Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun üstün inkişafı təmin edilir

 

Dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələrinin acı təcrübəsi reallıqdır-neft amilindən asılılıq ayrı-ayrı ölkələrin iqtisadiyyatı üçün kifayət qədər sarsıdıcı olub. Azərbaycanın timsalında isə tamam başqa mənzərənin şahidi oluruq. Qlobal maliyyə-iqtisadi böhranın ən sərt illərində belə Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib.

Dünya üçün çətin illərdə də Azərbaycanda müsbət makroiqtisadi mühitin təmin olunması Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf strategiyası ilə bağlıdır. Müasir dünya çağırışlarına uyğun olaraq həyata keçirilən prevantiv tədbirlər ölkəmizin neft amilindən asılılıq sindromundan yan keçməsini, hərtərəfli inkişafa istiqamətlənməsini, ələlxüsus da respublikada innovativ əsaslı sahələrin inkişafını təmin edib.

Azərbaycanın yeni inkişaf paradiqmaları sırasında informasiya-kommunikasiya texnologiyaları sektorunun üstün inkişafının təmin edilməsi xüsusi yer tutur

İndiki dövrdə hər bir ölkənin inkişafının buya digər dərəcədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf və tətbiq səviyyəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur. Bu mənada Azərbaycanın gələcəyinə nikbin yanaşmağa ciddi əsaslar var. İnformasiya-kommunikasiya sektorunun üstün inkişafının təmin edilməsi respublikanın yeni inkişaf paradiqmalarından biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və ölkəmizin gələcəyini təmin edəcək. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan olunması bu sektorun inkişafına göstərilən siyasi iradənin və yüksək diqqətin bariz nümunəsidir.

Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul edən ilk və yeganə dövlətdir. Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” respublikamızda İKT sahəsində yeni bir mərhələnin əsasını qoydu.

İnnovasiyalara əsaslanan İKT sektorunun inkişaf etdirilməsi ilə bağlı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiya Azərbaycanı müasir ölkəyə çevirməyi qarşıya hədəf qoyan Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları ölkəmizdə İKT sektorunun inkişafına güclü hüquqi baza yaradıb. Bundan başqa, respublikamızda İKT sektorunun dinamik inkişafını stimullaşdıran təkmil qanunvericilik bazası mövcuddur.

Dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və yaradılan mükəmməl qanunvericilik bazası ölkəmizdə İKT sektorunun dinamik inkişafını təmin edib. Son 10 ildə respublikamızda informasiya-kommunikasiya texnologiyaları sektorunda hər il 20-25 faiz civarında artım müşahidə edilib, bu sektor hər 3 ildə 2 dəfə genişlənib. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb.

Ölkənin İKT sektorunda artım tempi cari ildə də davam edib. Belə ki, cari ilin ötən 9 ayı ərzində sektorda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 1205,1 milyon manata çatıb. Haqqında bəhs olunan dövrdə İKT sektoruna 96,1 milyon manat investisiya yönəldilib. Cari ilin birinci yarısında ölkəmizdə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a çatıb. Ümumiyyətlə, son 10 ildə ölkəmizdə mobil telefon abunəçilərinin sayı 7 dəfə artıb. Respublikamızda internet üzərində bütün məhdudiyyətlər aradan qaldırılıb, əhalinin 70 faizdən çoxu yüksək sürətli internetə çıxış imkanına malikdir.

Qeyd etmək xoşdur ki, Azərbaycan MDB məkanında İKT sahəsində bir sıra ilklərə imza atan ölkədir. Respublikamızda 2008-ci ildə MDB regionunda ilk dəfə ölkə ərazisinin tam telefonlaşdırılması təmin edilib. Bundan başqa, 2010-cu ildə yenə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatdırılıb, eyni zamanda, ölkə ərazisində telefon şəbəkəsinin təqribən 40 faizi NGN texnologiyası əsasında yenidən qurulub. Respublikamızda 2012-ci ildən etibarən mobil şəbəkədə 4G xidmətinin istifadəyə verilməsi də əhaliyə göstərilən rabitə xidmətlərinin yüksəldilməsində mühüm hadisələrdəndir.

Yüksək texnologiyalar parkının yaradılması ilə ölkəmizdə İKT sektorunda yeni inkişaf mərhələsinin əsası qoyulub

Azərbaycanda müasir dünya çağırışlarına uyğun olaraq texnoparkların, o cümlədən də yüksək texnologiyalar parkının yaradılması, eləcə də startap layihələrinin dəstəklənməsi ölkəmizdə İKT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilir. 2012-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd ölkədə İKT sahəsində sahibkarlığın inkişafına maliyyə dəstəyini təmin etməkdən, sahəyə investisiya axınını artırmaqdan, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyasına, elmi-tədqiqat işlərinin, innovasiyaların tətbiqinin genişləndirilməsinə nail olmaqdan ibarətdir.

