Azərbaycan-NATO münasibətləri
müasir geosiyasi
çağırışlara cavab verir
NATO PA-nın
payız sessiyasında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib
Məlum olduğu kimi, bu günlərdə NATO Parlament Assambleyasının (PA) Niderlandın Haaqa şəhərində 60-cı payız sessiyası keçirilib. Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak edib. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib ki, tədbirdə prezidentlərin Paris görüşünün ardınca Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlim keçirməsi pislənilib. M.İbrahimqızı qeyd edib ki, plenar iclası aparan NATO-nun yeni baş katibi Yens Stoltenberq ermənilərin yersiz iradlarını cavabsız buraxaraq, təlimlərlə bağlı Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıb: “O, təlimlərin keçirilməsini pisləyərək, bunu qeyri-qanuni adlandırdı. Bildirdi ki, məsələ sülh yolu ilə nizamlanmalı, danışıqların gedişinə hörmət olunmalıdır və NATO üçün ərazi bütövlüyü, suverenlik əsas prinsipdir”.
M.İbrahimqızı onu da bildirib ki, sessiyada həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri tərəfindən təkliflər irəli sürülüb: “Ermənilərin təklifi - xalqların öz müqəddəratını təyin etməsi mövzusu heç müzakirəyə belə buraxılmadı. Azərbaycanın təklifi isə qəbul edilərək “NATO tərəfdaşlarına təminat və dəstək” adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edildi. Qətnamənin qəbulu zamanı Ermənistan nümayəndə heyəti ciddi-cəhdlə qarışıqlıq yaratmaq istəsə də, NATO PA-ya üzv ölkələr sənədə səs verdi”.
Ümumiyyətlə, Azərbaycanla NATO arasında fəal tərəfdaşlıq mövcuddur. Xatırladaq ki, sentyabrın 4-də Uelsdə NATO-nun növbəti sammiti keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Çıxışında Azərbaycan ilə NATO arasında tərəfdaşlığın 20 ili ərzində ölkəmizin Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrildiyini bildirən Prezident İlham Əliyev tədbir iştirakçılarının diqqətini Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəldib: “Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir”.
Prezident İlham Əliyev NATO-nun bu məsələ ilə bağlı mövqeyini, həmçinin, əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndirdiyini diqqətə çatdıraraq bu dəstəyin bundan sonra da davam edəcəyinə inamını ifadə edib: “Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir”.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verdiyini vurğulayaraq deyib: “Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq-mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub. İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq”.
Qeyd etmək yerinə düşər ki, NATO Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biridir. Azərbaycan Respublikası ilə NATO arasında geniş məzmunlu əməkdaşlığın əsası Ümummilli liderimiz Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Ölkəmiz 2004-cü ildən qurumun “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Azərbaycan 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.
Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas məqsədi müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurasının işində də fəal iştirak edir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Silahlı Qüvvələri həyata keçirmək üçün üzərinə daha çox tərəfdaşlıq məqsədləri götürür və bunlar “NATO-nun hərbi, təlim və texniki standartlarını tətbiq etmək vasitəsilə NATO qoşunları ilə hərbi uzlaşmaya nail olunmasına” yönəlir. Azərbaycan xaricdə sülhməramlı məqsədlər üçün xüsusi bölmələr hazırlayıb. 2008-ci ildə bu bölmələr eyni vaxtda üç sülhməramlı əməliyyata cəlb edilib: KFOR (Kosovo Qüvvələri), ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) və Çoxmillətli Qüvvələr (İraq).
Bütövlükdə götürdükdə, Azərbaycan NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. bu kimi aktual məsələlər müzakirə olunur, eləcə də, praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolunun və mövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilir və ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.
Qeyd edək ki, həm Azərbaycan dövlətinin, həm də NATO rəhbərliyinin qarşılıqlı münasibətlərə ciddi önəm verməsinin nəticəsində son illərdə ölkəmizlə bu qurum arasında əlaqələr daha da dərinləşib. Müntəzəm olaraq Azərbaycanın və NATO-nun yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri keçirilir və yeni əməkdaşlıq imkanları müzakirə edilir. Cari il yanvarın 15-də Prezident İlham Əliyev Brüsselə işgüzar səfəri çərçivəsində NATO-nun Baş katibi Anders Foq Rasmussen ilə görüşüb.
Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən Baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı İlham Əliyev də öz növbəsində, NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Cari ilin aprel ayında isə NATO-nun Baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru ölkəmizdə səfərdə olub. Bakıya səfəri çərçivəsində NATO rəsmisini Prezident İlham Əliyev qəbul edib. Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib. Sorin Dukaru bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir. Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Yeri gəlmişkən, tərəflər arasında əməkdaşlığın 200 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. Məsələn, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-də Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilib. NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub və müzakirələr aparıb. Silahlı Qüvvələrdə “NATO Günləri” noyabrın 7-də başa çatıb.
Azərbaycan-NATO əməkdaşlığı təkcə hərbi deyil, həm də humanitar xarakter daşıyır. Tərəflər arasında ictimai diplomatiya fəaliyyətinin bir istiqaməti kimi, 2007-ci ilin yanvar ayında QHT kimi qeydiyyatdan keçən Azərbaycanda NATO Beynəlxalq Məktəbinin (NİSA) fəaliyyətini qeyd etmək olar.
Beləliklə, göründüyü kimi, Azərbaycan-NATO əlaqələri çoxşaxəli xarakter daşımaqla tərəflərin maraqlarına cavab verir. Bu əlaqələr beynəlxalq miqyasda təhlükəsizlik mühitinin təmin olunması səylərinə töhfələr verməkdədir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 27 noyabr.- S. 8.