquqlarının qorunması sahəsində təcrübəli bir ölkəyə çevrilmişdir. Artıq ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır”.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynayıb. O cümlədən, ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaq və bu sahədə geniş əməkdaşlığa imza atmaq bu gün sadaladığımız uğurların əldə olunmasında müstəsna rol oynayıb. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu), Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilib. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilib və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilib. 2010-cu il 24-25 may tarixində Bakıda Avropa Şurasına üzv olan ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gender bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edilmiş VII konfransı keçirilib ki, həmin konfransda Avropa Şurasının üzv dövlətlərinə tövsiyələr və fəaliyyətlər üzrə Tədbirlər Planı qəbul edilib. Həmçinin, Azərbaycan dövləti Avropa Şurası ilə də mütərəqqi əməkdaşlıq qurub, parlamentarilərimiz qurumun Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçilib.
Tam məsuliyyətlə söyləyə bilərik ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ön sıralardadır. Həmçinin, səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir. Bu məqamlar Azərbaycan hökuməti tərəfindən imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artıb. Təbii ki, bu, görülən işlərin nəticəsində mümkün olub.
Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının Alt komitəsinin sədri, professor Sahibə Qafarova da vurğulayıb ki, bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir: “Bildiyimiz kimi, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olmuşdur. Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işguzar, cəsarətli, vətənpərvər xanımlar vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir”.
Əlbəttə ki, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqlarımza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.
Beləliklə, bir daha vurğulamaq lazımdır ki, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir.
Aqşin ŞAHİNOĞLU,
Yeni Azərbaycan.-2014.- 27 noyabr.- S. 6.