Artıq respublikamızda Yüksək Texnologiyalar Parkının yaradılması haqqında dövlət başçısının 5 noyabr 2012-ci il tarixində imzaladığı Fərmana əsasən yüksək texnologiyalar parkının yaradılması istiqamətində əməli işlərə start verilib. Prezident İlham Əliyevin 2013-cü il 16 sentyabr tarixli müvafiq Fərmanına əsasən, Yüksək Texnologiyalar Parkının Pirallahı rayonunda ayrılmış 50 hektar ərazidə yaradılması nəzərdə tutulub. Yüksək Texnologiyalar Parkında nəzərdə tutulan fəaliyyət sahələrinə mobil texnologiyalar, informasiya texnologiyaları, elektron biznes, animasiya qrafikaları, proqram mühəndisliyi, telekommunikasiyakosmos, robotmexanika, LED texnologiyaları, biotexnologiyalar, tibbi proqram təminatları, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, alternativ enerji və digər innovativ texnologiyalar daxildir. Parkın idarə olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış “Yüksək Texnologiyalar Parkı” MMC-yə həvalə edilib. İndiyədək “Yüksək Texnologiyalar Parkı” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ilkin pilot layihə olaraqPiCampusBiznes İnkubasiya Mərkəzi yaradılıb və hazırda mərkəzdə 25 “startap”çı fəaliyyət göstərir.

23 illik müstəqillik tarixinə malik Azərbaycan dünya kosmik ailəsinin üzvüdür

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Ölkəmizin ilk peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransaya məxsus Kuru kosmodromundan orbitə buraxılıb. Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edən “Azerspace-1”in orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək. Azərbaycanın ilk peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Hazırda “Azerspace-1” peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 129 televiziya və 16 radio kanalı yayımlanır.

Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti yalnız “Azerspace-1”lə yekunlaşmır. Ölkəmizdə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması məqsədilə aparılan ardıcıl işlər çərçivəsində cari ilin may ayında “Azərkosmos” ASC ilə “Airbus Defence and Space” arasında “Yerin müşahidə xidmətləri sahəsində əməkdaşlığa dairAnlaşma Memorandumu imzalanıb. Azərbaycan çox yaxın illərdə orbitə yeni peyklərini çıxarmaq niyyətindədir. “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma cari ilin sonunadək hazır olacaq.

İKT sektorunun üstün inkişafı “elektron hökumət” layihəsinin uğurla reallaşdırılmasını təmin edir

Ölkəmizdə İKT sektorunun üstün inkişafının təmin edilməsinin konkret təzahürünü, həmçinin, “elektron hökumət” layihəsinin uğurla reallaşdırılmasında görmək mümkündür. Dövlət başçısının müxtəlif illərdə imzaladığı müvafiq Fərman və sərəncamlarla, Milli Məclis tərəfindən qəbul edilən qanunlarla tətbiqinə möhkəm hüquqi baza yaradılan “elektron hökumət” layihəsi ölkəmizdə “vahid pəncərə” prinsipi ilə reallaşdırılır. Azərbaycanda “elektron hökumət”in əsas prinsipi yüksək səviyyəli informasiya cəmiyyəti quruculuğuna, dövlət orqanlarının işinin səmərəliliyini artırmağa, şəffaflığı təmin etməyə, korrupsiya hallarının qarşısını almağa nail olmaqdan və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir.

Son illərdə respublikamızda informasiya cəmiyyəti quruculuğu sahəsində əldə olunan nailiyyətlər “elektron hökumət” layihəsinin geniş populyarlıq qazanmasını təmin edib. Təsadüfi deyil ki, BMT-nin yaydığı hesabatda 2014-cü ildə “elektron hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələrinin reytinq cədvəlində respublikamız 193 ölkə arasında 68-ci yerdə qərar tutub.

Ölkəmizdə 2013-cü ildə “elektron hökumət” portalına 262 min vətəndaş müraciət edib və 730 mindən çox elektron xidmət alınıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaydığı məlumata əsasən, 2012-ci ilin dekabrından cari ilin birinci yarısı da daxil olmaqlaelektron hökumət” portalında 2.157.077 daxilolma qeydə alınıb. Statistik hesabat aparılan dövrdə 852.585 nəfər 3.735.355 elektron xidmətə müraciət edib. Cari ilin 9 ayı ərzində dövlət orqanlarının əməkdaşlarına, hüquqifiziki şəxslərə verilmiş elektron imzaların sayı 6748 ədəd artırılaraq 24.386 ədədə çatdırılıb.

Ölkəmizdə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin yaradılması da İKT sektorunun dinamik inkişafına əsaslanır. Hazırda “ASAN xidmət” bütün dünyada innovasiyalaralternativ yollarla dövlət xidmətləri təklif edilməsinin Azərbaycan brendi kimi şöhrət tapıb.

 

Mübariz ABDULLAYEV,

Yeni  Azərbaycan.-2014.- 27 noyabr.- S. 6.